90 illik yubileyin
işığında
ADPU-nun fizika
fakültəsi ölkəmizdə elm və
təhsilin inkişafına mühüm
töhfələr vermişdir
1921-ci ilin noyabrında 6 tələbə,
2 müəllimlə fəaliyyətə başlayan
ADPU-da, çox
keçmədən tələbə və müəllimlərin
sayı artmış, təhsil ocağı fəaliyyətini
3 şöbədə davam etdirmişdir.
Ötən 90 ildə böyük inkişaf yolu keçən universitetimiz ölkəmiz üçün zəruri olan elmi və pedaqoji kadrlar yetişdirmişdir. Digər tərəfdən bu gün fəaliyyət göstərən bir sıra institut və universitetlər onun bazasında və kadrlarının köməyilə yaranmışdır. Pedaqoji universitetdə tədris prosesinin qoyuluşu və onun inkişaf istiqamətləri daim Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını xüsusi qeyd etmək lazımdır. Ulu öndər 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə bir neçə dəfə universitetimizə gəlmiş, professor-müəllim heyəti ilə görüşmüş, təhsilin konseptual problemləri barədə çıxış etmiş və kollektiv qarşısında aktual vəzifələr qoymuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin bütün sahələrdə həyata keçirdiyi dövlət siyasəti, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsildə mütərəqqi və müasir metodlardan istifadə olunur.
ADPU da müstəqillik illərində yüksək sürətlə inkişaf etməyə başlamışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinə 2006-cı ildən başlayaraq AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədovun rəhbərlik etməsi ilə islahatlar dövrünün əsası qoyulmuşdur. Bu dövrdə ölkəmizdə bütövlükdə təhsil sisteminin qloballaşan dünyanın tələblərinə uyğunlaşması prosesi gedir. Bu baxımdan Boloniya sisteminə qoşulan universitetimizdə bütün fakültələr kredit təhsil sisteminə keçmiş və tədris planları yenilənmişdir. Tədris prosesinin bütün mərhələlərində yeni təlim texnologiyalarının tətbiq olunmasına başlanılmışdır. İmtahan prosesinin obyektiv, çevik və şəffaflığını təmin edən kompyuter mərkəzi və bütün fənlər üzrə test bankı yaradılmışdır. Ayrı-ayrı fənlərin tədrisində İKT-nin geniş tətbiqinə imkan yaratmaq üçün kafedralar və laboratoriyalar kompyuterlərlə təchiz olunmağa başlanmışdır.
ADPU-nun aparıcı fakültələrindən biri də fizika fakültəsidir. İnstitut yaradılan gündən fizika-riyaziyyat adı ilə fəaliyyətə başlamış fakültə 1968-1969-cu tədris ilində iki müstəqil fakültəyə - fizika və riyaziyyat fakültəsinə ayrılmışdır. Fizika fakültəsinə müxtəlif illərdə dosent T.Xasməmmədov (1968-1971), dosent Ə.Əhmədov (1971-1975), professor Ə.Kərimov (1978-1981), professor K.Hüseynov (1981-1984), dosent M.Əliyev (1984-1987), professor M.Eyvazov (1988-1989), professor İ.Cəfərov (1985-1995) rəhbərlik etmişlər. 1996-cı ildən indiyə qədər fakültəyə professor M.Murquzov başçılıq edir.
Fizika fakültəsində 7 elmlər doktoru, 46 elmlər namizədi, onlarla aspirant, dissertant və magistr tərəfindən bərk cisimlər fizikası, yarımkeçiricilər və dielektriklər fizikası, mayelər və istilik fizikası, elementar zərrəciklər və nüvə fizikası, kristalloqrafiya, astrofizika və fizikanın tədrisi metodikasının müasir problemləri sahəsində tədqiqat işləri aparılır.
Fakültə müstəqil fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 3000-dən çox yüksək ixtisaslı kadr hazırlanmış, onlardan 100-ə yaxın məzun respublikanın müxtəlif ali məktəblərində və AMEA-nın elmi-tədqiqat institutlarında elmlər doktoru və elmlər namizədi kimi fəaliyyət göstərir.
