Bələdiyyələrə
keçirilən təkrar, əlavə və yeni seçkilər
demokratik standartlara uyğun baş tutdu
Seçkilərin ədalətli, şəffaf, demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır
Nərimanov rayonu
Müstəqillik dövründə dəfələrlə uğurlu seçki prosesinə şahidlik edən ölkəmizdə bu dəfə bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirildi. Ötən illər ərzində qazandığımız seçki təcrübəsi seçki prosesinin yüksək səviyyədə nəticələnəcəyinə şübhə doğurmurdu. Prosesdə birbaşa iştirak edən hazırlıqlı kadrların, mütəxəssislərin, təcrübəli siyasətçilərin kifayət qədər olması və ümumilikdə cəmiyyətin demokratik dəyərləri mənimsəməsi, insanların qanunlara riayət etməsi seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirirdi.
Məlumat üçün deyək ki, seçkilər 86 seçki dairəsindəki 1169 seçki məntəqəsində 330 bələdiyyə üzrə 464 yerə keçirildi. Bələdiyyə üzvlüyünə, ümumilikdə 1567 namizəd qeydə alınmışdı. 16 nəfər namizədliyini geri götürmüş, daha 2 nəfər vəfat etmişdir. Bununla bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 nəfər olmuşdur. Seçkilərdə 9 siyasi partiyanın namizədləri iştirak edirdilər. Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan 709 nəfər bitərəf idi. Seçkilərin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 milyon 155 min 864 nəfər idi. Seçki dairələri üzrə 9 min 883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçmişdi. Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9 min 923 nəfər idi. Müşahidəçilərin çoxluğu isə seçkiyə ictimai marağın yüksək səviyyədə olmasından xəbər verirdi.
Bütün seçki dairələrində olduğu kimi, 19 saylı Nərimanov 1-ci seçki dairəsinin məntəqələrində də bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər səhər saat 8.00-da başladı. Buna baxmayaraq, qanunvericiliyə uyğun olaraq, məntəqələrdə seçkiyə hazırlıq işləri səhər saat 7-dən başlamışdı. Səsvermənin başladığı vaxtadək boş bülletenlər sayıldı, səsvermə qutuları müşahidəçilərin və bələdiyyə üzvlüyünə namizədlərin nümayəndələrinin iştirakı ilə yoxlanıldı, kilidləndi və kilidin nömrəsi aktlaşdırıldı. Qanuna uyğun olaraq digər tədbirlər də görüldükdən və Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra saat 8-də səsvermə prosesi başladı. Nərimanov rayonundakı bütün məntəqələr lazımi texnika və avadanlıqla tam təmin olunmuşdu. Seçki məntəqələrində təhlükəsizlik qaydalarına ciddi riayət edilirdi. 19 saylı Nərimanov 1-ci seçki dairəsi seçki komissiyasının sədri Etibar Abdullayevin bildirdiyinə görə, dairə üzrə 31 məntəqə fəaliyyət göstərir. Ümumiyyətlə Nərimanov rayonu üzrə 76 açıq və 3 qapalı məntəqə fəaliyyət göstərirdi. Bələdiyyə üzvlüyünə namizəd olan 5 nəfər bir yer uğrunda mübarizə aparırdı. Onların sırasında 1 nəfər YAP, 1 nəfər Böyük Quruluş, 1 nəfər Ümid partiyasından, 2 nəfər isə bitərəf idi.
Müşahidə apardığımız 20 saylı Nərimanov 2-ci seçki dairəsinin 7 saylı seçki məntəqəsində səhər saatlarından etibarən seçicilər fəallıq nümayiş etdirməyə başlamışdılar. 1483 seçicinin qeydiyyata alındığı məntəqədə səsvermə zamanı qanun pozuntusuna yol verilməməsi və hər kəsin seçdiyi namizədə sərbəst şəkildə səs verməsi buraya gələn seçicilər tərəfindən yüksək qiymətləndirilirdi. Bizimlə söhbətində seçici Nəzakət Kərimi də seçkilərin demokratik və şəffaf keçirilməsindən razılığını bildirərək dedi:
- Bu gün Azərbaycanın ictimai-siyasi həyatında növbəti mühüm bir hadisə baş verir. Ölkəmizdə bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilir. Mən də bir Azərbaycan vətəndaşı və seçici kimi seçkilərdə iştirak edərək seçdiyim namizədə səs verməyi özümə borc bilirəm. Bu məqsədlə məntəqəyə gəldim və seçdiyim namizədə sərbəst şəkildə, heç bir kənar müdaxilə olmadan səs verdim.
