Dünya maliyyə böhranı və Azərbaycan
iqtisadiyyatı
(əvvəli ötən
sayımızda)
Azərbaycan iqtisadiyyatının dünya maliyyə böhranına qarşı dura bilməsinin ikinci səbəbi bizim ölkənin dünya maliyyə bazarına xoşbəxtlikdən hələ qismən cəlb olunmasıdır. Nəhəng şirkətlərimiz o qədər də tanınmayıblar və bu səbəbdən qərb birjalarında alqı-satqı ilə məşğul deyillər. Respublikanın maliyyə sistemi və sənayesi xarici banklardan böyük həcmli borclar götürmədən də keçinirlər. Bu da şübhəsiz onu göstərir ki, kreditlərin bahalaşması və qlobal maliyyə böhranında ümumi inamsızlıq Azərbaycan iqtisadiyyatının gələcək inkişafına elə də əhəmiyyətli təsir göstərə bilməz.
Bunlardan əlavə, 2008-ci ilin ortalarına qədər dünya bazarında neftə olan yüksək tələbat və yüksək qiymət ölkənin inkişaf strategiyasının müəllifi, Azərbaycanın dövlət başçısı İlham Əliyevə imkan verdi ki, böyük məbləğdə maliyyə vəsaitini Azərbaycan Dövlət Neft Fonduna cəmləyə bilsin. Məhz həmin ərəfədə, 2008-ci ilin sonuna yaxın ehtiyat büdcə fondumuz 11,8 milyard dollar təşkil edirdi ki, bundan da respublika hökuməti ölkə iqtisadiyyatının sabit tempdə qalması üçün səmərəli istifadə edirdi.
Unutmaq olmaz ki, Azərbaycan iqtisadiyyatının daha güclü klasterlərindən biri də maliyyə böhranından o qədər də asılı olmayan respublikanın nəqliyyat sektoru və tranzit potensialıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və ötən əsrin sonlarında həyata keçirilmiş ən iri transmilli layihələrdən olan "İpək yolu" nəqliyyat dəhlizi 1998-ci ildən başlayaraq Avropa-Qafqaz-Asiya ölkələri arasında yüklərin qarşılıqlı olaraq faydalı və təhlükəsiz ötürülməsi sahəsində regional nəqliyyat dəhlizləri ilə rəqabət aparan dəhlizə çevrilmişdir. Təkcə 2010-cu ildə dəhliz vasitəsilə 30,5 milyon ton yük, 85,6 milyon nəfər sərnişin daşınmışdır. 20 il ərzində gəmiçiliyin nəqliyyat donanması üçün yükgötürmə qabiliyyəti 99,5 min ton olan 9 yük və 2 sərnişin gəmisi alınmışdır.
Ümummilli lider Heydər Əliyevin şah əsərlərindən olan və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə, istismara verildiyi gündən başlayaraq son vaxtlara qədər 145,6 milyon ton neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə 16,3 milyard kubmetr qaz ixrac edilmişdir ki, bu da Avropada enerji təhlükəsizliyinin təmin olunmasına öz layiqli töhfəsini vermişdir.
Bu günün özündə belə Azərbaycanın ərazisi və infrastrukturu vasitəsilə ildə 10-12 milyon ton Qazaxıstan və Türkmənistan nefti daşınır. Sonrakı illərdə Qazaxıstanın BTC-yə qoşulması bu həcmin əhəmiyyətli dərəcədə artacağına şübhə yeri qoymur.
Aydın məsələdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatandan sonra bu həcmlər daha böyük rəqəmlərlə ifadə olunacaq. Digər tərəfdən, "Şərq-Qərb" istiqamətilə bərabər "Şimal-Cənub" istiqamətində də nəqliyyat infrastrukturu tam gücü ilə genişlənməkdədir. İran-Bakı-Rusiya avtomobil yolunun ən yüksək standartlarla inşası bunu əyani şəkildə göstərir.
Dünya maliyyə sisteminin sarsıntılarına qarşı durmağımızın və bu kataklizmlərdən ziyansız ötüşməyimizin bir mühüm səbəbi də ötən illər ərzində milli bank sisteminin dinamik inkişafı və yeni səviyyədə qurulmasıdır. Ölkədə iqtisadiyyatın dinamik tempdə inkişafında əhəmiyyətli rol oynayan Milli Bank sistemində aparılan islahatlar dünya maliyyə böhranına qarşı dayanıqlığını göstərdi və ötən dövrlərdə inkişaf etmiş ölkələrin bir çox adlı-sanlı nüfuzlu banklarının müflisləşməsinə baxmayaraq, Azərbaycanda bir bank belə müflisləşmədi.
2010-cu ildə bank sisteminin aktivlərinin həcmi 6 milyard 520,9 milyon manat və ya 8 milyard 151,1 milyon ABŞ dolları olmuşdur ki, bu da respublikada istehsal edilən ÜDM-in 15,7 faizini təşkil edir. ÜDM-lə bank aktivlərinin təhlilləri göstərir ki, bu göstərici son illər pozitiv şəkildə artır. 1995-ci ildə bank aktivlərinin ÜDM-ə nisbəti 12,2 faiz olubsa 2010-cu ildə bu 25,3 faizə, iqtisadiyyata yönəldilmiş kreditlərin ÜDM-dəki çəkisi isə 13,6 faizdən 2010-cu ildə 22 faizə yüksəlmişdir ki, bunlar da bank sektorunun inkişafını aydın səciyyələndirir.
