Azərbaycanın
2003-cü ildən sonrakı inkişafı beynəlxalq aləmdə
örnək kimi qəbul edilir
Bizim
bütün təşəbbüslərimiz xalq tərəfindən
dəstəklənir. Əslində, bizim siyasətimiz xalq
siyasətidir... Bu gün Azərbaycan sürətlə
inkişaf edən, dinamik, müasir ölkədir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Tarixən,
bütün dövlətlərin inkişafı müxtəlif
mərhələlərlə xarakterizə edilib. Hətta ən
iti sürətlə inkişaf edən ölkələrdə
də müxtəlif illər, on illər fərqli şəkildə
səciyyələndirilib. Azərbaycan da istisna təşkil
etmir. 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa
edən respublikamız elə ilk illərdəcə geriləmə,
iqtisadi cəhətdən çökmə, siyasi cəhətdən
parçalanma, hərbi cəhətdən məğlubiyyətlər
yaşamağa məcbur oldu. Qısa müddət ərzində
tez-tez əldən-ələ keçən siyasi hakimiyyət əcaib
bir hakimiyyətsizlik formalaşdırırdı. 1993-cü
ilin yayından - Böyük Qurtuluşdan 3 oktyabr Prezident
sekçilərinədək olan qısa dövr əsəblərin
bir qədər sakitləşdiyi aylar olsa da, xalqın həyəcanı
hələ davam edirdi. Ölkə əhalisi görür və
bilirdi ki, xalq üçün yaşayan, müstəqil Azərbaycan
dövlətini əbədi etməyə çalışan
siyasi liderin hakimiyyətə gəlməsini istəməyən
xarici qüvvələr çoxdur. Ona görə də
ölkə əhalisi Heydər Əliyevi daha böyük iradə,
qətiyyət və sədaqətlə dəstəkləməyə
başladı. Nəticədə, ulu öndər dövlət
başçısı seçildi və ... tarıma çəkilmiş
əsəblərin sakitləşməsi, cəmiyyət
daxilində tüğyan edən həyəcanın aradan
qalxması prosesi başlandı.
1993-cü
ilin payızından 1996-cı ilin sonlarınadək - tam
üç il Azərbaycanda geriləmənin qarşısını
almaq üçün ardıcıl dövlət tədbirləri
həyata keçirildi. Həmin dövrdə Heydər Əliyev
hərtərəfli bərpa işləri ilə məşğul
idi. Xalqın dövlətə və dövlət
başçısına olan inamı bərpa edildi.
İqtisadiyyatın bərpası üçün ölkəyə
xarici sərmayənin yatırılması yolları arandı
və tapıldı. Ordunun itən nüfuzu özünə
qaytarıldı. Beynəlxalq aləmə inteqrasiyanın
sürətləndirilməsi üçün beynəlxalq təşkilatların
və aparıcı siyasi, güc mərkəzlərinin
inamını, etimadını qazana bildik. Elm, təhsil
ictimaiyyətinin, yaradıcı ziyalıların dövlət
ətrafında birləşdirilməsi təmin edildi. Gənclər
təşkilatları mütəşəkkil birləşdirildi
və sairə.
Ulu
öndər bütün bunların fonunda NATO-nun Sülh Naminə
Tərəfdaşlıq Proqramına qoşulmağa, cəbhədə
atəşkəs haqqında sazişin imzalanmasına, eləcə
də Xəzərin Azərbaycan sektorundakı karbohidrogen
ehtiyatlarının birgə işlənməsi
üçün dünyanın aparıcı neft şirkətlərinin
yaratdığı konsorsiumla Azərbaycan Dövlət Neft
Şirkəti arasında "Əsrin müqaviləsi"
adlı tarixi neft sazişinin imzalanmasına nail oldu. Artıq
Azərbaycanın ilk milli parlamentinin seçilməsinə və
yeni Əsas Qanunun qəbul edilməsinə zəmin yarandı.
Bütün bunları tarixi reallığa çevirən
ümummilli lider, bir daha xatırladırıq - üç
ilin tamamında Azərbaycanın dövlət müstəqilliyinin
qorunub saxlanılımasına nail oldu. 1996-cı ilin
dekabrında ATƏT üzvü olan ölkələrin
dövlət başçılarının Lissabon şəhərində
keçirilən sammitində dünya siyasətçiləri
ilk dəfə hiss etdilər ki, ölkələr arasında qətiyyətli
lideri olan qüdrətli Azərbaycan dövləti də
vardır.
