Tar yaşadıqca, onu yaşadan sənətkarı da yaşadır

 

Azərbaycan xalq çalğı alətləri sırasında böyük təkamül dövrü keçmiş musiqi alətlərimizdən biri də tardır. XIX əsrin ustad tarzəni Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) tərəfindən bu alətdə edilmiş müəyyən dəyişikliklər tarın texniki imkanlarını xeyli zənginləşdirsə də sonralar dahi bəstəkarımız Üzeyir Hacıbəyov tarın əsas pərdələrini Avropa klassik səs düzümünə məxsus tonlara uyğunlaşdıraraq onun not ilə çalınmasına nail olmuşdur. Məhz bu islahatlar sayəsində Azərbaycan tarında dünya klassik musiqi xəzinəsinə məxsus əsərləri ifa etməyə imkan yaranmışdır. Belə novator, tar ifaçılığında öz sözünü demiş sənətkarlardan biri də respublikanın əməkdar artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq namizədi Həmid Vəkilovdur.

 

1949-cu ildə Bakının Binəqədi kəndində ziyalı ailəsində dünyaya göz açmış Həmid Vəkilov erkən yaşlarından musiqiyə maraq göstərmişdir. Həmidin musiqiyə həvəsini görən valideynləri səkkiz yaşında ikən onu rayonun pionerlər evinin tar dərnəyinə yazdırır. İlk gündən istedad və çalışqanlığı ilə həmyaşıdlarından seçilən balaca Həmid müəllimləri Əlağa Mövsümov və Azər Rzaquliyevin dərin rəğbətini qazanaraq onların bütün tapşırıqlarını səylə yerinə yetirməyə çalışır, oxuduğu məktəbin, eləcə də pionerlər sarayının əksər tədbirlərində uğurla çıxış edir. İllər ötdükcə tar sənətinə daha çox bağlanır. bu istəklə də o, 1962-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Əhsən Dadaşov, Sərvər İbrahimov, Rəhilə Kərimova kimi ustad tarzənlərdən tar sənətinin incəliklərini, klassik musiqi xəzinəsindən olan əsərləri, eləcə də ulu muğam sənətinin nümunələrini həvəslə öyrənir.

Respublikanın bir çox tanınmış sənət adamlarının dərs dediyi bu məktəb gənc tarzənin həyatında çox mühüm rol oynayır. Vaxtilə tarda edilmiş dəyişikliklərin yetərincə olmadığını, məhz bu səbəbdən də 1966-cı ildə məktəbin son sinfində oxuyarkən F.Mendelsonun "Skripka ilə orkestr üçün konsert"iniP.Sarasatenin "Qaraçı havaları"nı imtahanda çalmasını qərarlaşdırsa da, çalışma əsnasında 3-4-cü aktavaların passajlarının orijinalda olduğu kimi çalınmasının mümkünsüzlüyünü görür. Müxtəlif dövrlərdə tarda edilmiş dəyişikliklərin hələ də yetərincə olmadığını anlayır. Vəziyyətdən çıxış yolunu alətin daha da təkmilləşdirilməsində görür, bunu həyata keçirmək üçün düşünüb yollar axtarır. İlk növbədə yalnız muğam ifaçılığında əsasən tonu dolğunlaşdırmaq məqsədi daşıyan ən qalın bəm simi digər simlər səviyyəsinə endirməklə onu fəal simə çevirir. Digər tərəfdən tarın qolunu 2-3 mm enliləşdirməklə istədiyi nəticəni almağa müvəffəq olur. Beləliklə, tarın diapozonu aşağı registrə doğru xalis kvarta həcmində artmış olur. Bu da ona imkan verir ki, 1967-ci ildə buraxılış imtahanında ilk dəfə olaraq həmin əsərələri orjinalda olduğu kimi, eynilə ifa edə bilsin.

Gənc tarzənin bu yeniliyi muğam ifaçılığında da öz müsbət əksini tapır. Həmid Vəkilovun bu uğurlu çıxışı musiqi ictimaiyyətində geniş əks-səda doğurur. Onun bacarıq və istedadına böyük rəğbət yaranır. Özünəməxsus ifaçılıq tərzinə malik olan Həmid Vəkilov klassik muğamları, eləcə də bəstəkar əsərlərini, tar üçün yazılmış klassik əsərləri bacarıqla ifa edir. On beş yaşından başlayaraq müxtəlif musiqi kollektivlərində solist kimi çıxış etməyə başlayır.

