Qax: uğurlar sevindiricidir

 

Zəngin təhsil ənənələrinə malik olan Qax rayonunun məktəbləri hər il olduğu kimi ötən tədris ilini uğurla başa vurub. Bu il ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim edən 342 məzundan 156 nəfəri imtahanlarda yüksək nəticələr əldə edərək tələbə adını qazanıb.

 

Ali məktəblərə qəbul olunanlardan 16 nəfəri 600-dən, 49 nəfəri isə 500-dən artıq bal toplayıb ki, bu da ötən ilki nəticələrdən xeyli yüksəkdir. Respublika Prezidentinin sərəncamına əsasən, "Ən yaxşı ümumtəhsil məktəbi" və "İlin ən yaxşı müəllimi" müsabiqəsinə uyğun olaraq şəhər 1 saylı tam orta məktəbi və şəhər 2 saylı tam orta məktəb-liseyin müəllimi Nazlı İsmayılova qalib gəlib. Əldə olunan müvəffəqiyyətlər göstərir ki, rayonun təhsil işçiləri uzun illər ərzində əldə etdikləri ənənələrə sadiq qalaraq gələcəyin qurucuları olan gənc nəslin hərtərəfli inkişafı üçün əzmlə çalışırlar.

Tarixən yetişdirdiyi ziyalılara, onların intellektual səviyyəsinə görə ölkəmizdə sayılıb-seçilən bölgələrdən olan Qaxda təhsilin inkişafına həmişə yüksək ictimai maraq olub və bu gün də davam edir. Fəxrlə demək olar ki, təhsil ocaqları ictimaiyyət və rayon rəhbərliyi tərəfindən qayğı ilə əhatə olunub. Təsadüfi deyildir ki, ümumtəhsil məktəblərinin məzunlarının hərəkətini daim nəzarətdə saxlayan rayon rəhbərliyi bir qayda olaraq hər il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirir, onların uğurlarını yüksək qiymətləndirir. Bu dəfə də belə oldu. Qəbul imtahanlarında yüksək nəticələr əldə edərək tələbə adını qazanan məzunlarla rayon icra hakimiyyətində keçirilən görüşə toplaşanlar əvvəlcə ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək qoyaraq hörmət və ehtiramlarını bildirdilər.

Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev respublikamızda təhsilin inkişafından söz açaraq qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin istər Azərbaycanda siyasi hakimiyyətdə olduğu sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizdə təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atılıb. Hər il ölkəmizdə yüzlərlə müasir tipli məktəb binaları, uşaq bağçaları tikilir, köhnə binalar əsaslı təmir olunur. Bu gün ümumtəhsil məktəbləri müasir informasiya texnologiyaları və digər tədris vasitələri ilə təmin olunub.

Rayonumuzda da təhsilin maddi texniki bazası xeyli möhkəmləndirilib. Uzağa getməyək, Qıpçaq kənd tam orta məktəbinin binasının inşasında tamamlama işləri gedir. Zəyəm kənd tam orta, Meşəbaş və Əmbərçay kənd ümumi orta məktəblərinin binalarının tikintisi üçün hazırlıq işləri görülür. M.Şəkiliyev daha sonra qeyd etdi ki, göstərilən gündəlik diqqət və qayğıya cavab olaraq rayonun təhsil işçiləri əzmlə çalışır, yüksək nəticələr əldə edirlər. Təsadüfi deyildir ki, məzunlarımız bu il də qəbul imtahanlarında yüksək nəticə əldə ediblər. Çıxışının sonunda o, qəbul imtahanlarında yüksək nəticələr əldə edən məzunları, onların təhsil aldıqları məktəblərin kollektivlərini, valideynlərini təbrik etdi, xoş arzularını çatdırdı.

Tədbirdə çıxış edən "İlin ən yaxşı məktəbi" respublika müsabiqəsinin qalibi, şəhər 1 saylı tam orta məktəbin direktoru Mədinə Heydərova, şəhər 2 saylı tam orta məktəb-liseyin dil-ədəbiyyat müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Nazlı İsmayılova, 671 bal toplayan şəhər 2 saylı tam orta məktəbin məzunu Polad Nəbiyev, valideyn Tahirə Əzizova, Qax "Araz" kursunun direktoru Həsən Həsənov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fərman Əhmədzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, Qax bələdiyyəsinin sədri Eyvaz Orucov yüksək nəticələr əldə edən kollektivləri, məzunları, valideynləri təbrik edərək öz sevinclərini tədbir iştirakçıları ilə bölüşdülər.

Rayon Təhsil Şöbəsinin müdiri Məmməd Xasıyev "Təhsil millətin gələcəyidir" mövzusunda məruzə ilə çıxış edərək ötən tədris ilində, o cümlədən ali məktəblərə qəbul imtahanlarında qazanılan uğurlardan söz açdı. Qeyd etdi ki, təhsildə əldə edilən uğurların əsasında Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafıyla bağlı həyata keçirilən məqsədyönlü tədbirlər və eyni zamanda, bu sahəyə rayon rəhbərliyinin gündəlik diqqət və qayğısı durur.

Sonra rayon icra hakimiyyəti başçısının sərəncamı ilə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan 16 nəfərə və beynəlxalq müsabiqələrdə fərqlənən şəhər 2 saylı tam orta məktəb-liseyin onuncu sinif şagirdləri Günel Muxtarovaya, Gülay Yusifliyə, respublika fənn olimpiadalarında fəal iştirak edərək qalib gələn 2 saylı tam orta məktəb-liseyin onuncu sinif şagirdi Zöhrə Abdullazadəyə, 5 saylı tam orta məktəbin onuncu sinif şagirdi Jalə Sultanlıya, həmçinin rayonda təhsilin inkişafındakı fəaliyyətinə görə "Araz" kursunun müdiri H.Həsənova fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2011.- 27 avqust.- S. 4.