Biləsuvar rabitəçilərinin uğurları

 

Ölkəmizdə dövlət quruculuğu, güclü iqtisadiyyatın yaradılması, cəmiyyətin demokratikləşməsi, əhalinin rifahının yüksəldilməsi istiqamətlərində çoxşaxəli fəaliyyət həyata keçirilir. Bu məsələlərin həllində rabitə və informasiya texnologiyalarının xüsusi rolu var və sahənin inkişaf səviyyəsi qarşıya qoyulan məqsədlərə çatmağa təsir edən amillərdəndir. Təsadüfi deyil ki, Azərbaycanda İKT sahəsi ölkənin inkişaf prioritetlərinə daxil edilmişdir. Prezident İlham Əliyevin rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2009-2013-cü illər üçün Dövlət Proqramını təsdiq edən sərəncam imzalaması buna əyani sübutdur.

 

Bu mühüm sənəddə İKT-nin genişləndirilməsinə dair milli strategiyanın tətbiqi, fəaliyyət istiqamətlərinə uyğun layihələrin planlaşdırılması və icrası, bir sözlə, ölkənin hərtərəfli tərəqqisinə müvafiq xidmət göstərilməsi öz əksini tapmışdır.

Peşə bayramlarını nikbin ruhda qarşılayan Biləsuvar rayonunun rabitəçiləri də qarşıya qoyulan vəzifələrin layiqincə həyata keçirilməsindən ötrü səylərini əsirgəmirlər. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq rayonun ərazisində keyfiyyətli və dinamik rabitə xidmətləri göstərilir, istismar göstəriciləri yüksəlir.

Biləsuvar Rayon Telekommunikasiya Qovşağının rəisi Xalid Əliyevlə peşə bayramı ərəfəsində görüşümüzdə öyrəndik ki, son bir ildə kollektivin uğurları daha da artmışdır. İnformasiya texnologiyaları üzrə xeyli əməli görülmüşdür. Bu sahədə çalışan mütəxəssislərin səyləri nəticəsində rayon müasir rabitə ilə təmin edilmiş, İKT ucqar yaşayış məntəqələrinə belə gedib çıxa bilmişdir. Rayonda ümumi rabitə tutumu 6836-dır. Şəhərdə 3376 nömrə tutumlu Mərkəzi EATS, o cümlədən 2746 abonent vardır. On üç kənd ATS-i elektronlaşdırılmışdır. Bir kənddə 4 nömrəlik peyk rabitəsi yaradılıb, 25 kənd üzrə 3460 nömrəlik ATS mövcuddur ki, onlardan 2975-i çəkilmişdir. Boş tutum 1115 ədəddir.

Rabitəçilərin apardığı məqsədyönlü tədbirlər nəticəsində son dövrlərdə şəhərdə 4 internet-klub yaradılmışdır. Fərdi qaydada isə 266 internet abunəçisi fəaliyyət göstərir. Bunlardan 48-i Xırmandalı kəndində, 24-ü Əsgərabadda, 3-ü Səmədabaddadır. Eyni zamanda orta məktəblərdə informatika fənninin tədrisini təkmilləşdirmək üçün tədbirlər həyata keçirilir.

Bu il Biləsuvar şəhər EATS-dən Nəsimi, Ağəyri və Çaylı kəndlərinə 17 kilometrlik "FO" tipli kabel çəkilməklə müasir standartlara cavab verən rəqəmsal birləşməyə imkan yaradılmışdır. Nərimankənd EATS rayon mərkəzinə "NEK" radio-rele tipli avadanlıqla qoşulmuşdur. Beş kənd ATS-ində cütləşmədən çıxmaq üçün yetərincə yeni kabel xətti çəkilmişdir. Hazırda daha bir neçə kənddə EATS-in quraşdırılması, bir kənddə isə EATS-in yenisi ilə əvəz olunması üçün "Aztelekom" İstehsalat Birliyi qarşısında məsələ qaldırılmışdır. Rayon mərkəzində, habelə altı kənddə "DS-200" tipli, 4000 nömrədən yuxarı tutumu olan EATS quraşdırılmışdır. İl ərzində abonentlərə 210 yeni telefon çəkilmişdir. Abadlıq tədbirləri ardıcıl səciyyə daşıyır, vaxtaşırı iməciliklər keçirilir.

"Azərpoçt" MMC-nin Biləsuvar Poçt Filialının kollektivi də uğurlarını getdikcə artırır. Filialın rəisi Ramil Ağayev bizə məlumat verdi ki, hazırda rayonda 15 poçt şöbəsi və 6 poçt agentliyi fəaliyyət göstərir. Əhaliyə normal xidmət naminə filial hər cür zəruri avadanlıqla təmin edilmişdir.

İlin əvvəlindən tarif gəliri planı 73 min manat həcmində yerinə yetirilmişdir ki, bu da 100 faizdən yuxarı götəricidir. Poçt şöbə və agentlikləri pul baratı, banderol, bağlama, məktub və korrespondensiya qəbulundan, şəhərlərarası danışıq abunə haqlarından və faks xidmətindən, habelə kommunal xidmət haqlarının yığımından və digər poçt-rabitə xidmətlərindən gəlir əldə etmişlər.

Biləsuvar Poçt Filialının inzibati binası 2010-cu ildə əsaslı təmir edilmişdir. Təmirdən sonra inzibati bina bütünlüklə yeni avadanlıqla təchiz olunmuşdur. İki ildə altı poçt şöbəsi üçün binalar tikilib istifadəyə verilmişdir. Filial Mərkəzi Bankın "KÖİM" sisteminə qoşularaq bu informasiya şəbəkəsi vasitəsilə ənənəvi poçt xidmətləri ilə yanaşı, poçt-maliyyə xidmətləri göstərmək üçün tam lisenziya almışdır. Analoji xidmətlər göstərmək məqsədilə 9 poçt şöbəsi də "Vestern Union" - beynəlxalq pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmət haqlarının yığılması, dövlət proqramı olan Elektron imza layihəsinin həyata keçirilməsi kimi işləri reallaşdırmağa başlamışdır.

Poçt filialında əlli nəfər çalışır. Şöbələr tam telefonlaşdırılmışdır. Maliyyə xidməti növü kimi poçt hesablarının açılması da son vaxtlar həyata keçirilən mühüm yeniliklərdəndir. Filial üzrə payız-qış mövsümü ilə əlaqədar hazırlanmış tədbirlər planı tam yerinə yetirilmişdir. Burada daxil olan poçtun gündəlik olaraq kənd şöbələrinə yubadılmadan çatdırılması təmin edilmişdir.

Göründüyü kimi, Biləsuvarda rabitənin inkişafı, mütərəqqi texnologiyaların tətbiqi, əhaliyə nümunəvi xidmət göstərilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyirayon rəhbərliyi rabitəçilərin faydalı əmsalının daha da yüksəldilməsi naminə onlara hərtərəfli köməklik göstərir və təşəbbüslərini dəstəkləyirlər. Uğurlar məhz birgə səylər sayəsində qazanılır. Peşə bayramının nikbin ruhda

qeyd olunmasına səbəb də elə budur.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 6 dekabr.- S. 6.