Qeyri-neft sektorunun
inkişafına dövlət dəstəyi artır
Azərbaycanın
neft strategiyası çərçivəsində həyata
keçirilən tədbirlər ölkənin maliyyə
dayaqlarının xeyli möhkəmlənməsinə səbəb
olmuşdur. Ölkənin neft-qaz ehtiyatlarından səmərəli
şəkildə istifadə olunması iqtisadiyyatın şaxələndirilməsi,
eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi
üçün geniş imkanlar yaratmışdır.
Artıq keçid iqtisadiyyatı dövrünü uğurla
başa çatdıran Azərbaycanda qeyri-neft sektorunda
heyranedici nəticələr əldə olunur ki, bu da bir
sıra beynəlxalq maliyyə qurumlarının
hesabatlarında yüksək qiymətləndirilir.
Ölkəmizin
neft-qaz ehtiyatlarından əldə olunan gəlirlərin
qeyri-neft sahələrinin inkişafına yönəldilməsi
artıq öz müsbət nəticələrini verməkdədir.
Təkcə onu demək kifayətdir ki, 2011-ci ilin birinci
yarısında Azərbaycanda qeyri-neft sektorunun artım səviyyəsi
7,2 faizə çatmışdır. Bu amili yüksək qiymətləndirən
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011- ci ilin ilk
yarısının sosial- iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında demişdir:
"Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft
sektoru artmışdır. Artım 7,2 faiz təşkil
etmişdir. Bu, əslində son illər ərzində
apardığımız islahatların nəticəsidir.
Çünki əsas məqsədimiz qeyri-neft sektorunun
inkişafıdır, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin
təmin edilməsidir. 7,2 faiz səviyyəsində artan
qeyri-neft sektorunun göstəriciləri bizi çox sevindirir.
Bu, onu göstərir ki, ölkə dinamik inkişaf edir. Azərbaycan
iqtisadiyyatının enerji amilindən
asılılığı azalır. Eyni zamanda, bizə
ümid verir ki, növbəti aylarda və illərdə Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi
üçün əlavə də imkanlar
yaradılacaqdır". Son illər Azərbaycanın regional
inkişafinın əsas prioritetlərindən biri də məhz
ölkənin qeyri-neft sektoruna diqqətin xeyli
artırılmasından ibarətdir. Təsadüfi deyil ki,
dövlət başçısı İlham Əliyevin
müvafiq fərmanları ilə qəbul olunmuş Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarında ölkənin ayrı-ayrı
regionlarında qeyri-neft sektorunun inkişafı ilə
bağlı tədbirlərə geniş yer
ayrılmışdır. Birinci regional inkişaf proqramı
çərçivəsində nəzərdə tutulmuş
tədbirlərin uğurla yerinə yetirilməsi Azərbaycanın
davamlı və tarazlı inkişafının xeyli sürətlənməsinə
səbəb olmuşdur. Belə ki, proqramın icrası
ölkədə işgüzarlığa və təşəbbüskarlığa
geniş meydan açmış, regionlarda yeni iş yerlərinin
yaradılmasına əlverişli imkan yaratmışdır.
Ölkə Prezidenti İlham Əliyevin təqribən iki il yarım bundan əvvəl qəbul etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami"da qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, adıçəkilən sənəddə xüsusi olaraq qeyd olunur ki, müvafiq iqtisadi mexanizmlərin tətbiqi Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsinə və ixracyönümlü məhsulların istehsalının sürətləndirilməsinə səbəb olacaqdır. Proqramda qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə Azərbaycanın ixrac potensialının inkişaf etdirilməsinə, yerli məhsulların xarici bazarlara çıxarılmasına və bunun üçün əlverişli şəraitin yaradılmasına, eləcə də ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsinə diqqətin daha da artırılması nəzərdə tutulur.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanıldığı ötən iki il yarım ərzində ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bu kimi tədbirlərin reallaşdırılması cari ilin ilk yarısında da davam etdirilmişdir. Belə ki, hesabat dövründə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına qeyri-neft sektorunun inkişafı ilə bağlı 823 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 71 milyon 939 min 500 manat məbləğində güzəştli kredit ayrılmışdır. Həmin layihələr hesabına isə 3495 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC və "Qafqaz Trans Servise MMC" arasında 2007-ci il oktyabrın 8-də imzalanmış təsis müqaviləsinə əsasən "Səngəçal Qaradağ neft və qaz terminalı" layihəsinin birinci mərhələsi çərçivəsində başlanğıc fazası üzrə tikinti işləri cari ilin ilk yarısında başa çatdırılmışdır. Xatırladaq ki, Xəzər dənizi sahilində yaradılacaq bu müasir infrastruktur Azərbaycanın geostrateji mövqeyindən səmərəli istifadə etməklə Orta Asiyadan enerji daşıyıcılarının ölkəmiz vasitəsilə Avropa bazarlarına nəqlinə imkan yaradacaqdır.
