Ağsu: ölkənin ümumi inkişafına layiq uğurlar qazanılır

 

Bu yaxınlarda mənə "Yada düşdü" adlı ədəbi-bədii, nostalji jurnalı təqdim etdilər. İlk dəfə idi ki, mətbuat nümunəsini təsis edənlərin belə məramının şahidi olurdum - nostalji. Böyük ədib Mirzə İbrahimov başda olmaqla bir çox görkəmli sənət adamları haqqında xatirələr, onların yaradıcılığından nümunələr verilmiş jurnalı vərəqləyəndən sonra bəzi həmkarlar və dostlarla bu barədə söhbətimiz də oldu. Daha doğrusu, söhbət nostalgiyanın üstündə qurulmuşdu. Mən də bir nostalji hissi keçirdim. Qarış-qarış gəzdiyim bütün rayonlarda məhsul bolluğu yaradan insanların son nəticəyə necə sevindikləri bu gün də gözlərimin qarşısındadır. İndi isə ab-hava tamam dəyişib. O vaxtlar insanlar yarışırdılar, bu gün isə rayonlar. Bu, həqiqətdir. Hər yerdə bir-birindən möhtəşəm tikinti-quruculuq işləri gedir, inkişaf görünməmiş bir vüsət alır. Hara gedirsən, bir yeniliyin, gözəlliyin şahidi olursan.

 

Elə buradaca qeyd edim ki, indi gün kimi aydındır ki, geridə qalan rayon yoxdur. Hərdən düşünürəm. Əgər mən münsiflərdən biri olsaydım rayonların hansının axırıncı yerdə göstərilməsi ilə razılaşa bilərdim?

Çətin sualdır. Çünki işlədiyim rayonların hansına gedirəmsə, şahidi olduğum tərəqqi və inkişafın miqyası məni məmnun edir. Ürəyimdə fikirləşirəm ki, bu rayon daha çox inkişafdadır. Üç gün sonra isə tutaq ki, Ağsuya gedəndə fikirim dəyişilir. Bu, sadəcə insanın reallıqda gördüklərini obyektiv qiymətləndirmək istəyindən qaynaqlanan hisslərdir. Məhz həmin hisslərlə qələmə aldığım yazının təkcə sərlövhəsi keçmişdəki yarışlar barədəki söhbətləri ikinci və bəlkə də daha sonrakı plana keçirir.

Oktyabrın 30-da dövlət başçısı cənab İlham Əliyevin Ağsuda olarkən açılışında iştirak etdiyi müəssisələrin təkcə Ağsu və Dağlıq Şirvan iqtisadi rayonu üçün deyil, bütövlükdə ölkəmiz üçün nə qədər əhəmiyyət kəsb etdiyini kütləvi informasiya vasitələri yetərincə işıqlandırıblar. "AzQranata" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şirə və şərab emalı zavodu Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən biridir. Bu zavod ildə 5 min ton məhsulu qəbul və emal etmək gücünə malikdir. Bayaq nostalji hissləri ilə xatırladığımız dövrdə tikilib istifadəyə verilən Ağsu Çörək zavodu əhalinin tələbatını ödəyə bilmirdi. Dövlət başçısının iştirakı ilə istifadəyə verilən yeni zavod isə sutkada 5 ton çörək və çörək məmulatları bişirib istehlakçıya təqdim etmək gücündədir. Bu zavodunrayon əhalisinin una olan tələbatını ödəmək üçün gün ərzində 20 ton məhsul istehsal edən yeni dəyirman da istifadəyə verilib.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşəndə sakinlərdən biri xatırlatdı ki, rayonda müasir xəstəxanaya ehtiyac var. Prezidentin cavabı çox maraqlı idi: "Nə üçün vaxtında yada salmadınız? Mənim ötən səfərimdə desəydiniz bu gün xəstəxananın da açılışını edərdik". Aradan bir neçə gün keçmiş ağsuluların bu arzusu da reallaşdı. Prezident yeni xəstəxana binasının tikintisi üçün 3 milyon manat vəsait ayırdı.

