Gəncənin siması ölkə rəhbərinin qayğısı ilə dəyişir

 

Son vaxtlar kimin yolu Gəncəyə düşürsə, öz heyranlığını gizlədə bilmir: şəhər necə də dəyişib! Bəs dəyişən nədir? Bu suala birbaşa cavab vermək çətindir və əslində suala sualla cavab vermək daha düzgün olardı: nə dəyişməyib ki? Binalar, yollar, səkilər, park və xiyabanlar, mədəni-məişət, ticarət obyektləri, şəhərin infrastrukturu, ictimai-siyasi həyatı, işgüzarlıq, fəallıq, təşəbbüskarlıq... Hər işdə bir yenilik, tarixiliklə müasirliyin sintezi, zövqlülük hiss olunur.

 

Şəhərin qonaqları qısa zaman kəsiyində Gəncənin bu qədər dəyişməsini nə qədər məmnunluqla qeyd etsələr də, sevinən daha çox sakinlərdir. Müxtəlif yerlərdə, tədbirlərdə, ictimai obyektlərdə, yaşayış məhəllələrində dəfələrlə söhbətlərin şahidi olmuşam. "Sağ olsunlar, Gəncənin adına layiq iş görürlər", "Gəncə ilə indi fəxr etməyə dəyər", "Prezidentimiz Gəncəni çox sevir" və sair.

Amma gizlətməyək ki, şəhər sakinlərinin bir qismi 7-8 ay qabaq belə fikirləşmirdi və hətta narazılığını bildirən adamlar da tapılırdı. Bu o zaman idi ki, şəhərdə eybəcər tikililər, lüzumsuz artırmalar sökülürdü, səkidə yolu kəsib köşk, mağaza açana "bir qədər arxaya çək, daha yaxşısını, müasirini tik" deyilirdi.

Tədricən bu fikirləri başqa fikirlər əvəz etdi. Hətta narazı qalan adamlar öz razılıqlarını bildirməyə, bütün bu işlərin yalnız Gəncənin gözəlliyi, sakinlərin rahatlığı naminə görüldüyünü etiraf etməyə başladılar. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməciliklərdə on minlərlə gəncəlinin həvəslə iştirak etməsi bir daha göstərir ki, sakinlər Nizami yurdunda aparılan irimiqyaslı abadlıq-quruculuq işlərini hədsiz bəyənir və onun önündə getməkdən həzz alırlar.

Gözəlliyə qovuşan binalar

Şəhərin müxtəlif küçə və prospektlərində, o cümlədən Heydər Əliyev, Nizami, N.Nərimanov prospektlərində və digər yerlərdəki binaları indi tanımaq belə olmur. Qısa vaxt ərzində 140-dan çox beşmərtəbəli yaşayış binasının dam örtüyünün mansard formasında dəyişdirilməsi asan məsələ deyil. Hələ bu bir yana, binaların fasadlarının milli ornamentli Gülbac daşı ilə üzlənməsi, ona xüsusi detallar vurulması, bəzi yerlərdə müasir şüşə materiallarından istifadə olunması binaları tanınmaz dərəcədə dəyişdirib. Qeyd edək ki, bu binalara on illərlə əl vurulmamışdı və getdikcə eybəcər şəkilə düşmüşdü. Hətta şəhərin baş meydanındakı binalara, icra hakimiyyətinin inzibati binasının yanındakı, qarşısındakı binalara adam baxmaq belə istəmirdi. Amma indi tamam başqa mənzərədir. Gəncənin baş meydanı Azərbaycanın ən gözəl, yaraşıqlı, təkrarolunmaz meydanlarından biridir. Burada şəhər icra hakimiyyətinin əzəmətli binası da bütün gözəllikləri, incəlikləri ilə sanki yenidən üzə çıxarılıb. Meydanın ərazisi, fəvvarələri, digər elementləri yenidən qurulub. İnzibati binanın sağ tərəfində ucaldılmış bayraq əzəmətlə dalğalanır. Yeri gəlmişkən qeyd edək ki, Gəncədə Bakıdan sonra ən böyük bayraq meydanı inşa olunur. Gəncəçayın sağ sahilində tikintisinə başlanan dövlət bayrağı 100 metr hündürlükdə dalğalanacaq. Türkiyədə hazırlanan bayrağın uzunluğu 50, eni isə 25 metr olacaq.

