Sosial məsələlərin həlli
dövlətin prioritet vəzifəsidir
"Biz
20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq.
Bizim taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı
öz taleyinin sahibidir". Bu sözləri ölkə
Prezidenti İlham Əliyev Azərbaycanın müstəqilliyinin
20-ci və Silahlı Qüvvələrin 93-cü
ildönümü münasibətilə Bakıda
keçirilmiş təntənəli hərbi paradda
demişdir. Dövlətimizin başçısı
vurğulamışdır ki, 20 il ərzində Azərbaycan
xalqı bütün dünyaya sübut edə bilib ki, biz
müstəqil dövlət kimi yaşaya və inkişaf edə
bilərik. İqtisadi inkişaf templərinə görə Azərbaycan
dünya miqyasında lider dövlətdir. Son illər ərzində
dünya miqyasında heç bir başqa ölkədə Azərbaycandakı
qədər görülən işlər və əldə
edilmiş nailiyyətlər olmamışdır.
Bütün
bu nailiyyətlərin statistika göstəricilərindən də
bilindiyini qeyd edən Prezident İlham Əliyev demişdir ki,
son 7 il ərzində bizim dövlət büdcəmiz 16 dəfə
artmışdır və Ermənistanın dövlət
büdcəsindən 10 dəfə çoxdur. Hərbi xərclərimiz
20 dəfə artmışdır, yoxsulluq 5 dəfə
azalmışdır, bir milyona yaxın yeni iş yeri
açılmışdır. Azərbaycanda böyük sənaye
müəssisələri yaradılmışdır.
Aparılan iqtisadi islahatlar nəticəsində ölkə
iqtisadiyyatının şaxələndirilməsi prosesi
uğurla gedir və bu gün Azərbaycanda dayanıqlı
iqtisadiyyat formalaşır.
Bu gün ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri yoxsulluğun azaldılmasıdır. Bu istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir. Xatırladaq ki, dövlət başçımız 28 iyun 2011-ci il tarixli sərəncamı ilə "2008-2015 -ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planını (2011-2015) təsdiq etmişdir. Tədbirlər Planında "Makroiqtisadi sabitlik və iqtisadi artım", "Məşğulluq siyasəti və əhalinin sosial müdafiəsi", "İnsan kapitalının inkişafı və sosial tərəqqi", "İnstitusional siyasət və səmərəli idarəetmə", nəhayət, "İştirak və monitorinq" üzrə müxtəlif tədbirlərin icrası nəzərdə tutulmuşdur.
Xatırladaq ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil etmişdir və 2015-ci ilə kimi Azərbaycanda yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. Digər tərəfdən, əməkhaqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması, onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması kimi amillər bu uğurun əldə edilməsində mühüm rol oynamışdır.
Azərbaycan hazırda inkişafının çox mühüm mərhələsini yaşayır. Əldə edilmiş makroiqtisadi nailiyyyətlər həyatın müxtəlif sahələrində sosial rifahın yüksəlməsi, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları davamlı şəkildə gerçəkləşdirmək imkanı yaradır. Özəl sektorun inkişafına yaradılmış əlverişli şərait, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqqının, büdcə təşkilatlarında çalışan işçilərin maaşlarının, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.
Ötən 8 ildə ölkə başçısının imzaladığı sosial-iqtisadi inkişaf proqramlarının icrası, yeni şəraitə adekvat islahatlar kursunun aparılması respublikamızın bugünkü uğurlarını şərtləndirmişdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır.
Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həlli istiqamətində 2011-ci ilin 6 ayında da məqsədyönlü işlər görülamüşdür. Ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsiplərinin təminatı ilə verilən bu yardımın təyinatı zamanı subyektin dəqiq seçilməsinə xüsusi əhəmiyyət verilir. Cari il iyulun 1-nə ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103,95 manat təşkil etmişdir. Ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının həddi bu ilin əvvəlindən 75 manata qaldırılmışdır ki, bu da 2006-cı ildəki müvafiq göstərici ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Hazırda respublikamızda ünvanlı sosial yardım alan ailələrin daha fəal sosial təminatyönümlü proqramlara cəlb olunmaları, beynəlxalq təcrübəyə uyğun olaraq şərtləndirilmiş sosial yardımın verilməsi prinsiplərini özündə birləşdirən Birdəfəlik Sosial Yardım (Özünədəstək) proqramının sınaqdan keçirilməsi davam etdirilir. Dövlət başçısının sərhədyanı bölgələrin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, cari ilin mart ayının əvvəllərində Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində "Özünədəstək" layihəsi ilə bağlı sınaq işlərinə start verilmişdir. Həmin kənddə ünvanlı yardım alan 52 ailədən 15-nə ev təsərrüfatlarında şəxsi istehsalla məşğul olmaları və bununla özlərini təmin edə bilmələri üçün yerli ictimaiyyətin nümayəndələrindən ibarət şuranın iştirakı ilə mal və materiallar alınıb verilmişdir. Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına kömək göstərilməsi məqsədilə layihənin cari il ərzində daha üç pilot rayonda icra edilməsi nəzərdə tutulur.
Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən illərdə Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar.
2003-2010-cu illərdə və hazırda Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən Prezident İlham Əliyev insan amilinə necə yüksək dəyər verdiyini, bütün fəaliyyətində vətəndaşların maraq və mənafeyini, firavanlığını uca tutduğunu təsdiqləmişdir. Prezident İlham Əliyev bildirmişdir: "İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. İqtisadiyyatmız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir. Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır".
Azərbaycanda əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədilə tədbirlər davam etdirilir. Prezident İlham Əliyev bildirmişdir: "Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Bununla bərabər, ölkəmizin sosial-iqtisadi inkişafının davamı üçün konkret layihələr, konkret proqramlar icra edilir". Prezident İlham Əliyevin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. Elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə real imkanlar yaradacaqdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 27 avqust.- S. 3.