Ağdam: cəbhəyanı bölgənin qayğıları və uğurları

 

Yolumuz yenə Ağdamadır. 50 kilometrə yaxın məsafədə erməni işğalçıları ilə üz-üzə yaşayan bu bölgənin son 2 ildəki inkişafı hər addımda diqqəti cəlb edir. Rayonun giriş qapısı sayılan "Soltanbud təpəsi" tarixi-memarlıq kompleksi Qarabağın bu bərəkətli torpağında son dövrdə həyata keçirilən genişmiqyaslı işlərin vizit kartı təsiri bağışlayır. Bu yerdən başlanıb cəbhə xəttinədək uzanan, yenidən çəkilmiş asfalt yol boyunca gördüyümüz əsaslı yeniliklərin ümumi mənzərəsi və yüksək dinamikası ilin statistika hesabatında daha aydın görünür. Bu il havalar nisbətən tez soyusa da hər yerdə adamları iş başında gördük, qızğın fəaliyyətin, miqyaslı quruculuğun şahidi olduq. Bu yüksəlişə təkan verən, əmin-amanlıqdan məmnunluq duyan ağdamlılar işğal olunmuş torpaqlarımızın mütləq azad ediləcəyinə inamlarını hər görüşümüzdə ucadan səsləndirdilər. Səfərimizin sonunda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla müsahib olduq. Bu ilin uğurları və qayğıları barədə başçının ətəraflı məlumatını oxucularımıza çatdırırıq.

 

- 2011-ci ilin 9 ayında rayonda abadlıq, tikinti və quruculuq işləri sürətlə davam etdirilmiş, iqtisadiyyatda irəliləyişə nail olunmuş, əhalinin həyat şəraiti xeyli yaxşılaşmışdır. Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi sürətlə böyüyür, abadlaşır. Əksər yaşayış məntəqələrində geniş tikinti-quruculuq işləri aparılır.

Prezident İlham Əliyevin muvafiq sərəncamlarına uyğun olaraq, rayonun 46 min əhalisinin yaşadığı 21 kəndi, 6 köçkün qəsəbəsini birləşdirən Quzanlı- Xındırıstan- Əhmədağalı-Əfətli avtomobil yolu bu il yenidən çəkilmişdir. Doğum evi, Uşaq xəstəxanası, Təcili tibbi yardım stansiyası binaları istifadəyə verilmişdir. Xındırıstan kəndində müasir tipli dayanacaq tikilmişdir. Ağdam Dövlət Dram Teatrı binasının əsaslı təmiri başa çatdırılmışdır. Bu obyektlərin həyətləri müasir üslubda abadlaşdırılmış, müxtəlif növ ağac və bəzək kolları əkilmişdir.

Rayonun Bayraq meydanı da yenidən qurulmuş, 16X8 metr ölçüdə yeni bayraq asılmışdır. "Qala ətrafı" parkın abadlaşdırılması, Səfərli kənd tam orta məktəbinin tikintisi, Yüzbaşılı uşaq bağçasının təmiri davam edir. Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində quruculuq işləri aparılır. Aqroservisə inzibati bina, Dördyol qəsəbəsində ictimai xeyir-şər evi tikilir.

Su-kanal, Subartezian Quyularının İstismarı, Sığorta İdarələrinin inzibati binaları, Quzanlı köçkün qəsəbəsində ictimai xeyir-şər evi, mərkəzi rayon kitabxanası artıq istifadəyə verilmişdir. Əfətli uşaq musiqi məktəbinin binası əsaslı təmir olunmuş, əlavə 3 sinif otağı tikilmişdir. Xındırıstan məscidində yardımçı bina inşa olunmuşdur.

Olimpiya İdman Kompleksinin stadionunda və tribunalarda əsaslı təmir işləri aparılmış, stadionun ot örtüyü dəyişdirilmişdir. Xındırıstan - Üçoğlan, Baharlı kənd - Baharlı qəsəbə yolları, Ayaq Qərvəndə gedən yol, Mirəşəlli, Kolqışlaq, Təzəkənd kəndlərinin yolu əsaslı təmir olunmuşdur. Quzanlı qəsəbə ərazi nümayəndəliyi ilə Mədəniyyət evi arasından keçən yola asfalt salınmış və həmin küçəyə qəsəbə sakinlərinin xahişi ilə Əşrəf Əliyevin adı verilmişdir. Quzanlı qəsəbəsində Əhalinin Sosial Müdafiə Mərkəzi, Uşaq bağçası və Mərkəzi Xəstəxananı birləşdirən, həmçinin çörək zavodundan həmin küçəyə çıxan yollar abadlaşdırılmışdır.

