"Qaçaq Nəbinin tarixi"
Kitabın müəllifi Bəhlul Bəhcət Sovet imperiyasının repressiya
qurbanlarından olub İslamşünas, tarixşünas,
ədəbiyyatşünas və folklorşünas kimi fəaliyyət göstərmiş və dövrünün mütərəqqi
ziyalılarından biri
olmuşdur. O, 1885-ci ildə
Zəngəzur qəzasının
indiki Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş, 15 mart 1938-ci ildə
XDİK üçlüyünün qərarı ilə güllələnmişdir.
1934-1937-ci illərdə öncə Azərbaycan Dövlət Nəşriyyatında
(Azərnəşr), sonra
isə Az.RAİ-nin ədəbiyyat bölməsində
çalışmışdır. Bu illərdə o, yaradıcılığın
müxtəlif sahələri
ilə məşğul
olmuş, bir sıra tədqiqatları ilə ədəbi mühitdə özünə
yüksək ad-san qazanmışdır.
Lakin repressiya olunduqdan sonra onun əsərləri
müsadirə olunmuş,
arxivlərdə qadağa
olunmuş əsərlər
kimi saxlanılmışdır.
Bəhlul Bəhcətin nəvəsi
Həmdulla Əfəndiyevin
cidd-cəhdi nəticəsində
ictimaiyyət məlumatlandırıldıqdan
sonra onun irsinin öyrənilməsinə
maraq artmışdır.
"Bəhlul Əfəndi
Bəhcət" kitabı
onun haqqında H.Əfəndiyevin ilk nəşri
idi və bu kitab, əslində,
tədqiqatçı haqqında
bir çox qaranlıq məqamlara işıq salmışdı. Həmin kitabda
onun Qaçaq Nəbi haqqında ciddi araşdırmalar apardığı barədə
müfəssəl məlumat
var idi. Bu yaxınlarda çapdan
buraxılan "Qaçaq
Nəbinin tarixi" adlı tədqiqat əsəri Bəhlul Bəhcətin yaradıcılığında
əhəmiyyətli yer
tutur. Onun mətnini hazırlayan
və "Ön söz" yazan müəllif İsrafil Abbaslıdır.
Bu kitab, sadəcə,
Qaçaq Nəbi haqqında rəvayətlərin
toplusu deyil. O, həm
də xalqımızın
o dövr tarixinə tədqiqatçının münasibəti,
baxışıdır.
Kitabın giriş məqaləsi olduqca geniş və əhatəlidir. Müəllif
bildirir ki, Bəhlul Bəhcətin elmi-ədəbi irsində,
xüsusilə nəşr
olunmamış əsərləri
içərisində "Qaçaq
Nəbinin tarixi" adlı araşdırmaları
onun məzmunu və mahiyyəti bu günədək naməlum qalmış, elmi ictimaiyyətə çatdırılmamışdır.
Arxivdə saxlanılan bu əsər (əlyazması,
ərəb əlifbası
ilə 266 səh., latın qrafikası ilə 370 səh.) xalq qəhrəmanının
həyatı, qaçaqçılıq
fəaliyyəti haqqında
dolğun və hərtərəfli tarixi məlumatlarla zəngindir.
Ona görə də bu əsərin çap olunması münasib hesab olunmuş və "Çıraq" nəşriyyatı
onu 296 səhifə həcmində oxuculara çatdırmışdır.
Əsər Nəbinin həyatı və qaçaqçılıq
fəaliyyəti ilə
bağlı bölmələr
şəklində verilmişdir.
Əsərin çox maraqlı bölmələrindən biri
"Qaçaq Nəbi
və onun ailə vəziyyəti"dir.
Burada qeyd olunur ki, Nəbi
gənc ikən anasını, sonra isə atasını itirmişdi. Onun özündən kiçik qardaşı Mehdi, bacısı Zeynəb və bir də qardaşı
oğlu Məcid qalmışdı. Nəbi ata-anasını
itirdikdən sonra Həcərlə evlənmişdi,
o, molla Xanəlinin övladı idi. Həcərin qardaşı Məhəmməd
də Nəbiyə qoşulub qaçaqçılıq
etmiş, sonra tutulub sürgün edilmiş, cəzasını
çəkib qayıtmışdı.
