Heydər Əliyev və Azərbaycanın milli ideologiyası

 

Müasir dünyamızda hər bir dövlətin inkişaf yolu həmin ərazidə yaşayan xalqların öz qarşısına qoyduğu vəzifələrlə üzvi surətdə bağlıdır. Bu gün dünyada təqribən 200-ə yaxın irili-xırdalı dövlət var. Amma bu dövlətlərin inkişaf səviyyələri heç də eyni deyildir. Xüsusən iqtisadi, siyasi və demokratik inkişaf baxımından onlar bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Yüksək inkişaf səviyyəsinə çatmış ölkələrlə yoxsulluq içərisində olan dövlətlər arasında fərqin nə qədər böyük olduğunu sosial-iqtisadi rəqəmlərdə, ictimai-siyasi sabitlikdə və s. amillərdə görmək olur. İnkişaf etmiş ölkələr bütövlükdə hər bir sahə üzrə digər ölkələrdən irəli gedirlər. Bəs bu dövlətlərin iqtisadi, siyasi, mənəvi və digər göstəricilər baxımından birinin digərini üstələməsinin kökündə nə dayanır? İnkişafdakı bu fərqlərin səbəbləri haqqında son illər xeyli tədqiqat işləri, araşdırmalar aparılıb və müxtəlif nəzəriyyələr yaranıb. Əlbəttə, bu nəzəriyyələri təhlil etməyə, yenidən onlara qayıtmağa ehtiyac yoxdur. Əsas məsələ odur ki, yüksək inkişaf edən dövlətlərin tarixinə nəzər saldıqda görürük ki, orada cəmiyyət vahid bir məqsəd ətrafında sıx birləşib.

 

Dünyada mövcud olan xalqların sayı, təqribi hesablamalara görə, 8 mindən yuxarıdır. Amma öncə də qeyd etdiyimiz kimi, müstəqil dövlətlərin sayı 200-ə qədərdir və bu dövlətlərin bir çoxunun müstəqillik əldə etməsi, formalaşması əsasən XX əsrin ortalarından, İkinci dünya müharibəsinin başa çatmasından sonra baş verib. İkinci dünya müharibəsinin qurtarmasından sonra müstəmləkə sistemlərinin dağılması nəticə etibarilə Asiya, Afrika, Latın Amerikasında yeni dövlətlərin meydana gəlməsi ilə müşayiət olundu. Aydındır ki, yeni yaranmış dövlətlərin hər biri sürətlə inkişaf etmək, zəngin dövlətlərə çatmaq xəttini götürür. Bu istək müasir dövrümüzdə də qalmaqdadır. İstənilən millət, xalq yaratdığı dövlətin dünya siyasətində layiqli yer tutması, mühüm rol oynaması arzusu ilə yaşayır. XX əsrin tarixinə nəzər saldıqda yeni yaranan bu ölkələrdə milli ideyanın müəyyənləşdirilməsi baxımından sovet-kommunist ideologiyasına meyilliliklə Qərb demokratiyasına meyillilik arasında dərin bir mübarizə getdiyini görərik. Yəni, yeni müstəqillik əldə etmiş dövlət ya sovet sosialist sisteminin təsiri altına düşərək sosialist inkişaf yoluna qədəm qoyduğunu bəyan edirdi, yaxud da ABŞ başda olmaqla Qərb demokratiyasının təsiri dairəsinə girərək liberal, azad bazar iqtisadiyyatı və demokratik prinsipləri əsas götürməklə inkişaf yolunu seçirdi. Bəzi ölkələrdə üçüncü yol haqqında da fikirlər səsləndirilirdi. Amma XX əsrin sonlarına doğru sovet sosialist sisteminin süquta uğraması ideoloji seçim imkanlarını faktiki olaraq bir istiqamətə yönəltdi. Bu, ümumbəşəri dəyərlərə söykənən Qərb demokratiyasına yönəlik inkişaf yolu idi. Bununla yanaşı, bəzi ölkələrdə özünəməxsus inkişaf yolu seçməsi barədə fikirlərin olduğunu görməkdəyik. Amma, fakt budur ki, indi əksər ölkələr Qərb modelinə üstünlük verir.