Heydər Əliyev prospektində və Zərifə Əliyeva küçəsində, idarə, müəssisə və təşkilatların həyətində 20 mindən çox ağac, bəzək kolları əkilmişdir.

Başçı daha sonra bildirdi ki, ilin əvvəlindən ümumi məhsul istehsalının həcmi artaraq 73 milyon 762 min manat olmuşdur. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bu 18,6 faiz çoxdur. Sənaye istehsalının həcmi 3 milyon 128 min manat, kənd təsərrüfatı məhsulu 51 milyon 146 min manat, ticarət dövriyyəsi 5 milyon 300 min manat olmuşdur. Əsas kapitala yönəldilən vəsaitlər 12 milyon 632 min manat və ya 158,1 faiz təşkil etmişdir. Rayon Vergilər şöbəsi 2011-ci ilin 9 ayı üçün proqnoz tapşırığa104,5 faiz əməl etmişdir. Büdcəyə 150 min 800 manat əlavə vəsaitin ödənilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qacqınların və məcburi köckünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq, rayonda bir sıra tədbirlər həyata kecirilmişdir. Proqramda Dördyol - Mamırlı ərazisndə məskunlaşan köckün ailələr üçün 932 ailəlik yeni qəsəbənin tikilməsi qərara alınmışdır. Bunun üçün torpaq sahəsi ayrılmış, müəyyən xəritəçəkmə və digər texniki işlər görülmüşdür. Qəsəbənin tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulmuşdur.

Rayonda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. 2011-ci ilin 9 ayında 331 nəfər fiziki, 35 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət və emal sahəsi ilə məşğul olurlar. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 80,4 faiz təşkil edir. Sahibkarlığın inkişaf etdirlməsi üçün güzəştli mikrokreditləri "Kapital bank"ın Ağdam filialı, "Qafqaz kredit" və "Kaspian-İnvest bank" olmayan kredit təşkilatları verir. Cari ilin 9 ayı ərzində Qafqaz kredit 842 nəfərə 562 min manat, Kaspian-İnvest isə 312 nəfərə 222 min manat mikrokreditlər ayırmışdır. Bu günlərdə isə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 35 sahibkara 400 min manat güzəştli kredit verilmişdir. Ağdam tarixən inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan taxılçılığa bu gün də xüsusi fikir verilir. Dövlət proqramında bu sahə ön plana çəkilmişdir. 2011-ci ilin məhsulu üçün 19511 hektar sahədə taxıl əkilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 386 hektar sahəyə artıq taxıl səpilmişdi. Bu mövsümdə 16162 hektar sahədə biçin aparılaraq, 41070 ton məhsul əldə olunmuşdur. Bu, hər hektardan orta hesabla 25,4 sentner məhsuldarlıq deməkdir, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 4,6 sentner çoxdur.

Üzümçülük gəlirli sahə olsa da, lazımi maliyyə vəsaiti olmadığından yeni plantasiyalar salınması ləngiyir. Hazırda üzümçülüyün əsasını əhali təsərrüfatlarının məhsulu təşkil edir. Bu il 230 hektar sahədə pambıq əkilmişdir ki, bu da 2010-cu illə müqayisədə 133 hektar çoxdur. 2680 hektar sahədə tərəvəz əkilmişdir, bu isə 2010-cu ildəkindən 357 hektar və ya 19,7 faiz çoxdur. İndiyədək 2036 hektardan 40218 ton tərəvəz, 496 hektardan 8140 ton kartof və 200 hektar sahədən 4200 ton bostan məhsulu toplanmışdır.

Hesabat dövründə inək və camışlar 15095 baş, qoyun və keçilər 100969 baş, ət istehsalı 2396 ton, süd 19770 ton, yumurta 6090 min ədəd olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri mal 4,8 faiz,qoyun və keçilər 1,8 faiz,ət istehsalı 23,8 faiz, süd 2 faiz, yun 1,5 faiz artmışdır.

Kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsində əməkçilərin çətinlikləri nəzərə alınaraq "Aqroservis" müəssisəsinin fəaliyyəti xeyli gücləndirilmiş, mövcud texnikadan səmərəli istifadə olunmuşdur.

