Samux: müasirləşmə
inkişafın başlıca prinsipinə çevrilir
Doxsanıncı illərin əvvəllərini
xatırlayırsınızmı? Xaos,
özbaşınalıq, tənəzzül hökm sürən
illəri nəzərdə tuturam. Onda Samux rayonu yenicə
yaradılmışdı. 1992-ci ilin fevralında Xanlar rayonunun
tərkibindən ayrılaraq müstəqil rayon kimi fəaliyyət
göstərən Samux çətin günlərini
yaşayırdı. Rayonda bir dənə də olsun inzibati
bina yox idi. Hətta rayon icra hakimiyyəti aparatı
üçün bina tapılmırdı. Rayon mərkəzi
kimi seçilən Nəbiağalı qəsəbəsi
tozlu-torpaqlı, yöndəmsiz küçələri olan,
geridə qalmış ucqar kəndi xatırladan bir yer idi. Bunlar azmış kimi, AXC-Müsavat
cütlüyü hakimiyyətə gəlmişdi və onsuz
da ağır vəziyyətdə olan rayonun, necə deyərlər,
qara günləri başlamışdı.
Özbaşınalıq, vəzifə uğrunda
çarpışmalar dövlət əmlakının
dağıdılması, quldurluq adi hal almışdı.
Dövlət qurumlarını,
hüquq-mühafizə orqanlarını saya salan yox idi.
Əksinə, o illərdə Samuxda bir-birinin ardınca iki
rayon prokuroru öldürülmüşdü, sovxoz direktoru
adamların gözü qarşısında, günün
günorta çağı güllələnmişdi, hakimiyyətin
"əleyhinə çıxan" iki qardaş səssiz-soraqsız
yoxa çıxmışdı...
Aradan 15-16 il vaxt keçib. Rayon icra hakimiyyətinin bu ilin fevralında ölkə başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyi yeni inzibati binasının pilləkənləri ilə qalxıram. Bir-birindən yaraşıqlı, işıqlı, hər cür şəraiti olan otaqlar, geniş dəhlizlər, ətrafdakı səliqə-sahman, gül-çiçək istər-istəməz adamda xoş ovqat doğurur. Qeyd edək ki, indiyədək rayon icra hakimiyyəti 1937-ci ildə tikilmiş darısqal bir binada yerləşirdi. Bir otaqda 3-4, bəzən də 5-6 işçi əyləşirdi. Ölkə başçısının tapşırığına əsasən 2009-cu ildə yeni inzibati binanın inşasına başlanılmış və tikinti 2010-cu ildə başa çatdırılmışdır. İkimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən foto-guşə yaradılmışdır.
Bu binada
57 iş otağı var. Otaqlar televizor, kompyuter, mərkəzləşdirilmiş
istilik sistemi ilə təchiz olunmuşdur.
Əslində, binanı üçmərtəbəli
hesab etmək olar. Çünki yarım zirzəmi deyilən
yer bir növ birinci mərtəbə sayılır. Yeməkxanası, idman-əyləncə
avadanlıqları olan geniş, işıqlı və
yaraşıqlı sahədir.
Nəyə görə rayon icra hakimiyyətinin inzibati
binasından bir qədər ətraflı danışdıq? Çünki
yuxarıda qeyd etdiyimi kimi, Samux rayonunda inzibati bina məsələsi
daim problem olub. Yalnız son illər bu vacib
məsələyə ciddi fikir verilməyə başlanıb
və bir-birinin ardınca maliyyə, sosial müdafiə,
statistika, polis, baytarlıq, yol, sığorta və digər
idarələrin inzibati binaları tikilib istifadəyə
verilmişdir. Yaxın vaxtlarda digər idarə
və müəssisələr üçün, o cümlədən
əmək və əhalinin sosial müdafiə mərkəzinin,
rayon məhkəməsinin yeni inzibati binaları inşa
olunacaqdır.
Bundan başqa, iki ədəd 16 mənzilli
yaşayış binasının tezliklə istifadəyə
verilməsi də nəzərdə tutulub. Bu isə onu
göstərir ki, artıq Samuxda geniş miqyaslı iri layihələrin
icrasına start verilib və müxtəlif təyinatlı
inzibati və ictimai binaların tikilib istifadəyə verilməsi
rayonun simasını tezliklə dəyişdirəcəkdir.
