Milli ideya: mərhələ
təsnifatı və səciyyəsi
Keçid
dövrünü başa vurduğumuz indiki şəraitdə
digər ictimai, iqtisadi, mədəni, sosial məsələlərlə
yanaşı, həmişə aktuallıq kəsb edən
"milli ideya" anlayışına da çağdaş
dövrün və müasir elmi-nəzəri səviyyənin
tələbləri mövqeyindən yanaşmaq zərurəti meydana çıxmışdır.
Mübahisəyə ehtiyac yoxdur ki,
ayrı-ayrı dövrlərdə və ictimai-siyasi vəziyyətlərdə
müxtəlif mövqeli insanlar üçün son dərəcə
cəlbedici olan "millət", "milli münasibətlər",
"milli ideya" terminləri və onların
daşıdığı məna yükü ilə fəlsəfə
tarixinin kateqoriyaları arasındakı təbii təmasların
aşkarlanması, sadəcə olaraq, elm məsələsi
deyil, bundan daha artıq dərəcədə dövlət və
həyat məsələsidir.
Bu
baxımdan Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
"Bakinski raboçi" qəzetinə müsahibəsi -
"Müasir milli ideyanı zənginləşdirən odur
ki, vətəndaş özünü dövlətin bir hissəsi
hesab edir, özündə dəyişikliklər
üçün qüvvə görür, güclü
dövlətin və güclü, iradəli liderin
varlığına ehtiyac duyur" tezisi ilə bağlı
açıqlaması yeni dövrümüzün mahiyyət və
xarakterini özündə ehtiva edən milli ideya
anlayışına tam aydınlıq gətirir.
Bəri başdan qeyd edək ki, bu müsahibə sıradan bir yazı deyil, sözün əsl mənasında, mükəmməl elmi-fəlsəfi təcrübəyə əsaslanan, konseptual tədqiqatın şərhidir. Müsahibənin ana xəttini Azərbaycan milli ideyasının inkişaf mərhələlərini müəyyənləşdirməklə, onun ictimai xarakterini dünya humanitar elminin prinsipləri əsasında səciyyələndirmək kimi mühüm vəzifə təşkil edir. Həmçinin əhəmiyyətlidir ki, irəli sürülən mərhələ təsnifatı formal və sxematik xarakter daşımır, bu mərhələlərin hər biri özündə mədəniyyət tariximizin əsas meyil və istiqamətlərini cəmləşdirən təbii elmi şərtlərə söykənir. Milli ideyanın təşəkkülü, formalaşması və inkişafı ilə bağlı bütün təmayüllər bir süjet ətrafına toplanaraq mühüm konseptual nəticənin əsası olur.
Akademik Ramiz Mehdiyev dünya xalqlarının millət və dövlətə bağlı düşüncələrinin bu mövzu üçün əsas şərtlərdən biri olması tezisini irəli sürür: "Milli dövlətin dəyərini heç də bütün xalqlar obyektiv dərk edə bilmir. Bu isə nəticə etibarilə həmin xalqların yox olmasına və ya ümumdünya proseslərində onların əhəmiyyətinin heçə enməsinə gətirib çıxarır". Yəni milli dövlət anlayışı dərk olunan həqiqətə çevrilənə qədər insan şüurunda mücərrəd məfhum kimi mürgüləyir. Heç də asan olmayan bir təfəkkür hadisəsi - milli dövlət anlayışının öz mücərrəd qabığından çıxaraq konkretləşməsi çox böyük tarixi prosesin nəticəsi ola bilər. Şübhəsiz, bu proses maarifçilik dərslərindən, milli-mədəni dəyərlərdən, xalqın milli mənlik şüurunun artmasından keçib gedən canlı həyat hadisəsidir.
Müsahibədə milli dövlət anlayışının dərkindən sonrakı dövrə aid olan tələblərə də tam aydınlıq gətirilir: "Millətin öz strateji inkişaf proqramı, milli ideyası - dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır".
Bütün bunlar xalqların gələcəyə baxışlar sisteminin möhkəm təməl üzərində qurulmasını, inkişafın istiqamətlərini müəyyənləşdirməklə daim nəzarətdə saxlanılmasını, milli ideyanın nəzəriyyədən praktikaya yönəldilməsini zərurətə çevirən amillərdir. Akademik Ramiz Mehdiyevin müəllifliyi ilə ortaya çıxan milli ideya təsnifatının birinci mərhələsi 1828-1875-ci illəri əhatə edir. Türkmənçay müqaviləsindən başlayan bu mərhələ tarixi ərazilərin parçalanması faciəsinə dayanır və daha çox cəmiyyət daxilinə səpilmiş milli oyanış toxumları ilə səciyyələnir.