Gəncədə tarixi-memarlıq əhəmiyyətinə görə seçilən binalara xüsusi həssaslıqla yanaşılmağa başlanıb. İndiyədək müxtəlif yaşayış, inzibati binalara yeni həyat verilib, onlar öz əvvəlki görkəminə qaytarılıb. Az qala uçmaq təhlükəsi ilə üzləşən "Çökək hamam" və digər qədim abidələr, Cavadxan küçəsindəki tikililər bərpa olunub.

Şəhərdə istər köhnə tikili olsun, istərsə də yeni inşa olunan, hamısında - tarixiliklə müasirliyin sintezinə, milli-memarlıq elementlərinə fikir verilir.

Yaşayış binalarının təkcə üz səthi, dam örtüyü deyil, onun digər infrastrukturu da dəyişdirilir. Xüsusilə mühəndis-kommunikasiya xətləri daha müasir üslubda yenidən qurulur. Eybəcər, havadan sallanan on minlərlə metr qaz xətti yığışdırılıb polietilen borularla əvəz olunaraq torpağın altına basdırılıb. Nəzərə alsaq ki, Gəncə şəhəri üzrə metal borulardan çəkilmiş 804 kilometr qaz xətti mövcuddur, o zaman necə çətin, məsuliyyətli, həm də xeyli maliyyə vəsaiti cəlb olunan bir işin başlanmasını təsəvvür etməmək mümkün deyil. Hörümçək torunu xatırladan elektrik xətlərinin, digər kommunikasiya xətlərinin də nizama salınması şəhərdə irimiqyaslı işlərdən xəbər verir. İllər uzunu gecələr işıqlandırılmayan küçə və prospektlərdə yaraşıqlı dirəklər və onlara quraşdırılan lampalar bərq vurur və sakinlər hədsiz razılıq edirlər.

Həyətlərdə qayda-qanun yaradılır, yeni istirahət, idman guşələri inşa olunur, liftlər təmir edilir, yeniləri quraşdırılır, qazanxanalar işə salınır.

Sakinlərin içməli su problemi də həll olunur. Yeni layihəyə görə Gəncəyə 3 istiqamətdən - Göy-göldən saniyədə 200 metr, Qızılqayadan saniyədə 250 metr, Şəmkirdən isə saniyədə 540 litr su verilməsi planlaşdırılır. Layihədə şəhərin kanalizasiya sisteminin də yenidən qurulması nəzərdə tutulur. Birinci mərhələnin ilk fazasında dəyəri 5 milyon 150 min avro məbləğində iş görüləcəkdir. İlk növbədə Göy-göl inoriltrasiya su mənbəyinin bərpası, Göy-Göl-Gəncə magistral tranzit su kəmərinin yenidən tikilməsi və teleqüllə ərazisində yeni 4 min kubmetrlik su anbarının inşası planlaşdırılmışdır.

Bütün işlər Nizami Gəncəvinin adına layiq görülür

Gəncəni Nizamisiz, Nizamini Gəncəsiz təsəvvür etmək mümkün deyil. Şəhərin yeni rəhbərliyi elə ilk gündən bu işlərə xüsusi önəm verməyə başlayıb. Dahi şairlə bağlı Gəncədə həyata keçirilən irimiqyaslı işlərdən söhbət açmazdan əvvəl qeyd etməliyik ki, hazırda Gəncədə elə elm, tədris ocağı, müəssisə və təşkilat yoxdur ki, orada ölməz şairlə bağlı guşə, muzey, stend olmasın. Şəhərdə şairin 870 illik yubileyi ilə bağlı rəngarəng, çoxsaylı tədbirlərə çoxdan start verilib. Bukletlər, döş nişanları hazırlanıb, "Xəmsə" nəfis şəkildə yenidən çap olunub, əl işlərindən ibarət sərgilər, müxtəlif müsabiqələr, yarışlar, toplantılar keçirilib və bu işlər indi də davam etdirilir.

