Regionun ən böyük
iqtisadi layihələrinin Azərbaycan tərəfindən
reallaşdırılması ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır
Biz
vaxtilə enerji dəhlizinin açılması nəticəsində
bölgədə əməkdaşlığın yeni mərhələsinə
qədəm qoyduq. Bu gün Azərbaycanın təşəbbüsü
ilə həyata keçirilən nəhəng enerji layihələri
təkcə bizim üçün gəlir mənbəyi
deyildir. Bu, eyni zamanda, regional əməkdaşlıq
baxımından da çox böyük əhəmiyyət kəsb
edir. Bu, yeni yolların, yeni xətlərin
açılmasına gətirib çıxarıbdır və
hər bir layihənin ardınca digər layihələr də
həyata keçirilməyə başlanmışdır.
Enerji dəhlizi açılandan sonra dərhal onun ardınca nəqliyyat
dəhlizi də açılır. Beləliklə, Azərbaycanın
həm enerjisi, həm nəqliyyat təhlükəsizliyi tam
şəkildə təmin olunacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tarixdə qlobal
maliyyə və iqtisadi böhran
dövrü kimi
qalmış 2009 və 2010-cu illərdə ölkəmizdə
aparılan düşünülmüş
düzgün iqtisadi-siyasi
islahatlar Azərbaycanın beynəlxalq aləmdəki
mövqelərini daha da
möhkəmləndirmiş, əlaqələrini genişləndirmişdir.
Ötən illərin yekunları sübut
edir ki, Azərbaycanda aparılan islahatlar
öz müsbət nəticələrini
getdikcə daha çox
göstərir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi
strategiyanın uğurlu davamı nəzərdə
tutulmuş iri infrastruktur layihələrinin
reallaşdırılmasında müstəsna rol
oynayır.
1993-cü
ilin ikinci yarısından başlayaraq Azərbaycanda
aparılan ardıcıl və məqsədyönlü siyasət
ictimai-siyasi sabitliyin təmin olunmasında və digər sahələrdə
sürətli inkişafın əsasını qoydu. Ulu
öndər Heydər Əliyevin uzaqgörənliyi və
dövlət idarəçiliyindəki zəngin təcrübəsi
iqtisadiyyatdakı tənəzzülü tədricən aradan
qaldırdı. Azərbaycanın inkişafında mahiyyətcə
yeni mərhələnin təməli qoyuldu. Ümummilli lider
Heydər Əliyev iri şirkətlərin Azərbaycana sərmayə
qoymasını və bu yolla ölkə iqtisadiyyatını
dirçəltmək üçün, ilk növbədə,
davamlı ictimai-siyasi sabitliyə nail olmağı prioritet vəzifə
hesab edirdi. 1994-cü il sentyabrın 20-də imzalanmış
"Əsrin müqaviləsi"nin də əsas qayəsini
məhz bu təşkil edirdi. Bu müqavilənin
iqtisadiyyatın inkişafı ilə yanaşı, siyasi əhəmiyyəti
də var idi. Həmin dövrdə Azərbaycan haqqında
dünyada təsəvvür çox az idi.
Azərbaycan
üçün həyati əhəmiyyətə malik olan bu
müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar
olunmasında, həm də xarici siyasətdə
uğurların əldə edilməsində böyük rol
oynadı. Ulu öndər dünyanın iri şirkətlərini
Azərbaycana cəlb etməklə ölkəmizin beynəlxalq
aləmdəki mövqelərini möhkəmləndirilməsinə
nail oldu. Azərbaycanın təbii sərvətlərinin
Avropaya və dünya bazarlarına
çıxarılmasının iqtisadi və siyasi mənada
böyük əhəmiyyət
daşıdığını bildirən Heydər Əliyev
dövlətlərarası böyük neft və qaz kəmərlərinin
çəkilişi barədə düşünürdü.
