Heydər Əliyev
Fondu insanlığa, bəşəriyyətə, ulu öndərin
ölməz ideyalarının reallaşdırılmasına
xidmət edir
...Heydər
Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq
fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər,
görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər göz
qabağındadır. İstər təhsil, istər səhiyyə
sahəsində, mədəniyyət sahəsində, mənəvi
irsimizin qorunması işində, Azərbaycanın dünya
birliyində təbliğ edilməsi işində, Azərbaycanın
olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geniş mənada
dünya birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm.
Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər
iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən
sahədə istənilən məsələ həll oluna bilər.
Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir
sözlə xarakterizə etmək mümkündürsə, mən
"Xoş niyyət" deyərdim. Çünki
bütün sahələrdə biz bunu görürük.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
XX əsr
Azərbaycan tarixinə dövlətçilik rəmzi, Vətənə
və xalqa sonsuz məhəbbət və xidmət nümunəsi
kimi daxil olan Heydər Əliyevin həyatı və fəaliyyəti
bir vətəndaş üçün örnəkdir. Dahi
şəxsiyyət həyatın bütün sahələrinə,
cəmiyyətin bütün təbəqələrinə diqqət
və qayğı göstərməyi bacarır, millətin gələcəyi
naminə strateji əhəmiyyətli işlərə
xüsusi önəm verir, gənc nəslin də bu ruhda, bu
amalda böyüməsini zəruri hesab edirdi. Heydər Əliyev
Fondu yaradılarkən ulu öndərin ömür yolunu, həyat
amallarını davam etdirmək başlıca məqsəd
olub. Yarandığı gündən xalqın mənəvi sərvətinin
və milli mədəniyyətinin təbliği və
inkişafı istiqamətində mühüm işlər
görən Heydər Əliyev Fondu, ilk növbədə,
ümummilli liderin müdrikliyə əsaslanan həyat fəlsəfəsini,
xalqa xidmət missiyasının əbədiyaşarlığını
təmin edən mühüm ideoloji-humanitar mərkəzdir.
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyəti məhz bəşəriyyətin
xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə
daha möhkəm əsaslarla intişar tapmasına, ictimai
şüura hakim kəsilməsinə yönəlmişdir.
Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən layihələr məhz Heydər
Əliyevin fikir və ideyalarını, fəlsəfə və
ideologiyasını yaşatmaq, davam etdirmək istəyinə əsaslanır.
Ötən illərə nəzər saldıqda aydın
görünür ki, Heydər Əliyev Fondu məram və məqsədlərinə
doğru inamla irəliləyir, ictimai həyatda mühüm
rol oynamaqla cəmiyyətin etimadını qazanır və
müasir Azərbaycanın inkişafına layiqli töhfələrini
verir.
Heydər
Əliyev Fondunun fəaliyyəti geniş və çoxşaxəlidir.
Fondun rəhbərliyi və təşkilatçılığı
ilə həyata keçirilən layihələr təhsil və
səhiyyə sisteminin, mədəniyyətin inkişafına,
ölkəmizin dünyada tanınmasına, mədəni
irsimizin qorunmasına, xalqın rifah halının yüksəlməsinə
istiqamətlənir. Müasir tələblərə cavab verən
təhsil müəssisələrinin inşası, tarixi mədəniyyət
obyektlərinin əsaslı surətdə yenidən
qurulması, dünya standartlarının tələblərinə
cavab verən muzey və muzey mərkəzlərinin yaradılması,
dini məbədlərin və qədim tarixi abidələrin
beynəlxalq səviyyədə bərpası, zəngin mədəniyyətimizin,
xüsusilə, muğamın təbliği, Azərbaycan həqiqətlərinin
dünyaya yayılması əsas diqqətçəkən məqamlardandır.
Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə
arxalanaraq həyata keçirir. Mərhəmət və nəcibliyə,
humanizmə söykənən bu fəaliyyətin nəticəsidir
ki, hazırda Heydər Əliyev Fondu insanların ümid, pənah
yerinə çevrilib. Xalqın böyük məhəbbətini
və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları
Heydər Əliyev ucalığını başlıca meyar
götürməsindən, eləcə də Azərbaycanın
birinci xanımının zəngin mənəvi və
intellektual potensialından qaynaqlanır. Məhz bu cür
mükəmməl fəaliyyətin məntiqi nəticəsi
olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin
sorağı dünyanın sayılıb-seçilən
ölkələrindən, ən mötəbər beynəlxalq
qurumların tribunalarından gəlir.