Söhbətə qoşulan seçici Zərəngiz Abbasova da seçkilərin demokratik şəraitdə keçməsindən razılığını bildirdi. O, əminliklə dedi ki, barmaqların gözlə görünməyən mürəkkəb ilə işarələnməsi seçki saxtakarlığının qarşısını alacaqdır. Müşahidəçi Samirə Mehdiyeva isə seçicilərdə artıq seçki mədəniyyətinin formalaşdığını xüsusi qeyd etdi. Onun fikrincə, ölkəmizdə dövlətimiz tərəfindən yaradılmış müsbət demokratik mühit, ümumilikdə cəmiyyətin müasir demokratik dəyərləri mənimsəməsi ilə nəticələnmişdir. Samirə xanım məntəqədə səsvermə prosesini diqqətlə izlədiyini və buna əsasən bələdiyyəyə keçirilən təkrar, əlavə və yeni seçkilərin demokratik standartlara uyğun baş tutacağından əmin olduğunu vurğuladı.
Suraxanı rayonu
Bildiyiniz kimi, dünən Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilib. 30 noyabrda Suraxanı rayonunun Əmircan qəsəbəsində də bir vakant yer uğrunda təkrar seçkilər təşkil olunmuşdur.
Qeyd edək ki, Əmircan qəsəbəsində yerləşən 32 saylı Suraxanı III seçki dairəsinin seçiciləri artıq seçkilər başlanan ilk dəqiqələrdən fəallıq nümayiş etdirirdilər. Biz əvvəlcə dairə seçki komissiyasında olduq. Komissiyanın sədri Qasım Rzayev söhbətinə bu sözlərlə başladı.
- Seçkilərin böyüyü, kiçiyi olmur. Biz Əmircan qəsəbə bələdiyyəsinə keçirilən bu seçkilərə də çox ciddi və məsuliyyətlə hazırlaşmışıq. Ümid edirik ki, seçkilər bu dəfə də uğurla başa çatacaq, seçicilər ən layiqli namizədə səs verəcəklər.
Dairə komissiyasının sədri Qasım Rzayev daha sonra məlumat verdi ki, dairə üzrə bütün məntəqələrdə seçki qanunvericiliyində nəzərdə tutulan bütün tədbirlər həyata keçirilib. Seçici siyahıları dəqiqləşdirilib. Məntəqələr bütün lazımi texniki avadanlıqlarla təmin olunub. Seçkilərin gedişi barədə Mərkəzi Seçki Komissiyasına, mətbuata mütəmadi məlumatlar veriləcək.
Yeri gəlmişkən, Əmircan qəsəbə bələdiyyəsində bir vakant yer uğrunda dörd namizəd iştirak edirdi. Qasım Rzayevin sözlərinə görə, onların hər biri layiqli namizədlərdir. Dedi ki, seçki rəqabətinin yüksək olması seçici fəallığına da müsbət təsir göstərəcək.
Biz seçki dairəsinin katibi Bilman Qüdrət ilə birlikdə seçki prosesini müşahidə etmək üçün bir neçə seçki məntəqəsinə yollandıq. Məqamı düşmüşkən, Bilman müəllim dövri mətbuatla yaxın əlaqəsi olan ziyalılardandır, onun şeirləri, publisistik yazıları qəzet və jurnal səhifələrində tez-tez yer alır. O, bizimlə söhbətində dedi ki, seçki prosesi də onun üçün yeni sahədir, amma bu mühüm işlə böyük həvəslə məşğul olur. Bilman müəllimin sözlərinə görə, insanların azad, sərbəst seçim etmələrinə yardım etmək müstəqil Azərbaycanın vətəndaşı olaraq onun üçün çox xoşdur.