Hazırda fakültədə 350 nəfər bakalavr və 56 nəfər magistr təhsil alır. Tələbələrimiz yaxşı oxumaqla yanaşı, tələbə elmi cəmiyyətində, respublika olimpiadalarında iştirak edirlər. Dünya olimpiadalarına yüksək səviyyədə hazırlaşmaq üçün şagirdlər burada hazırlıq keçirlər. İlk dəfə olaraq ADPU-da yeni informasiya texnologiyaları bir fənn kimi tədris edilir. Fakültə bir sıra elm və təhsil ocaqları - MDU, MDPU, Ukrayna EA-nın Materialşünaslıq Problemləri İnstitutu, Ankara Hacəttəpə Universiteti, İstanbul Universiteti, AMEA-nın fizika, kimya və radioasiya problemləri institutları və BDU ilə əməkdaşlıq edir. Fakültədə 4 kafedra - mexanika və molekulyar fizika, elektrik və optika, nəzəri fizika və astronomiya, fizikanın tədrisi metodikası və bir elmi-tədqiqat problem laboratoriyası fəaliyyət göstərir.
Mexanika və molekulyar fizika kafedrası institut yarandığı gündən fəaliyyət göstərir. Kafedranın ilk müdiri Rəhimbəy Məlikovun 15 illik fəaliyyəti dövründə burada tədris və elmi-tədqiqat işləri tədricən lazımi səviyyəyə çatdırılmışdır. R.Məlikov ali məktəb tələbələri üçün Azərbaycan dilində fizika üzrə dərsliklərin hazırlanmasında böyük xidmətlər göstərmişdir. R.Məlikovun vəfatından sonra A.Abbaszadənin (1938-1969) rəhbərliyi altında kafedrada iki istiqamətdə - fizikanın tədrisi metodikası və maddələrin istilik-fiziki xassələrinin tədqiqi sahəsində xeyli iş görülmüşdür. Professor A.Abbaszadə uzun müddət - 20 ildən çox fizika fakültəsinin dekanı işləmiş, yüksək ixtisaslı müəllimlərin hazırlanmasında böyük zəhmət sərf etmişdir. O, bu gün də elmi əhəmiyyətini itirməyən "İstilikkeçirmə", "Termodinamika" və "Molekulyar fizika" kitablarının müəllifidir. A.Abbaszadədən sonra kafedraya dosent A. Qılmanov, professor Ə.Kərimov, professor Ə.Rüstəmov, professor A.Bəşirov, dosent Ə.Əhmədov rəhbərlik etmişlər. Hazırda professor E.Eyvazovun rəhbərlik etdiyi kafedradanın nəzdində mexanika, molekulyar, fizika, xüsusi praktikum, mayelərin istilik-fiziki xassəsinin tədqiqi, bərk cisimlər fizikası, tədris laboratoriyaları fəaliyyət göstərir. Kafedrada 11 əməkdaş çalışır - onlardan 2 nəfər elmlər doktoru, 7 nəfər elmlər namizədi, dosentdir. Kafedra əməkdaşlarının ümumilikdə xeyli sayda elmi və elmi-metodik əsərləri çap olunmuşdur.
Elektrik və optika kafedrası 1976-cı ildən fəaliyyət göstərir. Kafedraya 1982-ci ilə qədər dosent A.Məmmədov və professor K.Məmmədov, 1982-ci ildən hazırkı dövrə qədər professor Mirzəli Murquzov rəhbərlik edir. Kafedranın inkişafında professor K.Məmmədov, professor Ə.Rüstəmov, professor M.Əliyev, professor B.Haqverdiyev, dosent M. Xəlilov, V.Nağıyev, V.Yusifov və başqalarının xüsusi xidmətləri olmuşdur. Kafedranın nəzdində 5 tədris laboratoriyası - elektrik və maqnetizm, optika, atom və nüvə fizikası, yarımkeçiricilər, rentgenquruluş təhlil və problem laboratoriyası fəaliyyət göstərir. Hazırda kafedrada 14 nəfər əməkdaş çalışır və onların səmərəli fəaliyyəti nəticəsində çoxlu sayda dərs vəsaitləri hazırlanaraq tələbələrin istifadəsinə verilmişdir.