Yarandığı
gündən bu vaxta qədər Heydər Əliyev Fondu Azərbaycanda
təhsilin inkişafına mühüm tofhələr verib. Azərbaycan
cəmiyyətində hər kəs üçün bərabər
təhsil imkanlarının yaradılmasını, gənc nəslin
zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin
beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas
fəaliyyət meyarlarından biri kimi müəyyənləşdirmiş
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın bu sahədə həyata
keçirdiyi missiya isə cəmiyyətimizdə yeni bir ənənənin
əsasını qoymaqdadır. Bu ənənə ilk növbədə
Azərbaycanın sosial-iqtisadi yüksəlişinin ölkəmizin
mədəni tərəqqisinə, ictimai şüur səviyyəsinin
yüksəlişinə yönəlməsi zərurətindən
çıxış edir. Ulu öndərimizin adını
daşıyan fondun prezidenti Mehriban xanım Əliyevanın bu
gün milli təhsilimizin inkişafı istiqamətində həyata
keçirdiyi ardıcıl fəaliyyəti isə bu ənənələrin
illər sonra da Azərbaycan dövlətinin yüksəlişini
təmin edəcək əsas amil kimi qorunmasına, zamanın
dəyişən tələblərinə
uyğunlaşdırılması məqsədlərinə
hesablanmışdır. Mehriban xanım Əliyevanın irəli
sürdüyü, böyük uğurla həyata keçirilməkdə
olan "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramının prioriteti də bundan ibarətdir. Bu proqram
özündə təkcə respublikamızın ucqar əyalətlərində
yeni məktəb binalarının tikilməsi, bu binaların ən
müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz
edilməsi məzmununu ehtiva etmir. Həm də insanlara
qayğı, uşaqlara, yeniyetmə və gənc nəslə
diqqət timsalında bütövlükdə ölkəmizin
parlaq gələcəyə aparılması
strategiyasını ehtiva edir. Artıq hər il yeni dərs
ilini minlərlə məktəbli beynəlxalq standartlara
uyğun müasir təhsil ocaqlarında qarşılamağa
bir növ adət edib. Bütün bunlar sübuta yetirdi ki,
aydın məqsəd, xalqın rifahına söykənən
amal, inam və iradə ilə birləşəndə hər
bir çətinlik bu qüdrətin qarşısında geri
çəkilir.
Təhsil
sahəsində reallaşan "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi fondun həyata keçirdiyi ən
böyük layihələrdən biridir. Qısa müddət
ərzində Azərbaycanın bütün regionlarında
müasir tələblərə cavab verən məktəblərin
inşası geniş vüsət aldı. Layihə çərçivəsində
respublikanın müxtəlif bölgələrində 300-dək
yeni məktəb inşa edildi. Bu, indiki şəraitdə
müasir tələblər səviyyəsində təhsil
almaq imkanı qazanan yüz mindən artıq şagirdin həyatında
ciddi dəyişiklik, yenilik deməkdir. Əgər bu gün
biz ucqar dağ kəndində yaşayan məktəblinin
internet vasitəsi ilə ümumrespublika olimpiadasında
iştirakının şahidi oluruqsa, bu, artıq görülən
işin parlaq təzahürüdür.
Məlum
olduğu kimi, təhsil elə bir ictimai hadisədir ki, cəmiyyətin
keçəcəyi inkişaf yolu əksər hallarda bu sahəyə
münasibətdən asılı olur. Təhsilin millətin,
dövlətin və bir qədər də qlobal məcrada
götürsək, ümumilikdə, bəşəriyyətin
gələcəyi olduğunu söyləməklə, əslində,
yeni bir nəzəriyyə kəşf etmirik. Son yeddi ildə
millət və dövlət maraqları baxımından
müstəsna əhəmiyyətə malik bir sıra layihələri
uğurla gerçəkləşdirərək cəmiyyətdə
mərhəmət və xeyirxahlığın ali
ünvanına çevrilmiş Heydər Əliyev Fondunun
qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə,
ümummilli liderin ali ideallarını özündə ehtiva
edir. Fondun reallaşdırdığı layihələr
Mehriban xanımın yüksək təşkilatçılığı
sayəsində peşəkarların birgə məhsulu
olduğundan bənzərsizliyi ilə diqqəti cəlb edir.
Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və
keyfiyyətinə görə hətta beynəlxalq layihələri
üstələyir. Bu, qürur doğuran reallıqdır.
BMT, İslam Əməkdaşlığı Təşkilatı,
YUNESKO, İSESKO və onlarca mötəbər qurumun
dünyanın dörd bir tərəfində
çalışan, peşəkarcasına müqayisə
aparmaq imkanına malik yüksək vəzifəli şəxslərinin
Heydər Əliyev Fondunun layihələrindən təsirlənərək
gördüklərini sözə çevirməkdə aciz
qaldıqlarının dəfələrlə şahidi
olmuşuq. Çoxlarının vurğuladığı kimi,
bu layihələr mahiyyətcə yeni üslub, etalon xarakteri
daşıyır və əksər hallarda beynəlxalq səviyyədə
tətbiqini tapır. Uşaqlara qayğı, internat məktəblərinin
əsaslı təmiri və uşaq bağçalarının
bərpası bu layihələr içərisində
özünəməxsus yer tutur. Bu gün uşaq
bağçalarının təkcə yenidən qurulması
deyil, həm də ən müasir tələblərə cavab
verməsi istiqamətində çoxşaxəli işlər
aparılır. Fondun həyata keçirdiyi layihələr
çərçivəsində artıq onlarla uşaq
bağçası istifadəyə verilib. Bu uşaq müəssisələri
müasir avadanlıq, tədris vəsaiti, plakatlar, multimedia
diskləri, oyunlar və digər vəsaitlərlə təmin
olunub. Uşaqlara qayğı fondun prioritet istiqamətlərindən
biridir. Bu baxımdan "Uşaq evləri və internat məktəblərinin
inkişafı" Proqramını xüsusi qeyd etmək
lazımdır. Bu proqram ata-ana qayğısından məhrum
uşaqların həyatında ciddi dönüş
yaratdı. Layihə çərçivəsində fondun
himayə etdiyi 30-dan çox uşaq müəssisəsinin
sosial vəziyyətində, məişət və təhsil
sistemlərində əsaslı dəyişiklik yarandı. Bu
gün valideyn qayğısından məhrum olmuş
uşaqların asudə vaxtlarının səmərəli
keçirilməsi üçün yay düşərgələri
yaradılır. Uşaq evlərində tərbiyə
alanların taleyi də daim diqqət mərkəzində
saxlanılır.
Qaçqın
və məcburi köçkün ailələrindən olan
uşaqların təhsili də fondun diqqət mərkəzində
saxladığı prioritet məsələlərdəndir.
2004-cü ildən başlayaraq fond hər il qaçqın və
məcburi köçkün ailələrindən olan birinci
sinif şagirdələrinə məktəbli
çantaları və dərs ləvazimatları paylayır.
Artıq son bir neçə ildir ki, bu proses ölkədəki
bütün orta məktəbləri əhatə edir.
