26 avqust - beynəlxalq Azərbaycan muğamı və
musiqisi günüdür.
Azərbaycanın
bəşəriləşmiş muğamı
26
avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və
İpək Yolu üzərində yerləşən ölkələrin
musiqisi günü elan olunmuşdur. Qərar Kanadanın Niaqara
şəhərinin meriyası və ənənəvi olaraq hər
il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının
rəhbərliyi tərəfindən qəbul olunmuşdur.
Azərbaycan
muğamına, eləcə də musiqisinə bu dərəcədə
doğmalığın, yaxınlığın sirri nədədir
görəsən? Sərhəd tanımayan, bir-birindən fərqli
musiqilərin geniş yayıldığı
çağdaş dünyamızda musiqimizin bu qədər
populyarlıq qazanması heç də təəccübli
deyil. Ən azı ona görə ki, biz sadəcə olaraq
musiqini təkcə səsin içində dinləyiciyə təqdim
etmirik, həm də onu
"danışdırırıq". Bəlkə də bu,
çoxlarında təəccüb doğuracaq. Amma inanın
ki, bizim musiqimiz dinindən, irqindən, milliyyətindən
asılı olmayaraq, hər bir dinləyici ilə onun öz
dilində danışa bilir...
Azərbaycan xalqının qədim irsi olan muğam çoxdan geniş kütlələrin ümumi mənəvi sərvətinə çevrilmişdir. Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlamışdır. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastinkasını da daxil etmişdir. 1975-ci ildə Azərbaycan muğamları yenə də YUNESKO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılmışdır. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan "Stalker" filmində də səslənmişdir.
Bütün bunlar azmış kimi muğamlarımız təkcə Yer kürəsi sakinlərini deyil, həm də göy cisimlərini özünə cəlb etmişdir. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərmişdir.
Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb etmişdir. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilmişdir.
Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Həm Heydər Əliyev Fondu, həm də Azərbaycan Mədəniyyət Fondu bu sahəyə öz layiqli töhfələrini vermişlər. Son illər ölkəmizdə bir sıra irimiqyaslı layihələr həyata keçirilmiş, muğam müsabiqələri təşkil olunmuş, "Qarabağ xanəndələri" albomu buraxılmış, "Muğam" jurnalı, "Muğam ensiklopediyası" nəşr edilmişdir. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanmışdır.
Azərbaycan muğamına yeni bir həyat bəxş edən Mehriban xanım Əliyeva bu bənzərsiz sənət inciləri ilə bağlı fikirlərini belə dilə gətirir: "Biz azərbaycanlılar hamımız, haqlı olaraq, öz doğma muğamlarımızla fəxr edirik. Hər bir azərbaycanlı üçün muğam xüsusi əhəmiyyət daşıyır. Qərblə Şərq arasında, Böyük İpək Yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər boyu öz mədəniyyətini formalaşdırmışdır. Bəzi dövrlərdə biz müxtəlif imperiyaların daxilində yaşasaq da, dinimiz, milli dəyərlərimiz, dilimiz, mədəniyyətimiz bizi bir xalq kimi, millət kimi qoruyub saxlamışdır.
Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm, muğam gözəlliyin və məhəbbətin rəmzidir - səhv etmərəm".
Bizim sərhəd tanımayan milli musiqimiz həm də dünyanı özünə cəlb edə bilir. Artıq üçüncü dəfədir ki, ənənəvi olaraq hər ilin avqust ayında Azərbaycanın ən gözəl guşələrindən birində - Qəbələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Beynəlxalq musiqi festivalı keçirilir. Qəbələ Beynəlxalq musiqi festivalı statusunu almış bu incəsənət bayramına dünyanın ən tanınmış musiqiçiləri gəlirlər. Bu möhtəşəm tədbir çərçivəsində pianoçuların müsabiqəsi, musiqinin müxtəlif janrlarına aid konsertlər, ustad dərsləri keçirilir. Azərbaycan mədəniyyətinin təbliğinə yönələn bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir.
Bu gün
Heydər Əliyev Fondunun dəstəyi ilə
Azərbaycanda bir-birindən maraqlı beynəlxalq musiqi festivalları təşkil edilir. Bu siyahıya Üzeyir Hacıbəyli, Qara
Qarayev, Mstislav Rostropoviçin adını daşıyan musiqi festivallarını daxil
etmək olar. Hər bir belə hadisə,
hər bir belə musiqi festivalı böyük bir bayrama çevrilir. Dünya müsiqiçilərinin
diqqətini cəlb edən ən maraqlı məqamlardan biri Azərbaycanda keçirilən müxtəlif
təyinatlı bütün
beynəlxalq əhəmiyyətli
musiqi tədbirlərinin
hər birində muğam elementlərinin olmasıdır. Bir sözlə,
bizim muğamımız
bu gün bütün dünyanı
fəth etmək, dilindən, dinindən, irqindən, miliyyətindən
asılı olmayaraq, hər kəsin qəlbini, ruhunu oxşamaq iqtidarındadır.
İnanırıq ki, bu gün
dünyanı dolaşan,
çoxsaylı dinləyici
sevgisi qazanan, hamını öz dilində danışdırmağı
bacaran muğamımızın
zənguləsi tezliklə
doğma, dədə-baba
torpaqlarımız olan
Qarabağda səslənəcəkdir. O, gün
uzaqda deyil və mütləq gələcək.
Abdulla SUVAR
Xalq qəzeti.- 2011.- 26 avqust.- S. 4.