Ağsudan Milli Məclisə deputat seçilmiş Ərəstun Cavadovla tez-tez görüşürük. Parlamentin iclasları olmayan günlərdə deputat öz seçicilərinin arasında olur, rayonda həyata keçirilən tədbirlərin, reallaşdırılan layihələrin əksəriyyətinin iştirakçısına çevrilir. Ərəstun müəllim dedi ki, müstəqillikdən əvvəl Ağsuda təxminən hər 20 ildə bir yeni məktəb binası tikilirdi. Son yeddi ildə isə rayonun 15 ümumtəhsil məktəbi üçün dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsi çərçivəsində yeni binalar tikilib. 3364 şagird yeri olan həmin məktəblərin hamısı informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Yeni məktəb binaları ilə yanaşı, 4 məktəbdə 13 əlavə sinif otağı tikilərək şagirdlərin istifadəsinə verilib.

2004-2010-cu illərdə Ağsuda tikilən bina və qurğuların təkcə adlarını sadalasaq uzun bir siyahı yaranar. Biz həmin siyahını qələmə almaq istəmirik. Amma bəzi mühüm obyektlərin adını qeyd etməmək də mümkün deyil. Avtovağzal kompleksi, Dövlət bayrağı tikinti kompleksi, rayon icra hakimiyyəti, prokurorluq, məhkəmə, maliyyə idarəsi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, 87 nömrəli Ağsu-İsmayıllı Dairə Seçki Komissiyası, 3 nömrəli rayonlararası Qeydiyyat-İmtahan bölməsi, Su-Kanal İdarəsi, kəndlərdə 4 poçt şöbəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Fövqəladə Hallar nazirliklərinin rayonda fəaliyyət göstərən təşkilatları üçün tikilmiş müasir dizaynlı yeni inzibati binalar məhz bu dövrdə ərsəyə gəlmiş tikintilərin tam olmayan siyahısıdır. Eyni zamanda, bu illərdə Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Sarayı, PoçtamtTelekommunikasiya Qovşağı, Statistika İdarəsi, Suvarma Sistemləri İdarəsi, bir çox digər müəssisə, idarə, təşkilatlara məxsus binalar əsaslı şəkildə təmir və bərpa olunub. 2010-cu ildə Dövlət Proqramı çərçivəsində bütün avtomat telefon stansiyaları elektronlaşdırılıb və montaj tutumu artırılaraq 9 min nömrəyə çatdırılıb. İndi artıq Ağsuda yüksək sürətli internetdən istifadə məsələsi günün reallığına çevrilib. Hazırda 200-ə yaxın abonent bu xidmətdən eynilə paytaxtda olduğu kimi istifadə edir.

Biz ötən yazılarımızdan birində Ağsuda əhalinin içməli su sarıdan ciddi korluq çəkdiyini yazmış və əlavə etmişdik ki, rayon rəhbərliyi bu problemin aradan qaldırılması üçün lazım olan bütün addımları atır. Bununla yanaşı, rayonun əkin sahələrinin suvarma suyu ilə təminatında böyük rolu olan Yuxarı Şirvan Kanalının Ağsu maşın qolu da istifadəsiz qalmışdı. Prezident İlham Əliyevin 2006-cı və 2009-cu illərdə Ağsuya səfərlərindən sonra imzaladığı sərəncamlarda qeyd olunan bu problemlərin hər ikisi öz həllini tapıb. Ötən il dağlıq ərazilərdəki bulaq sularının rayon mərkəzinə gətirilməsi üçün 25 kilometr uzunluğunda polad boru-kəməri çəkilib. 3,7 milyon manata başa gələn bu layihə Ağsuda insan amilinə verilən qiymətin, insanlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Rayonun kənd yerlərində də içməli suyun müəyyən edilən tələblərə cavab verməsi üçün xüsusi tədbirlər həyata keçirilir. Kəndoba və Ağabəyli kəndlərində modul tipli sutəmizləyici qurğular sakinlərin istifadəsinə verilib.

Ağsuda kənd əhalisinə göstərilən xidmətdən söz düşmüşkən, bir məsələni yada salmaq istəyirəm. Hələ ötən ay həm Ağsuda olarkən, həm də redaksiyada özümün təxmini planımı bildirəndə demişdim ki, "Çiyni kəndinin adamları" adlı bir qəzet materialı hazırlayacağam. İndi yenə də xatırladıram ki, hörmətli oxuculara təqdim etdiyimiz bu yazı həmin məqaləni gündəlikdən çıxartmır. Əksinə, indi Çiyni kəndi barədə söyləyəcəyim üç-dörd cümləni həmin məqalənin anonsu kimi də qəbul edə bilərsiniz. Beləliklə, Ağsuda son illərin ən yaddaqalan uğurlarından biri də kəndlərdə yaşayan əhali üçün lazım olan həyat şəraitinin yaradılmasıdır. Artıq bu rayonda kənd yaşayış məntəqələri də ölkənin əsas inkişaf tempi ilə ayaqlaşır. Bu fikirlərin təsdiqini Çiyni kəndinin timsalında görə bilirik. Bu gün Çiyni müasir sivilizasiyanın tələblərinə cavab verən bir şəkildə inkişaf edir. Burada irimiqyaslı tikintiinfrastruktur proqramı həyata keçirilir. Yollar asfaltlaşdırılıb, kəndə müntəzəm olaraq təbii qaz verilir, elektrik təsərrüfatı tamamilə yenidən qurulub və sairə. İndi kənd orta məktəbinin binası, yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsi üçün tikilmiş ikimərtəbəli bina, 100 yerlik Mədəniyyət evi və kənd stadionunun hər biri Çiyninin vizit kartına çevriləcək bir səviyyədədir.

