İlin ən yaxşı məktəbi
Paytaxt məktəblərinin
maddi-texniki bazası gündən-günə möhkəmləndirilir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev gənc nəslin
yeni dövrün tələbləri səviyyəsində
böyüməsi və inkişaf etməsi üçün
bütün mümkün addımları həyata keçirir.
Gənclərlə və təhsil sistemi ilə bağlı
silsilə dövlət proqramlarının təsdiq və icra
olunmasının əsas səbəbələrindən biri də
məhz sabahımızı quracaq gənclərin mükəmməl
intellektual səviyyəyə yiyələnməsinə xidmət
edir.
Dövlət
başçısının fikrincə, bu məqsədə
çatmaq üçün müəllimlər rahat və
müasir məktəblərdə işləməli,
şagirdlər isə belə şəraitdə oxuyub öyrənməlidirlər.
Məhz Prezidentin sərəncamı əsasında
yaradılmış Bakı Şəhəri üzrə Təhsil
İdarəsi də bilavasitə həmin məqsədin
reallaşdırılmasına xidmət edir: yeni dövrün
tələblərinə uyğun şərait, intellektual səviyyə
və yüksək biliklər.
Bütün
bunlara nail olmaq üçün orta məktəblərdə
hansı addımlar atılır? Bu sualla Səbail
rayonundakı 51 nömrəli orta məktəbin direktoru Lətafət
Səmədovaya müraciət etdik:
-
İndi təmir olunan binamız 1880-ci illərdə Bakı
xeyriyyəçisi Murtuza Muxtarov tərəfindən iqtisadi məqsədlə
tikilib. Yəni oradan neft sənayesinə xidmət edən
yardımçı bina kimi istifadə olunub. 1898-ci ildə həmin
binada fəhlələrin uşaqları üçün 5
nömrəli rus-tatar məktəbi yaradılıb. Həmin
dövrdən bəri müxtəlif illərdə cari təmir
olunan məktəb məhz bu ilə qədər əsaslı
təmir görməmişdi.
Biz
uzun müddət - hətta, son 17-18 ildə iki qaçqın
məktəbi və bir idman məktəbi də daxil olmaqla həmin
binada - görünməmiş bir sıxlıqla dərs
keçmişik. Şükür Alllaha ki, Heydər Əliyev
Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə icra olunan "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsinə əsasən
2007-ci ildə gördüyünüz bu yeni məktəb
binası tikilərək bizim istifadəmizə verilib. Bu il isə
bilavasitə Təhsil Nazirliyinin tövsiyəsi ilə həmin
üç əsrin şahidi olan korpusun əsaslı təmirinə
başlanılıb və yekunlaşmaqda olan təmir-bərpa
işləri elə səviyyədə aparılır ki, oraya
"köhnə məktəb" deməyə adamın dili
gəlmir. Bununla bağlı məktəbin yeni korpusunda da cari
təmir işləri gedir. Gördüyünüz kimi, burada
da işlər artıq başa çatmaq üzrədir. Əslində,
elə bir ciddi problem də yox idi. Hər halda cari təmirə
həmişə ehtiyac olur.
- Təmir
işlərini hansı təşkilatlar həyata keçirirlər?
- Əsaslı
təmir işlərini "Aqrarsənayetikinti" həyata
keçirir. Yeni binadakı cari təmiri isə bilavasitə
tikintini aparmış təşkilat - "Xudafərin" Məhdud
Məsuliyyətli Cəmiyyəti yerinə yetirir. Hər iki
qurum öz vəzifəsini böyük məsuliyyətlə
yerinə yetirir.
- Yəqin
ki, hər iki təmir başa çatandan sonra məktəbdə
şagird sıxlığı problemi olmayacaq.
- Əslində,
2007-ci ildə bizə yeni bina tikiləndə həmin problem
tamamilə həll olunmuşdu. Artıq dördüncü
ildir ki, biz ancaq bir növbədə, həftənin beş
günü dərs keçirik. Yəni Heydər Əliyev
Fondu bizim həmin problemimizi dörd il qabaq həll edib.
İkinci növbədə isə fakültətiv məşğələlər,
dərnəklər, dərsdənkənar saatlar
üçün istənilən qədər şərait var.
İdman zalımız köhnə binadadır. Yeri gəlmişkən,
bir neçə il qabaq Bakı Şəhər İcra Hakimiyyətinin
rəhbərliyi məktəbin yanındakı (əvvəllər
zibillik kimi istifadə olunan) geniş ərazini bizim
üçün idman meydançası şəkilində
qurub-yaratdı, süni örtük çəkildi.
- Siz
bayaq dediniz ki, artıq neçə ildir ki, bu binada
qaçqın məktəbləri də dərs keçirlər.
