Azərbaycanı sivil dəyərlərə qovuşdurmuş lider

 

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa və tarixi hadisələri nizamlamaga qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını təsdiqləyən çağdaş nümunədir.

 

Öz fəaliyyəti, həyatı və xalqı naminə göstərdiyi xidmətlərinə görəmilli tariximizdə dərin iz buraxmış ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bir qərinəlik zaman birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub. Üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən ulu öndər ona bəslənilən ümidləri layiqincə doğruldub.

Dövlət o vaxt guclü və yenilməz olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında birlik olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızın başının üstünü almış bütün bəlalardan hifz edib. Dünyanın ən dahi şəxsiyyətlərindən biri olan ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Böyük qürur hissi və fəxrlə deyirdi: "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bugünü və sabahı ilə yaşamışam... Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". Ulu öndər, həqiqətən, xalqımızın müdrik və əvəzsiz lideri idi. Xalqımızın bu dahi və fədakar oğlunun bir sözü, müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, xüsusən də 1969-cu ildən başlayaraq respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurlar birbaşa Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanır. Bu dahi şəxsiyyət Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət kimi formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib.

Ümummilli lider Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətləri onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə büruzə verib. Heydər Əliyevin rəhbərliyi altında respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında onun yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və tükənməz enerjisi istər ötən əsrin 70-80-ci illəri, istərsə də 1993-cü ildən sonrakı dövrü xarakrerizə edən başlıca amillərdir. Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, günbəgün sistemli şəkildə artan xarici-iqtisadi əlaqələri, Avropaya, Qərb strukturlarına geniş inteqrasiyası hələ 1970-1985-ci illərdə təməli qoyulmuş güclü potensiala söykənir. Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən Azərbaycanın həyatında vüsət alan ictimai-siyasi proseslər radikal dəyişikliklərə təkan vermiş, iqtisadi tərəqqi, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır.

Həmin dövrü xarakterizə edən başlıca amillərdən biri də odur ki, Heydər Əliyev özünün dövlət idarəçiliyi proqramında mədəni və mənəvi intibahı iqtisadi uğurlarla paralel olaraq nəzərdə tutmuş və zirvələrə ucaltmışdır. Həmin illər bir tərəfdən, nəhəng abadlıq-quruculuq, iqtisadiyyatımızın sürətli inkişafı dövrü kimi, digər tərəfdən mədəniyyətimizin, elmimizin, təhsilimizin, idmanımızın intibah dövrü kimi tarixə düşüb. Ulu öndər hələ o illər uzaqgörənliklə gənc milli kadrların yetişdirilməsinə, onların savadlı mütəxəssis kimi formalaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Gəncləri millətin gələcəyi adlandıran ümummilli lider gənc nəslə qayğının artırılmasına dövlət siyasətinin prioritet məsələsi kimi yanaşıb. Ötən əsrin yetmişinci illərində əsası qoyulan dəyərli ənənələr sırasında azərbaycanlı gənclərin SSRİ-nin ən qabaqcıl ali məktəblərinə təhsil almağa göndərilməsi praktikası da xüsusi yer tutur. Elm, təhsil və mədəniyyətimizin tərəqqisi yetmişinci illərdən başlanan milli yüksəliş tariximizin inkaredilməz reallığıdır.

Heydər Əliyev zamanın fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Ulu öndərin böyük xidmətlərindən biri də odur ki, Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıb. Azərbaycan xalqını nadir irsin övladları adlandıran ümummilli lider dönə-dönə bəyan edirdi ki, biz, xüsusən də gənc nəsil bu irsə layiq olmalı, qədim tariximizi, onun bütün mərhələlərini yaxşı bilməli və təbliğ etməliyik. Çünki tarixini unudan millətin yaşamağa haqqı yoxdur. Heydər Əliyevi xalqımızın bir neçə nəslinin sevimlisinə, inam və ümid yerinə çevirən, müqəddəslik zirvəsinə ucaldan məhz bu fövqəlbəşər insanın xalqı üçün gördüyü işlərdir, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq öz həqiqi təsdiqini tapması onun liderliyi altında tarixi reallıq olmuşdur.

Zamanın yetişdirdiyi Heydər Əliyev kimi nadir dühaların qismətinə nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətinin formalaşmasında böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Azərbaycanın və böyük türk dünyasının bu qüdrətli şəxsiyyəti və lideri millətimizi zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi və mənəvi tərəqqisinə, bütün türk dünyasının birliyinə nail olub. Ulu öndərin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi mühüm yer tutur. Heydər Əliyevin uzaqgörənliklə, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ölkəmizə böyük uğurlar gətirib.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlı nəhəng kontraktın imzalanması Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının əsas elementi, qüdrətli Azərbaycanın sabahına yol açılması idi. Neft amilini müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın digər sahələrinin tərəqqisi, xalqın rifahının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü vasitə və etibarlı mənbə adlandıran ulu öndərimiz tam əmin idi ki, biz bu amildən səmərəli və məqsədyönlü istafadə etməklə, yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirəcəyik.