1997-ci
ilin əvvəlindən etibarən isə Azərbaycanda cəmiyyət
həyatının bütün sahələrində
inkişafın, tərəqqinin əlamətləri
görünməyə başlandı. Neft sektoru və ya
qeyri-neft sektoru kimi qəbul edilməsindən asılı
olmayaraq bütün sahələrdə irəliləyiş
müşahidə olunmağa başlandı. Elə bir sahə
yox idi ki, Heydər Əliyev həmin sahənin inkişafı
ilə şəxsən maraqlanmasın.
Əsrin
sonuna qədər dörd il davam edən həmin proseslər
dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb etməyə
başladı. Artıq Azərbaycanla əməkdaşlıq
edən ölkələrin sayı nəinki ildən-ilə və
ya aydan-aya, hətta, gündən-günə artırdı.
Heydər Əliyev bu tendensiyanı çox böyük
ustalıqla tamamilə bizə sərf edən məcraya
yönəldir, Azərbaycanın maraqlarının təmin
edilməsinə nail olurdu. Nəticədə, yeni əsrin ilk
ilinin ilk ayında Azərbaycan Avropanın və
dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından
olan Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul
edildi.
Ekspertlərin
və tarixçilərin fikrincə böyük dövlətçilik
təcrübəsi və siyasi müdrikliyi ollan Heydər Əliyev
Avropa qarşısında iki dəfə öz həmkarlarının
- dünya prezidentlərinin həsədlə
baxdığı qətiyyət nümayiş etdirmişdi. Ulu öndər birinci belə addımı ATƏT-in
Lissabon sammitində atmışdı. Sammitin yekun sənədini
- Azərbaycana sərf
etməyən bəyanatı
imzalamaqdan imtina edən Prezident Heydər Əliyev sadəcə ATƏT-in adı
çəkilən sammitini
nəticəsiz başa
çatmaq təhlükəsi
ilə üz-üzə
qoymuşdu. Məhz bu
qətiyyətin nəticəsi
olaraq sammit 53 dövlətin başçısının
təsdiq etdiyi qətnamə ilə, ilk dəfə olaraq Ermənistanın işğalçı
dövlət olduğunu
rəsmiləşdirmişdi. Ulu öndərin ikinci belə addımı isə 2001-ci ilin yanvarında Strasburqda - Avropa Şurasının mənzil - qəqargahı
qarşısında Azərbaycanın
bayrağının qaldırılması
mərasimində atılmışdı.
Heydər Əliyev Avropanın bütün televiziyalarının lentə
aldığı, onlarla
telekanalın canlı
yayımladığı mərasimdə
bizə minnət qoyanlara konkret cavab vermişdi: "Bu gün Azərbaycan Avropaya nə qədər lazımdırsa,
Avropa da Azərbaycana bir o qədər lazmdır".
Ulu öndərin
həmin qətiyyətinin
davamını və bir çox hallarda təkrarını
ölkəmizin inkişaf
tarixinin 2003-cü ildən
sonrakı dövründə
daha tez-tez gördük. Prezident İlham Əliyev
Azərbaycanı təkcə
Avropada və ya Avrasiyada deyil,
eləcə də bütün dünyada qüdrətli dövlətə,
sözü keçən
ölkəyə, regionun
əsas iqtisadi mərkəzlərindən birinə
çevirdi. Davos İqtisadi
Forumunun son toplantısında
dünyanın bir neçə siyasətçisi
açıq şəkildə
etiraf etdi ki, Azərbaycan dövlətinin son 7-8 ildə
qazandığı hərtərəfli
nailiyyətlər beynəlxalq
aləmdə örnək
kimi qəbul edilə bilər. İlham Əliyev Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində əsas
ölkələrdən birinə
çevrilməsini təmin
etdi. Ölkədə Müstəqil Dövlətlər
Birliyinə üzv olan ölkələrin heç birində qeydə alınmayan sosial siyasət həyata keçirdi ki, bu siyasət
nəticəsində Azərbaycan
insanının həyat
şəraiti son yeddi
ildə dörd dəfə yaxşılaşdı.