Nəhayət, 1999-cu ilin noyabrında ATƏT-in İstambul zirvə
toplantısı çərçivəsində Azərbaycan,
Gürcüstan, Türkiyə prezidentləri və
ABŞ-ın energetika nazirinin iştirakı ilə
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin
inşa edilməsinə dair hökumətlərarası
saziş imzalandı. Bu, həmin dövrdə çox
böyük bir layihə idi. Çoxlarına elə gəlirdi
ki, bu layihənin reallaşdırılması mümkün
olmayacaq və bu kəmər layihə olaraq xəyallarda
qalacaq. Digər tərəfdən Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin inşası bir sıra dövlətlərdə
qısqanclıq yaratmışdı. Ona görə də
bütün vasitələrlə kəmərin çəkilməsi
yolunda süni problemlər yaradılırdı. Belə bir
vaxtda "Şahdəniz" yatağından hasil olunan təbii
qazın Bakı-Tbilisi-Ərzrum marşrutu üzrə
Türkiyəyə nəql olunması üçün qaz boru
kəmərinin də inşasını həyata keçirmək
haqqında qərar verildi. Bu iri layihələrin həyata
keçirilməsi Azərbaycan və Türkiyənin
sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin
möhkəmlənməsində, qarşılıqlı əlaqələrin
güclənməsində və müstəqil dövlətimizin
dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni bir
səhifə açdı.
Avropa
ilə şərq ölkələri arasında nəqliyyat-kommunikasiya
əlaqələrinin yaradılması sahəsində
mühüm əhəmiyyət kəsb edən
"Böyük İpək Yolu"nun bərpası və
digər iri layihələrin gerçəkləşməsi,
o cümlədən Xəzərin enerji resurslarının
dünya bazarlarına nəql olunması sahəsində
aparılan işlər Azərbaycanın beynəlxalq aləmdəki
mövqelərini xeyli möhkəmləndirdi. Dünyanın
tanınmış ictimai-siyasi xadimləri ölkəmizin
başçısı Heydər Əliyevin bu qətiyyətli
addımlarını çox yüksək qiymətləndirirdilər.
Çünki bir vaxtlar yuxu kimi, yalnız arzu kimi görünən
məsələlər indi həqiqətə çevrilmək
üzrə idi. Azərbaycanda neft və qaz strategiyası
uğurla həyata keçirilir və dünyada əfsanə
kimi görünən Bakı-Tbilisi-Ceyhan neft kəməri
artıq reallığa çevrilirdi.
Ulu
öndərin siyasi kursunu və yarımçıq
qalmış işlərini böyük müvəffəqiyyətlə
davam etdirən Prezident İlham Əliyev Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərlərinin
inşasının uğurla davam etdirilməsinə nail oldu.
Ardınca Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ətrafında
müzakirələr başlandı. Möhtərəm
Prezidentimizin iqtisadiyyatın daha da inkişaf etdirilməsi
istiqamətində yeritdiyi siyasət Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft və Bakı-Tbilisi-Ərzrum qaz kəmərləri
layihələrinin reallığa çevrilməsi ilə nəticələndi.
Həmin iri infrastruktur layihələrin gerçəkləşdirilməsindən
sonra Azərbaycan dünya miqyasında bu sahədə
böyük təcrübəsi olan dövlət kimi
tanındı. Hazırda ABŞ, Böyük Britaniya, Fransa,
İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç,
Almaniya, Çin və digər inkişaf etmiş dövlətlər
Azərbaycanla neft və qeyri-neft sahəsində mühüm
iqtisadi layihələrdə iştirak edirlər. Belə layihələrin
reallaşdırılması Azərbaycanı inkişaf
etmiş dövlətlər cərgəsinə qoşub və
ölkəmizin beynəlxalq inteqrasiyasına hərtərəfli
dəstək verir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisi davam etdirilir. İri layihələrin
reallaşdırılmasında böyük təcrübə
qazanmış Azərbaycan bu layihənin icrası istiqamətində
işləri sürətləndirib.
Dəyəri
600 milyon dollardan çox olan bu layihə dünyanın əksər
ölkələrinin diqqətini özünə cəlb edib.