Bilman müəllim daha sonra bələdiyyələrin ölkəmizin ictimai-siyasi həyatında rolunun getdikcə artdığını xüsusilə vurğulayaraq dedi:
- Azərbaycanda ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt - hüquqi dövlət quruculuğu prosesi hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu istiqamətdə yerli özünü idarəetmə orqanları olan bələdiyyələrin Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda rolu xüsusilə böyükdür. Deməliyəm ki, 2009-cu ilin 23 dekabrında Əmircan bələdiyyəsinə keçirilən seçkilərdə bələdiyyələrə layiqli namizədlər seçilib. Bu dəfəki təkrar seçkilərdə dünyasını dəyişmiş bir bələdiyyə üzvünün yerinə yeni üzv seçiləcək. İnanıram ki, yeni seçiləcək bələdiyyə üzvü də o biri bələdiyyə üzvləri kimi qəsəbənin sosial inkişafına, burada təmizlik-abadlıq işlərinin yeni vüsət almasına öz töhfəsini verəcək.
Bilman Qüdrətin sözlərini dinləyə-dinləyə biz birlikdə Əmircan qəsəbəsindəki 48 saylı Tərbiyə İşi Müəssisəsinin binasında yerləşən 8 saylı seçki məntəqəsinə gəlib çatdıq.
Burada artıq xeyli seçici vardı. Məntəqə sədri
Yasəmən İbrahimova dedi ki, artıq səhər saat
8.00-dan fəaliyyətə başlayan seçki məntəqəsinə
gələn onlarla seçici heç bir təzyiq olmadan şəffaf
şəkildə istədiyi namizədə səs verməyə
başlamışdır. Onun sözlərinə
görə, məntəqə üzrə 385 nəfər
seçici səs verməlidir. Onlardan 6 nəfəri
ilk dəfədir ki, səs verir.
Qəsəbə sakini Fərəməz Abbasovdan səsvermənin
gedişi barədə rəyini öyrəndik. Bildirdi ki, məntəqədə
seçkilər azad, demokratik, beynəlxalq standartlara uyğun
şəkildə keçirilir.
Fərəməz
Abbasov dedi ki, bu gün layiq bildiyi namizədə səs verib.
Fərəməz
Abbasov Əmircan qəsəbəsindəki Səttar Bəglulzadə
adına Mədəniyyət
sarayının direktorudur. O, bizimlə söhbətində son
illər Suraxanı rayonunda aparılan geniş abadlıq,
quruculuq işlərindən də həvəslə söz
açdı, bu işdə bələdiyyə üzvlərinin
də böyük zəhməti olduğunu diqqətə
çatdırdı.
8 saylı seçki məntəqəsində səsvermədə
ilk dəfə iştirak edən qəsəbə sakini Arzu Cəlilovadan
da səsvermə barədə rəyini soruşduq. O, həyatında birinci dəfə
seçkilərə qatıldığı üçün
bu prosesin onun üçün çox maraqlı olduğunu
bildirdi və ilk səsvermənin gedişindən çox
razı qaldığını vurğuladı.
Məntəqədə
tanış olduğumuz, demək olar ki,
bütün seçicilər səsvermənin azad və
demokratik şəkildə keçirildiyini vurğuladılar. Seçki prosesini diqqətlə izləyən
müşahidəçilər də razılıq edirdilər.
Müşahidəçi Gülarə
Qasımova seçkilərin qanunvericiliyə tam uyğun olaraq
keçdiyini və seçicilər üçün
yaradılan şəraitə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirdi.
Bir sıra siyasi partiyaların nümayəndələri,
eləcə də öz təşəbbüsü ilə
qeydiyyatdan keçən başqa müşahidəçilər
də seçkinin mütəşəkkil keçdiyini,
heç bir qanun pozuntusunun olmadığını söyləyirdilər.
Əmircan qəsəbəsindəki 114 saylı məktəbin
geniş foyesində yerləşən 11 saylı seçki məntəqəsində
də xeyli seçici vardı. Məntəqə sədri Ceyran
Novruzova dedi ki, məntəqə bütün lazımi texnika və
avadanlıqla təmin olunmuşdur. İlk dəqiqələrdən
başlayaraq seçicilər fəallıq göstəriblər.
Seçki məntəqələrində təhlükəsizlik
qaydalarına ciddi riayət olunur.
Ceyran
Novruzova daha sonra məlumat verdi ki, bu il məntəqə
üzrə 1344 seçici səs verəcək. 23 nəfər seçici ilk dəfə olaraq səs
verməlidir. Ceyran xanımın sözlərinə
görə, onların hər biri seçkilərdən qabaq məntəqəyə
dəvət olunaraq seçki proseduru ilə tanış
ediliblər.
