Kürdəmirdə ustad sənətkarın xatirəsi anıldı

 

Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ustad sənətkar, əməkdar mədəniyyət işçisi Aşıq Əhməd Rüstəmovun 90 illik yubiley tədbiri keçirildi. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri, Aşıq Əhmədin sənət dostları ustad aşığın məzarını ziyarət etdikdən sonra, rayon Mədəniyyət Evinin geniş foyesində onun həyat və yaradıcılığını əks etdirən sərgiyə tamaşa etdilər.

 

N.Nərimanov adına Mədəniyyət Evində düzənlənən tədbirdə Aşıq Əhmədin xatirə işığına yığışan alimlər, sənətkarlar onun yaradıcılığından məhəbbətlə danışdılar.

Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov açaraq Aşıq Əhmədin daim əlində saz, sinəsində söz çeşməsi gəzdirən və bütün ömrünü saza, sözə bağlayan el sənətkarlarından olduğunu vurğuladı.

Natiq el sənətkarının "Sazımın telləri", "Əlləriniz yorulmasın", "İtən sazım", "Xoş gəlmisən Kürdəmirə rəhbərim" və sair kitabları haqqında tədbir iştirakçılarına geniş məlumat verərək onun 20 dastanın və yüzlərlə aşıq şerinin yaradıcısı oduğunu qeyd etdi.

Ustad aşığın keçdiyi həyat yolundan geniş söhbət açaraq onun Böyük Vətən müharibəsində şərəflə iştirakından, daima zəhmətkeşlər və geniş ictimaiyyət qarşısında çıxışlarından, Qarabağ savaşında iştirak edən əsgərlərimiz önündə təbliğat xarakterli, vətənpərvərlik mövzusunda öz sazı və sözü ilə əsl şücaət göstərməsindən bəhs etdi.

Çıxışda o da qeyd edildi ki, Aşıq Əhməd ulu öndər Heydər Əliyev siyasətinin alovlu təbliğatçısı olmuş, daim öz yaradıcılığında dövlətə və dövlətçiliyə sədaqəti tərənnüm etmişdir.

Ustad sənətkarın fəaliyyətinin dövlətimiz tərəfindən daim qiymətləndirildiyi xüsusilə diqqətə çatdırılmışdır. Belə ki, ona 1989-cu ildə "Respublikanın Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilmiş, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.

Sonra tədbir iştirakçıları ustad Aşıq Əhməd Rüstəmovun həyat və fəaliyyətini əks etdirən video filmə baxdılar.

Tədbirdə professor Hacı Seyfəddin Qəniyev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Aşıq şöbəsinin müdiri, aşıq poeziyasının tədqiqatçısı Elxan Məmmədli, alim tədqiqatçı Yaqut Əşrəfova, şair Kərəm Kürqırağlı, Abduləziz Xanəhmədoğlu, Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev, aşığın yaxın qohumu Solmaz Mehdiyeva çıxış edərək, Aşıq Əhmədin yaradıcılığından geniş söz açdılar və tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.

Tədbirə qatılan sənət adamları Aşıq Əhliman, Aşıq Yanvar, Aşıq Məhəmməd, Aşıq Babək, xanəndə Əvəzxan Xankişiyev, Ağacan Novruzov, Nəsrullah Məmmədov, Elvin Əsgərov, aşığın sonuncu şagirdi Qəlbinur İbrahimli və başqaları görkəmli el aşığı haqqında xatirələrini söylədilər, onun şeirlərini oxudular, şeirlərinə bəstələnmiş musiqiləri və aşıq mahnılarını ifa etdilər.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 3 dekabr.- S. 7.