Sənət aləmində günü-gündən püxtələşən Həmid Vəkilov ali təhsil almağı da unutmur. 1967-ci ildə sənədlərini Üzeyir Hacıbəyov adına Konservatoriyaya verib, 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirərək - solist ifaçı, xalq çalğı alətləri orkestrinin rəhbəritar müəllimi ixtisaslarına yiyələnir. Tələbəykən yüksək ifaçılıq, sənətkarlıq tələb edən klassik muğamları, eləcə də iri həcmli mürəkkəb əsərləri, rus və qərb bəstəkarlarının tar üçün yazılmış pyeslərini ustalıqla ifa etməyə çalışır. Onun uğurlarını şərtləndirən əsas amillər istedad, əməksevərlik, kamil not savadına malik olmasıdır. Məhz bu səbəbdən də 1978-ci ildə Konservatoriya rəhbərliyi onu tar fənnindən dərs demək üçün işə dəvət edir. Çox qısa vaxtda o Konservatoriyanın xalq çalğı alətləri kafedrasının aparıcı müəllimi kimi irəli çəkilir. Ölkənin mədəni həyatında, ümumittifaq və beynəlxalq müsabiqələrdə fəal iştirak edir. Respublikanın bir çox ustad xanəndələrini - Əbülfət Əliyev, Canəli Əkbərov, Arif Babayev, Səkinə İsmayılova, Baba Mahmudoğlu, Zaur Rzayev, Qəndab Quliyeva və digərlərini müşayiət etməklə dünyanın bir çox ölkələrində qastrol səfərlərində olurmilli musiqimizi, ulu muğam sənətimizi layiqincə təmsil edir.

Gənc tarzənin uğurlu çıxışlarından birionun 1979-cu ildə Leninqradda keçirilən estrada artistlərinin VI ümumittifaq müsabiqəsindəki çıxışı olur. Keçmiş ittifaqın 100-dən artıq estrada artistinin iştirak etdiyi bu müsabiqədə respublikamızı təmsil edən gənc tarzən böyük uğur qazanır. SSRİ xalq artistləri Arkadi Raykin, Yuri Silantyev, bəstəkarlar Mark Fradkin, Oskar Feltsman və başqalarından ibarət münsiflər heyəti Həmid Vəkilovun ifasında səslənən "Əraq", "Çahargah" və "Orta Mahur" muğamlarına, eləcə də eyni ustalıqla ifa etdiyi D.Şostakoviçin - "Romansı"nı, Asəf Zeynallının "Muğamsayağı", qədim rus mahnıları əsasındakı variasiyaları yüksək peşəkarlıqla ifa etməsini yüksək qiymətləndirirlər. Bu repertuar bir tərəfdən onun maraq dairəsinin geniş olmasını, məharət və hazırlığını, digər tərəfdən də tarın imkanlarının genişliyini tamaşaçılara aydın göstərir. Həmidin bu virtuoz ifası münsiflər heyəti və tamaşaçılar tərəfindən hərarətlə, sürəkli alqışlarla qarşılanır. Klassik muğam ifaçılığı təcrübəsinə dərindən yiyələndiyi, xalqımızın muğamlardakı bədii duyum xüsusiyyətlərini yeni orijinal boyalarla dinləyicilərə aşıladığı üçün Həmid Vəkilov doğma respublikamıza münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin qalibi diplomu, fəxri fərman və təşəkkürnamələrilə qayıdır. Müsabiqədən sonra keçmiş SSRİ-nin çox nüfuzlu "İzvestiya" və "Komsomolskaya pravda" qəzetlərinə müsahibə verən münsiflər heyətinin sədri, SSRİ xalq artisti A.Raykin Həmid Vəkilovun ünvanına xoş sözlər deyərək ifasını çox yüksək qiymətləndirməklə Azərbaycan estradasının böyük ehtiyat qüvvəsinə malik olduğunu qeyd edir. Məşhur sovet bəstəkarı Mark Fradkin isə münsiflər heyətinin yekdil rəyini ümumiləşdirərək - "Azərbaycan bu müsabiqədə bir nəfərlə təmsil olunsa da, Həmid Vəkilovun öz bənzərsiz ifası ilə əsl sənət nümunəsi göstərdiyini xüsusi vurğulayır.

