Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

 

Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması bunun bariz ifadəsidir

 

Son illər bir sıra sahələrdə olduğu kimi, təhsildə də yaddaqalan uğurlar əldə edilmişdir.

Prezident İlham Əliyevin təhsilə və bu sahədə çalışan insanlara qayğı və diqqəti təsadüfi deyil. Dövlət başçısı çıxışlarının birində demişdir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o ölkələr inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur. Ümumiyyətlə, dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə, Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var".

Dövlət başçısı orta məktəblərdə oxuyan şagirdlərin hərtərəfli qayğı ilə əhatə olunmalarının zəruriliyini, onların layiqli vətəndaş kimi böyümələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq bildirmişdir: "Azərbaycanda bugünkü uşaq 10 ildən, 20 ildən sonra necə vətəndaş olacaq, Vətəni necə sevəcək, Vətən uğrunda necə vuruşacaq, Vətən üçün nə edəcək - bax, bütün bunların təməli məktəblərdə qoyulur. Ona görə təhsilə diqqət, sadəcə olaraq, bir inkişaf istiqaməti deyil, bu, qlobal, ölkə üçün həlledici məna daşıyan bir siyasətdir. Əgər təhsillə bağlı məsələlər düzgün həll olunmasa, bu siyasət, bizim bütün başqa uğurlarımız heç bir səmərə verməz".

Bu amili nəzərə alan ölkə Prezidenti təhsil siyasətinə xüsusi önəm verir. Azərbaycanda təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən hesab edən dövlət başçısının rəhbərliyi altında təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bununla əlaqədar müxtəlif dövlət proqramları uğurla icra olunur. Həmin proqramlar əsasında məktəblərin maddi-texniki bazası gücləndirilir, zəruri avadanlıqlarla təchiz olunur.Eləcə də, 2008-2012-ci illəri əhatə edən məktəb tikintisi ilə bağlı proqramı vurğulamaq yerinə düşər. Bununla yanaşı, təhsil sistemini informasiyalaşdırılmasına xidmət edən dövlət proqramını qeyd etmək lazımdır.Bütün bunlar ümumilikdə təhsilin inkişafına əhəmiyyətli dərəcədə xidmət göstərir.

Ölkə Prezidentinin bu ilin aprel ayında imzaladığı sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə və təhsil müəsissələrinin işçiləri dövlət qulluğunun xüsusi növünə aid ediləcək. Bu konsepsiyanın hazırlanması həm təhsil, həm də səhiyyə işçiləri tərəfindən çox sevinclə qarşılanmışdır.Bütün bunlarla yanaşı, 2011-2021-ci illəri əhatə edən təhsilin inkişafı ilə bağlı milli strategiyanın hazırlanması haqqında dövlət başçısının sərəncamı da xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar şübhəsiz ki, təhsil sistemində olan çatışmazlıqların da kompleks şəkildə həll edilməsinə gətirib çıxaracaq.

Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafına böyük önəm verir. Bu, sosial həyatın digər sahələrində olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülməsi ilə diqqəti çəkir. Belə ki, son illər ərzində yüzlərlə orta məktəb binası və əlavə tədris korpusu tikilmiş, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuş və yenidən qurulmuşdur.Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılmış və pulsuz olaraq Azərbaycan şagirdlərinə çatdırılmışdır. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqi böyük vüsət almışdır.

Təhsilin inkişafına ayrılan xərclər ildən-ilə artırılır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Belə ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 6 dəfədən çox artaraq 2010-cu ildə 1,2 milyard manata çatmışdır.

Başqa bir fakta nəzər salaq. Son illər ərzində təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş uğurla həyata keçirilməkdədir. Bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi s. sahələrdə mühüm uğurlar əldə olunmuşdur.

Azərbaycanda yeni məktəb binalarının tikilməsi, əsaslı təmiri müasir avadanlıqlarla, o cümlədən kimya fizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompyuter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri xüsusilə qeyd edilməlidir. Fondun təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik 26 məktəb istifadəyə verilmişdir. 2011-2012-ci tədris ili ərəfəsində isə Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş, yeni korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb təmir edilmişdir.

Yeni nəsil dərsliklərin hazırlanması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2003-2011-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən çox dərslik çap edilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I-IV siniflər üçün dərslik komplektləri (şagird üçün dərslik, dəftəri, müəllim üçün vəsait) hazırlanmış, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilmiş müsbət rəy alındıqdan sonra çap edilmişdir. 2011-2012-ci tədris ili üçün 102 adda 3463170 nüsxə dərslik, metodik vəsait çap olunmuşdur.

Müstəqil ölkəmizin 20 illik təhsil tarixində ilk dəfə olaraq 2011-ci ildə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə məzunlar qızıl gümüş medallarla təltif olunmuşlar. Xatırladaq ki, 53 şagird qızıl gümüş medallara layiq görülmüşdür.

Son illər dünya beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 38 gümüş, 60-dan çox bürünc medal qazanmışlar. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlayır.

Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərlə yanaşı, dövlət səviyyəsində təhsil işçilərinin fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması sahəsində əhəmiyyətli addımlar da atılmışdır. Belə ki, təhsil tariximizdə ilk dəfə olaraq respublika Prezidenti İlham Əliyev tərəfindən "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncam imzalanmış, 2008-ci, 2009-cu, 2010-cu və 2011-ci illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmişdir.

Ən mühüm hadisələrdən biri də 2009-cu ildə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Bu qanun ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını sürətləndirəcəkdir. Qanunun icrası istiqamətində Təhsil Nazirliyində hazırlanmış 40 adda normativ sənəd Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

Təhsilə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 5 dekabr 2011-ci il tarixli Sərəncamı ilə bir daha öz ifadəsini tapmışdır. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il dekabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.

Bütün bu işlərin, aparılan yüksək səviyyəli siyasi xəttin təməlində heç şübhəsiz ki, insan amili dayanır. Bəli, dövlət başçısının neft kapitalının insan kapitalına çevrilməsi ilə bağlı bildirdiyi fikirlər bu gün şüar deyil. Bu, artıq Azərbaycan reallığına çevrilməkdə olan həqiqətdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 7 dekabr.- S. 1.