110 kilometrlik Samux-Qax yolunun çəkilişi
strateji əhəmiyyətə malik layihədir.
Vaxtilə yalnız bir dayanacağı olan Samuxda indi ən
müxtəlif küçələrdən avtobuslar, digər
nəqliyyat vasitələri keçir. Çünki
artıq şərait var, yollar asfaltlanıb, yeni səkilər
salınıb. Buna görə də hər
gün Gəncə və digər şəhər və
rayonlara onlarla müxtəlif nəqliyyat vasitəsi gedir.
Yeni avtovağzalın layihəsi
hazırlanır və yəqin ki, gələn ilin sonuna kimi o,
istifadəyə veriləcəkdir. Yeri gəlmişkən,
qeyd edək ki, Sərkar kəndi yaxınlığında
ümumi sahəsi bir hektara yaxın ərazidə yeni bazar
tikintisi üçün hazırlıq işləri
aparılır. "Universal HAA" MMC
bazardan başqa, burada sirkə zavodunun, meyvə qurudulması
sexinin tikilib istifadəyə verilməsini
planlaşdırır.
Bir məsələni xüsusi vurğulamaq istərdik
ki, Samuxda həyata keçirilən işlər, xüsusilə
sosialyönümlü tədbirlər rayonun aztəminatlı,
imkansız təbəqəsinin həyat tərzinin tədricən
yaxşılaşdırılmasına səbəb olur və
adamlar razılıq edirlər. Dövlət
Proqramına uyğun olaraq rayonda 36 mənzilli dördmərtəbəli
yaşayış binasının tikintisində son tamamlama
işləri görülür. Bundan başqa, 7 nəfər
Qarabağ müharibəsi əlilinə fərdi ev tikilib onların istifadəsinə
verilmişdir. Azərbaycanın Milli Qəhrəmanı Eltun
İsgəndərovun atası Xaləddin kişi
deyir ki, ölkə Prezidentinin diqqət və
qayğısını hər an, hər saat hiss edir və buna
görə hədsiz minnətdardır. X.İsgəndərov
söhbət zamanı onu da dedi ki, rayon rəhbərliyi daim
onların vəziyyəti ilə maraqlanır və
qayğısını əsirgəmir.
Rayonda görülən işlərlə
arxayınlaşmırlar. İcra hakimiyyətinin
başçısı Vilyam Hacıyev kənd və qəsəbələrdə
tez-tez olur, adamların arzu və ehtiyaclarını öyrənir,
təkliflərini dinləyir, maraqlı təşəbbüslərə
dəstək verir. O, bu mövzuda söhbət
düşəndə deyir:
- Samuxun
bugünkü durumu ölkə Prezidenti İlham Əliyevin
yaxından diqqəti və qayğısı sayəsində
mümkün olub. Dağılmış, tənəzzülə
uğramış rayonda indi tamamilə başqa bir mənzərədir.
Lakin biz əldə etdiyimizdən
arxayınlaşa bilmərik. Görüləsi
işlər çoxdur. Ölkə
Prezidentinin son üç ildə iki dəfə Samuxa səfər
etməsi bizə böyük qayğı və etimaddır.
Gərək bunu doğruldaq. Hər il əvvəlki illərdən daha yaxşı
işləməliyik. Samuxun hər bir sakini bu
fikirdədir.
V.Hacıyevin dediyi sözlərdə həqiqət var.
Samuxlular bu günlə fəxr etdikləri kimi, sabahı da
düşünür, əldə olunanları möhkəmləndirməyə
çalışırlar. Bu baxımdan başa
çatmaqda olan 2011-ci ilin də uğurları göz
qabağındadır. Təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrdə irəliləyişlər
hiss olunur. Rayonda təhsil müəssisələrinin
də maddi-texniki bazasının yaxşılaşdırılması,
yeni məktəb binalarının tikintisi və əsaslı
təmiri istiqamətində mühüm işlər
görülmüşdür. Belə ki, son vaxtlar 9 yeni məktəb
binası tikilib istifadəyə verilmiş, 6 məktəbdə
əlavə sinif otaqları tikilmiş, 13 məktəbdə əsaslı
təmir işləri görülmüşdür.
