Bəhmən
Hacıyev - 85.
Görkəmli neftçi-alim
Dekabrın 2-də Azərbaycanın
şanlı neft epopeyasının baş qəhrəmanlarından birinin, məşhur ixtiraçı-alim, neft ustası, keçmiş
İttifaqın Lenin və Azərbaycan SSR-in Dövlət mükafatları
laureatı, texnika elmləri doktoru, professor, Azərbaycanın
fəxri neftçisi Bəhmən
Əbiş oğlu Hacıyevin 85 yaşı
tamam olur.
Bəhmən Hacıyev Azərbaycanda və keçmiş İttifaqın neft rayonlarında çalışan həmkarları arasında neft işi və elminin fədailərindən biri kimi tanınırdı. O, zəkalı, əməksevər, prinsipial və nəcib bir insan idi. Zəngin biliyi və təcrübəsi, ekstremal şəraitdə özünü itirməməsi və düzgün qərar qəbul etməsi, daim yeniliyə can atması ona böyük şöhrət qazandırmışdı. Bununla yanaşı, o, tələbkar olduğu qədər də diqqətcil və qayğıkeş rəhbər idi. Onun üçün ən böyük sərvət tabeliyindəki insanlar - neftçi həmkarları idi və Bəhmən Hacıyev onların əmək və məişət şəraitinin yaxşılaşdırılmasını özünün başlıca vəzifəsi bilirdi.
Çətin, şərəfli və mənalı bir həyat yolu keçmiş B.Hacıyev ömrünün 27 ilini Neft Daşlarına sərf etmiş, möhkəm iradəsi və cəsarəti ilə bu əfsanəvi dəniz şəhərində çalışanlara örnək olmuşdu. O, əsl novator və əsl dəniz adamı idi. Həyatının mənasını xalqa xidmətdə görən B.Hacıyev artıq sağlığında özünə əbədi bir ömür qazanmışdı.
Bəhmən Hacıyev 1926-cı il dekabr ayının 2-də Sisyan rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur. 1939-cu ildə natamam orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Sabunçu rayonunun 148 nömrəli orta məktəbində təhsilini davam etdirmişdi. Əmək fəaliyyətinə orta məktəbi bitirdikdən sonra - 1943-cü ildə keçmiş "Əzizbəyovneft" trestinin (indi H.Z.Tağıyev adına NQÇİ) ikinci mədənində operator köməkçisi kimi başlamışdı. 1945-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olmuş, burada 1950-ci ildə neft və qaz yataqlarının işlənməsi üzrə dağ mühəndisi ixtisasına yiyələnmişdi.
Ali təhsilli mütəxəssis kimi 1950-ci ildə o, "Bibiheybətneft" trestinin 6-cı mədənində neft və qaz hasilatı üzrə usta işləmiş, bir il sonra işini "Gürganneft" trestinin 2-ci mədənində eyni vəzifədə davam etdirmiş, daha sonra həmin mədənin böyük mühəndisi təyin olunmuşdu. Bəhmən müəllim 1953-cü ildən 1960-cı ilədək "Gürganneft" trestinin baş mühəndisi vəzifəsində çalışmışdır. Sonralar həmin trest Sov.İKP-nin XXII qurultayı adına Neft və Qazçıxarma İdarəsinə çevrilmiş və Bəhmən Hacıyev 1962-ci ilədək bu NQÇİ-nin baş mühəndisi, 1977-ci ilədək isə rəisi olmuşdur.
Bəhmən Hacıyevlə ilk tanışlığım 1954-cü ildə Neft Daşlarında oldu. Tale elə gətirdi ki, mən təzə təşkil olunmuş "Dənizneft" Birliyinin aparatından Neft Daşlarına göndərildim və 1-ci mədənin böyük geoloqu vəzifəsində işləməyə başladım. Mədənin müdiri Bəxtiyar Məmmədov idi. "Neft Daşları" yeni yataq olduğundan burada yeniliklərin tətbiqinə geniş imkan var idi. 1954-cü ildə "Neft Daşları" yatağında dünyada ilk dəfə olaraq laylara su vurulması prosesinə başlandı. Bütün texniki məsələlərin həllinə trestin baş mühəndisi Bəhmən Hacıyev nəzarət edirdi. Neft Daşlarının qızğın dövrü idi. Bizim aramızda işgüzar münasibətlər yaranmışdı. Hər bir məsələ xırda detallarına kimi müzakirə olunur və birlikdə həll edilirdi.
Açıq dənizdə yerləşən "Neft Daşları" kimi qeyri-adi neft yatağında 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində qapalı istismar sisteminin yaradılması Bəhmən Hacıyevin xidmətlərindən biridir. Neft sənayesində belə işlər birbaşa inqilabi dəyişikliklər kimi qiymətləndirilməlidir. Çətin şəraitdə dəniz neftçiləri Bəhmən Hacıyevin rəhbərliyi ilə neft və qaz yataqlarının istismarında əsl qəhrəmanlıq nümunələri göstərmiş, on kilometrlərlə estakada qurmuş, çoxlu yeni fikirlər, ixtiralar, səmərələşdirici təkliflər irəli sürərək açıq dənizdə əfsanəvi şəhər salmışlar.
