Azərbaycanda əhalinin
ərzaq təhlükəsizliyinin təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir
Son
illərdə ölkə iqtisadiyyatında əldə olunan
iqtisadi inkişaf aqrar sahədə daha qabarıq nəzərə
çarpır. Bununla belə, aqrar sahədə və ərzaq
təhlükəsizliyinin təminatı istiqamətində
qarşıda duran vəzifələr, görüləsi
işlər də az deyil. Azərbaycan Prezidenti İlham Əliyev
demişdir: "Hazırda taxılçılığın
inkişafı ilə bağlı təkliflər paketi
hazırlanır. Bundan əvvəlki iclaslarda bu barədə
tapşırıqlar verilmişdir ki, böyük fermer təsərrüfatları,
infrastruktur yaradılsın və bu işlərə
böyük torpaq sahələri cəlb edilsin, suvarma məsələləri
öz həllini tapsın. Şübhə etmirəm ki,
növbəti illərdə qeyri-neft sektorunun, kənd təsərrüfatının
və sahibkarlığın inkişafı daha da sürətlə
gedəcək və bizə imkan verəcək ki, ərzaq təhlükəsizliyimizi
tam şəkildə təmin edək".
Burada,
yeri gəlmişkən, bir məqamı qeyd edək. Ərzaq
təhlükəsizliyi baxımından
taxılçılıq aparıcı mövqeyə malikdir.
Ona görə də dövlət
başçısının bu məsələyə
xüsusi önəm verməsi günün
reallıqlarından irəli gəlir.
Ölkə Prezidenti İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da ərzaq təhlükəsizliyinin ən mühüm seqmenti kimi məhz taxılçılığın inkişafı məqsədilə qarşıya bir sıra mühüm vəzifələr qoyulmuşdur. Adıçəkilən dövlət proqramında taxılçılıqda məhsuldarlığın 32 sentnerə, istehsal həcminin isə 2,8 milyon tona çatdırılması nəzərdə tutulur. Bu məqsədlə hər hektar taxıl əkini sahəsinə görə 40 manat kompensasiya verilməsi, buğda istehsalçılarına əlavə 40 manatın ödənilməsi, gübrə xərclərinin 70 faizinin dövlət hesabına kompensasiya edilməsi, kənd təsərrüfatının torpaq vergiləri istisna olmaqla bütün digər vergilərdən bir daha azad edilməsi, elit və yüksək reproduksiyalı toxum istehsalının dövlət tərəfindən subsidiyalaşdırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması da məhz həmin məqsəddən irəli gəlir.
Xatırladaq ki, ölkədə sözügedən istiqamətdə reallaşdırılan tədbirlər artıq öz müsbət nəticələrini verməkdədir. Hazırda respublikamızın taxılçılıq rayonlarında biçin başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, respublikada bu il payızlıq və yazlıq taxıl zəmilərinin 925 min hektarından çoxunda məhsul yığımı itkisiz və vaxtında başa çatdırılmışdır.
Bu il ölkəmizdə təxminən 940 min hektar sahədə taxıl əkilmişdir. Bu, ötən illə müqayisədə 150 min hektar çoxdur. Əkin sahələrinin həcminin artırılması, məhsuldarlığın normal olması əldə edilən taxıl məhsullarının həcminin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Biçini vaxtında və tam itkisiz başa çatdırmaq üçün fermerlər lazım olan bütün texnika və avadanlıqlarla təmin olunmuşdur. Belə ki, 30-dan artıq rayonda fəaliyyət göstərən aqrotexservislərin kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorları biçinə cəlb edilmişdir. Ümumilikdə iyun-avqust aylarında "Aqrolizinq" SC-nin balansında olan texnika parkında 3110-dan çox taxılyığan kombayn və 1000-dən çox digər texnikanın imkanlarından istifadə olunmuşdur. Bu, nəzərdə tutulan tədbirləri tam yerinə yetirməyə imkan vermişdir. Hazırda biçilmiş sahələrdən əldə olunan taxıl məhsullarının ümumi həcmi 2 milyon 300 min tondan artıqdır. Hər hektar üzrə məhsuldarlıq təxminən 25 sentner olmuşdur. Halbuki ötən il bu rəqəm 19-20 sentner həddində idi. Taxıl tədarükü bu il 2010-cu illə müqayisədə ən azı 500 min ton çox olacaq. Belə ki, hazırkı göstəricilərə əsasən, indiyə qədər toplanmış taxıl məhsullarının həcmi ötən ilə nisbətdə 450 min ton artıqdır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, Azərbaycanda istehsal olunan taxıl xaricdən gətirilən taxılla müqayisədə daha keyfiyyətlidir. Yerli məhsulun təxminən 80 faizi çörəkbişirmə sənayesində istifadə etməyə tam yararlıdır. Bunu laboratoriya şəraitində aparılan yoxlamalar da sübut edir. S.Vəliyev eyni zamanda bildirmişdir ki, bu il respublikada 2 milyon 500 min ton çox taxıl, 1 milyon 700 min ton buğda istehsal olunacağı gözlənilir.
