Biz öz
torpaqlarımıza qayıdacağıq
Qubadlının
işğalından 18 il keçir
Düz 18 ildir
ki, öz
torpaqlarından didərgin düşmüş
qubadlılılar doğma yurda
qayıtmaq arzusu ilə yaşayırlar. Bu yaxınlarda bir məclisdə
Qubadlı ağsaqqallarından birinin dediyi bu sözlərə diqqət
yetirin: "Vallah bir gün doğma
torpaqda yaşamaq, 70 il köçkün həyatdan
daha üstündür".
Doğrudan da, bu, ağsaqqalın ürəkdən gələn
sözləri idi. Qubadlılılar bu gün də o torpaqları düşmən tapdağı
altından xilas etmək üçün
hamılıqla hazırdırlar. Onlar deyirlər
ki, ölkə Prezidenti
cənab İlham Əliyevin
apardığı müdrik siyasət
torpaqlarımızın gec-tez azad olunacağına zəmanət verir. Nə zaman Ali Baş Komandan
hücum əmri versə bütün
Qubadlı camaatı döyüşə hazırdır.
Qubadlılılar da ki,
döyüşməyi bacaran, qəhrəman
insanlardır. Bunu müharibə illərinin
odlu-alovlu günlərində düşmənlərimiz
də etiraf etmişdilər.
İndi
isə hələlik məcburi köçkünlük həyatı
davam edir. Rayon icra hakimiyyətinin başçısı Malik
İsaqov söhbəti zamanı bildirdi ki, qubadlılılar
ulu öndər Heydər Əliyev siyasətini uğurla davam
etdirən hörmətli Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi siyasi kursu dəstəkləyir və
bugünkü firavan həyat üçün ona böyük
minnətdarlıq edirlər. Rayon əhalisi yaxşı bilir
ki, artıq Ermənistan çökmək üzrədir və
yaxın zamanlarda biz öz ata-baba yurdlarımıza
qayıdacağıq.
Qubadlının məcburi köçkünlərinin həyatı həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev 1996-cı il fevralın 24-də Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşündə bir daha vurğulamışdır ki, bu gün öz yurd-yuvalarından didərgin salınmış insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müstəqil Azərbaycan dövləti bütün imkanları səfərbər edib.
Azərbaycan Respublikası Prezidentinin siyasətində qaçqın və məcburi köçkünlərin rifah halının yüksəlməsi, məşğulluğunun artırılması və onların həyat şəraitinin yaxşılaşması daim önəmli yer tutmuşdur. Bu məqsədlə Prezidentin sərəncamı ilə 2004-cü il 1 iyulda təsdiq edilmiş Dövlət Proqramı və ona 2007-ci və 2011-ci illərdə edilmiş əlavələrdə nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi nəticəsində hər cür rahatlıqla təmin edilmiş yeni, abad qəsəbələr salınaraq, çadır düşərgələrində məskunlaşmış köçkünlərin oraya köçürülməsi təmin edilmişdir. Dövlət Proqramının icrası ilə əlaqədar rayonumuzdan olan 78 ailə yeni mənzillərə köçmüşdür. Ümumiyyətlə, əhalimizin güzəranının yaxşılaşması, məşğulluğunun artması sayəsində 1572 ailə özünə fərdi mənzil tikərək həyat şəraitini xeyli dərəcədə yaxşılaşdırmışdır.
Bakı və Sumqayıt şəhərlərində 1090 ailənin məskunlaşdığı 40 yaşayış yerində əsaslı təmir işləri aparılmış, su, qaz, elektrik enerjisi və digər kommunal problemlər tam həll edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş işlərdən əlavə məcburi köçkünlərin məskunlaşdığı 100-dən artıq ictimai və tikintisi yarımçıq qalmış binanın, fərdi evin dam örtüyü təmir edilmiş, yanğın və qəza nəticəsində tamamilə sıradan çıxmış 8 köçkün ailəsinin mənzili əsaslı təmir edilərək köçkünlərin istifadəsinə verilmişdir.
