Moskvada MDB ölkələri müharibə veteranlarının qurultayı keçirilmişdir

 

Noyabr ayının 24-25-də Moskva şəhərində MDB -nin müharibə veteranları və ictimai təşkilatlarının beşinci qurultayı keçirilmişdir. Qurultayın işində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Ə.Baxışovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak etmişdir. Birliyin əlaqələndirmə şurasının 2006-2011-ci illərdə gördüyü işlər barəsində müharibə veteranları şurasının sədri admiral A.Sorokin məruzə etmişdir.

 

Məruzəçi öz çıxışında qeyd etdi ki, ötən 5 il ərzində müharibə veteranlarının sosial həyat, mənzil, tibb xidmətlərini yaxşılaşıdırmaq üçün keçmiş postsovet məkanına daxil olan ölkələrdə müəyyən işlər görülsə də, heç də hər yerdə veteranlara lazımi qayğı göstərilmir, onların gündəlik ehtiyacları ödənilmir. Baltikyanı ölkələrdə, Ermənistanda, Moldovada, Qırğızıstanda müharibə veteranlarının aldıqları təqaüdlər orta yaşayış minimumundan 2-3 dəfə aşağıdır.

Bununla yanaşı, A.Sorokin məruzəsində qeyd etdi ki, müharibə veteranlarına dövlət qayğısı bir çox ölkələrin dövlət sosial proqramlarında və büdcələrində öz əksini tapmışdır. Bu da həmin ölkələrdə yaşayan müharibə veteranlarının sosial şəraitini xeyli yaxşılaşdırmışdır. Rusiya Federasiyasında, Qazaxıstanda, Azərbaycanda, Belarusiyada son 2-3 ildə müharibə veteranlarına göstərilən qayğı daha da yüksəlmiş, onların təqaüdləri 2-3 dəfə artırılmışdır. Bir çox veteranlar mənzil və avtomobillərlə təmin olunmuşlar.

Məruzəçi və çıxış edən natiqlər Beynəlxalq Müharibə Veteranları Şurasının MDB-yə daxil olan ölkələrin xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rolunu qeyd etdilər. Qurultayda həmçinin qeyd olundu ki, Beynəlxalq Müharibə Veteranları Birliyinin əsas vəzifələrindən biri də MDB ölkələrində müharibə veteranlarının sosial şəraitini yaxşılaşdırmaq onların monolit birliyini və hüquqlarını qorumaqdır.

Bu günbir çox qərb ölkələrində müxtəlif ideoloji qarşıdurmalarda faşizm üzərində qələbənin tarixini saxtalaşdıraraq, keçmiş sovet xalqlarının rolunu azaltmaq istəyirlər. Bu məqsədlə onlar xalqlar arasında bir sıra dini, milli, ideoloji amillərdən istifadə etmək istəyirlər.

Azərbaycan Respublikası Müharibə Veteranları şurasının sədri, ehtiyatda olan polkovnik Əlövsət Baxışovun da çıxışı nümayəndələr tərəfindən böyük maraqla dinlənildi. O, Azərbaycanda veteran hərəkatının inkişafından, müharibə veteranlarına göstərilən qayğıdan, hələ ümummilli liderimiz Heydər Əliyevin müharibə veteranlarına təyin etdiyi prezident təqaüdündən, bu xətti bu günuğurla davam etdirən ölkə başçısı İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqətdən danışdı. Natiq həmçinin 1941-45-ci illərdə alman faşizmi üzərində Qələbə marşını çalan silahdaşlarını Azərbaycan xalqının haqq işinə səs vermələrini xatırlatdı, tarixən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ermənilərdən azad olunması üçün tarixi faktların biryaddaşlarda təzələnməsinə istinad etdi. Tarixi saxtalaşdırmağın heç kimə nəsib olmadığını vurğuladı.

Qurultayda MDB ölkələri birliyinin icraçı katibi S.Lebedev, Moskva şəhəri merinin birinci müavini A.Resin, Sovet İttifaqı marşalı D.Yazov, Moskva Şəhəri Müharibə və Əmək Veteranları Şurasının sədri, iki dəfə Sosialist Əməyi Qəhrəmanı V.Dolqix, Rusiya Federasiyasının Hərbi Elmlər Akademiyasının prezidenti, ordu generalı M.Qareyev, Rusiya Federasiyası Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının sədri D.Karabanov, Ukrayna Respublikası Müharibə və Əmək Veteranları Şurasının sədri M.Buryakov və başqaları çıxış edərək, müharibə veteranlarına göstərilən qayğının daha da artırılmasından, xalqlar arasında dostluğun möhkəmləndirilməsində, gənclərin beynəlmiləl tərbiyəsində onların əvəzsiz rolundan danışdılar.

Qurultayda həmçinin Beynəlxalq Birliyə daxil olan ölkələrin alman faşizmi üzərində qələbənin 70 illiyinə həsr olunmuş perspektiv planların işlənib hazırlanmasına və onların hissə-hissə yerinə yetirilməsinə dair qurultay nümayəndələri arasında əməli təkliflər, fikir mübadiləsi və məsləhətləşmələr oldu.

Qurultay MDB ölkələrinin Beynəlxalq Müharibə Veteranlarının Əlaqələndirmə şurasının yeni heyətini seçdi. Azərbaycandan Ə.Baxışov Şuranın rəyasət heyətinin üzvü, Azərbaycan Milli Qəhrəmanı polkovnik E.Ağayev şuranın müharibə veteranları və hərbi qulluqçular komitəsinin üzvü seçildilər. Admiral A.Sorokin yenidən 5 il müddətinə şuranın sədri seçildi.

 

Cabir KAZIMOV, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının təşkilati-metodik və veteranlar şuraları ilə daimi komissiyasının sədri, qurultay nümayəndəsi

 

Xalq qəzeti.- 2011.- 2 dekabr.- S. 6.