Böyük xanəndənin yubileyi şərəfinə

 

Azərbaycan muğam ifaçılığı sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Xan Şuşinskinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbirləri ölkəmizin hər yerində olduğu kimi, dekabrın 2-də Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində də böyük təntənə ilə qeyd olundu.

 

Yubiley tədbirində ölkəmizin tanınmış elm, sənət adamları, şöhrətli xanəndənin davamçıları, respublikanın xalq artistləri Əlibaba Məmmədov, Canəli Əkbərov, Arif Babayev, Mənsum İbrahimov, əməkdar artist Süleyman Abdullayev, yubilyarın oğlu Aslan Cavanşirov, qızları Bəyimxanım Verdiyeva, Zümrüd Paşayeva, nəvələri iştirak edir. Kollecin böyük zalında keçirilən bu tədbirdə iynə atsaydın yerə düşməzdi. Bu da ilk növbədə xalqın Xan sənətinə, Xan şəxsiyyətinə olan hörmət və ehtiramdan irəli gəlirdi.

Yubiley tədbirini giriş sözü ilə açan kollecin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov qonaqları salamlayaraq görkəmli şəxsiyyətlərin yubiley tədbirlərinin məktəbdə mütəmadi olaraq geniş qeyd edilməsinin bir ənənə olduğunubunun vacibliyini vurğuladı. Xan Şuşinskinin nadir istedadı və yüksək ifaçılıq mədəniyyəti ilə hələ gənclik illərində böyük şöhrət qazandığını qeyd edən sənətşünaslıq namizədi, dosent Xatirə Həsənzadə sənətkarın geniş və çoxşaxəli yaradıcılıq yolundan söz açdı.

Azərbaycan xanəndəlik sənəti tarixində özünəməxsus məktəb yaratmış Xan Şuşinskinin repertuarında bir çox muğam və təsniflər, eləcə də xalq mahnılarının başlıca yer tutduğunu qeyd edən natiq xanəndənin təkcə muğam ifaçısı kimi deyil, eyni zamanda şairlik və bəstəkarlıq fəaliyyətindən də söz açdı. Təəssüf ki, dillər əzbəri olmuş "Şuşanın dağları", "Qəmərim", "Dağlarda çiçək", "A ceyran bala" və bir çox bəstələri bu gün xalq mahnıları kimi ictimaiyyətə təqdim olunur.

Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Süleyman Abdullayev Xan Şuşinski ilə bağlı xatirələrini danışdılar. Yubiley tədbiri kollecin musiqi kollektivlərinin çıxışı ilə daha yaddaqalan oldu.

Tədbirin sonunda Xan Şuşinskinin övladları bu gözəl tədbirə görə kollecin rəhbərliyinə və qonaqlara öz ailələri adından təşəkkürlərini bildirdilər.

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 4 dekabr.- S. 7.