Müsahibədə deyilir: "Rusiya - İran müharibəsindən sonra Azərbaycanın şimal hissəsinin ərazisi Rusiya imperiyasının tərkibində qalmış, burada azərbaycanlıların tədricən həmrəy olması prosesi başlanmışdır". Şübhəsiz, birinci mərhələnin özünütəsdiqi həmrəylik təşəbbüslərinə borcludur. Bu təşəbbüslər ilk növbədə ədəbi məclisləri reallaşdırdı. Qubada, Şamaxıda, Gəncədə, Şuşada, Ordubadda, Lənkəranda - Azərbaycanın, demək olar ki, hər bölgəsində XIX əsrin sayılıb-seçilən şairləri məclis formasında bir araya gəldilər. Həmin məclislərdə oxunan, müzakirə edilən şeirlərin qüvvətli, yaxud zəifliyindən asılı olmayaraq, fikir inkişafına güclü təkan verildi. Məclislərarası ünsiyyət formaları, xüsusilə məktublaşmalar və nəzirə yaradıcılığı fikir inkişafının sərhədlərini daha da genişləndirdi.
Birinci mərhələdə həmrəyliyin başqa bir reallıq faktı dramaturgiyanın yaranmasına söykənən teatr tamaşaları idi. Teatr ziyalı düşüncəsini, ziyalı fikrini xeyli dərəcədə kütləviləşdirdi və bu fikirlərin xalq nümayəndələrinə çatdırılmasının yeni və canlı forması kimi vətəndaşlıq hüququ qazandı.
Görkəmli alimin təqdimatında o dövr Azərbaycan ziyalılarının qabaqcıl nümayəndələri olan Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Kazım bəy ədəbiyyat və dilçilik tarixinin sərhədlərindən çıxarılaraq milli ideyanın reallığa çevrilməsi yolunda əvəzsiz şəxsiyyət statusu qazanırlar. Həmçinin "Türk-tatar dilinin qrammatikası" kitabının müəllifi Mirzə Kazım bəyin adının ilk dəfə ədəbi-elmi və fəlsəfi-tarixi müstəvidə Azərbaycan yazıçıları ilə bir sırada çəkilməsi milli ideyanın ana dilindən təcrid edilmiş şəkildə formalaşmasının qeyri-mümkünlüyü barədə müddəaya işarədir.
1875-ci ildən XX əsrin əvvəlinə qədərki ikinci mərhələnin əsas istiqamətlərini dini-mistik poeziyaya qarşı atılan addımlar və elmi nailiyyətlərlə tanışlıq təşkil edir. Müsahibədən aydın olur ki, həmin nailiyyətlərin əsasında Həsən bəy Zərdabi tərəfindən təsis edilmiş "Əkinçi" qəzeti ilə başlayan mətbuat marafonunun genişlənməsi və yeni tipli məktəblərin açılması kimi mütərəqqi əməllər dayanmış, bunlar da öz növbəsində milli təfəkkürün inkişafına güclü təkan vermişdir. Müsahibədə ikinci mərhələnin başlanğıc faktı və hərəkətverici qüvvəsi olan "Əkinçi" qəzetinin əhəmiyyəti yüksək səviyyədə dəyərləndirilir: "Maarifçilik ideyasının daşıyıcısı kimi "Əkinçi" qəzeti sayca çox olmayan Azərbaycan ziyalılarında milli mənlik şüurunun formalaşmasının təməlini qoymaqla tarixi rol oynamışdır". Beləliklə, Azərbaycan milli ideyasının formalaşmasında həmrəylikdən (ədəbi məclis və teatrdan!) mətbuata doğru hərəkət həm birinci mərhələdən ikinci mərhələyə keçidin təbiiliyini şərtləndirir, həm də milli ideya anlayışının tarixi kateqoriya olmasını təsdiq edir".