Dünyamıza nəzər salsaq görərik ki, inkişaf edən ölkələrin hər biri hansısa prinsiplərə söykənərək bugünkü səviyyəyə gəlib çatıb. Məsələn, Hindistan Mhatma Qandinin müəyyən etdiyi prinsiplərə söykənərək inkişaf edir. ABŞ bu ölkənin bani atalarının, İstiqlaliyyət Bəyannaməsini, Konstitusiyasını ortaya qoyanların müəyyən etdiyi xətti əsas götürür. ABŞ Konstitusiyası Amerika dövlətinin və xalqının söykəndiyi prinsipləri özündə əks etdirir, eyni zamanda bu ölkə yaranarkən ortada olan ənənələr, irəli sürülən prinsiplər hələ də ana prinsiplər olaraq qalmaqdadır. Baxmayaraq ki, Böyük Britaniya konstitusiyalı monarxiyadır, bu ölkə də tarixdən gələn ideoloji prinsiplərə söykənir. Qardaş Türkiyə Respublikası Atatürkçülük prinsiplərinə söykənir. Türkiyədə nə qədər partiyalararası siyasi dartışma, hakimiyyət dəyişikliyi və s. baş versə də, Atatürkün müəyyən etdiyi prinsiplər davamlı olaraq yaşamaqdadır.

Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmiz 1991-ci il oktyabr ayının 18-də özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra çox ciddi diskussiya mövzusu olmuşdur. Müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin və xalqımızın gələcək inkişafı ilə əlaqədar müxtəlif ideoloji təkliflər səsləndirilirdi. Düzdür, ölkəmiz dövlət müstəqilliyinə qovuşarkən XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin müəyyən ənənələri var idi. Amma Xalq Cümhuriyyətinin az müddətdə mövcud olması və müəyyən prinsipləri ortaya qoya bilməməsi XX əsrin 90-cı illərinin əvvəllərində milli ideya axtarışı baxımından Azərbaycanda bir boşluğun olduğunu ortaya qoydu. Turançılığa istinad etmək, dinə söykənmək və digər prinsipləri qəbul etmək təklifi ilə çıxış edənlər var idi. Amma bu təkliflərin hər biri yarımçıq idi, nə isə çatışmırdı. Hansısa elementin çatışmaması və yarımçıq tezis inkişafa, ideoloji xəttə əngəl olurdu. Bu prinsipləri tamamlamaq, inkişaf etdirmək, möhkəmləndirmək və qətiləşdirmək lazım idi. Məhz ümummilli lider Heydər Əliyev bunu qətiləşdirdi. O, nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsipləri irs olaraq müəyyənləşdirdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdə belə müzakirələr gedirdi ki, milli ideyaya, milləti birləşdirəcək hansısa prinsiplərə söykənmək lazımdırmı? Bu cür müzakirələrə də ulu öndər Heydər Əliyev son qoydu. Heydər Əliyev göstərdi ki, bəli, Azərbaycan xalqını birləşdirən müəyyən prinsiplərə, ideoloji xəttə ehtiyac var. Xalqımız bu ideoloji prinsiplərə söykənməlidir.

Bəzən ideologiya, ideoloji prinsip dedikdə sovet dövründəki ideologiya ilə milli ideyalar qarışdırılır. Sovet dövründə olan kommunist ideologiyası tamam fərqli məqsədə xidmət edirdi. Amma xalqın vəzifəsi və məqsədi var. Bu məqsəd və vəzifə bütün xalqı özündə birləşdirəcək amilləri ehtiva edir. Bütün xalqı özündə birləşdirən amillər bütövlükdə millət tərəfindən qəbul edilən prinsiplərdir.