Bu
baxımdan cari il daha uğurlu olmuşdur. Belə ki, 2011-ci ildə rayonda qəza vəziyyətində
olan Lüksemburq kənd tam orta məktəbi üçün
220 yerlik yeni binanın tikintisinə başlanmış və
hazırda istifadəyə verilmək üzrədir. İstixana kənd məktəbində əsaslı
təmir işləri aparılmış, 90 şagird yerlik
bina şagirdlərin istifadəsinə verilmişdir.
Samux şəhər 2 saylı tam orta məktəbi
üçün 340 şagird yerlik, Poylu və Salahlı kənd
məktəbləri üçün isə 180 şagird yerlik
yeni məktəb binalarının tikintisinə
başlanmışdır.
Son illər rayonda aparılan məqsədyönlü
işlərin nəticəsidir ki, qış aylarında sinif
otaqlarını normal istiliklə təmin etmək məqsədilə
ardıcıl tədbirlər görülmüş, 8 məktəbdə
qazanxana quraşdırılmış və bu istiqamətdə
işlər davam etdirilir.
Ümumtəhsil
məktəblərində yaradılan normal şəraitin və
yeni tədris avadanlıqları ilə təminatın nəticəsidir
ki, ali təhsil ocaqlarına qəbulda həm
kəmiyyət, həm də keyfiyyət göstəriciləri
yüksəlmişdir. Belə ki, 2010-cu ildə ali
təhsil ocaqlarına 123 nəfər qəbul olunmuşdursa,
2011-ci ildə bu rəqəm 139-a çatmışdır. Məzunlardan
3 nəfər 600-dən yüksək, 12 nəfər isə
500-dən yüksək bal
toplamışdır. Müqayisə üçün bildiririk
ki, 2006-cı ildə ali təhsil
ocaqlarına cəmi 87 nəfər qəbul olmuşdur.
Xüsusi istedada malik uşaqların bilik və bacarıqlarının
inkişaf etdirilməsi, üzə çıxarılması
daim diqqətdə saxlanılır. Bu nəzərə
alınaraq rayon mərkəzində Uşaq-Şahmat məktəbi
açılmış və yeni bina tikilərək istifadəyə
verilmişdir. Məktəbin
açılışından az müddət
keçməsinə baxmayaraq, şagirdlər beynəlxalq və
respublika yarışlarında uğurlar qazanmışlar. Bunların arasında məktəbin yetirməsi Samux
şəhər sakini Əli Cəfərlinin əldə etdiyi
uğurlar xüsusi qeyd edilməlidir. O,
Yunanıstanın Saloniki şəhərində keçirilən
şahmat yarışında Avropa çempionu olmuşdur.
Rayon ərazisində olan respublika əhəmiyyətli Gəncə-Samux,
yerli əhəmiyyətli Lək, Qarayeri, İnstitut qəsəbə
yollarında təmir işləri aparılmış,
yolların üfüqi nişanlanması işləri
görülmüşdür. Samux şəhər -
Poylu, Yenikənd - Qırmızı Samux istiqamətində
avtomobil yollarında cari təmir işləri həyata
keçirilmişdir. Qəsəbə və
kənddaxili yollarda təmir-bərpa işləri
aparılmış və bu işlər bu gün də davam
etdirilir.
Samux əsasən aqrar rayon olduğundan əkin sahələrinin
vaxtında suvarılması daim nəzarətdə
saxlanılır. Təkcə bu il 262 ədəd
nasos, 37 ədəd elektrik avadanlığı, 22 quyuda güc
transformatorları təmir edilmişdir. Kanallarda
136 min kubmetr lildəntəmizləmə, 54 min kubmetr sahilbərkitmə
işləri görülmüşdür. Bununla bərabər, kanallarda 19 ədəd
hidrotexniki qurğu, 9 ədəd hidprotexniki postlar və borular
təmir edilmişdir. Kanallarda suvarma suyunun
sahillərə maneəsiz verilməsi üçün
betonlama işlərinə başlanılmış və bu
işlər davam etdirilir. İmamzadə
türbəsinin qabağından keçən drenaj
kanalının 530 metr məsafəsi dəyişdirilərək,
yolun sol hissəsinə keçirilmişdir.
Görülmüş işlərin nəticəsidir ki,
əkinçilikdə, o cümlədən
taxılçılıqda uğurlar əldə edilmişdir. Cari ildə
sahələrdən 31 min ton taxıl məhsulu
toplanmışdır. Toplanmış məhsulun 19 min
tonu buğda, 12 min tonu isə arpa olmuşdur ki, məhsuldarlıq
müvafiq olaraq 33,1 sentner, 32,3 sentner təşkil etmişdir.