1989-cu ildə elektrik və optika kafedrasının bazasında tətbiq xarakterli tədqiqat işlərini tənzimləmək, professor-müəllim heyəti və tələbələri elmi işə cəlb etmək məqsədi ilə nadir torpaq metalları materialları fizikası problem laboratoriyası yaradılmışdır. Laboratoriyada nadir metalların iştirakı ilə yeni materialların alınması, onların fiziki-kimyəvi xassələrinin formalaşmasının elektron təbiəti üzrə elmi-tədqiqat işi aparılır. 120-dən çox yeni yarımkeçirici material alınmış və onların kompleks fiziki-kimyəvi xassələri öyrənilmişdir. Bu sahə ilə bağlı 5 monoqrafiya və 100-dən çox məqalə xarici mətbuatda nəşr edilmiş, beynəlxalq konfranslarda məruzə edilmişdir.
Nəzəri fizika kafedrası 1977-ci ildə yaradılmışdır. Kafedra bakalavr təhsil pilləsində ümumi nəzəri fizika (klassik mexanika, elektrodinamika, kvant mexanikası, statistik fizika və termodinamika, elementar zərrəciklər fizikası), həmçinin riyazi fizika, astronomiya, və astrofizika fənləri üzrə, magistr təhsil pilləsində isə nəzəri və riyazi fizika ixtisasına müvafiq xüsusi fənlər üzrə təhsil həyata keçirir. Kafedraya müxtəlif vaxtlarda dosent R.Yəhyayev, professor Q.Səfərəliyev və dosent Y. Qasımzadə rəhbərlik etmişlər. 1996-cı ildən kafedraya professor İ.Cəfərov başçılıq edir. Kafedra əməkdaşları bir sıra dərslik, dərs vəsaitləri və elmi-kütləvi kitablar nəşr etdirmişlər.
Fizikanın tədrisi metodikası kafedrası ilk dəfə 1946-cı ildə fizika-riyaziyyat fakültəsinin nəzdində "Fizika və riyaziyyatın tədrisi metodikası" adı ilə fəaliyyətə başlamışdır. Azərbaycanda fizika metodikasının yaranması və inkişafında xüsusi yeri olan ADPU-da ilk fizika kabineti 1923-cü ildə Rəhim bəy Məlikovun təşəbbüsü və rəhbərliyi ilə yaranmışdır. Həmin kabinet fizikadan məktəb eksperimentinin nümayişinə və universitetin nəzdində A.Şaiq adına nümunəvi orta məktəbdə ADPU tələbələrinin praktikasına xidmət edirdi.
1955-ci ildən fizikanın tədrisi metodikası müstəqil fəaliyyətə başlayır (B.Şəfizadə 1970-ci ilə qədər həmin kafedraya rəhbərlik etmişdir). Həmin dövrlərdə kafedrada tədris, məktəb eksperimenti və təlimin texniki vasitələri laboratoriyaları yaradılmışdır. Kafedrada müəllim kadrlar ilə yanaşı, yüksək ixtisaslı metodist alimlərin hazırlanmasına da diqqət artırılmışdır. 1971-1973-cü illərdə kafedraya T.Xasməmmədov, 1975-2002-cü illərdə S.İmanov, 2003-cü ildə Z. Hacıyeva rəhbərlik etmişlər.
Həmin illərdə "Ali və orta məktəblərdə fizikanın tədrisi metodikasının aktual problemləri" istiqamətində araşdırmalar genişləndirilmiş, məktəb eksperimentinin aparılma metodikası və texnikası, tələbələrin pedaqoji eksperimentinin keçirilməsinə dair metodik göstərişlər, fizikanın tədrisi metodikasının ümumi məsələlərinə dair elmi-metodik məqalə, dərs vəsaitləri nəşr olunmuşdur. 2004-cü ildən isə kafedraya dosent R.Abdurazaqov rəhbərlik edir. Bu dövrdə kafedrada iki yeni informasiya texnologiyaları laboratoriyası yaradılmış, dörd məktəb eksperimenti laboratoriyaları təmir olunaraq yenidən qurulmuş və avadanlıqlarla təmin edilmişdir.
Hazırda fakültənin kollektivi tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ADPU-nun rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin həlli üçün məqsədyönlü və səmərəli fəaliyyətini davam etdirir.
Mirzəli
MURQUZOV, fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru,
professor, əməkdar müəllim
Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 6.