Cari ilin birinci yarısında Bakının Suraxanı rayonundakı Hövsan qəsəbəsində səmərəli müasir istehsal texnologiyasına əsaslanan yeni süd zavodunun inşası davam etdirilmişdir. Yeni zavodun istifadəyə verilməsi ətraf kənd və qəsəbələrdə heyvandarlıq təsərrüfatlarının daha da inkişaf etdirilməsinə səbəb olacaqdır. Onu da deyək ki, cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulan zavodda ən müasir texnologiyaların tətbiqi yüksək keyfiyyətli süd məhsullarının istehsalına imkan yaradacaq.
Son illər Azərbaycanda uşaq qidasının istehsalına da diqqət xeyli artırılmışdır. İkinci regional inkişaf proqramı çərçivəsində tikintisi nəzərdə tutulmuş uşaq qidasının qablaşdırılması layihəsinin həyata keçirilməsi məqsədilə Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə HİPP və "Diplomat" şirkətləri arasında tərəflərin tələb və öhdəliklərini müəyyən edən xidmət müqaviləsi imzalanmışdır. Artıq həmin müqavilə əsasında layihənin konsepsiyasının hazırlanmasına başlanmışdır.
Hindistanın "Gravita" şirkəti ilə birgə həyata keçirilməsi nəzərdə tutulan işlənmiş akkumulyatorların emalı layihəsi də Azərbaycanda qeyri-neft sektorunun dəstəklənməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri kimi diqqəti cəlb edir. Artıq modeli hazırlanmış layihənin konsepsiyasının dəqiqləşdirilməsi məqsədilə məsləhətləşmələr aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ayrı-ayrı regionlarında yeni istehsal və emal müəssisələrinin yaradılmasına hər cür dəstək verəcəyini dəfələrlə bəyan etmişdir. Məhz bunun nəticəsidir ki, son illər yerlərdə yaradılan yeni tipli müəssisələrin sayı xeyli artmışdır. Cari ilin fevral ayında dövlət başçısının iştirakı ilə açılışı keçirilən "N.A.A Aqrotara" müəssisəsi də belələrindəndir. Xatırladaq ki, meyvə qurudulması və emalı ilə məşğul olan bu müəssisəyə Xəzər Beynəlxalq İnvestisiya Şirkəti tərəfindən 5,5 milyon manat məbləğində investisiya qoyulmuşdur. Azərbaycan İnvestisiya Şirkətinin layihəyə dolayı investisiya qoyuluşu isə 1,3 milyon manat təşkil etmişdir. Onu da deyək ki, müəssisədə il ərzində 1500 ton meyvə və tərəvəz qurutmaq mümkündür.
Ölkəmizdə qeyr-neft sektorunun inkişafına mühüm töhvə verəcək layihələrdən biri də Abşeron rayonunda reallaşdırılır. Xatırladaq ki, "AqroYurd" MMC tərəfindən həyata keçirilən bu layihə rayon ərazisində kahının yetişdirilməsi, doğranması, çeşidlənməsi və qablaşdırılması xətlərinin quraşdırılmasını, eləcə də kahıdan salat qarışıqları və sendviçlərin istehsalını nəzərdə tutur. Ötən müddətdə Xəzər Beynəlxalq Şirkəti tərəfindən layihəyə 1milyon 912 min 500 dollar investisiya yönəldilmişdir ki, bu da adıçəkilən şirkətin layihədə iştirak payını 68 faizə çatdırmışdır. Azərbaycan İnvestisiya Şirkətinin layihəyə dolayı investisiya qoyuluşu isə 461 min ABŞ dollarına bərabər olmuşdur.
Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə dünya ölkələri ilə əməkdaşlıq sahəsində də mühüm tədbirlər reallaşdırılır. 2011-ci il yanvar ayının 16-dan 18-dək ABŞ-ın San-Fransisko şəhərində bu ölkənin Özəl Qida Ticarəti üçün Milli Assosiasiyasının təşkilatçılığı ilə keçirilən qida sərgisində Azərbaycanın 6 şirkəti ("Azərsun Holdinq", "AZNAR" MMC, "M-Pro"MMC, Babək "Sirab" ASC, "Badamlı" MMC və "Hacı Camalxan" KFT) öz məhsullarını nümayiş etdirmişdir. Yeri gəlmişkən, dünyanın 35 ölkəsindən 1300 istehsalçının qatıldığı ənənəvi qida sərgisində ölkəmizin investisiya və biznes imkanları barədə, həmçinin qida və kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullarla bağlı tədbir iştirakçılarına məlumat verilmiş, Azərbaycanla əməkdaşlıqda marağı olan tərəflərin nümayəndələri ilə danışıqlar aparılmışdır. Bundan əlavə, cari ilin ötən dövrü ərzində Fransa, İspaniya, Rumıniya və Yaponiyanin bir sıra şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilmiş və ölkəmizin investisiya mühiti ilə bağlı onlara lazımi məlumatlar verilmişdir. Hesabat dövründə AZPROMO tərəfindən Azərbaycanla Yunanıstan, Çexiya, Niderland, Almaniya, İordaniya, Latviya, Litva, Macarıstan, Serbiya və Belarusdan olan iş adamları arasında biznes-forumlar keçirilmişdir. Həmin tədbirlərdə ölkəmizdə mövcud biznes mühiti ixrac və investisiya imkanları, eləcə də həyata keçirilən layihələr haqqında məlumatlar verilmişdir.
Cari ilin mart ayında Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO və "Evroconvention Conferences" təşkilatı tərəfindən "Azərbaycan investisiya sammiti" keçirilmişdir. Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Avstriya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən olan 170-dən çox rəsmi şəxs və iş adamı, həmçinin 40-a yaxın investorun iştirak etdiyi tədbir də ölkəmizin qeyri-neft sektorunun imkanları ilə tanışlıq, eləcə də əməkdaşlığın gələcək perspektivlərini nəzərdən keçirmək baxımından faydalı olmuşdur. Eyni zamanda, bu ilin iyun ayında Brüssel şəhərində keçirilən biznes forumu çərçivəsində "Azərbaycan: biznes və investisiya mühiti haqqında" ölkə təqdimatı edilmişdir. Tədbirdə Azərbaycana biznes maraqlarının artırılması məqsədilə kənd təsərrüfatı, qida sənayesi və turizm sahələrində fəaliyyət göstərən 229 xarici şirkətə müraciət edilmiş, onlara Azərbaycanda sözügedən sahələr üzrə investisiya imkanları barədə məlumatlar verilmişdir. Bütövlükdə isə 57 xarici və yerli şirkətin Azərbaycanda tikinti, maliyyə, turizm, ekologiya və sığorta sektorlarında fəaliyyət göstərən yerli şirkətlər, biznes mühiti, investisiya fəaliyyəti ilə bağlı qanunvericilik, prioritet sektorlar, eləcə də lisenziyaların alınması və şirkət qeydiyyatı haqqında sorğuları cavablandırılmış və müvafiq xidmətlər göstərilmişdir.
Göründüyü kimi, Azərbaycanda mühüm qeyri-neft sahələri getdikcə xarici şirkətlərin maraq dairəsinə daxil olur. Ölkəmizdə yaradılmış əlverişli biznes mühiti isə öz növbəsində onları Azərbaycanda daha çox iş görməyə sövq edir.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 25 avqust.- S. 2.