Ötən il ilk dəfə olaraq bankların kredit qoyuluşları bütövlükdə bank aktivlərini 1,4 dəfə üstələmişdir. Həmin il iqtisadiyyatın real sektoruna verilmiş kreditlərin həcmi 2000-ci illə müqayisədə 8 milyard 696,9 milyon manat və ya 20 dəfə artmışdır. Banklarımızın ümumi kredit portfelində uzunmüddətli kreditlərin həcmi son 10 ildə 452 dəfə artmışdır. Bu da onu göstərir ki, banklar daha çox real sektordakı investisiya xarakterli layihələrin maliyyələşdirilməsinə üstünlük vermişlər.
Bank sektorundakı Respublika hökumətinin islahatlarla yanaşı iqtisadi, maliyyə böhranını qabaqlayan tədbirləri də imkan verdi ki, beş ildə strateji valyuta ehtiyatları ikiqat artsın. Respublikanın strateji valyuta ehtiyatları isə Dövlət Neft Fondunun aktivləri və Milli Bankın valyuta ehtiyatlarıdır. 2010-cu ilin nəticələrinə görə onların həcmi 50 faiz artıb və hazırda 40 milyard dollar təşkil edir. Bunun 6,1 milyardı Milli Bankın valyuta ehtiyatlarıdır. Son üç ilə onlar 1 milyard dollar artaraq böhranaqədərki səviyyəsinə çatıb.
Mütəxəssislərin hesablamalarına və bütün dünyada qəbul olunmuş metodologiyaya görə, Azərbaycan iqtisadiyyatı üçün "təhlükəsizlik yastığı"nın adekvat həcmi minimum 2 milyard dollardır. Proqnozlar isə göstərir ki, 2015-ci ilə respublikanın ümumi strateji ehtiyatları ikiqat artaraq 60 milyard dollara çatacaq. 2011-ci ilin 9 aylıq yekunlarında göstərilən rəqəmlər bunun daha tez baş verəcəyinə əsas verir. Respublika Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, "bu ilin 9 ayında maliyyə vəziyyətimiz bütövlükdə xeyli dərəcədə yaxşılaşmışdır. Böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq, bu il ərzində bizim valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Doqquz ayda ehtiyatlarımız 11 milyard dollar həcmində artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox böyük bir göstəricidir".
Azərbaycanın bank sisteminin inkişafını göstərən digər bir göstərici də əhalinin yerli banklara etimadının artmasıdır. Dövlət Statistika Komitəsinin son məlumatlarından aydın görünür ki, 2011-ci ilin 8 ayı ərzində əhalinin banklardakı əmanətləri ikiqat artıb. 2011-ci il sentyabrın 1-nə olan məlumata görə əmanətlərin ümumi məbləği 3,6 milyard manat təşkil edir ki, bu da indiki məzənnə ilə 4,7 milyard ABŞ dollarına bərabərdir. Maraqlıdır ki, əmanətlərin 50,2 faizi milli valyuta ilə qoyulub. Bu da onu göstərir ki, əhali milli valyutamıza daha çox etibar edir.
Dünyanın iqtisadçı analitikləri belə hesab edirlər ki, Azərbaycan dövlətinin maliyyə sektorunun gələcəkdə iri miqyaslı layihələr üçün çox gözəl potensialı var. Maraqlıdır ki, ölkəmizin iqtisadi uğurlarına qısqanclıqla yanaşan şərhçilərdən fərqli olaraq, bu, analitiklər bu potensialı ilk növbədə ölkədə neft-qaz sənayesi sahələrinin sürətli inkişafı və daxili bazarda iqtisadi sabitliklə bağlayırlar.
Məqalənin əvvəlində qeyd etmişdik ki, Nyu-York Universitetinin tanınmış professoru, Nobel mükafatı laureatı Nuriel Rubini dünya ölkələrinin yaxın 2 ildə yeni iqtisadi kataklizmlərlə üzləşəcəyini xəbər verir. Onun bu proqnozunu apardığı iqtisadi təhlillərlə təsdiqləyən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı isə bu kataklizmlərin daha çox böyük dövlətlərə ziyan gətirəcəyini bildirsə də, heç də digər ölkələrin bundan itkisiz ötüşəcəyinə qərar vermək olmur. Deməli, oturub böhranın bəlalarını gözləmək yox, qabaqlayıcı tədbirlər görüb onu önləmək lazımdır. Sual oluna bilər ki, özünün inkişaf dövrünü yaşayan dünya maliyyə böhranının növbəti dalğasının qarşısını almaq üçün Azərbaycanda daha hansı tədbirlər həyata keçirilməlidir?