Artıq Çin də bu layihəyə qoşulub. Bu dəmir
yolu çox böyük beynəlxalq əhəmiyyətə
malikdir. Layihə reallaşdıqdan sonra istənilən adam
Londondan Şanxaya qədər dəmir yolu ilə gedə bilər.
Bundan başqa Bakı - Tbilisi - Qars dəmir yolu ilə hər
il təxminən 20 milyon ton yük daşınacaq. Bu layihə
bütün bölgənin simasını dəyişəcək
və onun çiçəklənməsinə təkan verəcək.
Bakı
- Tbilisi - Qars dəmir yolu layihəsini yüksək qiymətləndirən
Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım
deyib ki, Ermənistanda olan problemlə əlaqədar, ölkənin
şərq vilayətləri uzun müddət bağlı
olub. Nəticədə Qafqaz və Asiya dövlətləri
Avropaya dəmir yolu ilə yük daşımaları
üçün bağlı olub. Bu baxımdan strateji
nöqteyi-nəzərdən Bakı - Tbilisi - Qars dəmir yolu
çox perspektivlidir. Ümumiyyətlə, Ermənistan
regionda həyata keçirilən bütün iri infrastruktur
layihələrdən kənarda qalıb. Bu da təcavüzkar
dövlətin hələ də işğalçılıq
siyasətindən əl çəkməməsi ilə əlaqədardır.
Həm Azərbaycan, həm də Türkiyə tərəfi dəfələrlə
bəyan ediblər ki, nə vaxta qədər Ermənistan
qonşu dövlətlərə qarşı torpaq
iddiasında olacaq və işğal etdiyi Azərbaycan ərazilərini
azad etməyəcək, o vaxta qədər də iri
infrastruktur layihələrindən kənarda qalacaq. Bu da getdikcə
çökməkdə olan Ermənistanı daha ağır vəziyyətə
salır.
Azərbaycan
Prezidenti iri infrastruktur layihələrinin həyata
keçirilməsini, həmçinin Bakı - Tbilisi - Qars dəmir
yolunun tikinitisini yüksək qiymətləndirmişdir.
Dövlət başçısı gələcəkdə də
bu işin diqqət mərkəzində
saxlanılacağını vurğulayaraq demişdir:
"Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam etdiriləcəkdir.
Bu layihəyə biz böyük əhəmiyyət veririk. Demək
olar ki, bu layihənin icrasına başlanması təşəbbüsü
Azərbaycan tərəfindən irəli sürülmüşdür
və indi üç ölkənin birgə səyləri nəticəsində
bu layihəni uğurla icra edirik. Qarşıdakı illərdə
bütün işlər başa
çatdırılmalıdır və bu, bizim növbəti
böyük uğurumuz olacaqdır".
Təbii
ki, iri infrastruktur layihələrin gerçəkləşdirilməsi
heç də asan məsələ deyil. Belə layihələrin
həyata keçirilməsi üçün, hər şeydən
əvvəl dövlətin qüdrəti, iqtisadi gücü
olmalıdır. Azərbaycanın isə iqtisadi qüdrəti
ildən-ilə artır. Hazırda ölkəmiz
iqtisadiyyatın inkişaf tempinə görə dünyada lider
dövlətlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin
uzaqgörən siyasəti, ölkənin iqtisadi
potensialını və perspektiv imkanlarını
düzgün qiymətləndirməsi qazanılmış
uğurların əsasını təşkil edir. Yaxın
vaxtlarda daha bir iri layihənin reallığa çevrilməsi
düzgün müəyyənləşdirilmiş iqtisadi
strategiyanın bəhrəsidir. Haqqında bəhs etdiyimiz
Oğuz-Qəbələ- Bakı su kəməri
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzrum
qaz kəmərlərindən sonra həyata vəsiqə
almış daha bir iri infrastruktur layihəsidir. Bu nəhəng
layihənin həyata keçirilməsi böyük tarixi hadisə
kimi yaddaşlara həkk olundu. Azərbaycan Prezidenti İlham Əliyev
həmin məsələyə münasibət bildirərkən
demişdir: "Bu, doğurdan da, böyük və tarixi hadisədir.
