Azərbaycan
dövlətinin xarici siyasətdəki
uğurları diasporun səmərəli
fəaliyyətinə böyük təsir
göstərir
(əvvəli qəzetin 25 avqust 2011-ci il tarixli sayında)
Dünyadakı erməni lobbisini narahat edən ən mühüm məsələlərdən biri
də Azərbaycanın
sürətli inkişafı
ilə yanaşı, xaricdəki Azərbaycan cəmiyyətlərinin güclənməsidir. Onları qıcıqlandıran,
aqressivləşdirən və
səviyyəsiz hərəkətlərə
yol verməyə vadar edən səbəblərdən biri
də diasporumuzun erməni lobbisi qarşısında ciddi maneəyə çevrilməsidir.
Bu sözləri səbəbsiz demirik.
Ötən ilin dekabr ayında - Dünya Azərbaycanlılarının Həmrəliyi
Günü ərəfəsində
Niderlanddakı Benilüks
Azərbaycanlıları Konqresinin
ofisinə basqın olmuşdu. Gecə saatlarında baş
verən hadisə zamanı Azərbaycan və Türkiyə bayraqları yerə atılmış, qapı,
pəncərə sındırılmışdı.
Sonradan məlum olmuşdu ki, bunu Avropadakı
erməni diasporunun nümayəndələri planlı
şəkildə ediblər.
Səbəb isə burada
azərbaycanlıların fəallaşması,
"Artsax" qida məhsullarının Avropaya
idxalının dayandırılması
üçün imza kampaniyasının başlanılması
və ermənilərin
bu cür fəaliyyətlərinin qarşısının
alınması istiqamətində
görülən işlər
idi. Belə hallar digər
ölkələrdə də
qeydə alınmışdır.
Bütün bunlar bir daha
göstərir ki, son illər ərzində Azərbaycan diasporu böyük inkişaf yolu keçmişdir. Qısa
zaman kəsiyində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmaları
istiqamətində xeyli
iş görülmüşdür.
İndi dünyanın hansı ölkəsinə getsən,
orada yaşayan azərbaycanlıların diaspor
təşkilatına rast
gəlmək mümkündür.
Bu təşkilatlar soydaşlarımızın bir
araya gəlməsinə,
üzləşdikləri problemlərin
ortaq çalışmalar
hesabına həll etməyə, Vətənlə
əlaqələrin qurulmasına,
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasına
böyük töhfələr
verirlər. Amma təbii
ki, diaspor işini yalnız təşkilatların yaradılması
ilə məhdudlaşdırmaq
olmaz. Diaspor fəaliyyəti ilə
az-çox əlaqəsi
olan insanlar bilir ki, yalnız
təşkilatlanma fəaliyyəti
ilə nəzərdə
tutulan hədəflərə
çatmaq mümkün
olmur. Bunun üçün digər addımların atılmasına ehtiyac var.
Belə addımlardan biri də soydaşlarımızın
yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında
təmsilçiliyinin təmin
edilməsidir. Bu iş
diaspor fəaliyyətində
keyfiyyətcə yeni bir mərhələ olmalıdır.
Dövlət başçısı İlham
Əliyev Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında
xaricdəki cəmiyyətlərimizin
fəaliyyətini yüksək
qiymətləndirməklə yanaşı, onlara məsləhət gördü
ki, fəaliyyət göstərdikləri ölkələrdə
bütün Azərbaycan
icmasını birləşdirsinlər. İdeal
variant ondan ibarət ola bilər
ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına
üzv olsun, onların tədbirlərində
iştirak etsin, öz dəstəyini versin, öz köməyini göstərsin
və eyni zamanda, diaspor təşkilatları tərəfindən
də lazım olanda kömək görsün. Bunu etmək üçün
bu təşkilatlar daha da güclü
olmalıdır. Yəni ən
vacib amillərdən biri diaspor təşkilatlarının
birliyidir. Bəzi hallarda
bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir,
böyük ölkələrdə
əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda
cəmiyyətlər arasında
əlaqələr sağlamdır.
Ancaq elə hallar var ki, orada
müəyyən ziddiyyətlər,
müəyyən problemlər,
anlaşılmazlıq ortaya
çıxır. Azərbaycan Prezidenti
belə bir hal varsa, buna
son qoyulmasını tövsiyyə
etdi. Çünki yalnız birlik
bizi gücləndirir.
Birlik olmasa, biz güclü ola
bilmərik. Bu aksiomadır. Ona görə
diaspor təşkilatlarının
fəaliyyətinin inkişafı
üçün biz birliyi
tam şəkildə təmin
etməliyik.