Heydər Əliyevin xalqımıza bəxş etdiyi əvəzsiz mənəvi-siyasi xəzinə həmin dövrdə Azərbaycan xalqının qarşısında duran əsas missiyalardan birinin - milli ideyanın müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli rol oynadı. Heydər Əliyev "Azərbaycanın inkişaf yolu hayanadır"sualına belə cavab vermişdi: "Azərbaycanın inkişaf yolu Qərbədir". "Məgər Günəş Qərbdən çıxır?" sualına isə Heydər Əliyev böyük müdrikliklə belə cavab vermişdi: "Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq". Ulu öndərin bu sözlərində həqiqətən də çox böyük məna var. Heydər Əliyev Şərqlə Qərbin, böyük sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın Şərqin dəyərlərini, zəngin mədəniyyətini müasir dövrümüzdə yüksək inkişafa nail olmuş Qərbin texnologiyası, ümumbəşəri demokratik dəyərləri ilə uzlaşdırmaqla, bu dəyərlərdən qidalanmaqla inkişafımızın mümkünlüyünü qeyd edirdi. Həqiqətən də Azərbaycan müxtəlif mədəniyyətlərin qovşağında olduğuna görə xalqımız öz yolunu seçərkən Şərqlə Qərbin qarşılıqlı münasibətlərini nəzərə almalıdır. Tarixən keçdiyimiz yol və coğrafi vəziyyətimiz bunu zəruri edir.

Ümummilli lider Heydər Əliyevin məşhur bir kəlamı həmişə xalqımız üçün örnəkdir. O deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir". Xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyə nail olduqdan sonra həmin müstəqilliyi qoruyub saxlamaq, əbədiliyini dönməz etmək, möhkəmləndirmək, Azərbaycanı dünyanın müxtəlif ölkələrində məskunlaşmış 50 milyon azərbaycanlı üçün bir mayaka çevirmək vacib bir vəzifə idi. Bu vəzifəni həyata keçirərkən, təbii ki, millətin vahid ideya ətrafında birləşdirilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli elmi-nəzəri bir irs ərməğan etdi. Həmin irs üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir.Ulu öndərin bizə qoyduğu bu irsin öyrənilməsi və tədqiqi baxımından son illərdə çox böyük işlər görülmüş, nailiyyətlər əldə edilmişdir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycan dövlətinin ideya prinsipləri yalnız bugünkü Azərbaycan üçün deyil, gələcəkdə ölkəmizin inkişafı üçün də başlıca mənbə rolunu oynayacaqdır. Ümummilli liderimiz Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır. Ümummilli liderimiz Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: "Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müddəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır". Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis konfransında qəbul edilən proqramda öz əksini tapıb. Bu proqramda Heydər Əliyev Azərbaycan dövlətçiliyinin söykəndiyi başlıca prinsipləri qeyd edib.

Bu prinsiplər içərisində ən mühüm yerlərdən birini dövlətçilik prinsipi tutur. Dövlətin mövcudluğu müəyyən sərhədlər, müəyyən iqtisadi-coğrafi amillərlə bağlı olmaqla yanaşı, eyni zamanda ənənələrə də söykənir. Azərbaycan xalqının məskunlaşdığı və yayıldığı bu ərazidə tarixən yaratdığı çoxlu dövlətləri olubdur. Xalqımızın tarixdə özümüzəməxsus imzası var, yaratdığı dövlətlər Yaxın və Orta Şərqdə çox ciddi tarixi izlər qoyub. Dövlətçilik yaşadığımız tarixi dövrün reallıqları ilə tarixi keçmişimiz arasındakı əlaqələrin bərpa olunması və bunun hər bir formada insanlara çatdırılmasıdır. Dövlətçilik dedikdə ilk növbədə tarixdən bizə ötürülən, nəsillərlə əxz etdiyimiz, qazandığımız həmin dövlət prinsiplərinin saxlanılması, qorunması yada düşür. Xalq üçün birinci onun dövlətidir. Əgər dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar?

Dövlətin qorunmasını, müstəqilliyin möhkəmləndirilməsini başlıca amil hesab edən ulu öndər deyirdi: "Bu milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfələr əvəzsizdir. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin qorunması və möhkəmləndirilməsi baxımından həlledici rol oynadı.

Dövlətin möhkəmliyi üçün qanunun aliliyi olmalıdır. Heydər Əliyev irəli sürdüyü dövlətin təməl prinsiplərindən biri sayılan qanunun aliliyinin ölkəmizdə təmininə nail oldu. Dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq. Dövlət qanuna söykənməlidir.