Seçki məntəqəsində 12 daimi müşahidəçi
vardı. Onlardan hər biri sesvermənin gedişi prosesində
heç bir qanun pozuntusunun qeydə
alınmadığını vurğuladı.
Axşam saat 17-də 32 saylı Suraxanı III seçki
dairəsinə telefon açaraq sesvermənin gedişi barədə
operativ məlumat aldıq. Bildirildi ki, son məlumata
görə dairə üzrə ümumi sesicilərin 62 faizi səsvermədə
iştirak edib.
Xurşud Mehdiyevanın son sözü bu oldu ki,
Əmircan qəsəbəsində 30 noyabr seçkilərində
səsvermə zamanı heç bir ciddi qanun pozuntusu qeydə
alınmayıb və seçkilər baş tutmuş hesab
olunur.
Sabunçu
rayonu
Dünən Azərbaycan Respublikasında bəzi bələdiyyələrə
təkrar, əlavə və yeni seçkilər
keçirilmişdir. Seçkilər 86 seçki dairəsini, 1169 seçki
məntəqəsini əhatə etmiş və 330 bələdiyyə
üzrə boş qalmış 464 yeri tutmaq üçün
keçirilmişdir. Bütövlükdə
boş qalan yerləri tutmaq üçün Mərkəzi
Seçki Komissiyası tərəfindən 1567 nəfərin
namizədliyi qeydə alınmışdır. Dünən keçirilmiş seçkilərdə
səsvermə bülletenlərinə 1549 namizədin adı
daxil edilmişdir. Səsvermədə əhalinin
fəallığını təmin etmək üçün
MSK bütün lazımi tədbirləri görmüş,
bildirişlər çap etdirmiş, əhali arasında
maarifləndirmə işləri aparmışdır.
Dünən seçkinin gedişini izləmək
üçün biz də Bakı şəhərindəki bəzi
seçki dairə və məntəqələrində olduq. 28 saylı Sabunçu
üçüncü seçki dairəsinin sədri
Hacıbala Babayev bildirdi ki, seçki gününədək
dairə seçki komissiyası tərəfindən
seçkilərin normal, demokratik, qanun və müvafiq normativlər
əsasında keçirilməsi üçün hər
cür şərait yaratmış, məntəqələr
lazımi ləvazimatlarla, təlimatlarla təmin edilmiş,
lazımi avadanlıqlar yerləşdirilmişdir. Seçki bülletenləri qabaqcadan məntəqələrə
paylanılmışdır.
- Bu
gün əvvəlcədən də elan edildiyi kimi, Azərbaycan
Respublikasında təkrar, əlavə və yeni seçkilər
keçirilir. Bununla əlaqədar olaraq 28
saylı Sabunçu üçüncü seçki dairəsinin
ərazisində yerləşən Bilgəh bələdiyyəsinə
də seçkilər keçirilir. Seçkilərdə
2 yerə 6 namizəd qeydə alınmışdır. Ümumilikdə Bilgəh bələdiyyəsinin ərazisində
4 seçki məntəqəsi yerləşir və
seçicilərin sayı 5370 nəfərdən ibarətdir.
Səhər saat 8-dən etibarən məntəqələr
açılmışdır, hazırda bütün məntəqələrdə
seçki komissiyaları fəaliyyətdədir və səsvermə
prosesi tam qanunauyğun şəkildə davam edir.
Hazırda əlimizdə səhər saat 10-a
olan məlumat var. Həmin vaxta qədər 177 nəfər
seçici qeydiyyatdan keçərək səsvermə
hüququndan istifadə etmişdir.
Dairə seçki komissiyasının sədrindən
lazımi məlumatları aldıqdan sonra ərazidə
yaşayan əhalinin səs verdiyi seçki məntəqələrindən
birində də olduq. 18 saylı seçki məntəqəsi Bilgəh
qəsəbəsində yerləşir. Saat
təxminən 11-30 radələri idi. Məntəqədə
seçici fəallığı hiss edilirdi. Məntəqə
komissiyasının üzvləri yaxınlaşan sakinlərin
adlarını seçici siyahılarında tapır,
seçicilər müvafiq qeydiyyat prosedurundan keçdikdən
və bülletenləri əldə etdikdən sonra seçki
qutularına yaxınlaşaraq istədikləri namizədə
səs verir, şəffaf və demokratik qaydada öz
seçki hüquqlarını reallaşdırırdılar.
