Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin 20 illiyini dünya miqyaslı uğurlarla qarşılayır

 

Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən hesab edirəm ki, birinci iki ili çıxmaq şərti ilə Azərbaycan 20 il ərzində çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu tarixi əlamətdar günün təntənəli surətdə qeyd edilməsi ilə əlaqədar Prezident İlham Əliyev 21 yanvar 2011-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində, təntənəli surətdə keçirilsin. Bu məqsədlə Tədbirlər Planı da təsdiqlənib. Hazırda respublikamızın bütün bölgələrində dövlət müstəqilliyinin böyük təntənə ilə keçirilməsi ilə əlaqədar ciddi hazırlıq işləri görülür.

 

Azərbaycanın dövlət müstəqilliyi dünyanın müxtəlif ölkələrində yaşayan hər bir soydaşımız üçün böyük sərvətdir, qürur mənbəyidir. Bu baxımdan dövlət müstəqilliyimizin bərpasının 20 illik yubileyinin təntənəli surətdə qeyd olunması ölkəmizin, həmçinin hər bir azərbaycanlının həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisədir.

1918-ci ildə Şərqdə ilk dünyəvi demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi. Bu respublika cəmi 23 ay yaşasa da, Şərqdə ilk müstəqil, demokratik və dünyəvi müsəlman dövlətinin yaradılması tarixi nailiyyət kimi dəyərləndirilir. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı öz istəyinə qovuşmuşdu. Azərbaycan Demokratik Respublikası 23 aydan sonra süqut etdi. Bundan sonra Azərbaycanda sovet dövrü başlandı. Azərbaycan SSRİ-nin tərkibində müttəfiq respublika olsa da, ötən əsrin 70-ci illərindən başlayaraq böyük tarixi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında respublikamız inkişaf etmiş, sosial-iqtisadi məsələlər öz həllini tapmış, xalqımıza qarşı aparılan ayrı-seçkiliyin qarşısı alınmış, savadsızlığa, milli tərzdə düşünən ziyalılarımızın repressiyasına son qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlanmışdı. Hələ sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyevin gərgin fəaliyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan dilinin Konstitusiyada "dövlət dili" kimi öz təsdiqini tapması müstəqilliyin formalaşması istiqamətində atılan qətiyyətli addım idi.

SSRİ-nin süqutu bütün müttəfiq respublikalar kimi Azərbaycana da müstəqillik əldə etmək hüququ verdi. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etdi, öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və dövlət gerbi dövlət atributları kimi qəbul edildi və onun yarandığı 28 may Respublika Günü kimi qeyd olunmağa başlandı.

Azərbaycan öz dövlət müstəqilliyini bəyan etdikdən sonra qısa müddət ərzində dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı, həmçinin beynəlxalq hüququn sübyektinə çevrildi. Lakin müstəqilliyin ilk illərindən ölkədə baş qaldıran anarxiya, xaos, özbaşınalıq və hərc-mərclik Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməsinə mane olurdu. Hakimiyyətə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki qeyri-peşəkarlığı, cəsarətsizliyi, qorxaqlığı, baş alıb gedən özbaşınalığın, hərc-mərcliyin qarşısını almaqda acizliyi adi həqiqətlər idi. Ölkə hələ də köhnə sovet qanunları ilə idarə olunurdu. Hakimiyyət uğrunda daxili mübarizə getdikcə silahlı qarşıdurmaya çevrilirdi. Azərbaycanda gedən proseslər müstəqilliyimizə böyük təhlükə yaradırdı. Hakimiyyətsizlik, mənəm-mənəmlik, ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı qruplaşmalar ölkəmizi iflic vəziyyətinə salmışdı.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal altında qalması, bununla bərabər ölkə daxilində hakimiyyət uğrunda mübarizənin getdikcə daha kəskin xarakter alması, vətəndaş müharibəsinin yetişməsi dövlət müstəqilliyimizi uçurumun bir addımlığına çatdırmışdı.

1993-cü ildə Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə müraciət edərək xalqın yaranmış ağır vəziyyətdən xilas olunması üçün siyasi hakimiyyətə dəvət edir. Xalqın təkidli xahişlərindən sonra ulu öndər Heydər Əliyev Bakıya gəlir və yaranmış ağır vəziyyəti yaxşılaşdırmaq, xoşagəlməz hallara son qoymaq üçün çox böyük səylər göstərir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və əbədiyyətə çevrilməsi, milli dövlətçiliyimizin inkişafı, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi , dünya azərbaycanlılarının vəhdətinin yaradılması müdrik şəxsiyyət Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindəndir.