Ulu öndər Heydər Əliyev Nizami irsinin qorunub saxlanmasına, təbliğinə daim xüsusi fikir verib. İstər 70-80-ci illərdə, istərsə də ümummilli lider ikinci dəfə hakimiyyətə gələndə Nizami Gəncəvi ilə bağlı elə misilsiz işlərin həyata keçirilməsinə nail olub ki, onların hamısını sadalamaq istəmirik. Yadımdadır, 1998-ci ilin oktyabrın 7-də ulu öndər Gəncənin baş meydanında seçicilərlə görüşərkən dedi: "Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini, ədəbiyyatını, şeirini şərq aləmində, bütün dünyada Nizami Gəncəvi ilə tanıyırlar. Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər".

Nizami Gəncəvi məktəbi Gəncədə də, Azərbaycanın başqa diyarlarında da davam etmişdir. Bu gün də bizim ədəbiyyatımızın, şeirimizin, mədəniyyətimizin əsas mənbələrindən biri Nizami Gəncəvi yaradıcılığı, - onun əsərləri - "Xəmsə"si - poemalarıdır.

Aradan neçə illərdir keçib. Amma bu gün də Nizami Gəncəvinin ədəbi irsinin təbliğinə xüsusi önəm verilir. Azərbaycan Respublikasının Prezidenti Nizami Gəncəviyə olan sonsuz məhəbbətini, Gəncəyə və gəncəlilərə olan qayğı və diqqətini bir an belə unutmur. Elə şəhərdə yaradılan xüsusi mərkəz də ölkə Prezidentinin dahi şairə, onun ədəbi irsinə olan hədsiz hörmət və ehtiramının nəticəsidir. Qeyd edək ki, Nizami Mərkəzinin yaradılması ölkə başçısı tərəfindən Milli Elmlər Akademiyasının yığıncağında irəli sürülüb. O deyib: "Nizami mərkəzinin yaradılması ilə səslənən təkliflər, hesab edirəm ki, təqdirəlayiqdir. Heç kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək, biz bunu çox asanlıqla sübut edə bilərik. Nizaminin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Nizaminin əsərləri əlbəttə ki, milli şüurumuzun tərkib hissəsidir".

Gəncədən professor Ziyad Abbasov və başqalarının ölkə Prezidenti İlham Əliyevə göndərdikləri məktubdan: "Böyük Azərbaycan şairi, dünya şöhrətli dahi Nizami Gəncəvinin öz doğma vətənində, onun adına layiq görülən möhtəşəm tikinti-abadlıq işlərinə görə cənab Prezident, ilk növbədə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Sizin tapşırığınızla qədim Gəncədə Nizami Gəncəvi Mərkəzinin yaradılmasını Gəncə şəhər sakinləri böyük ruh yüksəkliyi ilə qarşıladılar"...

Nizami mərkəzinin Gəncədə inşa olunması şəhərin həyatında mühüm hadisədir. Yuxarıda qeyd etdiyimiz kimi Mərkəzdən əlavə Gəncədə dahi şairin adı ilə bağlı çox möhtəşəm işlər görülüb və bu gün də görülür. Məqbərə kompleksi tamamilə yenidən qurulur. Şəhərin giriş qapısından başlayaraq məqbərəyədək olan uzun bir məsafədə "Xəmsə" qəhrəmanları və onların obrazlı heykəlləri yaradılır, Nizami muzeyinin üçmərtəbəli binasının tikintisi sürətləndirilib. Məqbərə ətrafında böyük yaşıllıq zolağı salınıb. İlin hər fəslində açan gül-çiçək, yaşıl qazonlar, nadir bitkilər buraya gələnlərə xüsusi zövq verir.