Yeri gəlmişkən, bu gün Ağsuda 3 min yerlik stadion, gənclərin və yeniyetmələrin yaradıcılığının səmərəli təşkili üçün Səməndər Rzayev adına Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, eləcə də sakinlərin mənalı istirahətinin təşkilinə xidmət edən Şəhər Mədəniyyət və İstirahət Parkı əsaslı şəkildə yenidən qurularaq rayon əhalisinin istifadəsinə verilib. Dövlət başçısının Ağsuya səfəri çərçivəsində açılış mərasimi təşkil olunan obyektlər arasında bu ünvanlar da var idi.

Əlbəttə, tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət alması çox yaxşı haldır. Ancaq bununla yanaşı rayon əhalisinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, müasirləşdirilməsi də daim diqqət mərkəzindədir. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əhaliyə elektrik və təbii qaz verilməsini, yol infrastrukturunun mövcud inkişafın tələbləri səviyyəsində yenidən qurulmasını daim diqqət mərkəzində saxlayır. Elə buna görədir ki, ölkədə elektrik verilişi xətlərinin SİP markalı müasir kabellərlə əvəzləndiyi ilk rayonlardan biriAğsu olub. Eləcə də verilmiş elektrik enerjisi haqlarının tamamilə toplanmasını təmin etmək məqsədilə Smart-Kart tipli sayğaclar quraşdırılıb. Fikir verirsinizmi, rayon yeri üçün xarakterik olan elə bir məsələ yoxdur ki, həmin sahədə yüksəliş əldə edilməsin.

Məhz həmin tendensiyanın nəticəsidir ki, Ağsu bu gün respublikanın turizm mərkəzlərindən birinə çevrilir. Başa çatmaqda olan ilin dövlət başçısı tərəfindən "Turizm ili" elan edilməsi rayonda bu məsələyə münasibəti kökündən dəyişib. Rayonun tarixi abidələrinin öyrənilməsinə göstərilən diqqət turistlərin Ağsuya marağını artırır. Ötən ilin mart ayından etibarən rayon ərazisində aparılan arxeoloji qazıntıların məqsədi bu rayonun turizm marşrutlarından kənarda qalmasının qarşısını almaq idi. Nəticə çox uğurludur. Bu tədqiqatlar nəinki Azərbaycanda, eləcə də bütün Qafqazda son orta əsrlər şəhər probleminin geniş və hərtərəfli öyrənilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. İndi artıq sübut olunub ki, Ağsu rayonunun tarixi daha qədimə - XII əsrə aiddir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu il fevral ayının 5-də rayonda açılmış "Ağsu şəhəri: sənətkarlıq məhəlləsi" adlı sərgi-kompleksi turistlərin qəbul edilməsi üçün bütün şəraitlərin olduğunu göstərdi.

Adətən bu qəbildən olan yazıların sonunda haqqında söhbət açdığımız rayonun təbiəti, insanları və ya tarixi ilə bağlı fikirlərimizin ümumi xarakterini ifadə edən bir neçə cümlə qələmə alırıq. Ancaq Ağsudan ayrılanda artıq o barədə düşünməyə ehtiyac qalmadı. Belə ki, Heydər Əliyev seyrəngahından üzüaşağı - rayonun ümumi mənzərəsinə doğru baxanda cəmi bir ay əvvəl - oktyabrın 30-da Prezident İlham Əliyevdən eşitdiyimiz bir ifadə yada düşdü: "Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridirbu, məni çox sevindirir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir".

Bundan gözəl sonluq ola bilər ki...

 

İlqar HƏSƏNOV

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

Xalq qəzeti.- 2011.- 1 dekabr.- S. 6.