Dövlətin söykəndiyi qanun onun idarə edilməsinin əsas xətlərini və prinsiplərini müəyyən edir. Bu qanunlar olmasa, idarəçilik olmayacaq. İdarəsizlik isə dövlətin gələcəyini təhlükə altına salar. Qanunçuluq Heydər Əliyevin dövlətçiliyə, dövlətin idarə olunmasına, dövlətin təməl prinsiplərinə verdiyi ən böyük töfhələrdən biridir. Qanunçuluğa söykənən cəmiyyətdə vətəndaşların hüquq və azadlıqlarının qorunması başlıca yerlərdən birini tutur. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Biz güclü, demokratik cəmiyyət qurmaq əzmindəyik. Bu cəmiyyətdə hər bir vətəndaş bütün haqlardan və azadlıqlardan istifadə etməli və onun bütün hüquqları və azadlıqları qorunmalıdır". Bu gün Prezident İlham Əliyev həyata keçirdiyi praqmatik və çevik siyasət nəticəsində Azərbaycan cəmiyyətində vətəndaşların hüquqlarının hərtərəfli qorunması istiqamətində mühum irəliləyişlərə nail olunmuşdur.

Heydər Əliyevin irəli sürdüyü digər bir prinsip azərbaycançılıqdır. Azərbaycançılıq Azərbaycan xalqını birləşdirən ən mühüm ideya, vətənə sevgi, məhəbbətdir. Azərbaycançılıq, eyni zamanda, Azərbaycanda yaşayan bütün xalqların vahid bir ideya ətrafında birləşməsi deməkdir. Azərbaycançılıq dövlətin möhkəmləndirilməsinə çalışmaq, Azərbaycanın inkişafı naminə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyət göstərməsi, bu yöndə öz töhfəsini verməsi deməkdir. Azərbaycançılığı Azərbaycanda ictimai dövriyyəyə gətirən və onun yerini möhkəmləndirən Heydər Əliyevdir. Ümummilli liderimiz çox haqlı olaraq deyirdi ki, azərbaycançılıq söykəndiyimiz təməl prinsiplərin əsasıdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətindən qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Elmi-nəzəri tədqiqatlarının birində akademik Ramiz Mehdiyev yazır: "Azərbaycançılıq ideologiyasında vahid rolietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir".

Heydər Əliyev azərbaycançılıq dedikdə, Azərbaycan xalqının öz milli dəyərlərinə söykənməklə bərabər, ümumbəşəri dəyərləri də qəbul etməsi və onlardan yararlanmasını nəzərdə tuturdu. Heydər Əliyev azərbaycançılıq ideologiyasının nəzəri cəhətdən elan edilməsi ilə məsələni bitmiş hesab etməmiş və azərbaycançılığın dünyada olan bütün azərbaycanlılar üçün birləşdirici bir ideologiyaya çevrilməsi üçün xeyli tədbirlər həyata keçirmişdir. Bu baxımdan dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi və burada həmin ideyanın bütün dünyada yaşayan azərbaycanlılara çatdırılması olduqca əhəmiyyətli rol oynamışdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla görüşməsi, soydaşlarımızla əlaqələrin qurulması, azərbaycançılıq ideyası ətrafında Azərbaycan xalqının daha sıx birləşməsinə təkan verən amillər olmuşdur.

Dünyada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə saxlaması məsələsi Heydər Əliyevin Azərbaycanda hələ sovet dövründə rəhbərliyi zamanında diqqət mərkəzində idi. Hələ o zaman xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin yaradılması üçün dostluq və mədəni əlaqələr cəmiyyətləri, "Vətən" cəmiyyəti fəaliyyət göstərirdi. Bu işlər hələ o dövrdə də Heydər Əliyevin diqqətində olmuşdur. Azərbaycançılıq ideyasının Azərbaycan xalqına çatdırılması Heydər Əliyevin fəaliyyətində həlledici yerlərdən birini tutmuşdur.