Bildiyiniz kimi, Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin
mövcudluğu haqqında hələ bir neçə onillik
bundan əvvəl məsələ qaldırılmış və
o bölgədən Bakıya suyun gətirilməsi
üçün təkliflər irəli
sürülmüşdü. Ancaq o illərdə bu layihəni
reallaşdırmaq mümkün olmamışdı. Biz bu
gün müstəqil Azərbaycanda şəhərimiz,
ölkəmiz üçün çox böyük əhəmiyyət
kəsb edən bu layihəni həyata keçirdik. Bu,
böyük nailiyyətdir, böyük qələbədir. Bu
onu göstərir ki, Azərbaycan dövləti, müstəqil
Azərbaycan hər şeyə qadirdir. Biz ölkəmizi
gücləndirmək, ölkəmizdə iqtisadi
islahatların uğurla aparılması üçün tədbirlər
görürük, insanların sağlamlığı, rifah
halının yaxşılaşdırılması
üçün əlimizdən gələni edirik".
Oğuz-Qəbələ-Bakı
su kəmərinin çəkilişi Azərbaycanın
güclü maliyyə resurslarının, uğurlu iqtisadi
siyasətin hesabına reallaşdı. Ümumiyyətlə,
Bakı əhalisinin içməli su ilə təmin
olunması həmişə dövlətin diqqət mərkəzində
saxladığı prioritet məsələlərdən olub.
Ulu öndər birinci dəfə Azərbaycana rəhbərlik
etdiyi dövrdə də bu məsələyə daim
xüsusi diqqət yetirib. 1970-ci illərdə Bakı şəhərinin
içməli suya artan tələbatını zəruri məsələ
kimi nəzərdə saxlayan müdrik şəxsiyyətin
göstərişi və rəhbərliyi ilə bu problem
Kür və Ceyranbatan su kəmərlərinin tikintisi
hesabına həll edildi. Lakin ölkəmizin sürətli
inkişafı, paytaxtın getdikcə genişlənməsi, əhalinin
artması yeni su kəmərlərinin çəkilməsinə
zəruri ehtiyac yaradırdı. Ulu öndər bu məsələni
yenidən gündəmə gətirərək 2002-ci ilin
dekabr ayında keçirdiyi geniş müşavirədə
Bakı şəhərinə yüksək keyfiyyətli, saf,
təmiz bulaq suyunun gətirilməsinin vacib olduğunu
bildirmiş, bu ehtiyacın aradan qaldırılması
üçün Oğuz-Qəbələ zonasının
yeraltı sularından istifadə olunması barədə
müvafiq orqanlara göstəriş vermişdi. Lakin belə
bir iri infrastruktur layihənin tikintisi üçün tələb
olunan böyük məbləğdə vəsait yox idi.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzrum
qaz kəmərləri istifadəyə verildikdən sonra Azərbaycan
öz təbii sərvətlərini dünya bazarlarına
heç bir dövlətin vasitəçiliyi olmadan
çıxara bildi. Bu da ölkəmizin iqtisadi qüdrətinin,
maliyyə resurslarının artmasına böyük təkan
verdi. Hətta dünyanı bürüyən qlobal maliyyə
və iqtisadi böhran da Azərbaycanın sürətli
iqtisadi inkişafının qarşısını ala bilmədi.
2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə keçirilən geniş müşavirədə
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi ilə
bağlı layihənin müxtəlif parametrləri
müzakirə edildi. 2007-ci ilin martında isə Oğuz
rayonunun Sincan kəndində bu layihənin təməli qoyuldu.
Uzunluğu 262 kilometrdən çox olan su kəmərinin
tikintisinə başlanıldı. Artıq Oğuz - Qəbələ
su kəməri vasitəsi ilə gələn saf və təmiz
sudan Bakı sakinləri istifadə etməyə
başlayıblar.