Bu böyük kollektivin əməyi və çəkdiyi zəhmət nəticə etibarilə neftlə ölçülürdü. Odur ki, Bəhmən Hacıyev neftin çıxarılması ilə yanaşı, həm də onun qorunması, saxlanılması və itkisiz daşınması məsələlərinə ciddi diqqət yetirirdi. O vaxt neft sahilə tankerlərlə daşınırdı və sutkada 22 min ton neftin belə uzaq məsafəyə dənizlə hər cür hava şəraitində - fırtınada, qasırğada daşınması nəqliyyatın hərəkətində çoxlu əlavə problemlər yaradırdı. Neft Daşlarının tarixində bu məsələ ilə ilk dəfə məhz Bəhmən Hacıyev dərindən məşğul oldu. O, SSRİ neft sənayesi naziri Valentin Dmitriyeviç Şaşinin Neft Daşlarına gəlməsindən istifadə edərək, neftin boru kəməri ilə nəqli ideyasını irəli sürdü və nazir bu təşəbbüsü bəyəndi. Beləliklə də, neftçiləri uzun illər narahat edən, onlara əziyyət verən bir problemin həll olunmasının yolu tapıldı. Adlı-sanlı neftçilərin - Sabit Orucovun və Qurban Abbasovun rəhbərliyi altında bu ideya əsasında Neft Daşlarından Abşeron yarımadasının Dübəndi məntəqəsinə neft boru kəməri çəkildi. Bu işin gedişində Bəhmən Hacıyevin neçə-neçə səmərələşdirici təklifi, ixtirası həyata vəsiqə aldı və böyük səmərə verdi. Qeyd edim ki, neftin yığılması üçün iriləşdirilmiş məntəqələrin yaradılması da onun adı ilə bağlıdır.
Bəhmən müəllim mütəxəssislərlə həmişə fikir mübadiləsi edir, yeni ideyaların, səmərələşdirici təkliflərin meydana gəlməsinə şərait yaradır, yol açırdı. Onun üçün xırda, yaxud böyük məsələ yox idi - ən əsas cəhət elmi izah və elmi əsaslandırma idi.
Bəhmən Hacıyev 1959-cu ildə
Qırmızı Əmək Bayrağı ordeni
ilə təltif olundu. 1960-cı ilin may
ayında isə o,
"Azərbaycan SSR-in neft
ustası" fəxri
adına layiq görüldü. 1961-ci il
aprel ayının 22-də
SSRİ Elm və Texnika
Komitəsinin qərarı
ilə bir qrup mütəxəssis Lenin mükafatına layiq görüldü ki, onlardan da biri
Bəhmən Hacıyev
idi. Həmin illərdə o, artıq
məhsuldar bir alim kimi də
yetişmişdi.
1961-ci ildə "Dənizdə
neft yataqlarının
işlənilməsi və
istismarı məsələləri"
("Neft Daşları"
timsalında) mövzusunda
dissertasiya işini müdafiə edən B.Hacıyevə texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdi. Tanınmış neftçi-alimin elmi
tədqiqatları onun
"Dənizdə neft
yataqlarının işlənilməsi
və istismarı məsələləri" monoqrafiyasında
öz əksini tapmışdı.
Dəniz
neftçiləri yaxşı
bilirlər ki, Neft Daşlarında quyuların maili istiqamətdə küt qazılması, maili qazmanın köməyi ilə bir nöqtədən
iki quyunun qazılması üsulları
Bəhmən Hacıyevin
rəhbərliyi və
bilavasitə iştirakı
ilə tətbiq olunmuşdur.
Bəhmən Hacıyevin rəhbər işçi kimi təşkilatçılıq qabiliyyəti Neft Daşlarında daha da artdı və
ona böyük şöhrət qazandırdı. Azərbaycan
KP-nin 1964-cü ildə
keçirilmiş XXIV qurultayında
o, təftiş komissiyasının
üzvü seçildi,
1965-ci ildə Almaniya Demokratik Respublikasının
fəxri Qızıl diplomuna layiq görüldü, həmin
ilin sentyabrında isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Lenin ordeni ilə təltif olundu. Azərbaycan
KP-nin növbəti qurultayında isə MK üzvü seçildi.