İlin əvvəlindən 1340 yeni iş yeri açılmışdır. Onlardan 661-i daimi, 679-u isə mövsümüdür. Məşğulluq Mərkəzinə bu il 510 nəfər işaxtaran müraciət etmiş və 220 nəfər daimi işlə təmin olunmuşdur. Mərkəzdə qeydiyyatda olan işsizlərin sayı keçən illə müqaisədə 2796 nəfərdən 2280 nəfərə enmiş - 540 nəfər azalmışdır. Sentyabr ayında rayonda əmək yarmarkası keçirilmiş, 190 boş iş yerinə 80 nəfər göndərilmişdir. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına 124 məcburi köçkün ailəsinin evləri təmir edilmiş, evə zəruri ehtiyacı olan 188 ailənin siyahısı Dövlətqacqınkoma göndərilmişdir.

Əhalinin sosial ehtiyaclarının ödənilməsindən söz açan Nizami Sadıqov dedi:

- Ağdam Elektrik Şəbəkəsi Xındırıstan, Təzəkənd, Çəmənli yarımstansiyalarında transformatorlarda 3625 manatlıq, Ağdam, Xındırıstan, Təzəkənd və Çəmənli - Qaradağlı hava xəttlərində cari təmir aparmışdır. Çəmənli yarımstansiyasında 16 mvt transfarmatorun 25 mvt ilə əvəz olunması Əfətli - Xındırıstan ərazisində yaşayan əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına şərait yaratmışdır.

Bu mövsümdə 8000 abonentin evində təbii qazdan istifadəyə görə texniki baxış keçirilmiş, cihazların istismarı zamanı baş verə biləcək hadisələrin qarşısının alınması üçün tədbirlər görülmüş, abonentlərə lazımi təlimat verilmişdir. Əfətli, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı, Küdürlü, Həsənxanlı, İsalar, Qaradağlı, Rzalar, Mahrızlı və Zəngişalı kəndlərində qaz tikinti-quraşdırma işləri başa çatdırılaraq 1880 fərdi evin mavi yanacaq alması təmin edilmişdir.

Ağdam 46 saylı Yol İstismar İdarəsinin xidmət etdiyi respublika əhəmiyyətli 31 kilometr avtomobil yolunda və yerli əhəmiyyətli 97 km yolda ilin 9 ayında 382,3 manatlıq iş görülmüşdür.

Telekommunikasiya Qovşağı 2011-ci ilin əvvəlindən bir sıra tədbirlər həyata keçirmişdir. Hər bir ATS-i elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün 100 amper tutumunda akkumulyator qoyulmuş, baş verən qəzanın dərhal aradan qaldırılması üçün xüsusi işçi qrupu yaradılmışdır.

Əhalinin içməli su ilə təminatı sahəsində Ağdam Su-kanal İdarəsi ötən dövr ərzində xeyli iş görmüşdür. 3 yeni subartezian quyusu qazılmış, 7780 metr su xətti çəkilmiş, 70 su nasosu və 47 transformator təmir olunmuşdur. Rayonun suvarma suyu üçün lazım olan su mənbələri işğal altında olduğuna görə əhali əkin sahələrini suvarmaq üçün əsasən subartezian quyularından istifadə edir. İçməli və suvarma suyuna olan tələbatı ödəmək üçün Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan 736 subartezian quyusundan, 3 nasos stansiyasından, Suvarma Sistemləri İdarəsinin balansında olan Əhmədağalı və Üçoğlan kəndlərinin ərazisindəki kəhrizlərin suyundan istifadə olunur. 86 müxtəlif markalı təzə nasos, 9 transformator, 445 müxtəlif elektrik avadanlıqları quraşdırılmış, 404 nasos, 59 transformator əsaslı təmir edilmişdir. 1 subatrezian quyusu qazılmış, 3 quyu isə bərpa edilərək istismara verilmişdir. 166 milyon 508 min 348 kubmetr su çıxarılmış, həmin su ilə rayonda 166 min hektar əkin sahəsi suvarılmışdır.

Başçı məmnunluqla bildirdi ki, indi rayonda əhalinin elektrik enerjisi, içməli və suvarma suyu ilə təminatı sahəsində problem yoxdur.

Öyrəndik ki, Təhsil Şöbəsi 145 ümümtəhsil, 5 məktəbdənkənar müəssisə və 32 məktəbəqədər müəssisə ilə fəaliyyət göstərir. Məktəblərə cəlb olunmuş 18660 şagirdin təlim-tərbiyəsi ilə 3184 müəllim məşğul olur.Səfərli kənd tam orta məktəbi üçün 180 şagird yerlik məktəb binasının tikintisinə avqust ayında başlanılmışdır.