Türk mədəniyyəti ənənələrinin milli mənlik şüurunun tərkib hissəsinə çevrilməsi və "müsəlman milləti" anlayışı ilə yanaşı, Məhəmməd ağa Şahtaxtinski tərəfindən "Azərbaycan türkləri" termininin dövriyyəyə çıxarılması milli ideyanın gerçəkləşməsi yolunda mühüm addım olmuşdur. Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə məhz bu dövrün yetişdirdiyi maarifçi şəxsiyyətlər idilər. Təsadüfi deyil ki, onların əksəriyyəti Azərbaycandan kənarda təhsil almış və qabaqcıl ideyalara yiyələnmişlər. Azərbaycan milli ideyasının inkişafında ikinci mərhələnin uğurla başa çatmasının hərəkətverici qüvvələri də məhz mütərəqqi fikir cərəyanlarına söykənən həmin ziyalılar idi.
Müsahibə-tədqiqatdan aydın olur ki, milli ideyanın inkişafında üçüncü mərhələ 1905-1907-ci illər inqilabından 1918-ci ilin mayınadək olan illərə aiddir və bu mərhələdə siyasi partiyalar yaranır, mətbuat orqanları isə kütləvi xarakter alır. Hər iki istiqamət - həm siyasi partiyaların təşəkkülü, həm də mətbuatın kütləviləşməsi ədəbi-bədii, elmi-fəlsəfi mübahisələri açıq müstəviyə keçirir. Beləliklə, zənginləşən polemik ruh hər şeyi üstələyir və milli ideyalarla demokratik dəyərlərin qovuşduğu üçüncü mərhələnin əsas xarakterinə çevrilir.
Akademik Ramiz Mehdiyev Azərbaycan milli ideyasının inkişafında üçüncü mərhələni səciyyələndirərkən mətbuatın rolunu belə dəyərləndirir: "Həyat" və "İrşad" qəzetlərinin və "Füyuzat" jurnalının nəşri milli ideologiyanın yaranmasına, dövlətçilik təfəkkürünün və milli azadlıq ideyasının formalaşmasına təkan verir". Əslində, sovet dönəmində milli ideya barədə tam və obyektiv təsəvvür yaranmaması məhz bu mərhələnin qeyri-obyektiv şərhi ilə də bağlı olmuşdur. Reallıq isə belədir ki, həmin mətbuat orqanları, xüsusilə də "Füyuzat"ın baş redaktoru Əli bəy Hüseynzadə Azərbaycan milli-siyasi həyatında fəlsəfi cərəyanların oyanışına təkan vermişdi: elmi-nəzəri təhlillər aparmış, Avropa ilə bağlı bədii fikri istiqamətləndirmiş, bədii tərcümənin əhəmiyyətinə və roluna dəyər vermiş, elitar düşüncə sisteminin üstünlüyünə haqq qazandırmışdır. Təsadüfi deyil ki, Azərbaycan milli ideyasının istiqamətlərini özü üçün tam yəqinləşdirən Ə.Hüseynzadə "Füyuzat" jurnalını bu istiqamətin ana kitabı hesab etmiş və jurnalın bütün saylarını ardıcıl səhifələtmişdir.
Milli ideyanın tarixi kateqoriya olması üçüncü mərhələdə mətbuatın fikir plüralizminə geniş nəfəs verməsi ilə səciyyələnir. Şübhəsiz, milli ideya ilə bağlı ideoloji konsepsiyanın təşəkkülü də həmin fikir plüralizminə bağlıdır. Heç kəsə qəribə gəlməməlidir ki, üçüncü mərhələni hədəfə doğru aparan ən mühüm vasitə publisistikanın janrları olmuşdur. Amma bütün bunlara baxmayaraq, hədəf hələ də gözlənilən obyekt deyildi: "Azərbaycan elitası milli ideyanın son məqsədi kimi Rusiya imperiyasının tərkibində milli ərazi muxtariyyəti yaradılması uğrunda mübarizə yolunu seçir". Başqa sözlə, bu mərhələni milli ideyanın reallaşması yolunda ƏRƏFƏ də hesab etmək olar.
Dördüncü mərhələ 1918-ci il mayın axırlarından 1920-ci il aprelin sonuna qədər olan dövrü əhatə edir və müsahibədə göstərildiyi kimi, tarixdə ilk dəfə Azərbaycan milli ideyasının həyata keçdiyi mərhələ sayılır. Lakin çox təəssüf ki, bu təcrübə az ömür sürmüş, uğursuz olmuş və hakimiyyət bolşeviklərə təhvil verilmişdir. Həmin mərhələdən bizə yadigar qalan milli ideya nişanəsi Azərbaycan Xalq Cümhuriyyətinin adı və şərəfidir.