1 saylı Qubadlı rayon orta ümumtəhsil məktəbinin 125 illiyinin keçirilməsi də Dövlət Proqramı əsasında reallaşmışdır. Bu tədbir böyük təntənə ilə Sumqayıt şəhərində keçirildi və təhsil naziri Misir Mərdanov həmin tədbirdə bu məktəb üçün yeni bina tikiləcəyini bildirdi. Köhnə vaqonlarda yerləşən bu məktəbin indi müasir tipli yeni binasında Sumqayıtda məskunlaşan Qubadlı uşaqları təhsil alırlar.
Əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılması üçün rayon icra hakimiyyəti davamlı tədbirlər həyata keçirir. Son illər Qubadlı məcburi köçkünlərinin yaşadıqları mənzillər təmir olunmuş, yeni məktəblər, xəstəxana və poliklinikalar inşa edilmişdir.
Məlumat üçün bildirək ki, rayonun 93 kəndi və Qubadlı şəhəri erməni silahlı qüvvələri tərəfindən talan edilib. Rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.
Qubadlı rayonu 1933-cü ildə təşkil edilmişdi. 1963- cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna verilib. 1964-cü ildən yenidən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Qubadlı rayonunun sahəsi 802 kvadratmetrdir.
Rayon Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Dağlıq və dağətəyi rayondur. Ən hündür yeri Torağac yüksəkliyidir (dəniz səvviyəsindən 2003 metr yüksəklikdə). İqlimi mülayim kontinentaldır. Ərazisindən daim axarlı Həkəri və Bərgüşad çayları keçir.
Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları istehsal edilir, heyvandarlıqla məşğul olunurdu. Son illər sənaye sahələri də rayonun iqtisadiyyatında yer tutmağa başlamışdı.
Üzümçülük, baramaçılıq, taxılçılıq, heyvandarlıq, tütünçülük, rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Qubadlıda üzüm emalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərib. İşğala qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisə vardı. Qubadlıda 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyirdi. Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. İşğal zamanı ermənilər Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar müsadirə ediblər. Təcavüzkarlar Qubdalının qədim mədəniyyət abidələrini tar-mar ediblər.
Qubadlıda 13160 hektar dövlət meşə fondu sahəsi vardı. Meşələrdə yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınaraq qorunurdu. Qubadlı Dövlət Təbiət Yasaqlığı, Bəsitçay Dövlət Təbiət Qoruğu isə qiymətli fauna və flora növlərinə malik idi. Əldə olunan faktlar emənilərin həmin qiymətli təbii sərvətlərimizi talan etmələrindən xəbər verir. Laləzar körpüsü kimi qədim tarixi abidələrin dağıdılmadığına da inam qalmayıb.
Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də buradakı təbii mağaralarda, sığınacaqlarda insan fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır.
Qubadlı şəhəri ərazisində aşkar olunmuş "Xırman yeri", Əliquluuşağı kəndində aşkar olunmuş "Qalaça", "Koroğlu qalası", Muradxanlı kəndi ərazisində "Mal təpə" abidələri mütəxəssislər tərəfindən son tunc, ilk dəmir dövrünə aid edilir.
Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkamlar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində bu istehkamlar b.e.ə. I yüzüllikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir.
Ötən əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır. (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulmuşdur. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulmuşdur.
1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilmişdir.
1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Rayonun 1,2 milyard ABŞ dolları dəyərində (1993-cü ilin qiymətləri ilə) şəxsi və ictimai mülkiyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilmişdir.
Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Azərbaycanın xalq qəhrəmanlarından ikisi - Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandır.
Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına sanballı töhfə vermiş, yüksək ad-san qazanmış akademik Əli Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridir.
Ümumiyyətlə, əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı vardır.
İşğaldan sonra BMT Təhlükəsizlik Şurası tərəfindən verilən 874 saylı qətnamə ilə təcavüzkarlardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb.
Qubadlıda qoyub gəldiyimiz təkcə var-dövlət, bolluca sərvətlərimiz deyildi. Onları sonradan da qazanmaq olar. Ancaq mənəvi itkilərimizin yeri dolası deyil. Mənəvi aşınmaların bərpasına uzun illər lazımdır.
Amma qubadlılılar öz qürur və dəyanətlərini nə qədər çətin olsa da, qoruyub saxlamışlar. İndi böyükdən-kiçiyə kimi dindirirsən bu ifadəni işlədir: "Biz öz torpaqlarımıza qayıdacağıq".
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 28 avqust.- S. 4.