Azərbaycançılıq ideyası bu gün də Azərbaycan xalqının diqqət mərkəzindədir və Prezident İlham Əliyev Azərbaycan xalqının azərbaycançılıq ideyası ətrafında güclənməsi, birləşməsi yönümündə çoxşaxəli və geniş fəaliyyət göstərir.

Bu gün azərbaycançılıq dünyada olan 50 milyon azərbaycanlını vahid ideya çətiri ətrafında birləşdirir. Hələ 1992-ci ildə YAP-ın proqramı qəbul edilərkən Heydər Əliyev azərbaycançılığı birinci məram kimi göstərdi. Azərbaycançılıq bu gün bütün dünya azərbaycanlılarının, Azərbaycanda yaşayan bütün xalqların və Azərbaycan dövlətinin söykəndiyi təməl prinsipidir. Bu məsələ ilə bağlı danışarkən Prezident İlham Əliyev demişdir: "Azərbaycan ölkədə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir. Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar".

Azərbaycan dövlətinin təməl prinsiplərindən biri də varislik, yaradıcı təkamül prinsipidir. Bu prinsip Azərbaycan xalqının söykənəcəyi mühüm prinsip kimi qeyd olunur və göstərilir ki, bizim yeni cəmiyyət quruculuğunda əsas vəzifələrimizdən biri keçmişimizdən ibrət dərsi almaqla cəmiyyətimizi irəli aparmaqdır. Varislik Azərbaycan xalqının əvvəlki tarixi dövrlərdə əldə etdiyi nailiyyətləri öyrənmək, prinsipial olaraq əldə edilənləri gələcək nəsillərə ötürməkdir. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsidir. Varislik mexaniki deyil, yaradıcı şəkildə, təkamül yolu ilə, inkarı inkar, yəni fəlsəfənin qanunları əsasında baş verir. Bu yaradıcı varislik nəticəsində biz bu gün ümummilli liderimizin yaratmış olduğu təməl üzərində Azərbaycanı irəliyə aparmaqdayıq. Dövlət canlı orqanizm kimi inkişaf edir. Dövlət inkişaf etdikcə cəmiyyət də buna paralel olaraq inkişaf edir. Təbii ki, bizim qədimdən bu yana əldə etdiyimiz nailiyyətləri toplamaq, araşdırmaq və bunu həm tarixi nöqteyi-nəzərdən, həm də dövlətçilik baxımından cəmiyyətə çatdırmaq vacibdir. Bu baxımdan varislik çox mühüm əhəmiyyət kəsb edir. Bizim milli-mənəvi dəyərlərimiz, özünəməxsusluğumuz var. Xalqın özünəməxsusluğunu qorumadan, bu özünəməxsusluğa söykənmədən onun milli-mədəni inkişafına nail olmaq mümkün deyildir. Xalqın özünüməxsusluğundan uzaqlaşsan, o zaman kosmopolitizmə yuvarlanacaqsan. Amma dünyamızın inkişaf xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Bu gün dünyamızda qloballaşma prosesləri gedir. Qloballaşma iqtisadi cəhətdən dövlətlərin bir-birinə daha sıx yaxınlaşması, informasiya mübadiləsinin sürətlənməsi, qlobal miqyaslı problemlərin dünya miqyasında həllində dövlətlərin əməkdaşlığı deməkdir. Qloballaşma milli mədəniyyətlərin aradan çıxması, milli-mənəvi dəyərlərin arxa plana keçməsi demək deyil. Bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi qurumlardakı fəaliyyətimiz, həmçinin bir çox dövlətlərlə ikitərəfli münasibətlərimiz Azərbaycanı dünyaya qovuşdurur, inteqrasiyasına təkan verir. Amma, dünyaya qovuşmaq Azərbaycan xalqının özünəməxsusluğuna zərər vurmamalıdır. Ona görə də Azərbaycan xalqının əldə etdiyi nailiyyətlər varislik, yaradıcı təkamül prinsipinə uyğun olaraq yaradıcı şəkildə inkişaf etdirilərək gələcək nəsillərə ötürülməlidir. Milli özünəməxsusluq məsələsi Prezident İlham Əliyevin siyasətində önəmli yer tutur. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yeni dövrə uyğun olaraq inkişaf etdirilməsi, xarici siyasətimizdə islam ölkələri və türk dünyası ilə münasibətlərimizin özəlliyi və digər bu kimi istiqamətlər diqqəti cəlb edir.

