Turizm xidməti sahəsində çalışanların peşə hazırlığı səviyyəsi artırılır

 

"Bildiyiniz kimi, son dövrlər turizm bütün dünyada ölkələrin iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə və qlobal problemlərin həllinə təsir göstərə bilən amilə çevrilmişdir. Son illər respublikamızda turizm sahəsində ölkə başçısı tərəfindən imzalanan silsilə fərman və sərəncamlar gündən-günə çiçəklənən respublikamızın iqtisadiyyatında qeyri- neft sektorunun inkişafına əlverişli şərait yaratmış və turizmi iqtisadiyyatımızın prioritet sahələrindən birinə çevirmişdir".

 

Bu sözləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev Azərbaycan Turizm İnstitutunda təşkil olunmuş növbəti təlim -tədris kurslarının dinləyicilərinə sertifikatların təqdim edilməsi münasibətilə düzənlənmiş toplantıda iştirakçıların və qonaqların diqqətinə çatdırdı.

Tədbirdə qeyd olundu ki, son zamanlar daxili turizm bazarının daha da genişlənməsi və ona tələbatın artması respublika ərazisində turizm infrastrukturunun güclənməsinə gətirib çıxarmışdır. Buna baxmayaraq bu müəssisələrdə çalışanların, əsasən də masa xidmətçiləri, qeyd-qəbul, idarəçilik və xadiməçilik sahələrində xidmət səviyyəsinin artırılmasına ehtiyac olduğu danılmazdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Türk Əməkdaşlığı və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mütəmadi olaraq respublikamızın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisimehmanxana xidməti üzrə təlim-tədris kursları təşkil edir.

Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin 2011-ci il 20 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2011-ci il "Turizm ili" elan edilmişdir. Turizm ili ilə bağlı hazırlanmış Tədbirlər Planının 16-cı bəndində "Turizm şirkətlərində, mehmanxanarestoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi" məsələsi qeyd olunur.

Nazirliyin təmsilçisi bildirdi ki, turizm xidməti sahəsində çalışanların peşə hazırlığı səviyyəsinin artırılması məqsədilə ixtisaslaşdırılmış treninqlər keçirilir. 2011-ci ilin may-iyun aylarında Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə şimal - qərb regionunda çalışan 120 nəfər üçün İsmayıllı rayonunda, şimal regionunda çalışan 120 nəfər üçün isə Xaçmaz rayonunda kurslar keçirilmiş, kursların sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.

Kursların uğurlu nəticələr verdiyini və növbəti ilin may ayında "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini nəzərə alaraq, növbəti dəfə mehmanxana idarəçiləri, qeyd-qəbul, masa xidməti və xadiməçilik ixtisasları üzrə noyabr ayının 21-dən 25-i tarixinə qədər 5 günlük təlim-tədris kursları təşkil olunmuşdur. Həmin kurslarda dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər. Azərbaycan Turizm İnstitutunda keçirilən bu növbəti kurslarda təxminən 40 oteldən 120-yə yaxın dinləyici iştirak etmişdir.

Noyabr ayının 25-də bu il təşkil edilən və sayca üçüncü olan 5 günlük təlim-tədris kursu öz işini başa çatdırmış və həmin kurslarda iştirak edən dinləyicilərə seçdikləri ixtisaslara uyğun sertifikatlar verilmişdir.

Toplantıda qeyd olundu ki, bu istiqamətdə treninqlərin keçirilməsi paytaxtımızda fəaliyyət göstərən mehmanxanaona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə və turizmin inkişafına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

Kurslarda iştirak edən dinləyicilərə sertifikatların verilməsi ilə bağlı təşkil edilən toplantının sonunda Aydın İsmiyev bu işdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəstək olan Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə, Türk Əməkdaşlığı və Koordinasiya Agentliyinə, Azərbaycan Turizm İnstitutuna və Türkiyədən gəlmiş dəyərli müəllimlərə öz təşəkkürünü bildirdisertifikatla təltif olunan hər bir dinləyicini təbrik edərək təlim-tədris kurslarında qazandıqları bilikləri gündəlik işlərində bacarıqla tətbiq etməyi tövsiyə etdi.

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 7 dekabr.- S. 6.