Akademik Ramiz Mehdiyev bu dörd mərhələnin ümumiləşdirilmiş yekunu haqqında bunları bildirir: "Millətin siyasi və sosio-mədəni baxımdan dəyişməsi ilə əlaqədar bütün təşəbbüslərin ideoloji əsaslarının yaranmasını yuxarıda göstərilən mərhələlərin əsas nailiyyəti hesab etmək olar. Özünüidentifikasiyanın kollektiv formaları - dini, etnik və sosio-mədəni (sivil) formaları vahid milli, dövlət ideyası şəklində kooperasiya edilmişdir. Beləliklə, "millət", "milli ləyaqət", "dövlət" kimi əsas anlayışların formalaşması və millətin gələcəyi barədə ayrı-ayrı baxışların müzakirə edilməsi üçün imkan yaranmışdır".
Başqa bir real nəticə də vardır. Belə ki, XIX
əsr və XX əsrin əvvəllərində Azərbaycan
bədii fikir tarixinin təhlilində həmişə ədəbi
cərəyanların estetik prinsiplərinə istinad
edilmişdir. Açığı, bu
cür yanaşma bucağı bir çox
yaradıcılıq məsələlərinin
araşdırılması yollarını da xeyli
asanlaşdırmışdı. Həmçinin
etiraf etmək lazımdır ki, ədəbi cərəyanlar
müstəvisi bəzi məhdudiyyətlər yaratsa da, ədəbiyyat
nəzəriyyəsinin və ədəbiyyat tarixçiliyinin
inkişafında faydalı olmuşdur. Lakin
ədəbiyyatşünaslıqda mövcud olan maarifçi
realizm, tənqidi realizm, sosialist realizmi, romantizm kimi istilahlar və
onların gətirdiyi fərqlilik amilləri Azərbaycan milli
ideyasının forma və məzmun xüsusiyyətlərinin
aydınlaşdırılması ilə bir araya
sığmır. Akademik Ramiz Mehdiyev Azərbaycan
milli ideyasının səciyyəsində elmi
yaradıcılıq vərdişinə çevrilmiş
"izm"ləri deyil, bütövlükdə milli mədəniyyət
kontekstini əsas götürməklə yeni elmi-metodoloji
prinsiplərə yol açır.
Apreldən sonrakı dövrdə (1920 - 1988) milli maraqlar
ciddi zərbə almışdır. Azərbaycan xalqının sovet
xalqının bir hissəsi kimi təmsil olunması, rus dilinin
millətlərarası dilə çevrilməsi, kommunist
ideologiyasında milli təfəkkürə yer verilməməsi,
siyasi repressiyaların milli təfəkkürün əlamətlərini
məhv etməsi, milli-siyasi təşkilatlar yaratmaq
hüququnun olmaması, milli təfəkkür modelinin
inzibati-amirlik idarə sisteminin təsirinə məruz
qalması - bütün bunlar müsahibə-tədqiqatda real həyatı
əks etdirən, lakin milli ideyanın xeyrinə olmayan müddəalar
kimi səsləndirilmişdir. Bəs belə bir
vaxtda cəmiyyət çıxış yolunu nədə
görə bilərdi? - Şübhəsiz, siyasi səhnəyə
gələcək tarixi şəxsiyyətdə!
Akademik Ramiz Mehdiyev zəmanənin özünün kəşf
etdiyi misilsiz tarixi şəxsiyyətin - Heydər Əliyevin
hakimiyyətə gəlişini həmin zəmanənin real
gerçəklikləri fonunda əsaslandırır. Başlıca
fakt isə ondan ibarət idi ki, Heydər Əliyev "millətin
inkişaf problemlərini və milli mənafeləri həyatının
mənası hesab edirdi". Məhz buna görə də
müsahibə-tədqiqatdan aydınlaşır ki,
güclü iqtisadi bazaya əsaslanan aqrar-sənaye respublikası
statusunun əldə edilməsi, kadr potensialının
formalaşması üçün həyata keçirilən əməli
işlər, dövlət idarəçiliyində fəaliyyətə
başlamış milli kadrlar, yaradıcı ziyalılara, elm
adamlarına qayğıkeş münasibət, milli
maraqların ehtiyat və ardıcıllıqla reallaşdırılması,
həmçinin milli təfəkkürün inkişafı,
milli mənlik şüurunun artması, mənəvi dirçəliş
üçün əsas olan təhsilin keyfiyyətini
yaxşılaşdırmağa yönəlmiş siyasət gələcəyə
bağlı tədbirlər idi və 1991-ci ildə dövlət
müstəqilliyinin əldə edilməsi üçün
baza yaratmışdı.