2008-2009-cu tədris ilində fond tərəfindən ölkədə
130 min birinci sinif şagirdinə 16 adda məktəbli ləvazimatı
ilə təmin edilən çanta paylanılıb. Bununla yanaşı
fondun hazırladığı 140 adda əyani vəsait də
məktəblərə göndərilib. Keçən il də
eyni addım atılıb. Heydər Əliyev Fondunun bu təşəbbüsündən
sonra, artıq respublikamızın bütün məktəblərində
dərsliklər şagirdlərə pulsuz paylanılır. Onu
da qeyd edək ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda
deyil, dünyanın bir sıra ölkələrində yeni təhsil
müəssisələrinin tikilməsində
yardımçı olub. Hollandiyanın paytaxtı Amsderdamda fəaliyyətə
başlayan Azərbaycan məktəbi fondun diqqətindən kənarda
qalmayıb. Bu məktəbə kompyuter dəsti və dərs
vəsaiti göndərilib. 2008-ci ilin fevralında isə
Pakistanın Müzəffərabad şəhərində
dağıdıcı zələzələ nəticəsində
yararsız vəziyyətə düşən məktəb
fond tərəfindən yenidən tikilərək istifadəyə
verilib. Təhsil ocağı yüksək səviyyəli tədrisə
imkan yaradan avadanlıqla da təmin olunub və vəsaitlərin
hamısı Heydər Əliyev Fondu tərəfindən hədiyyə
edilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev
Fondunun fəaliyyətini yüksək qiymətləndirərək
deyib: "Fondun təşəbbüsü ilə başlanmış
geniş məktəb tikintisi, - mən bunu bu gün
açıq deməliyəm, - biz bu təşəbbüsü
əsas götürüb ölkəmizdə geniş miqyasda məktəb
tikintisinə başlamışdıq. Amma ilk məktəblər
məhz fondun təşəbbüsü ilə və fond tərəfindən
tikilmişdir. O məktəblərdə oxuyan, kompyuterlə məşğul
olan, yaxşı imkanlara malik olan uşaqlar gələcəyə
nikbinliklə baxırlar. Onlar Azərbaycanın gələcəyidir.
Mən birmənalı şəkildə deyə bilərəm
ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində
və digər sahələrdə, ölkə həyatında
önəmli bir amilə çevrilibdir və əminəm ki,
Fondu bundan sonrakı fəaliyyətində də ümumbəşəri
prinsipləri irəliyə aparacaqdır. Heydər Əliyev
Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri
milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı
gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə,
müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın
milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyada təqdim edilməsi - bütün bu
şərəfli funksiyalar bu fondun üzərinə
düşübdür. Düşübdür deyəndə,
fond və fondun rəhbərliyi bütün bu işləri
öz təşəbbüsü ilə görür, mən
bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini
çox təqdir edirəm, çox bəyənirəm və
şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək
inkişafında fondun rolu böyük olacaqdır".
Heydər
Əliyev Fondu həmçinin Azərbaycanın mədəniyyət
tarixində silinməz iz buraxacaq layihələr də həyata
keçirir. Reallaşdırılan işlərin nəticəsi
olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini
verən sənətkarlara, mədəniyyət nümayəndələrinə
fəaliyyət göstərmək üçün geniş imkanlar
yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında
müasir İncəsənət Muzeyinin
açılışını yüksək qiymətləndirmək
olar.
Azərbaycan
muğamının dünya miqyasında təbliğində
Heydər Əliyev Fondunun fəaliyyəti ən yüksək
qiymətə layiqdir. Azərbaycanın ənənəvi musiqisi
olan muğam YUNESKO-nun bəşəriyyətin şifahi və
qeyri-maddi irs siyahısına daxil edilib. Mədəni irsin
qorunması baxımından muğamın təbliği və
inkişafına kömək Heydər Əliyev Fondunun aktiv fəaliyyət
istiqamətidir. Gerçəkləşən layihələr
möhtəşəm milli mədəniyyətimizi qorumaq,
inkişaf etdirməklə yanaşı, həm də sivill
dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı
tanıtmağa imkan yaradır. Bu sahədə ilk layihələrimizdən
biri "Qarabağ xanəndələri" musiqi albomunun nəşridir.
Bu albomda 24 virtuoz muğam ustadının ifası cəmlənib.
Fondun Azərbaycan muğamına həsr olunmuş digər nəşri
"Muğam ensiklopediyası"dır. Burada təmsil olunan
ustad və gənc xanəndələrin
yaradıcılığı, muğam dəstgahları və
digər əsərlər ilk dəfədir ki, muğam
irsimizin tam mənzərəsini yaradır. Fond muğam
müsabiqələri və festivallara dəstək verir,
yaşlı sənətkarlarımıza, yeni istedadlı
ifaçılarımıza dayaq olur. Fondun dəstəyi ilə
paytaxtda "Beynəlxalq Muğam Mərkəzi", habelə
regionlarda müasir standartlara uyğun muğam mərkəzləri
inşa olunmuşdur.