Hansı rayonun məktəbləridir?
-
Biri Zəngilan rayonunun 10 nömrəli tam orta məktəbidir,
o biri isə Ağdam rayonunun 90 nömrəli tam orta məktəbi.
Onlar da bizim şagirdlərlə yanaşı sinif
otaqlarından, laboratoriyalardan, həkim məntəqəsindən,
idman zalından və idman meydançasından istifadə
edirlər. İkinici növbədə isə idman zalından
və meydançasından idman məktəbinin şagirdləri
istifadə edirlər. Xatırladım ki, YUNİSEF başda
olmaqla bir neçə beynəlxalq təşkilatın təmsilçiləri
qaçqın məktəblərin şagirdləri ilə
yerli şagirdlərin ünsiyyətini, münasibətini
öyrənən müxtəlif layihələr həyata
keçiriblər. Bizim məktəbin təqdim etdiyi iki layihə
beynəlxalq təşkilatlar tərəfindən qalib elan olunub.
Rəsmi olmayan bir fakt da var. Üç il qabaq Zəngilan
rayonunun icra başçısı 51 nömrəli məktəbin
direktorunu "Fəxri zəngilanlı"
adlandırmışdı. Mən özüm təhsil
işçisi kimi 6-7 rayonda qaçqın məktəblərinin
qonağı olmuşam. Ona görə də qaçqın məktəblərin
taleyinə biganə qalmaq qətiyyən mümkün deyil.
-
Dövlətin və nazirliyin bu qədər
qayğısına sizin cavabınız nədən ibarət
olub?
-
Baxmayaraq ki, bir qədər ucqar kimi qəbul edilən ərazidə,
fəhlə rayonundayıq, bir çox göstəricilərimiz
rəhbərliyi tam qane edir. Bizdə uzun müddət məzunların
ali məktəbə qəbul olunması göstəricisi 22
faizdən çox olmayıb. Ötən il həmin göstəricimiz
47 faiz olub. 600-dən çox bal toplayan məzunlarımızın
sayı artıb. Çoxuşaqlı bir ailənin
üzvü olan məzunumuz Qiyafət Xeyirxəbərli Prezident
təqaüdçüsüdür.
Son dərs
ilində isə bizim göstəricilərimiz Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tərəfindən
yüksək qiymətləndirildi və Prezidentin elan etdiyi
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinə qoşulduq. Nəticə çox
uğurlu oldu. Biz "İlin ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin qaliblərindən biri
olduq.
- Bu
məktəbin çox böyük ənənələri
var. Xalqımızın ən görkəmli simalarından
olan Üzeyir bəy Hacıbəyli gənclik illərində
bu məktəbdə müəllim işləyib.
- Siz
məktəbin girəcəyində onun büstünü
gördünüz. Mən hələ sıravi müəllim
olandan bəri burada Üzeyir bəyin büstünün
qoyulmasına çalışırdım. Millətin ən
böyük maarifçilərindən olan bir insan burada bizim
kimi müəllim işləyib. O fakt bizə böyük
şərəf idi. Nəhayət, imkan olan kimi bu məqsədlə
mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə
müraciət etdim, rayon rəhbərliyi də bizi dəstəklədi.
"Leyli və Məcnun" operasının 100 illiyinin qeyd
olunması ilə bağlı Prezident sərəncamının
icrası dövründə biz həmin istəyi
reallaşdırdıq. Büstün
açılışında təhsil naziri Misir Mərdanov da
iştirak etdi. Məktəbimizin xoru Üzeyir bəyin musiqilərini
elə ifa etdi ki, bütün qonaqlar məmnun qaldılar.
-
Öyrəndik ki, sizin məktəbdə "Heydər Əliyev
lektoriyası" da fəaliyyət göstərir.
- Bəli,
biz orada şagirdlərimizə ulu öndərin irsini öyrədirik,
"Gənc Heydərçilər" orada müxtəlif tədbirlər
keçirir. Heydər Əliyev Fondunun bizə hədiyyə
etdiyi kitabların, disklərin və digər vasitələrin
ilk təqdimatı da orada keçirilir. Yəni üç əsrin
şahidi olan bir məktəb bu gün XXI əsrin tələbləri
səviyyəsində fəaliyyət göstərir. Bu səviyyəyə
çatmağımızın əsas səbəbi də məhz
dövlətin təhsilə qayğısı, Prezident
İlham Əliyevin təhsillə bağlı
imzaladığı proqramlar, nazirliyimizin diqqəti və
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
bizə göstərdiyi qayğıdır. Əminəm ki, təhsillə
bağlı dövlət siyasətinə cavab olaraq
qarşıdakı illərdə daha böyük uğurlara
imza atacağıq.
Müsahibəni apardı:
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 27 aprel.- S. 6.