Səsvermənin gedişini izləmək
üçün məntəqələrə gəlmiş
müşahidəçilər isə prosesə müdaxilə
etmədən öz müşahidələrini
aparırdılar.
Buradaca məntəqə
seçki komissiyasının sədri Mahir Qocayevlə tanış olub seçkinin gedişi, əhalinin
fəallığı ilə maraqlandıq. Komissiya sədri
bildirdi ki, müvafiq təlimata uyğun olaraq məntəqə
komissiyasının üzvləri səhər saat 7-də məntəqədə
olublar, onlar arasında vəzifə bölgüsü
aparılıb, seçki qutuları saat 7:50-də
müşahidəçilərin gözləri
qarşısında möhürlənib və saat 8.00-da məntəqənin
açılışı elan edilərək seçkilər
başlanıb. Komissiya sədrinin sözlərinə
görə, səhər saatlarında, həmişə
olduğu kimi, seçicilərin ciddi fəallığı
müşahidə olunub. Sonradan fəallıq
bir qədər azalsa da, hər halda seçicilər öz
hüquqlarını reallaşdırmaqda davam edirlər.
Məntəqə komissiyası seçicilərin
iştirakı ilə bağlı müvafiq saatlarda dairə
seçki komissiyasına məlumat çatdırır. Məntəqənin ərazisində 1288 seçici
yaşayır. Saat 12-yə olan məlumata
görə, 83 seçici artıq səs verib.
Məntəqə seçki komissiyasının sədri
onu da əlavə etdi ki, daşınan seçki qutusu ilə
səsvermə qaydasına uyğun olaraq şifahi və
yazılı müraciətlər olmadığına görə
indiyədək belə qutulardan istifadə olunmayıb.
Məntəqədə seçkilərin gedişini izləyən
müşahidəçilərlə də
görüşüb onların fikrini öyrəndik. Müşahidəçi
Şura Quliyeva bildirdi ki, səhər seçki məntəqəsi
açılandan prosesi izləyir. Seçicilər
sərbəst qaydada gələrək istədikləri namizədə
səs verirlər. Müşahidəçilər
seçkinin gedişini normal hesab edirlər. Doğrudur, səhər saatlarında fəallıq
bir qədər yüksək olub, ancaq sonradan da seçicilər
vaxt taparaq məntəqəyə gəlməkdə və səs
verməkdə davam edirlər.
- İndiyədək heç bir qanun pozuntusu qeydə
alınmayıb, yaxud seçici tərəfindən şikayət
edilməyib. Səsvermə prosesi normal qaydada davam edir, - deyə
müşahidəçi əlavə etdi.
Saat 17-də dairə seçki komissiyasından
aldığımız məlumata görə, həmin vaxta
dairədə 716 seçici səsvermədə iştirak edib
və seçki baş tutmuş hesab edilib.
Sumqayıt
Bələdiyyələrə təkrar, əlavə və
yeni seçkilər gənclik şəhərindəki
bütün dairələr üzrə məntəqələrdə
mütəşəkkil qaydada keçmişdir. Sübh tezdən
məntəqələrə səsverməyə gələnlərin
sayı daha çox idi. Elə seçkilərin
baş tutması və müvəffəqiyyətlə sona
çatması da bunun sayəsində mümkün
olmuşdur.
Sumqayıt
41 saylı birinci seçki dairəsi şəhərin mərkəzində
- H.Ərəblinski adına Musiqili Dram
Teatrının binasında yerləşir. Burada
dairənin iki seçki məntəqəsi də fəaliyyət
göstərir. Dairə seçki komissiyasının sədri
Məzahir Süleymanovun bu sahədə zəngin təcrübəsi
var. O, bizə seçkilərin gedişi barədə ətraflı
məlumat verdi:
- Yerli
özünüidarənin demokratik forması olan bələdiyyələr
artıq xeyli təkmilləşərək ictimai sistemin
mütəhərrik orqanına çevrildiyi üçün
onlarda təmsil olunmaq istəyənlər də
çoxalmışdır. Təkcə
Sumqayıtda bu seçkilərdə 1 yer uğrunda 14 namizəd
mübarizəyə qoşulmuşdur. Göründüyü
kimi, rəqabət böyükdür. Dairəmizin əhatə
etdiyi 39 məntəqənin 42898 seçicisi var. Səsvermənin
ilk hesabat saatları ərzində artıq 6914 nəfər,
başqa sözlə desəm, seçicilərin 16 faizi məntəqələrimizə
gələrək öz iradəsini ifadə etmişdir. Dairəmiz üzrə 291 müşahidəçi
qeydə alınmışdır, hamısı da öz təşəbbüsü
ilə. İndiyədək heç bir
müşahidəçinin səsvermənin gedişatı
barədə iradı, narazılığı olmayıb.