Bu il orta məktəbləri bitirən 943 nəfərdən 550 nəfəri ali məktəblərə qəbul üçün ərizə vermiş, onlardan 203 nəfəri və ya 36,9 faizi ali məktəblərə qəbul olmuşdur. Bu rəqəm ötən ildəkindən 40 nəfər, yaxud 10 faiz çoxdur. Ali məktəbə qəbul zamanı 3 nəfər 600-dən, 20 nəfər isə 500-dən çox bal toplamışdır. Ağdam Musiqi Kollecində ötən tədris ilində 5 ixtisas üzrə 314, Sosial İqtisad Kollecində 7 ixtisas üzrə 649 tələbə və peşə məktəblərində 315 şagird təhsil almışdır. Həmin məktəblərin hər birində tədris ili uğurla yekunlaşmışdır. Hazırda orta ixtisas məktəblərində yeni dərs ili başlanmışdır. Bu il Musiqi Kollecinə 222, Sosial İqtisad kollecinə 188 tələbə, peşə məktəblərinə 260 şagird qəbul olunmuşdur.

Bildirildi ki, Mədəniyyət və Turizm Şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini xeyli artırmışdır. Rəsmi bayramlar, kütləvi tədbirlər, anım günləri, gənc istedadların üzə çıxarılması, onların maraq və meyllərinin inkişaf etdirilməsi və digər mədəni tədbirlər yüksək səviyyədə həyata keçirilmişdir. Bu tədbirlərin keçirilməsində Ağdam "Şur" ansamblı, Qaradağlı, Əfətli, Qiyaslı, Əhmadağalı, Güllücə kənd uşaq musiqi məktəblərinin ansamblları xüsusi fəallıq göstərmişlər.

Novruz bayramı münasibətilə Ağdamın giriş qapısında, Soltanbud təpəsinin ətəyində inşa edilmiş "Rəmzi qala" parkında keçirilən el şənliyində 5 min nəfərdən çox sakin iştirak etmişdir. Milli geyimli oğlan və qızların rəqsləri, müxtəlif musiqi nömrələri, xor kollektivinin çıxışı, "Şur" ansamblının möhtəşəm ifaları, Novruz atributu olan bahar qızın gəlişi, Dədə Qorqudun bayram təbriki tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Yüksək səviyyədə təşkil edilmiş Novruz şənliyi İctimai Televiziya vasitəsilə yayımlanmışdır. Bu tədbirin davamı kimi Bakıda dənizkənarı bulvarda Qarabağın Novruz mətbəxi paytaxt sakinlərinə təqdim edilmişdir.

Son dövrdə rayonun mədəni həyatında canlanma və keyfiyyət dəyişiklikləri baş vermişdir. İlk dəfə olaraq uşaq musiqi məktəblərinin xor kollektivlərinə geniş baxış keçirilmişdir. Əvvəllər səsi ən yüksək konsert salonlarından gələn Ağdamın "Şur" xalq çalğı alətləri ansamblı yeni istedadlar cəlb edilməklə yenidən təşkil olunmuşdur. Artıq "Şur"un ifasında ilk dəfə olaraq "Bayatı-Şiraz" muğam dəsgahına xor salınmaqla, disk hazırlanıb və rayon ictimaiyyətinə təqdim olunub. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə "Şur" ansamblı respublikanın tanınmış müğənniləri ilə birlikdə çıxış edib. Bu tədbir də İctimai Telviziya ilə yayımlanıb. Mərkəzi Kitabxana Sistemi uzun fasilədən sonra Bakı şəhərindən Yeni Quzanlı qəsəbə mədəniyyət evinə gətirilib, fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bu günlərdə Quzanlı qəsəbə kitabxanası yeni binaya köçürülüb. Hazırda rayon üzrə kitab fondu 135 min 871 nüsxədir.

Uzun illər yararsız hala düşmüş Quzanlı qəsəbə Mədəniyyət evi Prezident İlham Əliyevin sərəncamına muvafiq olaraq əsaslı surətdə təmir və bərpa edilərək müasir texniki avadanlıqlarla təmin olunub.

Gənclərdə Vətənə məhəbbət, mübarizlik, qətiyyətlilik, azərbaycançılıq, dövlətçilik ideyalarının aşılanması ulu öndərin zəngin irsinin yeni nəsillərə öyrədilməsi baxımından Heydər Əliyev Mərkəzinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Hazırda mərkəzin fəaliyyəti genişləndirilərək burada kompyuter və ingilis dili kursları təşkil olunub.