Milli musiqimizdə öz orijinal dəst-xətti ilə seçilən Həmid Vəkilov ifa zamanı tarı ilk dəfə ayaq üstdə çalan sənətçi kimi də tanınıb. Azərbaycan müsiqisinin yorulmaz təbliğatçısı olan Həmid Vəkilov 1987-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülür. Hər zaman igid döyüşçülərimiz qarşısında çıxış etməklə onlara mənəvi dayaq olmağa çalışır. Böyük konsert salonlarını hərbi hospitallar, cəbhə bölgələri əvəz edir. Vətəni qoruyan döyüşçülər arasında onu öz sevimli tarı ilə tez-tez görmək olur. 1992-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi Ankara Gözəl Sənətlər İdarəsi onu Ankara Dövlət Türk xorunda çalışmaq üçün qardaş ölkəyə dəvət edir. Çox qısa müddət ərzində Türkiyə tamaşaçılarının və kollektivin dərin rəğbətini qazanır. Artıq solist kimi müstəqil konsertlər verməyə başlayır. Və uzman sənətçi - yəni ustad sənətçi kimi ad qazanaraq gənc ifaçılara dəyərli məsləhətlər verir.

Bu gün Azərbaycan radiosunun fondunda tanınmış sənətçinin ifasında bəstəkar Zakir Bağırovun məhz Həmid Vəkilovun ifası üçün yazdığı "Tar üçün konserti", C.Cahangirovun "Rondo", Tofiq Quliyevin "Qızıl üzük", Niyazinin "Arzu", eləcə də digər muğamxalq havaları hörmətlə qorunub saxlanır. Bir neçə il bundan öncə işıq üzü görmüş Həmid Vəkilovun "Tarda dünya musiqisi" adlı diski sənətsevər dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Diskə Azərbaycan və xarici ölkə bəstəkarlarının tar üçün yazılmış əsərləri, xalq mahnıları və muğamlar daxil edilmişdir.

Azərbaycan Milli Konservatoriyasının dosenti, respublikanın əməkdar artisti Həmid Vəkilov yenilikçi, novator tarzən kimi də şöhrət qazanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Azərbaycan Milli Konservatoriyası 2007-ci ildə Həmid Vəkilovun - "Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər" metodik dərs vəsaitini nəşr edib. Dərs vəsaitinə Həmid Vəkilovun bir sıra yenilikləri, o cümlədən tarın diapazonunun 2,5 oktavadan 4 oktavaya qədər genişləndirilməsi, kəllə hissəsinin təkmilləşdirilməsi, yeni çalğı üsulunun ixtirası, polifonik ifa, caz əsərlərinin çalınması, adət etmədiyimiz akkord və çalarların əmələ gətirdiyi tam yeni səslənmə və digər yenilikləri daxil edilmişdir.

Müxtəlif dövrlərdə ustad sənətkarlarımız tarda müəyyən qədər dəyişikliklər etsələr də, ifaçılıq həyatında bu ixtiralar, demək olar ki, bir o qədər yer ala bilmədi. Təəssüflər olsun ki, bu yeniliklərin tətbiqinin incəsənətimizə nə kimi fayda verəcəyinin fərqinə varmadıq - deyə Həmid Vəkilov mövqeyini bildirdi.

Bu gün müasir estrada, xalq çalğı alətləri orkestri və ansambllarında ulu muğam sənətimizdə tarın nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini, dünya musiqi alətləri sırasında nə kimi nüfuza malik olduğunu açıqlamağa ehtiyac yoxdur. Lakin bir həqiqəti də unutmaq olmaz ki, bütün bu yeniliklər, ixtiralar dünən Mirzə Sadiq, Üzeyir bəy tərəfindən olub, bu gün bu yolu Həmid Vəkilov davam etdirir. Çox güman ki, sabah bir başqası davam etdirəcək. Zaman dəyişdikcə musiqi alətlərimiz, o cümlədən sevimli tarımız da təkamül dövrünü keçəcəkdir. Bu labüddür. Lakinolursa-olsun, təki bütün bu yeniliklər tarın saflığına, incəliyinə, ruhumuzu oxşayan ilahi səsinə xələl gətirməsin. Yalnız o zaman tar yaşayar, yaşadıqca da onu yaşadanların, sevənlərin başın uca edər.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 8.