Azərbaycan
Prezidenti İlham Əliyevin düşünülmüş
daxili və xarici siyasəti daha bir uğura imza atdı.
Dövlət başçımızın 2007-ci ilin
oktyabrında imzaladığı sərəncamla
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin
ərazisində Beynəlxalq Dəniz Ticarət
Limanının təməli qoyulub. Liman kompleksinin ərazisi
400 hektar nəzərdə tutulub. Tikinti işləri
üç mərhələdə aparılacaq. Birinci mərhələ
3 il 6 ay ərzində reallaşdırılacaq. İlkin mərhələdən
sonra liman kompleksində ildə 10 milyon tona qədər yük
və TEY standartlarında 40 min konteyner işlənilməsi
planlaşdırılıb. İkinci mərhələdə
bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və
150 min konteynerə çatdırılacaq.
Üçüncü mərhələdə isə
limanın yükaşırımı gücü ildə 25
milyon tona və 1 milyon konteynerə bərabər olacaq.
Azərbaycanda
son illər bütün işlərin dünya standartları səviyyəsində
olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev
Bakı Dəniz Ticarət Limanının tikintisinin əhəmiyyətli
olduğunu bildirərək demişdir: "... Bugünkü
Bakı Dəniz Ticarət Limanı keçən əsrin
30-cu illərində tikilmişdir və sonralar müəyyən
mərhələlərdə rekonstruksiya işləri
aparılmışdır. Ancaq hazırda Azərbaycanın nə
indiki, nə də ki, gələcək inkişafının tələblərinə
uyğun deyildir. Ona görə də limanın bu ərazidə
yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın
təhlükəsizlik məsələlərini uğurla həll
etmək, Bakının Xəzər hövzəsində
çox müasir və böyük logistitka, nəqliyyat mərkəzinə
çevirmək, Xəzəryanı ölkələr
arasındakı əməkdaşlığı dərinləşdirmək
və nəticədə Şimal-Cənub və Şərq-Qərb
nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə
şərait yaratmaqdır".
Dövlətimizin
başçısı bütün böyük investisiya layihələrinə
çox ciddi yanaşıldığını vurğulayaraq
bildirib ki, bu limanın layihələşdirilməsində
dünyanın tanınmış xarici şirkətləri fəal
iştirak edib.
İri
infrastruktur layihələrinin reallaşdırılması yeni
iş yerlərinin yaradılması baxımından da
böyük əhəmiyyət kəsb edir. Bakı Dəniz
Ticarət Limanının tiknitisi zamanı birinici mərhələdə
1400, üçüncü mərhələdə isə
üç min Azərbaycan vətəndaşı işlə
təmin olunacaq. Bu da bir sıra sosial
problemlərin aradan qaldırılmasına təsir
edəcək. Yeni tikilən limanda
işləyənlərin böyük
əksəriyyəti isə
tikinti kompleksinə yaxın yaşayış
məntəqələrinin sakinləri olacaq. Onu da qeyd edək
ki, iri infrastruktur
layihələrinin reallaşdırılması
xüsusilə, son illər
ərzində nəqliyyat
sektoruna qoyulan vəsait və aparılan işlər Bakını artıq nəqliyyat baxımından
regional mərkəzə çevirib.
Yeni tikiləcək limanın dünya miqyasında mövcud olan ən böyük limanların sırasında
özünəməxsus yeri
olacaq və Azərbaycan bu sahədə də beynəlxalq aləmdə daha bir uğura
imza atacaq.
Dünya dövlətlərinə bir
daha bəlli oldu ki, Azərbaycan
iri infrastruktur layihələrinin həyata
keçirilməsində böyük
təcrübəyə malikdir. Bununla yanaşı,
ölkəmizin getdikcə
artan maliyyə resursları və iqtisadi gücü də belə layihələrin reallaşdırılmasında
mühüm rol oynayır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2011.- 25 avqust.- S. 1.