Son bir ildə rayon səhiyyəsinin işində də xeyli dəyişiklik olmuşdur. Mərkəzi Rayon Xəstəxanası müasir avadanlıqlarla təmin olunmuşdur. Çox qısa müddətdə ruhi-əsəb, vərəm dispanserləri üçün müstəqil binalar tikilmişdir. Mərkəzi Rayon Xəstəxanasında stasionar xəstələrin isti yeməklə təmin olunması üçün mərkəzləşmiş mətbəx tikilmişdir. Rayon əhalisi üçün xüsusi əhəmiyyəti olan Doğum evi və Uşaq xəstəxanasına, Təcili tibbi yardım stansiyasına tikilmiş müasir üslubda binalar istifadəyə verilmişdir.

Mərkəzi Xəstəxana sistemində 1745 xəstə stasionar müalicədə olmuş, onlardan 319 nəfərində cərrahiyyə əməliyyatı aparılmışdır. 229 Qarabağ, 72 Böyük Vətən müharibəsi, 82 Çernobl qəzası əlilinə, 368 vərəmli, 36 xroniki böyrək çatışmazlığı olan, 5 hemaofiliyalı, 10 talassemiyalı, 1890 şəkərli diabet xəstəsinə pulsuz tibbi xidmət göstərilmişdir. Şəkərli diabet xəstələrinin sayı bu il 1545-dən 1890 nəfərə çatmışdır, bu məqsədlə əlavə olaraq Səhiyyə Şöbəsinə 180 min manat vəsait ayrılmışdır. Səyyar tibbi xidmət briqadaları Tərtər rayonunun Mamırlı, İsmayılbəyli sahələrində, Ağcabədi rayonunun Alman qəsəbəsində, Ergi sahəsində davamlı olaraq xəstələrin müayinə və müalicəsini həyata keçirmişlər.

Daha sonra öyrəndik ki, bu ilin 9 ayında rayon icra hakimiyyətində 4606 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 1066 nəfəri icra hakimiyyəti aparatında, 3384 nəfəri isə səyyari qəbula aiddir. Daxil olmuş ərizə, şikayət və müraciətlər aidiyyəti üzrə təhlil olunmuş, həlli istiqamətində lazımi tədbirlər görülmüşdür.

Səyyar qəbullar zamanı 3384 nəfər dinlənilmiş, onladan böyük əksəriyyətinin müraciəti öz həllini tapmışdır. Təhlillər zamanı ən çox müraciət yol kənarlarında, ayrı-ayrı yerlərdə məskunlaşmış məcburi köçkünlər, yerli sakinlər tərəfindən mənzil şəraitlərinin yaxşılaşdırılması, iş tələbi, qaz çəkilişi və digər sosial məsələlərlə bağlı olmuşdur.

Sonda Ağdam RİH-in başçısı Nizami Sadıqov qarşıda duran həlli vacib məsələlərdən də söz açdı:

- Dördyol adlanan ərazidə qamış və çiy kərpicdən tikilmiş daxmalarda ağır vəziyyətdə yaşayan 932 ailə üçün yeni qəsəbənin tikintisinə başlanmasına çalışırıq. Quzanlı qəsəbəsində litsey-məktəb binasının, Həsənxanlı, Alıbəyli, 1-ci Yüzbaşılı, 1-ci Baharlı, Hacıməmmədli kənd orta məktəbləri üçün yeni binaların tikintisinə başlanmasına, bir sıra məktəblərdə isə əsaslı təmir işlərinin aparılmasına nail olmalıyıq. Rayonumuzun işğal olunmayan ərazisində 19 yaşayış məntəqəsi qoşunların təmas xəttinin 3 kilometrliyində yerləşir və problemləri çoxdur. Bu istiqamətdə tədbirləri davam etdirməliyik. Qarşımızda duran əsas məqsədlərdən biri də rayonda yüksək əhval-ruhiyyəni təmin etmək, sağlam mühit formalaşdırmaq, vətəndaşların problemlərinin həllinə qayğı ilə yanaşmaqdır. Ağdamın yüksəlişi və tərəqqisi cəbhə xəttinin o tərəfindəki düşməni vahiməyə salır. Ağdam öz uğurları ilə xalqımızın haqq işinin qələbəsinə önəmli töhfələr verir.

 

Tahir AYDINOĞLU, Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 3 dekabr.- S. 6.