Ermənilərin Azərbaycana qarşı daha bir təxribatının qarşısı alındı

 

Noyabrın 20-dən dekabrın 1-dək İndoneziyanın Bali adasında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 6-cı sessiyası keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan 2010-cu ildən etibarən qeyd edilən komitənin dörd il müddətinə üzvüdür.

Sessiyanın ilk günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına təqdim edilmiş nominasiyalar müzakirə edilmişdir. Ermənistan tərəfindən təqdim olunmuş iki nominasiya - "Erməni aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı Vardavar" adlı fayllar da müzakirə edilən nominasiyalar arasında olmuşdur. Müzakirə zamanı Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi aşıq sənətinin Ermənistan tərəfindən mənimsənildiyi və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu komitə üzvlərinin diqqətinə çatdırılıb. Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğuYUNESKO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər.

Qeyd etmək istərdik ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən YUNESKO Katibliyinə Ermənistanın təqdim etdiyi sənədlərdə erməni tərəfinin Azərbaycanın mədəni irsinə qarşı saxta fəaliyyəti və nominasiyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın şərtlərinə uyğun olmaması barədə oktyabr ayının ortalarında müraciət ünvanlanmışdır. Müraciətdə 2009-cu ildə Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyi xatırladılaraq aşıq sənətinin xalqımızın zəngin mədəni irsinin bir nümunəsi olduğu göstərilmişdir.

YUNESKO tərəfindən bu müraciətə cavab olaraq bildirilmişdir ki, katiblik bu problemli məsələdən məlumatlıdır və Azərbaycan komitənin üzvü kimi bu məsələləri iclasda bir daha qaldıra və komitənin qərarına belə halların yol verilməzliyi barədə müvafiq maddənin əlavə olunmasını təklif edə bilər.

Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və YUNESKO yanında Daimi Nümayəndəliyin birgə fəaliyyəti nəticəsində təqdim edilmiş sənədlər öncədən də YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Ekspert Komitəsinin müsbət rəyini ala bilməmişdir. Beləliklə, aşıq sevgi romansı və Vardavar faylı İndoneziyanın Bali adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 6-cı sessiyasında Mədəniyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumların önləyici tədbirləri nəticəsində qəbul edilməmişdir.

Qeyd etmək istərdik ki, iclasda ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova təmsil ediblər.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 1 dekabr.- S. 7.