Səfirliklərlə diaspor təşkilatları
arasındakı əməkdaşlıq
daha da güclü,
daha da məqsədyönlü
olmalıdır. Səfirlik Azərbaycan dövlətinin
bir parçasıdır,
Azərbaycan dövlətinin
rəsmi nümayəndəliyidir,
Azərbaycan dövlətinin
xarici ölkələrdə
simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə diaspor təşkilatları
arasında daim mehriban münasibətlər
olsun. Əgər hər hansı
bir problem, anlaşılmazlıq,
yaxud da ki, narazılıq varsa, o, dərhal öz həllini tapmalıdır. Onlar özləri
bir-birinə hörmətlə
yanaşmalıdırlar, bir-birinin
fəaliyyətini dəstəkləməlidirlər,
çünki bizim bir Vətənimiz var - Azərbaycan.
Bununla bərabər,
xaricdə fəaliyyət
göstərən diaspor
təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı
gəlib çatıb.
Həm ölkəmizin inkişafı,
həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda
indi belə imkanlar açır.
Azərbaycan Prezidenti İlham
Əliyev qurultaydakı
çıxışında vurğulamışdır ki,
soydaşlarımız - azərbaycanlılar
yaşadıqları ölkələrdə
dövlət, hökumət
qurumlarında, qanunvericilik
orqanlarında təmsil
olunmalıdırlar. Onların sayı
da bəzi hallarda buna imkan
verir. Bunu etmək üçün
azərbaycanlılar arasında
qarşılıqlı dəstək
və birlik daha da güclü
olmalıdır. Çünki xaricdə azərbaycanlılar
nə qədər güclü olsa, dövlətimizin maraqları
da bir o qədər inamla müdafiə olunacaqdır.
Azərbaycan nə qədər
güclü olsa, soydaşlarımız özlərini
bir o qədər də əmin, rahat hiss edəcəklər.
Ekspertlər belə hesab edirlər ki, siyasətə qoşulmaq istəyən azərbaycanlılar
ilk növbədə yaşadıqları
ölkənin problemlərini
öyrənməli, onların
həllində ölkə
vətəndaşlarına kömək etmək iqtidarında olduqlarını
nümayiş etdirməlidirlər. Amma təbii
ki, bütün bunlara nail olmaq o qədər də asan deyil. Yüz illərdir formalaşmış
siyasi proseslərə
müdaxilə etmək,
təsiredici faktora çevrilmək, "tutulmuş
bazarda" yer tapmaq çox çətindir. Bütün çətinliklərə
baxmayaraq, buna nail olmaq mümkündür.
Bu istiqamətdə ən böyük ümid təbii ki, gənclərdir. Xaricdə təhsil alan, yaşadıqları
ölkələrin ictimai-siyasi
həyatına yaxından
bələd olan gənclərin siyasi proseslərdə də uğur əldə etmək şansları daha böyükdür. Amma bu prosesdə onları mütləq diasporumuzun təşkilatlanması
işində təcrübə
toplayan yaşlı nəsil dəstəkləməlidir.
Beynəlxalq aləmdə uğur qazanmağın əsas yollarından biri də media ilə yaxşı əlaqələrin
qurulmasıdır. Soydaşlarımız yaşadıqları ölkələrin
siyasi həyatında fəallıq nümayiş
etdirmək istəyirlərsə,
ilk növbədə nüfuzlu
media orqanları ilə
yaxşı əlaqələr
qurmalıdırlar. Onlar çalışmalıdır
ki, hər bir ölkənin tanınmış mətbuat
vasitələrinə azərbaycanlılar
yerləşdirilsin.
Bir faktı
da qeyd etmək
yerinə düşər
ki, Azərbaycan diasporu tarixinin bəlkə də heç bir dövründə bugünkü
qədər mütəşəkkil
olmamışdır. Buna səbəb odur ki, dünya azərbaycanlıları ümummilli
lider Heydər Əliyevin azərbaycançılıq
ideologiyasını fəaliyyətlərinin
əsas prinsipi kimi qəbul edirlər. Çünki təcrübə də göstərir ki, xalqımızın bütün tarixi boyu milli birlik
və həmrəylik
arzuları, ideyaları
yalnız azərbaycançılıq
ideologiyası sayəsində
reallaşa bilər.
Azərbaycan dövləti də
məhz ulu öndərin göstərdiyi
yolla gedərək bugünkü sürətli
yüksəlişinə qovuşmuşdur.
Ancaq hələ də bizim çox ciddi problemimiz - Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
öz həllini tapmamışdır. Ona görə
də bütün dünyaya səpələnmiş
azərbaycanlıların birliyi,
həmrəyliyi indi həm bizim üçün, həm də dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar
üçün xüsusi
əhəmiyyət kəsb
edir. Prezident İlham Əliyevin
dediyi kimi, hamımızın bir Vətəni var, o da Azərbaycan Respublikasıdır.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 26 avqust.- S. 4.