Ümumilikdə taxılın məhsuldarlığı 32,7 sentner olmuşdur ki, bu da ötən ildəkindən
(23,3) 40,3 faiz çoxdur.
Dövlət Proqramına uyğun olaraq rayonda
üzümçülük və meyvəçilik də
sürətlə inkişaf edir. Belə ki, hazırda
1115 hektar üzüm bağı, 1084 hektar meyvə
bağı mövcuddur. Mövcud bağlardan 736
hektarı bar verəndir. Üzümçülüyü və
meyvəçiliyi inkişaf etdirmək üçün
hazırda rayonun Poylu və Qarabağlı kəndlərində
150 hektar plantaj şum aparılaraq 90 hektara yaxın
üzüm, 30 hektarda isə meyvə bağları
salınmışdır.
2012-ci ilin məhsulu üçün 3981 hektar sahədə
şum qaldırılmış, 1124 hektar sahədə isə
payızlıq səpinlər aparılmışdır. 884 hektarda dən
üçün arpa, 240 hektarda isə xəsil əkilmişdir.
Hazırda payızlıq səpin davam etdirilir.
Rayon əhalisinin elektrik enerjisi və mavi yanacağa olan
tələbatının ödənilməsi istiqamətində
də müəyyən işlər
görülmüşdür. Əhalini dayanıqlı elektrik
enerjisi ilə təmin etmək üçün cari ilin doqquz
ayı ərzində 13 ədəd müxtəlif güclü
10 və 04 kv-luq transformator əsaslı, 44 transformator cari təmir
edilmişdir. 36 ədəd istismara yararsız
dayaq yenisi ilə əvəz edilmişdir.
Əhalinin
təbii qazla təminatının
yaxşılaşdırılması istiqamətində də
az iş görülməmişdir. Belə
ki, hazırda rayonun 35 yaşayış məntəqəsindən
27-si, yəni keçmiş sovetlər birliyi dövründə
təbii qaz alan bütün
yaşayış məntəqələri mavi yanacaqla təmin
olunmuşdur. Bu gün rayonda 12183 abonent təbii
qazdan istifadə edir ki, bu da 2003-cü ildəkindən təxminən
3 dəfə çoxdur.
İlin əvvəlində rayonun Füzuli kəndinə və Əlibayramlı kəndində yeni yaşayış massivinə təbii qazın verilməsi təmin olunmuşdur. Əhalinin fasiləsiz olaraq təbii qazla təmin olunması məqsədilə qaztənzimləyici şkaflarda və qaz xətlərində cari təmir işləri aparılaraq, onların saz vəziyyətdə saxlanılması təmin edilmişdir.
Rayon əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə mövcud su xətlərində baş verən bütün yeraltı sızmaların və digər nasazlıqların qarşısı vaxtında alınmış, dərinlik nasosları cari təmir edilərək istehsal gücləri artırılmışdır. Rayonun Qırmızı Samux, Lüksemburq, Yenikənd yaşayış məntəqələrində modul tipli təmizləyici su qurğuları quraşdırılmış və Poylu, Kəsəmən, Qarabağlı, Salahlı və Burunqovaq kəndlərində isə belə qurğuların quraşdırılması nəzərdə tutulur. Dövlət Proqramına uyğun olaraq Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün mərkəzləşmiş içməli su sisteminin qurulması istiqamətində işlər aparılır. Artıq bu məqsədlə torpaq sahələri ayrılmış və şəhər ərazisində topoqrafiya işləri həyata keçirilmişdir.
Rayonda sosial-iqtisadi sahələrdə həyata keçirilən tədbirlər sırasında daim diqqətdə saxlanılan hədəflərdən biri də əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün rayon əhalisinin məşğulluğunun təmin edilməsidir. Görülmüş tədbirlərin nəticəsidir ki, cari ildə 817 yeni iş yeri yapradılmışdır. Onlardan 549 iş yeri daimi, 148 iş yeri müvəqqəti, 120 iş yeri isə mövsümüdür.
Samux uğurlu yoldadır. Bu elə bir yoldur ki, rayonun təkcə simasını deyil, onun bütün həyatını dəyişdirir. Samuxlular bunu hər gün, hər saat hiss edirlər.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2011.- 7 dekabr.- S. 6.