Nizami prospektini tanımaq olmur. Yolun hər iki tərəfində şəbəkəli, milli ornamentlərlə bəzədilmiş divarlar ucaldılıb, uçuq-sökük tikililərdən, yöndəmsiz hasarlarldan əsər-əlamət qalmayıb. Yol boyu yaşayış binalarının fasadları, dam örtükləri yeni görkəm alıb. Bir qədər aşağıda Gəncəçayın sahilində Nizaminin "Xəmsə" kompozisiyasına yeni həyat verilib. Onun yenidən qurulması və yoldan keçənlərin diqqətini cəlb etməsi kompleksin qarşısını kəsən ticarət obyektləri başqa yerə köçürüldükdən sonra mümkün olmuşdur.

Nizami Gəncəvi ilə bağlı şəhərdə çox görülür. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış "Zərrabi" poeziya teatrının yenidən yüksək səviyyədə təmir-bərpa olunması, "Üçbulaq" deyilən yerdə Nizaminin "Xəmsə"sini özündə əks etdirən "Beşbulaq" yaradılması, "Kəpəz" mehmanxanasının qarşısındakı Nizami heykəlinin və onun ətrafının abadlaşdırılması, yüksək zövqlə hazırlanması və digər işlər onu göstərir ki, dahi şairin ədəbi irsinə şəhərdə böyük diqqət, qayğı var.

"Mənə çinar gətirin..."

Bu sözləri ulu öndər Heydər Əliyev 1980-ci il dekabrın 16-da indi onun adını daşıyan parkda deyib. 1979-cu il matın 3-də təməli qoyulmuş, 300 hektardan çox sahəni əhatə edən, "Quru qobu" deyilən ərazidə özünün təşəbbüsü ilə salınmış parkda çinar əkən ulu öndər "Mənə çinar tingi verin. Çinar həm Gəncənin, həm də Azərbaycanın rəmzidir"- demişdi.

O vaxtdan düz 21 il keçir. Ulu öndərin əkdiyi çinar indi qollu-budaqlı, hündür bir ağacdır. Gəncəlilər onu əziz xatirə kimi tez-tez yad edirlər.

Son vaxtlar isə bu yerlərdə daha çox qələbəlik hiss olunur. Maşın və mexanizmlərin, inşaatçı və quraşdırıcıların səsi bir-birinə qarışıb. "Xan çinarı"nın 10-15 metr yaxınlığında Heydər Əliyev Mərkəzi ucaldılır. Bina üçmərtəbəli olacaq. Birinci mərtəbədə sərgi zalı, istirahət guşələri, ikinci mərtəbədə Azərbaycanın inkişaf tarixini əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə bütün köməkçi sahələri ilə birlikdə müşavirə zalı, iclas zalı nəzərdə tutulur.

Binanın daxili və xarici tərtibatında ən yüksək keyfiyyətli inşaat materiallarından, İtaliya, Afrika ölkələri, Çin və s. ölkələrdən gətirilən materiallardan istifadə olunacaqdır.

Layihə üzrə mərkəz binasının önündə Heydər Əliyevin 7,5 hündürlüyündə heykəli, arxa hissədə isə 50 metr yüksəkliyində Azərbaycan bayrağının yerləşdirilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, yeni salınan xiyabanın ümumi uzunluğu 73 min 500 kvadratmetrdir. Xiyabanın mərkəz hissəsində 23 ədəd fəvvarə quraşdırılacaq. Bütövlükdə parkın təxminən yarısında, dəqiq desək 155 hektarında yenidənqurma işləri aparılır. Parkın girəcəyində müasir formada giriş qapısı (zəfər tacı), giriş qapısından sonra isə 66 metr uzunluğunda xiyaban salınır.