İlk növbədə Azərbaycan hökuməti qarşısında prioritet vəzifələrdən biri iqtisadiyyatın diversifikasiyasıdır. Əvvəldə də qeyd etdik ki, Azərbaycanda həyata keçirilən və uzun illərə hesablanmış iqtisadi inkişaf strategiyası ölkənin iqtisadi taleyini təkcə enerji daşıyıcıları üzərində qurmamış və uğurlu şaxələndirmə siyasəti ilə qeyri-neft sektorunda əhəmiyyətli irəliləyişlər əldə etmişdir. Və iqtisadiyyatın neftlə bağlı olmayan sahələrinin inkişaf etdirilməsi iqtisadiyyatın xammala valital - yəni dəyişkən qiymətlərdən asılılığını tədricən aradan qaldırır. Bu məqsədə çatmaq üçün ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbulu reallaşmalıdır ki, bu da transsərhəd ticarətini sadələşdirsin.
Dövlətin öz investisiya siyasətində əsasən daxili maliyyə resurslarına üstünlük verməsi və üzərində xarici borc yükünün riskini artırmaması. Bu sahədə Azərbaycan ən azından MDB ölkələrinin çoxuna nümunə ola bilər. Çünki bu gün ölkəmiz nəinki daxili investisiyanın həcminə artırmağa üstünlük verir, həm də digər ölkələrə investisiya qoyuluşunda iştirak edir. Məsələnin gerçək tərəfinə diqqət yetirsək görərik ki, təkcə qardaş Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 4 milyard ABŞ dollarına qonşu Gürcüstan Respublikasına 1 milyard dollara çatmışdır.
Azərbaycanda strateji sahələr - neft-qaz sektoru və bir çox iri şirkətlərin dövlət nəzarətində olması da ona imkan verir ki, bu sahələrdən gələn maliyyə resurslarını dövlətin ehtiyat fondlarına, büdcəsinə yönəltsin və digər lazımi tədbirlər görsün. Bu mənbələrin dövlət nəzarətində olması hər hansı təhlükənin qarşısını almaq və vəziyyətə real müdaxilə etmək üçün hökumətə geniş imkanlar açır.
Açığını demək lazımdır ki, Azərbaycanda qiymətli kağızlar bazarının o qədər də inkişaf etməməsi bu maliyyə böhranında ölkəmizin aktivinə yazılan bir səbəb olmuşdur. Düşünürəm, indiki vaxtda bunu bir qədər də dondurmaq daha səmərəli olardı.
Dünyanı gərginlikdə saxlamaqda olan maliyyə böhranı ilə mübarizə tədbirlərindən biri, bəlkə də ən vacibi güclü antipionopoliya siyasəti - inhisarçılıqla mübarizə olmalıdır. Dövlətin strateji sahələrdəki monopolizmindən yox, ölkənin ayrı-ayrı sahələrində mövcud olan, sahibkarlığın inkişafına, azad rəqabətə ciddi problemlər yaradan, əslində onun qarşısını alan gizli monopoliyalarla ciddi mübarizə aparmaq lazımdır.
Respublikada bu tədbirlərin və ölkənin bu sahədəki siyasətinin reallaşmasına cavabdeh olan dövlətin antimonopoliya xidmətinin rolu məhz indi daha ciddi əhəmiyyət daşıyır. Bu xidmət məhz indiki vaxtda daşınmaz əmlak bazarındakı qiymətlərlə mübarizə aparmalıdır. Çünki bəzi mənbələrin məlumatına görə bu bazarda rentabellik bəzən 300 faizə çatır ki, bu da qiymətlərin süni şəkildə şişirdilməsinin bir göstəricisidir.
Digər mühüm bir məqam sahibkarlıq fəaliyyəti şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülməli və sağlam rəqabət qiymətlənlirilməlidir. Biz inkişaf edən bazar iqtisadiyyatının ümumi cizgilərindən danışarkən üç mühüm komponenti xüsusi qeyd edirik - sabit konvertasiya edilən valyuta, iqtisadi inkişafın mühərriki sayılan şəxsi mülkiyyətin olması və bazarın əsas prinsiplərindən olan xarici iqtisadi fəaliyyət. Sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən şəxsi mülkiyyətin lazımi təminatı olmadan bu fəaliyyət sahəsinin inkişafından danışmaq belə olmaz.
Mühüm tədbirlər sırasında duran digər məsələ korrupsiya ilə mübarizədir. Bunun həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul olunub və güman ki, onu həyata keçirmək təkcə maliyyə böhranı ilə mübarizədə deyil, həm də dövlətin əsaslarının qorunmasında mühüm rol oynayır. İqtisadi sferaya gəldikdə isə, dövlət sektorunun idarəetmə sisteminin təkmilləşdirilməsi üçün vergi və gömrük orqanlarında korrupsiya hallarının qarşısını almaq tədbirləri gücləndirilməli və onların fəaliyyəti müəyyən edilmiş qaydalar çərçivəsində tənzimlənməlidir. Sahələrarası tənzimləyici orqanlar daha fəal, şəffaf rəqabəti mükafatlandırmalı və strateji xarici investorların cəlb olunmasını stimullaşdırmalıdırlar.
Arzuman MURADLI, iqtisad
elmləri üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 5.