Son yeddi-səkkiz ildə
Azərbaycanın ümumi
daxili məhsulu 3 dəfə artmışdır. Dünya iqtisadçıları
indiyədək heç
bir ölkədə belə göstəricinin qeydə alınmadığını
yazırlar. Son yeddi ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanların
sayı 5 dəfə azalmışdır. İndi
Azərbaycan əhalisinin
cəmi 9,1 faizi yoxsulluq həddində yaşayır.
Avropanın əksər ölkələrində
isə bu göstərici 15-22 faizdir.
Beynəlxalq təşkilatların
Azərbaycan təcrübəsində
təqdir etdikləri növbəti məsələ
yeni iş yerlərinin yaradılması
sahəsində əldə
etdiyimiz nailiyyətdir.
Son 7 ildə Azərbaycanda
1 milyondan artıq yeni iş yerlərinin
yaradılmasını beynəlxalq
maliyyə qurumları
xüsusi qeyd edir və nümunə
kimi göstərirlər.
Avropa miqyaslı
beynəlxalq təşkilatlarda
və Azərbaycanın
ikitərəfli əməkdaşlıq
etdiyi ölkələrdə
dönə-dönə vurğulanır
ki, son illər ərzində rəsmi Bakı enerji siyasətində böyük
uğurlar əldə
etmişdir. Etiraf edilir ki, Azərbaycan özünün
enerji təhlükəsizliyini
təmin etməklə
yanaşı, başqa
ölkələrin də
enerji təhlükəsizliyinə
xüsusi töhfələr
vermişdir. Müxtəlif əlamətdar günlərdə,
xüsusən, 28 May - Respublika
günü münasibətiylə
dünyanın siyasi liderlərinin dövlət
başçımıza ünvanladıqları
təbrik məktublarında
Azərbaycanın bir çox uğurları təqdir olunur. Ən çox yada salınan məqamlar isə uğurlu enerji siyasətinin yeridilməsi və cəmiyyətin daha da demokratikləşdirilməsi
istiqamətində həyata
keçirilən islahatlardır.
Avropalı ekspertlərin fikrincə
Azərbaycanda bərqərar
olunmuş daxili ictimai-siyasi sabitliyin əsas səbəbi ölkədə vətəndaş
cəmiyyətinin formalaşdırılması
üçün həyata
keçirilən konkret
tədbirlərdir.
2003-cü ilin payızından
sonra Azərbaycanda keçirilən istənilən
seçki beynəlxalq
müşahidəçilər və dünya mətbuatı tərəfindən
yüksək qiymətləndirilir. Bəzi
avropalı müşahidəçilər
öz ölkələrində
belə açıq və şəffaf seçki görmədiklərini
dilə gətirir, Amerika Birləşmiş Ştatlarının təmsilçisi
isə "Mən Bakıda eynilə Amerikada keçirilən seçkinin analoqunu gördüm" - deyə
etiraf edirlər.
Bu gün respublikamızın
ictimai-siyasi həyatı
elə bir qaynar inkişaf dövrünü yaşayır
ki, onu təkcə
ölkə əhalisi
deyil, ölkəmizin qonağı olan istənilən əcnəbi
siyasətçi etiraf
edir. Polşa Prezidentinin
dilə gətirdiyi
"Sizin böyük
uğurlarınızın əsas
səbəbi bütün
sahələr üzrə
konkret inkişaf proqramlarının olmasıdır":
Rusiya Prezidentinin qeyd etdiyi "Azərbaycanın inkişafında
iqtisadiyyatın şaxələndirilməsinin
xüsusi rolu vardır" ifadələri
bu deyilənlərin təsdiqi kimi qiymətləndirilir. Dost və qardaş ölkə olan Türkiyənin Baş naziri isə ölkəmizin uğurlarını
yada salarkən demişdi ki, siyasət düzgün qurulanda iqtisadiyyatın inkişafı asan olur.
Bütün bunlar bir daha
sübut edir ki, Azərbaycanın
2003-cü ildən sonrakı
inkişafı həqiqətən,
beynəlxalq aləmdə
örnək kimi qəbul edilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 27 avqust.- S. 1.