Vətəndaş həmrəyliyi ümummilli liderimizin müəyyən etdiyi prinsiplərdən biridir. Vətəndaş həmrəyliyi Azərbaycan cəmiyyəti üçün olduqca vacib prinsiplərdəndir. Çünki cəmiyyətdə sabitliyə nail olmasaq, demokratik dəyərlərə söykənməsək, xalqın milli-mənəvi dəyərlərinə, mentalitetinə uyğun fəaliyyətimizi həyata keçirməsək, inkişafa nail ola bilmərik. Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyi xalqımızı daxildən birliyə çağıran məsələdir. Vətəndaş həmrəyliyi həm də azərbaycançılıq ideyası əsasında birləşmək deməkdir. Vətəndaş həmrəyliyinə Azərbaycanda faktiki surətdə nail olunub. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olunmuşdur. Amma bu, mövcud prinsiplərdən biri kimi qalmalıdır. Heç kəs vətəndaş həmrəyliyinin pozulmasına gətirib çıxaran hərəkətlərə yol verməməlidir. Vətəndaş həmrəyliyinin pozulması, vətəndaş qarşıdurmasının yaranması Azərbaycan cəmiyyəti üçün təhlükələrə gətirib çıxara bilər. Tarixi təcrübəmizdən ibrət götürməliyik. 1991-1993-cü illərdə Azərbaycan cəmiyyətində vətəndaş həmrəyliyinin pozulması, daxili dartışmalar, qarşıdurmalar, silahlı münaqişələr və s. nəticə etibarilə Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsinə gətirib çıxardı. Yəni vətəndaş həmrəyliyinin pozulması vətən, dövlət və xalq üçün təhlükədir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş həmrəyliyinin bərpa olunması istiqamətində ciddi addımların atılması ilə müşayiət olundu və Azərbaycanda vətəndaş həmrəyliyi, vətəndaş sülhü bərqərar edildi. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan dövlətinin Heydər Əliyev prinsiplərinə söykənən qanunçuluğu meydana gəldi və həmin Konstitusiya eyni zamanda vətəndaş sülhünün hüquqi baxımdan təminatını həyata keçirdi. Konstitusiya, eyni zamanda dövlətçilik prinsiplərini, azərbaycançılığı özündə birləşdirdi. Vətəndaş sülhü Heydər Əliyevin müəyyən etdiyi mühüm bir prinsip kimi Azərbaycan vətəndaşlarının daimi nəzərindədir və gələcəkdə daha da inkişaf etdirilməlidir.

Azərbaycan dövlətinin digər bir təməl prinsipi sosial ədalətdir. Cəmiyyətdə ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Ədalətlilik prinsipi bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə də özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli bir prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir. Sosial ədalət dedikdə hər bir ailənin, hər bir vətəndaşın rifahının yaxşılaşdırılması, cəmiyyətin idarəçiliyində hər kəsin iştirakının təmin edilməsi, azad iqtisadi münasibətlərin təminatı və bu kimi digər məsələlər nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində bunlar açıq şəkildə özünü biruzə verir. Prezident İlham Əliyev deyir: "Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bizim məqsədimiz Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaq, çoxlu sosial problemlərin həllində inkişaf etməkdədir".

Cəmiyyətimizin söykəndiyi ideoloji prinsiplər sırasında respublika idarə üsulu, Azərbaycanın idarəçiliyində xalqın iştirakı da əsas rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Konstitusiyasında ən mühüm müddəa "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" tezisidir. Xalqın hakimiyyətin mənbəyi olması prinsipi respublika idarə üsulunun ən bariz nümunəsidir.