1966-cı ildə SSRİ Neft
Nazirliyi tərəfindən
"SSRİ neft sənayesinin
əlaçısı", 1970-ci ildə isə Azərbaycan neft sənayesinin inkişafındakı
xidmətlərinə görə
"Fəxri Neftçi"
adına layiq görüldü. Azərbaycanın dəniz neft
yataqlarının işlənilməsində
və istismarında xidmətlərinə görə
1971-ci ildə Bəhmən
Hacıyev ikinci dəfə Qırmızı
Əmək Bayrağı
ordeni ilə təltif olundu. Dərin maili quyuların qazılması
texnologiyasının işlənib
hazırlanmasına və
dəniz neft-qaz yataqlarında geniş tətbiqinə görə
Bəhmən Hacıyev
1972-ci ildə Azərbaycan
SSR Dövlət mükafatına,
"Neft Daşları"
yatağının işlənməsinin
25 illiyi ilə əlaqədar olaraq 1975-ci
ildə "Azərbaycan
SSR Əməkdar Mühəndisi"
fəxri adına
layiq görüldü.
Ötən əsrin 70-ci illərində
o, Azərbaycan SSR Ali Sovetinin
deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdi.
Onun layiq görüldüyü
mükafatların sırasına
sonralar "Oktyabr inqilabı" ordeni də əlavə olunmuşdu.
Bütün bu illər ərzində
Bəhmən müəllim
istehsalatda istedadlı
təşkilatçı və
püxtələşmiş rəhbər kimi tanınmışdı. Respublika rəhbərliyi
bunları nəzərə
alaraq, 1977-ci ilin mart ayında onu "Azneft" İB-nin baş direktoru vəzifəsinə təyin
etdi. Bu vəzifədə
o, geniş fəaliyyəti
ilə bir çox dəyişikliklərə
nail oldu. Axtarış-kəşfiyyat işləri canlandı
və onun rəhbərliyi ilə Zaqafqaziya üzrə (Azərbaycan, Gürcüstan)
neft-qaz yataqlarının
axtarış və kəşfiyyatının kompleks
layihələri (1979-1980, 1981-1985-ci illər) hazırlandı və SSRİ Neft Sənayesi Nazirliyində təsdiq olundu. Nəticədə "Cəfərli",
"Kəlaməddin" və
"Tərsdəllər" yataqları kəşf edildi, Muradxanlıda neft sahəsi genişləndi, bir sıra infrastrukturlar - mərkəzdənqaçma ştanqlı
quyu nasoslarının,
müxtəlif tipli elektrik mühərriklərinin
ixtisaslaşdırılmış təmir bazaları və s. təşkil olundu.
Bəhmən Hacıyev 1984-cü ildə Zaqafqaziya Ümumittifaq Təhlükəsizlik Texnikası İnstitutunun direktoru təyin olundu. Burada onun rəhbərliyi ilə dünyada analoqu olmayan buruqların yeni təhlükəsiz sınaq üsulu, əlliyə yaxın normativ sənəd, təhlükəsiz texnologiya, təhlükəli qazların sızmasına yol verməmək məqsədilə boru kəmərlərində və çənlərdə nasaz yerlərin təyin olunması üçün aerozol və s. kimi yeniliklərin işlənib hazırlanması başa çatdırıldı. "Tengiz" (Qazaxıstan) yatağının və kükürd-hidrogen tərkibli digər neftli yataqların işlənməsi ilə bağlı təhlükəsiz texnologiya təklif olundu. İstedadlı alim özünün dərin mədən-istehsalat təcrübəsinə, zəngin biliyinə arxalanaraq, ona müvəffəqiyyətlər qazandırmış elmi araşdırmalarını da uğurla davam etdirirdi. 1990-cı ildə B.Hacıyev doktorluq dissertasiyasını müdafiə etdi və ona texnika elmləri doktoru alimlik dərəcəsi verildi. Onun 105 elmi əsəri və 50-dən çox ixtirası vardır. Bu əsər və ixtiralar 1963-cü ildən başlayaraq Bəhmən müəllimin bütün həyatını, neft işində danılmaz xidmətlərini göz önündə bir epopeya kimi canlandırır.
O, səmimi və tələbkar idi, gənclərə necə işləməyi həvəslə öyrədirdi. İstehsalat və elmi fəaliyyəti ilə yanaşı, pedaqoji işlə də uğurla məşğul olurdu. Bəhmən müəllim uzun müddət Azərbaycan Neft Akademiyasında dərs demiş, neft-mədən ixtisası üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuş, 1991-ci ildə ona professor elmi adı verilmişdir. 1996-cı ildə Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.
Həyatının son illərini Azərbaycan Dövlət Neft-Qaz Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda keçirmiş Bəhmən müəllim bu illərdə də elmi araşdırmalarını davam etdirmiş, öz işinə sədaqətlə xidmət etmişdir. Bəhmən Hacıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur.
Məşhur neftçi-alim, gözəl insan, neft sənayesinin inkişafında müstəsna rolu olan yaradıcı mühəndis və istedadlı ixtiraçı Bəhmən Hacıyev xalqımızın, Azərbaycan neftçilərinin və onunla birlikdə çalışanların qəlbində daim yaşayacaqdır.
Xoşbəxt
YUSİFZADƏ, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, Azərbaycan Milli
Elmlər Akademiyasının akademiki
Xalq qəzeti.- 2011.- 2 dekabr.- S. 6.