Mehriban
xanım Əliyevanın peşəkarcasına fəaliyyəti
nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi
inciləri dünya qeyri-maddi mədəni irs siyahısına
salınır. Ölkəmiz sözün əsl mənasında
fərqli sivilizasiyaların və mədəniyyətlərin
dialoqu və ortaq məxrəc axtardığı məkana
çevrilir. Tolerantlıq nümunəsi sayılan Azərbaycan
Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal
Sarayının parkında abidələri bərpa edir,
Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin
yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzələdən
zərər çəkən qızlar məktəbini yenidən
inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və
digər ölkələrdə təhsil ocaqlarını
müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni
irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq
Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihəyə
imza atır.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə səhiyyə
sisteminin müasirləşdirilməsi sahəsində
mühüm işlər həyata keçirilir, tibb
ocaqlarında ən müasir avadanlıqlar
quraşdırılır, əhaliyə göstərilən
xidmətin səviyyəsi getdikcə yüksəlir. Uşaq
müalicə-profilaktika müəssisələrinin yenidən
qurulmasında, xarici ölkələrdən mütəxəssislərin
yerli klinikalara dəvət olunmasında, treninqlərin
keçirilməsində və həkimlərin mübadiləsində
fondun köməyi xüsusi qeyd olunmalıdır. Ötən
illər ərzində Heydər Əliyev Fonduna müraciət
etmiş on mindən çox vətəndaş müayinə
və müalicə kursu keçmiş, min nəfərə
yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində
cərrahiyə əməliyyatı olunmuş, çoxlu sayda
xəstənin isə əməliyyat və müalicəsi
xarici ölkələrdə aparılmışdır. İlk
layihələrdən biri kimi bu gün də davam edən
"Diabetli uşaqlara ən yüksək qayğı"
layihəsi 14 yaşına qədər qeydiyyatda olanların dərman
preparatı ilə təmin olunmasına yönəlib.
Heydər
Əliyev Fondunun və şəxsən fondun prezidenti Mehriban
xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda
deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, Azərbaycanın birinci
xanımının 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə
İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə
"Qızıl ürək" və Dünya Səhiyyə
Təşkilatının İhsan Doğramacı adına Ailə
Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin
xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç
ordeninə, 2009-cu ildə "XXI əsrin böyük
qadını" laureatı adına, 2010-cu ildə isə
Fransanın "Fəxri Legion" ordeninə, YUNESKO-nun
"Qızıl Motsart" medalına, 2011-ci ildə Krans
Montana Forumunun qızıl medalına layiq görülməsi
Mehriban Əliyevanın bütün dünyada böyük
nüfuz qazanmış fəaliyyətinə verilən layiqli
qiymətdir. Təbii ki, Azərbaycanın birinci xanımına
təqdim olunan mükafatlar sırasında Heydər Əliyev
Mükafatının xüsusi yeri vardır.
Fondun
ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə
nümayəndəlikləri fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun əsas məqsədlərinə
sadiq qalaraq nümayəndəliklər mədəni və
sosialyönümlü layihələri həyata keçirirlər:
uşaq evlərinə, internat məktəblərinə,
qocalar evlərinə baş çəkir, qayğıya
ehtiyacı olan insanlara yardım edir, Azərbaycanın
tanınmış elm və ictimai xadimlərinin xatirəsinə
həsr olunmuş gecələr, Azərbaycan xalqının mədəniyyət
və tarixini əks etdirən sərgi və konsertlər təşkil
edirlər. Bütün bunlar xalqlar və ölkələr
arasında əlaqələrin inkişafına xidmət edir.
Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin fəaliyyəti
xüsusi olaraq diqqəti cəlb edir. Bu, fondun Azərbaycandan kənarda
yaradılan ilk nümayəndəliyidir. Nümayəndəliyin
başçısı Leyla xanım Əliyevanın rəhbərlik
etdiyi struktur ümumtəhsil məktəbləri, xüsusilə
də, Moskvanın Azərbaycan etnomədəniyyət
komponentləri olan 157 saylı məktəbi ilə sıx əlaqə
qurur, onları lazımi texniki avadanlıq və tədris vəsaitləri
ilə təmin edir. Nümayəndəlik əlil və
valideyn qayğısından məhrum olan uşaqları daim
diqqət mərkəzində saxlayır, onlar
üçün müxtəlif xeyriyyə tədbirləri
keçirir, bayram günlərində mərasimlər təşkil
edir. Əsas fəaliyyət istiqamətlərindən biri də
gənclərlə işdir. Leyla xanım Əliyeva
Rusiyanın müxtəlif vilayətlərinə səfər
edir, burada yaşayan və təhsil alan azərbaycanlı gənclərin
problemləri ilə maraqlanır, onların həlli
üçün müəyyən tədbirlər
görür, yerli təşkilatlarla əməkdaşlığı
daha da möhkəmləndirir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən "Xocalıya ədalət"
kampaniyası çərçivəsində ermənilərin
azərbaycanlılara qarşı törətdikləri dəhşətli
soyqırımı barədə beynəlxalq ictimaiyyətə
geniş məlumat verilmişdir. Bu kampaniya vasitəsilə erməni
terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti
haqqında dünya birliyində geniş məlumatlar
yayılmışdır. Bununla əlaqədar Rusiya, Türkiyə,
Fransa, Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya,
Çexiya, İsveçrə və Gürcüstanda silsilə
tədbirlər keçirilmişdir. Belə tədbirlərdə
fondun nəşr etdiyi "Qarabağ həqiqətləri"
toplusu da ictimaiyyət arasında geniş
yayılmışdır. Keçirilən aksiyaların xarici
ölkələrin kütləvi informasiya vasitələrində
işıqlandırılması üçün hər
cür şərait yaradılmışdır.
YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu yarandığı ilk gündən
etibarən ölkəmizin ictimai-siyasi, mədəni həyatında
müstəsna rol oynamaqdadır. Bu gün Azərbaycanda
mövcud olan iqtisadi potensialın insan rifahının
yaxşılaşdırılmasına yönəldilməsi
Prezident İlham Əliyevin hökumət qarşısında
müəyyənləşdirdiyi əsas prioritetdir. Bu məqsədin
həyata keçirilməsində Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın xidmətləri
xüsui təqdir edilməlidir. Onun irəli sürdüyü
faydalı təşəbbüslər, məqsədyönlü
proqramlar Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunu xeyli artırıb. Etiraf edək ki, fond daha
çox gələcəyə hesablanmış addımlar
atmağı bacarır və bu təşkilatın daim diqqət
mərkəzindədir. Fondun fəaliyyətinin mərkəzində
isə milli genefondumuzun inkişafı və
xalqımızın minilliklərdən keçirib bu günə
çatdırdığı mədəni-etnoqrafik ənənələr
dayanır. Dünya ictimaiyyəti Azərbaycan
qadınını məhz Mehriban xanım Əliyevanın
siması və xoşməramlı fəaliyyəti ilə
tanıyır. Ümumiyyətlə, Heydər Əliyev Fondu
öz fəaliyyətini müasir zamanın tələbinə
cavab verən şəkildə qurmağa - cəmiyyətdə
olan, insanları narahat edən problemləri aşkar etməyə,
bu problemlərin həlli yolunda lazımi tədbirləri
hazırlamağa, həyata keçirməyə və
uğurlu nəticələr əldə etməyə
çalışır.
Mehriban
xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev
Fondu dünyada Azərbaycanın təbliği, Qarabağ həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması,
habelə ölkəmizdə elmin, təhsilin, mədəniyyətin,
səhiyyənin inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılması sahəsində gördüyü
titanik işlərə, eləcə də milyonlarla insanlara
ünvanlanmış xeyriyyəçilik fəaliyyəti ilə
insanlığa, bəşəriyyətə xidmət edir,
müdrik şəxsiyyət Heydər Əliyev
ideyalarının əbədi yaşamasına inam yaradır.
Görülən işlər, həyata keçirilən layihələr,
real nəticələr isə bir daha belə deməyə əsas
verir ki, Heydər Əliyevin adını dasıyan fond Azərbaycanın
bu günü və gələcəyi naminə bundan da
artıq islərə hazır və qadirdir.
Əliqismət BƏDƏLOV,
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 28 avqust.- S. 3.