Ulu öndərimizin irəli sürdüyü əsas prinsiplər sırasında demokratiya da önəmli yerlərdən birini tutur. Demokratik dəyərlərə sədaqət Azərbaycan cəmiyyəti üçün əsas prinsiplərdən biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratik dəyərlərə söykəndiyini və demokratiyaya daim sadiq olduğunu həmişə xüsusi olaraq vurğulayırdı. O həmişə qeyd edirdi ki, dövlətin inkişafı milli sərvətlərlə ölçülmür. Dövlət zəngin sərvətlərə malik ola bilər. Lakin dövlət əgər həmin sərvətlərə malik olub demokratik dəyərlərə söykənməsə, onun inkişafı müvəqqəti xarakter daşıyacaq. Dövlət o zaman inkişaf edə bilir ki, demokratik dəyərlərə söykənir. Bu barədə Prezident İlham Əliyev çox doğru olaraq deyib: "Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir».

Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji prinsiplər isə Azərbaycan dövləti və bütün azərbaycanlılar üçün vahid bir prinsipdir. Siyasi əqidəsindən, dünyagörüşündən, fəaliyyətindən, partiyalılığından asılı olmayaraq Heydər Əliyev irsi, Heydər Əliyev yolu, Heydər Əliyevin müəyyən etdiyi prinsiplər hamı üçün eynidir. Bu prinsiplərin özü də zaman-zaman yaradıcı təkamül yolu ilə, varislik yolu ilə gələcək nəsillərə ötürülür və keyfiyyətcə yeniləşir. Bu prinsiplər, əslində, Azərbaycan Konstitusiyasının, qanunlarımızın istiqamətlərini müəyyən edir və milli-mənəvi dəyərlərə söykəndiyi, dövlətimizi, xalqımızı irəliyə apardığı üçün hər kəs tərəfindən qəbul edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətt, sosial-iqtisadi sahədə əldə etdiyimiz uğurlar və s. yaradıcı yolla inkişaf etdirilir və bu, Heydər Əliyev ideyalarının inkişaf etdirilməsi deməkdir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik prinsiplərinə əsaslanmaqla Prezident İlham Əliyevin həyata keçirdiyi əsas məqsəd milli dövlətçiliyin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir. Ölkənin keçmiş iqtisadi gücünü və siyasi sabitliyi bərpa etmək, Yeni Dünya Nizamı çərçivəsində ölkənin regional və qlobal proseslərdə fəal iştirakını təmin etmək, xarici siyasətdə müdafiə konsepsiyasından hücum konsepsiyasına keçmək, ölkə üçün əhəmiyyətli olan bir sıra məsələlərə və problemlərə beynəlxalq təşkilatların biganə münasibətini aradan qaldırmaq lazım idi. Son illərdə bu yöndə əldə edilmiş uğurlar hamıya məlumdur.

Yuxarıda qeyd olunan ideoloji prinsiplərə söykənərək Azərbaycan xalqı gələcəyə doğru inamla addımlayır, dövlətimiz inkişaf edir. Heç bir qüvvə ümummilli prinsiplərə zidd getməməlidir. Azərbaycanda hansı dövr, hansı hakimiyyət olursa-olsun, Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərdən kənarlaşmaq qeyri-mümkündür. Bu prinsiplər xalqımızın milli ideyasını təşkil edir. Heydər Əliyevin müəyyən etdiyi milli ideya Azərbaycan dövlətçiliyinin əsaslarıdır. Bu milli ideya ətrafında Azərbaycan xalqı gələcəyə doğru gedir, inkişaf edir. Milli ideya Azərbaycan xalqı üçün daimidir və Azərbaycanın daxili və xarici siyasətini müəyyənləşdirmək, iqtisadi inkişafını təmin etmək baxımından olduqca vacibdir.

Heydər Əliyevin müəyyən etdiyi milli ideyanı həyata keçirməyə və qorumağa qadir siyasi lider - Prezident İlham Əliyev və onu dəstəkləyən Azərbaycan xalqı vardır.

 

Mübariz QURBANLI, Milli Məclisin deputatı, YAP icra katibinin müavini

 

Xalq qəzeti.- 2011.- 3 dekabr.- S. 3.