Heydər Əliyevin dövlətçilik təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə dövlətin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapıb. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyanı iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs yerinə yetirə bilərdi. XX əsrin sonlarında Azərbaycanda bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.

Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnəkdir. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olub. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim - azərbaycançılıq ideologiyasını da yaratdı.

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Respublikada, sözün həqiqi mənasında ciddi ideoloji boşluq yaranmışdı. Əlbəttə, cəmiyyətin ideyasızlaşdırılması meyli, bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edənlərin aydın məqsəd və məramının yoxluğundan, idarə etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamasından irəli gəlirdi. Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı və vaxtilə məhz onların birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Ulu öndər qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi.

Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin davamlı və əbədi olması üçün bir-birinin ardınca tarixi əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olub. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşması üçün geniş imkanlar açdı və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi.

1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir.

Heydər Əliyevin siyasi xəttinin ən layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bir-birinin ardınca reallaşdırılan böyük iqtisadi layihələr bu gün Azərbaycanı təkcə regionda deyil, dünya miqyasında nüfuzlu dövlətə çevirməkdədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilis-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Dəniz Ticarət Limanının və digər iri infırastruktur layihələrinin tikintilərində işin sürətləndirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu.

Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi iqtisadi və siyasi strategiya dövlət mütəqilliyimizin bərpasının iyirminci ildönümünə öz töhfələrini verməkdədir.

Azərbaycanda bütun sahələrdə olduğu kimi, ordu quruculuğunda da yüksəliş özünü büruzə verir. Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsi, maddi-texniki bazası və döyüş qabiliyyəti daha da möhkəmləndirilir. Əsgər və zabitlərimizin sosial problemlərinin həlli istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, onların mənzil-məişət xidmətinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdir. Ölkəmizdə müdafiə sənayesi durmadan inkişaf etdirilir. İqtisadiyyatımızın güclənməsi özünü bütün sahələrdə göstərir. Artıq Azərbaycanda ilk rabitə peyki ilə bağlı layihə həyata keçirilir.

Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə layiqli töhfələrdən biri də regionların sosial-iqtisadi inkişafının getdikcə sürətləndirilməsdir. Bu sahədə imzalanmış Dövlət Proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası nəticəsində regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Belə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəticəsində insanları narahat edən işsizlik problemi də aradan qaldırılır. Son 7 il ərzində bir milyona yaxın yeni iş yerlərinin yaradılması həyata keçirilən islahatların uğurlu nəticələrindən xəbər verir.

Bu gün hər birimizi ən çox narahat edən məsələ torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması və bir milyondan artıq soydaşımızın öz doğma ocaqlarından didərgin salınmasıdır. Dövlət başçımızın məntiqli daxili və xarici siyasəti nəticəsində dünyanın əksər ölkələri və tanınmış beynəlxalq qurumlar Ermənistanın işğalçı dövlət olmasını rəsmən təsdiqləyiblər. Beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq, ölkəmizin ərazi bütövlüyü indiyədək bərpa olunmayıb. Bu məsələdə Azərbaycanın qəti və dəyişməz mövqeyi ölkəmizin zəbt olunmuş torpaqlarının işğaldan beynəlxalq hüquq normaları çərçivəsində azad olunması və ərazi bütövlüyünün bərpa edilməsindən ibarətdir.

Azərbaycan iyirmi illik müstəqillik dövründə xarüqələr yaratmış, təkcə regionda deyil, dünya miqyasında böyük uğurlara imza atmışdır. Bu gün Azərbaycan sözün əsil mənasında artıq tam müstəqil dövlətdir. Bu illər ərzində ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət edir.

Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilən amillərdən biri də 2010-cu ildə Azərbaycan Dövlət Bayrağı Meydanının açılışı və orada dünyanın ən yüksək bayrağının ucaldılmasıdır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü hər bir azərbaycanlı üçün ən böyük bayramdır. Respublikamızın müstəqilliyi milli-mənəvi sərvətimizdir. Müstəqilliyimizin bərpasının iyirminci idönümünün dünya miqyaslı töhfələrlə qarşılanması da bundan xəbər verir.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2011.- 26 avqust.- S. 1.