Heydər Əliyev mərkəzinin ətrafında istirahət guşələri, idman sağlamlıq meydançaları yaradılacaq, şəhərdə mühüm tədbirlərin keçirilməsi üçün 1000 nəfərlik örtülü zal, 2000 nəfərlik amfiteatr inşa olunacaqdır.

İqtisadi göstəricilər də ürəkaçandır

Gəncə şəhərinin inkişafını xarekterizə edən bir neçə iqtisadi göstəriciyə də nəzər salaq. Bu ilin doqquz ayında Gəncənin iqtisadiyyatının inikşafı ilə bağlı müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 75 milyon 300 min 800 manat investisiya yönəldilib. Bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 42 milyon 875 min 300 manat və ya 1,8 dəfə çoxdur. Ümumi investisiyanın tikinti-quraşdırma işlərində istifadə edilmiş həcmi ötən ilin 9 ayı ilə müqayisədə 2,4 dəfə artaraq 70 milyon 204 min 400 manat olub. İstehsal təyinatlı obyektlərin inşasında 42 milyon 168 min 700 manat, yəni 56 faiz, qeyri-istehsal təyinatlı obyektlərin inşasına 33 milyon 132 min 100 manat, yəni 44 faiz investisiya sərf edilib.

Cari ilin doqquz ayı ərzində 341,3 milyon manatlıq məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 115,3 milyon manat çoxdur. Başqa sözlə desək, artım 51 faizdir. Ümumi məhsulun 24,9 faizi sənayenin, 20,8 faizi tikintinin, 17,6 faizi nəqliyyatın, 35,5 faizi ticarətin və digər sahələrin payına düşür. Ən fərəhli cəhət budur ki, ümumdaxili məhsulun 46 faizi istehsal sahələrindən əldə olunmuşdur. Şəhərdə qeyri-neft sektorunun inkişafına, sahibkarlığın tərəqqisinə, yeni obyektlərin işə salınmasına, iş yerlərinin açılmasına xüsusi diqqət yetirilir. Məhz bu qayğı və diqqətin nəticəsidir ki, sənayenin qeyri-dövlət bölməsində istehsalın həcmi ötən ilin müvafiq dövründəkinə nisbətən 15,9 faiz artmışdır.

Sentyabr ayında Gəncə Cihazqayırma Zavodu istifadəyə verilmişdir. Şəhərdə digər istehsal müəssisələrinin də gücünün artırılması istiqamətində böyük işlər görülür. Bu isə həm sənayenin yüksəlişi, həm də xeyli miqdarda iş yerlərinin açılması deməkdir.

O gün uzaqda deyil...

Gəncə gözəlləşir, qədimliyini qorumaqla müasirliyə qovuşur. Şəhərdə hər bir işə yüksək məsuliyyətlə yanaşılır, keyfiyyət, davamlılıq, milli-memarlıq ənənələrinə sadiqlik ön plana çəkilir. Tələm-tələsik hansısa binanın, obyektin üstü rənglənmir. Buna qətiyyən yol verilə bilməz. Nə görülürsə, fundamental görülür, neçə onilliklər, yüzilliklər üçün nəzərdə tutulur. Maraqlıdır ki, şəhərdə görülən bu qədər irimiqyaslı işlərin gedişinə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev özü bilavasitə nəzarət edir.

Bu mövzuda söhbət edərkən dedi:

- Gəncənin Avropanın ən gözəl şəhərlərindən birinə çevriləcəyi gün uzaqda deyil. Bütün bunlar cənab Prezidentimizin Gəncə və gəncəlilərə göstərdiyi diqqət və qayğının nəticəsidir. O ki, qaldı bizə, biz hamımız icraçılarıq. Gəncədə də, digər yerlərdə də görülən işlər ölkə Prezidentinin təşəbbüsü, qayğısı və köməyi nəticəsində mümkün olur. Bunu heç kim dana bilməz.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 6 dekabr.- S. 5.