Onu da qeyd edək ki, bu il taxılla yanaşı, digər kənd təsərrüfatı məhsullarının da artımı qeydə alınmaqdadır. Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 98,5 faizi, yaxud 919,7 min hektarı biçilmış və həmin sahələrdən 2268,2 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 4,8 sentner artaraq 24,7 sentner təşkil etmişdir. Bundan əlavə, məhsulu toplanmış 4,5 min hektar qarğıdalı sahəsindən 14,9 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan sahələrdən 503 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 31,3 min ton çox kartof, 709,4 min ton (55,6 min ton çox) tərəvəz, 144,8 min ton (4 min ton çox) meyvə və giləmeyvə, 308 min ton (62,8 min ton çox) bostan məhsulları, 338,1 ton (23,1 ton az) yaşıl çay yarpağı, 1168,8 ton, yaxud 212,6 ton çox tütün toplanmışdır.
Bu dövrdə 243,3 min ton, yaxud 2010-cu ilin yanvar-iyul aylarına nisbətən 5,5 faiz çox diri çəkidə ət, 941,3 min ton (8,4 faiz çox) süd, 590,6 milyon ədəd (16,8 faiz az) yumurta, 14,6 min ton (6,8 faiz çox) yun istehsal olunmuşdur. Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,1 faiz, heyvandarlıq məhsulları istehsalı 4,8 faiz, kənd təsərrüfatının ümumi məhsulu 10,2 faiz artmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, hələ ilin əvvəlində "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası istiqamətində 25 milyon manat vəsait yönəldilmişdir. Aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə dövlət investisiya layihələrinin reallaşdırılmasına, güzəştli kreditlərin verilməsinə ciddi diqqət yetirilir, xüsusi əhəmiyyət verilir və bu istiqamətdə fəaliyyət getdikcə genişlənir. Məhz elə bunun nəticəsidir ki, investisiya layihələrinin sayı, verilmiş güzəştli kreditlərin məbləği getdikcə artır. Artıq müasir texnologiyaların tətbiqinə əsaslanan 25 böyük və iri həcmli layihə, o cümlədən tutumu 29,5 min ton olan 5 müasir soyuducu anbar kompleksinin, illik istehsal gücü 78,1 min ton olan 5 müasir çörək istehsalı müəssisəsinin, illik istehsal gücü 13 milyon ədəd damazlıq yumurta və 0,6 min ton quş əti olan 3 quşçuluq (broyler) təsərrüfatının, illik istehsal gücü 19,8 min ton olan 2 ət kəsimi müəssisəsinin, 500 başlıq südlük istiqamətli cins iribuynuzlu heyvandarlıq kompleksinin və digər müəssisələrin yaradılması və ya yenidən qurulması üzrə investisiya layihələri güzəştli qaydada maliyyələşdirilir.
Bu ilin əvvəlində aqrar sahəyə dövlət qayğısının daha da artırılması məqsədi ilə fermer təsərrüfatlarına iri həcmli, uzun müddətli kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması və genişləndirilməsi, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi preparatların alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 14 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 4,5 milyon manat vəsait yönəldilmişdir. Beləliklə, görülmüş tədbirlər sayəsində dövlət həm istehlakçının, həm də istehsalçının mənafeyini nəzərə alan iqtisadi fəaliyyət rejimi formalaşdırmış, əhalinin alıcılıq qabiliyyəti və istehsal fəallığının yüksəldilməsi üçün əlverişli mühit formalaşdırılmışdır.
Azərbaycanda aqrar siyasətin düzgün müəyyənləşdirilməsi, seçilmiş strategiyanın reallaşdırılması metodlarının düzgünlüyü, bununla əlaqədar mühüm tədbirlərin ardıcıl həyata keçirilməsinə olan ciddi qayğı və nəzarət yaxın illərdə ölkənin neft sektorundan asılılığı azaltmağa, əhalinin ərzaq təminatını yaxşılaşdırmağa, daxili istehsal hesabına özünü təminetmə səviyyəsini optimallaşdırmağa və büdcə gəlirlərində aqrar sahənin payını artırmağa imkan yaradacaqdır. Qarşıda duran başlıca vəzifələrdən biri də məhsul istehsalçılarının zəruri kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlarla təchizatını yaxşılaşdırmaqdan, keyfiyyətli məhsul yetişdirməkdən, onun itkisiz yığılmasını təmin etməkdən və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncamının böyük əhəmiyyəti olmuşdur.
"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların lizinq yolu ilə hüquqi və fiziki şəxslərə verilməsini və ya satılmasını, kənd təsərrüfatı məhsulları istehsalçılarına texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan mineral gübrələrin, pestisidlərin, toxumların, tinglərin, cins damazlıq heyvanların güzəştlə satılmasını həyata keçirməkdən ibarətdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 28 avqust.- S.
1;2.