Zərdabda ulu öndərin anım mərasimi

 

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı ölkəmizdə keçirilən silsilə tədbirlər çərçivəsində Zərdab Rayon İcra Hakimiyyətində "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirildi. İştirakçılar Heydər Əliyev parkını ziyarət edərək ulu öndərin heykəli önünə gül-çiçək qoydular.

 

Bakıdan gəlmiş qonaqlar Heydər Əliyev parkında aparılan abadlıq, quruculuq və yaşıllaşdırma işləri ilə tanış oldular. İdarə, müəssisə, təşkilat və cəmiyyətlərin nümayəndələrinin, ziyalıların, veteranların, ictimaiyyət fəallarının iştirak etdikləri konfransı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq qonaqları, bütün iştirakçıları salamladı və konfransın gündəliyini elan etdi.

Sonra natiq "Ümummilli liderimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasında misilsiz xidmətlər göstərmişdir" mövzusunda məruzə ilə çıxış etdi. Müstəqil Azərbaycanın memarının "Biz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz" sözlərini vurğulayan məruzəçi bildirdi ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına ciddi əhəmiyyət vermiş, bu istiqamətdə əsaslı tədbirlər həyata keçirmişdir. Məhz Heydər Əliyevin qayğısının nəticəsidir ki, bu gün xalqımız əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərini Prezident İlham Əliyevin rəhbərliyi altında qoruyub yaşadır və onunla fəxr edir.

Hər birimiz qürur duyuruq ki, ümummilli lider 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikamıza yenidən rəhbərliyə başlamaqla, ölkəmizi və həm də milli-mənəvi dəyərlərimizi tamamilə məhv olmaqdan xilas etdi. Xalqımıza Yeni Azərbaycan Partiyasını, əbədiyaşar müstəqil Azərbaycanı və Heydər Əliyev məktəbi keçmiş cənab İlham Əliyev kimi güclü lideri bəxş etməklə, ulu öndər milli-mənəvi dəyərlərimizə də əbədiyaşarlıq bəxş etdi. Azərbaycan bu gün təkcə iqtisadi qüdrətinə deyil, həm də milli-mənəvi dəyərlərinin zənginliyinə görə dünyada ön sıralarda gedir. Şübhə yoxdur ki, ölkəmiz və xalqımız möhtərəm Prezidentimizin rəhbərliyi altında ümummilli liderin müəyyənləşdirdiyi yolla qətiyyətlə addımlayaraq xoşbəxt gələcəyə qovuşacaqdır.

"Şöhrət" ordenli xalq artisti, bəstəkar, professor, prezident təqaüdçüsü Tofiq Bakıxanov "Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti" məruzəsində dedi ki, 1969-cu ilin iyulunda ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəlməklə, o vaxtlar çox geridə qalan respublikamızın sürətli inkişafına nail oldu, ölkəmizi dünyada tanıtdı. Həmin dövrdə ümummilli lider Azərbaycan mədəniyyətinin, musiqisinin də inkişafını ön plana çəkdi. O, ilk dəfə olaraq bizim operabalet teatrını xarici ölkələrə qastrola göndərdi, çıxışlarımız hər yerdə alqışlandı, Azərbaycan musiqisini bütün dünya tanıdı. Mən bundan ruhlanaraq dənizçilərə həsr olunan "Xəzər" balladasını yazdım. Bu əsər Parisdə, Moskvada, Lüksemburqda, və digər məşhur paytaxtlarda uğurla səsləndi. Biz Vətənə qayıdanda ulu öndər hamımızı qəbul etdi, mükafatlandırdı. Heydər Əliyevin fədakarlığı və qətiyyəti sayəsində o illərdə Ukrayna kimi iri respublikaya nisbətən Azərbaycanda daha çox yazıçı, musiqiçi, rəssam və digər sənət sahibləri SSRİ-nin ən yüksək olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

Bəstəkar sonda bilidirdi ki, burada keçirdiyim fərəhli hisslər məni Zərdaba, Həsən bəy Zərdabi yurduna həsr olunmuş əsər yaratmağa sövq edir. Çalışacağam ki, Zərdabda teatr yaradılmasına da kömək edim. Siz hər cür qayğı və dəstəyə layiqsiniz.

Səhnəmizin ən gənc "Koroğlu"su, beynəlxalq müsabiqələr laureatı, istedadlı vokalçı Ramil Qasımov konfransdakı çıxışına məşhur "Sənsiz" romansını oxumaqla başladı və ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, istedadlı gənclərə qayğısından danışdı. O dedi ki, ümummilli liderimizin bu sahədəki fəaliyyəti ölçüyəgəlməzdir. Xoşbəxtəm ki, hələ uşaq ikən konsertdə çıxış edərkən ulu öndərlə görüşmüşonun xeyir-duasını almışam. Heydər Əliyev uşaqlara, gənclərə çox isti, səmimi, mehriban münasibət bəsləyirdi, onlara doğru yol göstərirdi. Ulu öndərimiz mədəniyyət obyektlərinin tikintisinə ciddi diqqət verir, açılış mərasimlərində özü iştirak edir, konserttamaşalara baxır, sonda ifaçılarla səhnə arxasında görüşür, bizə çox dəyərli məsləhətlər verirdi. O, səhnə əsərini yazıçıdan, musiqi əsərini bəstəkardan yaxşı təhlil edir, dəyərləndirirdi.

Konfransı Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev yekunlaşdırdı. O bildirdi ki, bugünkü konfransla başlanan ulu öndər Heydər Əliyevi anım tədbirləri rayonun bütün qurumlarında və yaşayış məntəqələrində rəngarəng formalarda davam etdiriləcək.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 7 dekabr.- S. 5.