İndi bu arzular da çin olub. "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən qlobal lahihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri iqtisadi dividentlər- milyardlarla dollar həcmində mənfəət gətirməklə yanaşı, Azərbaycanı regionun lider dövlətinə, siyasi güc mərkəzlərindən birinə çevirib. Təsadüfi deyil ki, bu gün BTC haqlı olaraq onun yaradıcısı olan ümummilli liderimizin adını daşıyır. Bu kəmərlər və digər transmilli layihələr Azərbaycanın iqtisadi müstəqilliyinin təməl daşına çevrilərək, ölkəmizin dünya iqtisadi məkanına sürətli inteqrasiyasını təmin edir.

Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi və idmanın inkişafı da ulu öndərin tarixi xidmətlərindəndir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişib. Ümummilli lider deyirdi: "Gənclərimizin ən ümdə vəzifəsi müstəqil Azərbaycan Respublikasının inkişafına, yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır". Bu fikirlər ulu öndərin Azərbaycan gəncliyinin qarşısında böyük vəzifələr qoyması ilə yanaşı, həm də onlara xüsusi diqqət yetirməsınin əyani sübutudur.

1993-cü ildə ümummilli liderin ölkə gənclərinin qabaqcıl nümayəndələri ilə görüşüb onlarla geniş fıkir mübadiləsi aparması gənclər arasında böyük ruh yüksəkliyi yaratmışdı. Bundan sonra ardıcıl olaraq qəbul edilmiş qanunlar və dövlət proqramları, bütün sahələrdə həyata keçirilən islahatlar cəmiyyətin önəmli bir hissəsi olan gənclərin hər sahədə rolunun artmasına, onların dövlət quruculuğu işlərinə cəlb edilməsinə, ictimai-siyasi fəallıqlarının yüksəlməsinə, idman və Olimpiya yarışlarında uğurlar qazanmasına böyük təkan vermişdir.

Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılması da həmin qayğının təzahürü idi. Ulu öndərin 1995-ci il 5 mart tarixli fərmanına əsasən, əhali arasında sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması, Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaradılması üçün Azərbaycan Prezidenti yanında Fond yaradıldı. Ulu öndər Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar və üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.

Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər Azərbaycan idmanının dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir... İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".

Bu gün Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, ulu öndərimizin ideyaları yaşayır və daha da inkişaf etdirilir. Ulu öndərimizin ən layiqli siyasi varisi, Azərbaycanın və regionun lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz möhtəşəm uğurlara imza atır. Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev ümummilli liderimizin idarəçilik məktəbindən maksimum bəhrələnərək, bu prinsiplərin daha da təkmilləşdirmiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Bu baxımdan, Azərbaycan gəncliyi də yeni inkışaf dövrünü yaşayır və hər sahədə öz sözünü deyir. Xalqımızın bütün təbəqələrinin, o cümlədən gənclərin lıderi olan möhtərəm Prezidentimiz İlham Əliyev böyük öndərin siyasi kursunu bütün istiqamətlər üzrə uğurla davam etdirir. Dövlət başçımızın gənclərə göstərdiyi diqqət və qayğı hər gün bütün istiqamətlərdə özünü göstərir və yeni dövrün tələbinə uyğun davam etdirilir.

1997-ci ildən gəncliyin lideri İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsi gənclərimizin beynəlxalq miqyaslı idman yarışlarında fəal iştirakına təkan vermişdir. Mötəbər idman yarışlarında qazanılan qələbələr buna sübutdur. Milli Olimpiya Komitəsi Azərbaycanda Olimpiya hərəkatının daha da genişlənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançılarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi və onların beynəlxalq yarışlarda iştirakının təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. MOK bu mühüm vəzifələrin həyata keçirilməsi üçün ölkənin müxtəlif dövlət və ictimai qurumları ilə, habelə dünyanın ayrı-ayrı olimpiya və idman təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri yarada bilmişdir. Bu təqdirəlayiq fəaliyyət sayəsində idmançılarımız olimpiadalarda qələbələr qazanır, müstəqil Azərbaycanımızın üçrəngli milli bayrağı dünyanın ən mötəbər yarışlarında tez-tez ucalır, milli himnimiz qürurla səslənir. Azərbaycan, sözün həqiqi mənasında, böyük idman ölkəsinə çevrilib.

Göründüyü kimi, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində isə iqtidar-xalq yekdilliyi dayanır. Təsadüfi deyil ki, 2008-ci ilin prezident seçkilərində xalqımız növbəti dəfə öz lideri İlham Əliyevə yekdilliklə səs verməklə bir daha Heydər Əliyev siyasətinə tam dəstəyini, ona inam və etibarını ifadə etdi. Bundan sonra da ölkənin uğurlu inkişafı üçün əlindən gələni edəcəyinə söz verən dövlət başçısı İlham Əliyev demişdir: "Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycan xalqının maraqlarının qorunması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi mənim üçün və bilirəm ki, hər bir Azərbaycan vətəndaşı üçün ən başlıca vəzifədir, ən başlıca məqsəddir". Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə daha xoş günlərinə doğru gedir.

 

Ağacan ABİYEV, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili

 

Xalq qəzeti.- 2011.- 7 dekabr.- S. 3.