"Şahdəniz" yatağının tammiqyaslı işlənməsi Azərbaycanın ixrac imkanlarını artıracaq

 

Azərbaycanın "Şahdəniz"qaz-kondensat yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair saziş imzalanmasından 15 ildən artıq vaxt ötür. Xatırladaq ki, bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan "Şahdəniz" layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələdə həyata keçirilən genişmiqyaslı tikinti-quraşdırma tədbirləri "Şahdəniz" yatağının zəngin qaz-kondensat ehtiyatlarının istismarına başlamasına imkan yaratmışdır. Bu da Azərbaycanı dünyanın potensial qaz ixrac edən dövlətinə çevirmişdir. Təsadüfi deyil ki, özünün "mavi yanacağa" olan tələbatını tam ödəyən Azərbaycan Respublikası hazırda bir sıra Avropa ölkələrinin də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

 

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz"də quraşdırılmış unikal platformadan beş ilə yaxındır ki, qaz hasil olunur. Məlum olduğu kimi, sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. "Şahdəniz" layihəsi çərçivəsində çıxarılan təbii qaz artıq bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Təsadüfi deyil ki, hazırda gündəmdə olan bir sira nəhəng qaz ixracı layihələrinin tərəfdaşları da ölkəmizi ən potensial qaz təchizatçısı hesab edirlər.

"Şahdəniz" layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. Bu baxımdan əvvəlki dövrlərdə olduğu kimi, 2011-ci ilin birinci yarımilliyi də layihənin səhmdarları üçün uğurlu olmuşdur. bp Azərbaycan şirkətinin cari ilin ilk yarısının yekunları ilə bağlı hesabatına əsasən, yanvar-iyun ayları ərzində "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərin əməliyyat xərclərinə 86,8 milyon dollar, əsaslı məsrəflərinə isə 298,2 milyon dollar sərf olunmuşdur.

İlin ötən dövrü ərzində "Şahdəniz" yatağındakı üç öncəqazma quyusundan sabit şəkildə qaz hasil edilərək Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə çatdırılmışdır. Onu da deyək ki, "Şahdəniz" layihəsinin birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qaz Azərbaycana, GOGC (Gürcüstan), BOTAŞ (Türkiyə) və BTC Ko şirkətinə satılır.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağında quraşdırılmış unikal platforma vasitəsilə istismar olunan quyuların sabit rejimdə işləməsi qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. 2011-ci ilin altı ayı ərzində "Şahdəniz" yatağından gün ərzində 17 milyon kubmetr qaz və 35 min 800 barrel kondensat hasil edilmişdir ki, bu da əvvəlki dövrlərə nisbətən çoxdur. Bütövlükdə isə yarım il ərzində yataqdan 3,07 milyard kubmetr qaz və 0,8 milyon ton kondensat çıxarılmışdır. 2006-cı ilin sonlarından - "Şahdəniz" yatağında hasilata başlanıldığı vaxtdan 2011-ci ilin ikinci rübünün sonunadək yataqdan 29 milyard kubmetrdən artıq təbii qaz və 7,1 milyon ton kondensat hasil edilərək mövcud ixrac boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmışdır.

"Şahdəniz" yatağındakı öncəqazma quyularından qaz hasil edilməklə yanaşı, burada quraşdırılmış platformadan yeni quyuların da qazıntısı intensivləşir. Belə ki, ötən ilin əvvəlində yeni quyular sistemi istismara verildikdən sonra platformadan qazma əməliyyatları davam etdirilmişdir. Hazırda SDA06 quyusu hasilat üçün bağlanmaqdadır. Cari ilin dördüncü rübündə isə daha bir hasilat quyusunun qazıntısına başlanılacaq. Həmin quyunun gələn ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulur. Bununla yanaşı, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi üçün planlaşdırılmış tədbirlər də uğurla həyata keçirilir. Belə ki, cari ilin mart ayında "İstiqlal" qazma qurğusu vasitəsilə SDX06 qiymətləndirmə quyusunun qazıntısı tamamlandıqdan sonra yataqda daha bir analoji quyunun qazıntısına start verilmişdir. Növbəti qiymətləndirmə quyusunun qazıntısının isə 2012-ci ilin birinci rübündə başa çatdırılacağı proqnozlaşdırılır. Onu da deyək ki, növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca yataqda hasilat da get-gedə artacaq. Bütövlükdə isə "Şahdəniz" yatağının birinci işlənmə mərhələsi çərçivəsində ən yüksək illik hasilatın səviyyəsi 9 milyard kubmetr qaz və təqribən 16,4 milyon barrel kondensatın təşkil edəcəyi gözlənilir.

"Şahdəniz" yatağından çıxarılan qaz və kondensatın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli də ilin əvvəlindən uğurla davam etdirilmişdir. Xatırladaq ki, hazırda Səngəçal terminalının emal sistemləri gün ərzində 25,5 milyon kubmetr qazı qəbul edib ixraca yönəldir. Bütövlükdə isə terminalın ümumi gündəlik qaz emalı gücü 39,5 milyon kubmetr təşkil edir. Məlum olduğu kimi, "Şahdəniz" qazı Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Uzunluğu 970 kilometr, illik ötürücülük qabiliyyəti 30 milyard kubmetr təşkil edən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə Türkiyə, Yunanıstan və digər Avropa ölkələrinə "Şahdəniz" qazını çatdırır. 2011-ci ilin ikinci rübü ərzində kəmərlə ötürülən gündəlik qazın həcmi orta hesabla təxminən 12,3 milyon kubmetr təşkil etmişdir. 2007-ci ilin mart ayından indiyədək Cənubi Qafqaz boru kəməri ilə dünya bazarına 25 milyard kubmetrə yaxın qaz ixrac olunmuşdur. Bundan əlavə, ötən müddətdə yataqdan hasil edilən 6,8 milyon tondan artıq kondensat Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına çıxarılmışdır. Yeri gəlmişkən, ilin ilk yarısı ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 3,7 milyon dollar vəsait xərclənmişdir.

"Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində buradakı ehtiyatların bir neçə mərhələdə işlənməsi öz əksini konkret şəkildə tapmışdır. Hazırda uğurla həyata keçirilməkdə olan birinci işlənmə mərhələsindən sonra növbəti, çox mühüm ikinci mərhələyə başlamaq nəzərdə tutulur. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda "mavi yanacaq" Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, "Şahdəniz" qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək. Ən başlıcası isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard dollar birbaşa investisiyanın qoyulmasına gətirib çıxaracaqdır.

2010-cu ilin iyun ayının 7-də İstanbulda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında "Şahdəniz" qazının Türkiyəyə satışını və bu ölkənin ərazisi ilə Avropa bazarlarına nəqlini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq anlaşma memorandumu imzalandı. Bu isə "Şahdəniz" layihəsinin ikinci işlənmə mərhələsi çərçivəsində hasil ediləcək qazın Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış çox mühüm bir addımdır. Bu addım, eyni zamanda, sözügedən layihənin ikinci mərhələsinin işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla "Şahdəniz" layihəsinin tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. Hazırda isə qazın sonrakı marketinqi və satışı üçün ən optimal variantın müəyyən edilməsi üzrə danışıqlar davam edir. Xatırladaq ki, layihə tərəfdaşlarının iştirakı ilə aparılan danışıqlar prosesinə Azərbaycan hökuməti adından ARDNŞ rəhbərlik edir. Yeri gəlmişkən, ötən ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "Şahdəniz" layihəsinin digər tərəfdaşları hasilatın pay bölgüsü sazişinin müddətinin 2031-ci ildən 2036-cı ilədək uzadılması barədə razılığa gələrək müvafiq sənəd imzalamışlar. Bu razılaşma sənədi öz növbəsində "Şahdəniz" layihəsinin uzun müddətli qaz satışı sazişlərini təmin etməyə imkan yaradır. Eyni zamanda, bu iki sənəd layihə tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına doğru bütün tələb olunan işləri uğurla başa çatdırmaq yolunda mühüm irəliləyiş kimi qiymətləndirilməlidir.

Hazırda saziş iştirakçıları "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri ilə bağlı lazımi tədbirlər həyata keçirirlər. 2010-cu ildə adıçəkilən layihələri reallaşdırmaq məqsədilə aparılan mühəndis-layihə və qiymətləndirmə işləri aparılmışdır. Yeri gəlmişkən, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsi Azərbaycanı dünyanın yeni qaz bazarlarının əsas təchizatçılarından birinə çevirməklə yanaşı, ildə təqribən 16 milyard kubmetr əlavə qaz hasilatına imkan yaradacaq. Eyni zamanda, bu, dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olmaqla yeni bir cənub dəhlizi vasitəsilə Avropanın qaz bazarlarına əlavə təchizat və müxtəliflik gətirmək baxımından da diqqəti cəlb edir. Məlumat üçün bildiririk ki, "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kubmetr qaz olankörpü ilə birləşdirilmiş iki yeni platforma, eyni sayda qazma qurğusundan qazılacaq 30-dək sualtı quyu, suyun 500 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, "Şahdəniz" və Cənubi Qafqaz boru kəməri üçün kompressorların yerləşdirilməsi məqsədilə Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan əlavə, Azərbaycanda 400 kilometr uzunluğunda yeni xəttin və Gürcüstanda iki yeni kompressor stansiyasının inşası ilə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də Türkiyəyə, GürcüstanaAvropaya planlaşdırılmış qaz satışı da sözügedən konsepsiyaya daxil olan müddəalardandır. Layihə üzrə ilk qazın isə 2017-ci ildə əldə ediləcəyi nəzərdə tutulur.

"Şahdəniz" qazının Türkiyə üzərindən Avropa bazarlarına nəqli üçün bu ölkənin mövcud infrastrukturundan istifadə ediləcək. Onu da qeyd edək ki, hazırda layihə iştirakçıları bütün mövcud variantları qiymətləndirmək və bütün əsas maraqlı tərəflərin ehtiyaclarına tam cavab verəcək marşrutu müəyyənləşdirmək istiqamətində müvafiq aparırlar. Türkiyə və Avropanın digər alıcıları ilə qaz satışına dair danışıqlar aparmaq məqsədilə bp, Statoyl, ARDNŞ və Total şirkətlərinin nümayəndələrindən ibarət xüsusi qrup yaradılmışdır. "Şahdəniz" layihəsinin tammiqyaslı işlənməsi layihəsi isə öz növbəsində Azərbaycanın dünyanın əsas qaz təchizatçıları sırasındakı mövqeyini bir qədər də möhkəmləndirəcəkdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.-28 avqust.- S. 1.