İnanıram ki, sonadək belə davam edəcək.
Dairənin 23 və 24 saylı məntəqələri də
eyni binada yerləşir. Günorta saatlarında orada olduq. Məntəqə sədrləri Qasım Qasımov və
Dilşad Hüseynova yaradılan şəraitdən
razılıqlarını bildirdilər. Öyrəndik
ki, bu məntəqələrin hər birində 1000-dən
artıq seçici qeydiyyata alınmışdır. Əvvəlcədən seçicilər arasında
aparılan maarifləndirmə işi nəticəsində səsvermədə
heç bir problem yaranmamışdır. Hər
kəsin sənədləri yubadılmadan yoxlanılır,
barmağı boyanır, səsvermə bülletenləri
verilir və seçicilər pərdə arxasına keçərək
istədikləri namizədə səs verirlər. Rabitə, enerji, tibb xidməti və sair də
qaydasındadır. Seçicilərin tam
rahatlığı üçün hər cür şərait
təmin edilmişdir.
İxtisasca həkim olan müstəqil müşahidəçi Rafiq Əsgərov müsahibəsində bildirdi ki, məntəqədə olduğu vaxt ərzində heç bir qanun pozuntusu ilə rastlaşmayıb. Səsvermə sakit, problemsiz davam edib.
Dairənin 25 saylı məktəbdə yerləşən 5-ci seçki məntəqəsində də səsvermənin qaydalara müvafiq, insidentsiz keçirildiyinin şahidi olduq. Məntəqə seçki komissiyasının sədri Asif Hüseynov üçün bu, artıq dördüncü seçkilərdir. Özünə və komissiya üzvlərinin peşəkarlığına yetərincə inamlıdır. Onun dediyinə görə, bugünkü seçicilər də daha 10-15 il əvvəlki seçicilər deyil. Hamı öz hüquq və vəzifələrini yaxşı bilir. Heç kəs seçicilərə təzyiq edə, istiqamət verə bilməz. Buna görə də səsvermə normal və qanunauyğun şəraitdə gedir.
"Azərikimya" İstehsalat Birliyinin təmsilçisi, müşahidəçi Dəyanət Məmmədov da bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin bu məntəqədə gedişindən heç bir narazılığı olmadığını söylədi. Dedi ki, seçici aktivliyi hələlik yüksək olmasa da, onlar arası kəsilmədən məntəqəyə gəlir və maneəsiz olaraq səsvermə hüquqlarından istifadə edirlər.
Seçicilərdən biri, 72 yaşlı şəhər sakini Məqsəd Quliyevin ürək sözləri:
- İndiyə qədər iştirak etdiyim seçkilərin dəqiq sayını-hesabını itirmişəm. Bircə onu deyə bilərəm ki, müstəqillik illərində Azərbaycanda seçkilər get-gedə daha demokratik və şəffaf keçir, səviyyə durmadan yüksəlir. Elə bu seçkiləri götürək. Məntəqələr geniş, işıqlı, komissiya üzvləri gülərüz, mehribandırlar. Heç bir gərginlik, təşviş hiss olunmur. Seçicilər üçün çox sivil bir şərait yaradılıb. İnanmaq istəyirəm ki, bu səsvermədən sonra qalib gələn namizəd də etimadı doğrultmağa, doğma şəhərimizin abadlıq və quruculuq işlərində daha yüksək fəallıq göstərməyə çalışacaq...
Son hesabat saatının məlumatından öyrəndik ki, 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə səsvermədə seçicilərin 9714 nəfəri, yəni 22,64 faizi səsvermədə iştirak etmişdir.
Rauf
ƏLİYEV, M. HACIXANLI, A. ABBASOV, Paşa ƏMİRCANOV,
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.-1 dekabr.- S. 4.