Kitabın "Qaçaq Nəbinin qaçaqçılıqdan qabaqkı
həyat şəraiti
- nökərçilik" bölməsi isə Nəbini yaxşı tanıyan Şamil Soltanovun məlumatı əsasında yazılmışdır.
Qaçaq Nəbinin qaçaqçılıq
fəaliyyəti barədə
məlumat verən müəllif onu ictimai hadisələrin fonunda təhlil edib, cəmiyyətdə baş verənlərin, zülmün, ədalətsizliyin
bu hərəkata təsirini elmi əsaslarla açıb.
"Qaçaq Nəbinin
tarixi" əsərində
özünə yer tapan məsələlərdən
biri də Həcərin Nəbidən
sonrakı həyat yolu barədəki məlumatlardır. Son illər
bəzi mətbuat səhifələrində Həcərin,
guya, Nəbidən sonra başqa millətin nümayəndəsinə
ərə getməsi faktına Bəhlul Bəhcətin kitabında
tam aydınlıq gətirilib.
Müəllif bununla bağlı yazır:
"Həcər Nəbi
İranda öldürüldükdən
sonra Nəbinin qohumlarından olan Həmzə adlı bir kişiyə ərə getmişdi və uzun zaman
Həmzə ilə öz kəndlərində
yaşamışdır. Həcərin Nəbidən uşaqları
olmamışdı. Onun olan
uşağı Həmzədən
idi".
Kitabın başqa bölmələrindən
birində bu məsələyə təkrar
toxunan Bəhlul Bəhcət yazır:
"Nəbinin dəfnindən
sonra qohumları tərəfindən Molluya
gətirilən Həcər
bir cavana ərə getdi. Həcər Həmzə ilə Aşağı Mollu kəndində çox yaşadı. Onun Həmzədən
bir neçə övladı oldu".
Hətta,
kitabda Nəbinin Boz atı və
Aynalısı barədə
də açıqlama
var. Müəllif yazır
ki, Boz at boz rəngli bir qulan (doğmamış
madyan at) idi ki, Nəbi bu
atla çox döyüşlərdə olmuşdur.
Aynalı barədə
deyilir ki, bu silah az əvvəl qurtarmış Rus-Osmanlı
müharibəsində iştirak
edənlər tərəfindən
gətirilmiş osmanlı
tüfəngi idi.
"Qaçaq Nəbinin tarixi" əsəri "Qaçaq Nəbi ilə əlaqədar topoqrafik əhəmiyyəti olan çaylar, dağlar, mahnılar və adlar" ilə tamamlanır. Bu hissədə Nəbinin başçılığı ilə qaçaqçılıq hərəkatının coğrafi arealı cızılmış, yer-yurd, el-oba adları, real tarixi şəxsiyyətlər barədə ensiklopedik bilgilər verilmişdir.
Ümumiyyətlə, bu kitab tariximizin çox mürəkkəb bir dövrü ilə bağlı samballı tədqiqat əsəri kimi çox qiymətlidir. Qafqaz türklərinin, Azərbaycan xalqının yetirdiyi ən məşhur qəhrəmanlardan olan Qaçaq Nəbi 46 illik ömrünün (1850-1896) tam 13 ilini əldə silah vəfalı ömür-gün yoldaşı qoçaq Həcərlə (1860-1914) birlikdə fasiləsiz olaraq Rusiya ilə İran arasında pay-püş edilmiş o taylı-bu taylı Azərbaycanda yadelli rus-erməni, fars zülmünə qarşı mübarizə aparmışdır. Bu qoşa ad həm Azərbaycanın, həm də dünyanın qaçaqçılıq hərəkatı tarixinə şərəflə yazılmış, ümumxalq sevgisinin, qorxmazlıq, cəsarət, şücaət, əyilməz iradənin simvoluna çevrilmişdir.
Biz bu vaxta qədər "Qaçaq Nəbi" dastanını oxumuş, yalnız onu əfsanəvi qəhrəman kimi tanımışıq. Bu kitab isə Qaçaq Nəbi haqqında reallıqların əks olunduğu çox etibarlı mənbədir. Çünki Bəhlul Bəhcət özü bu torpaqda doğulmuş, qaçaq Nəbinin fəaliyyət göstərdiyi yerləri qarış-qarış gəzmiş, onun silahdaşları ilə görüşmüşdür.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 8.