Beşinci mərhələ 1987-ci ilin axırları -
1988-ci ilin əvvəllərindən başlamış və
1990-cı ilin yanvarına qədər davam etmişdir. Bu qısa
dövr milli ideyanın inkişafı baxımından 28 apreldən
sonrakı uzun sürən dövrün sükut buzunu əritdi.
Azərbaycan xalqının siyasi
oyanışı və siyasi proseslərdə fəal
iştirakı tarixi reallığa çevrildi. Beləliklə, qeyd edildiyi kimi, beşinci mərhələnin
əsas xarakterik xüsusiyyəti milli azadlıq hərəkatına
çevrilmiş xalq hərəkatının mövcudluğu
idi.
Müsahibədə 1990-cı ilin yanvar hadisələrindən
başlayan və 1993-cü ilin iyununadək davam edən
altıncı mərhələ Azərbaycan millətinin
müstəqil dövlət yaratmaq zərurətini dərk etməsi
kimi səciyyələndirilir. Bu tezis tamamilə
doğrudur ki, həmin mərhələdə
türkçülük anlayışı daha qabarıq
formada önə çıxır və milli ideyanın yeganə
forması kimi özünü göstərir. Beləliklə, "Türk dili" adlı dərsliklərin
nəşri və məktəblərdə istifadəsi məhz
türkçülüyün müstəsnalığı
barədəki təsəvvürlərin məhsulu idi. Bu mərhələni müstəqilliyin qorunması,
möhkəmləndirilməsi və inkişafı yolunda
ƏRƏFƏ də hesab etmək olar. İndi
artıq müqayisə aparmaq mümkündür ki, ikinci
ƏRƏFƏNİN birinci ƏRƏFƏDƏN
üstünlüyü milli ərazi muxtariyyəti ilə
bağlı hədəfin müstəqil dövlət yaratmaq
zərurətinin dərki ilə əvəzlənməsindədir.
Yeddinci mərhələ 1993-cü ilin yayından
2003-cü ilədək olan illəri əhatə edir və bu
mərhələnin xarakterini ictimai-siyasi sabitliyin bərqərar
olması, iqtisadi artımın və siyasi inkişafın əsaslarının
yaradılması təyin edir. Milli müstəqillik
- suveren dövlət formulu qəti inkişaf mərhələsinə
çatır və "millət" anlayışı tam
şəkildə yeniləşir, Azərbaycançılıq
bütün etnik qrupların ideyasına çevrilir. Nəticə isə belədir ki, "Azərbaycanın
polietnik təbiəti bizim böyük sərvətimizə
çevrilmişdir". Başqa bir mülahizə isə
həmin fikrə söykənir: "Azərbaycan millətinin
formalaşması təcrübəsinin vahid, bütöv
sosial-siyasi orqanizm kimi onun tərkibinə daxil olan bütün
etnoslar kontekstində öyrənilməsi humanitar elmimizin
qarşısında duran ən mühüm vəzifədir".
Bu mərhələ həm də milli
ideyanın formalaşması prosesinin tam başa
çatması ilə səciyyələnir.
Milli ideyanın səciyyəsinin azərbaycanlıların
etnogenezindən kənarda olmaması fikri də akademik Ramiz
Mehdiyevin müsahibəsində tam və geniş şərh
edilmişdir.
Ən ciddi tezislərdən biri etnogenez termininə
aydınlıq gətirilməsi, onun mənşə ilə məhdudlaşdırılmaması
və etnosun tarixi yolunu əhatə etməsi fikrinin irəli
sürülməsidir. Etnogenezin ləng
inkişafı, passionar təkandan asılılığı,
təbii və ictimai proselərin təsiri altında olması,
müəyyən transformasiyalardan keçməsi kimi məsələlərə
də aydınlıq gətirilir. Azərbaycan millətinin
bir çox ətraf etnoslardan təcriddə
formalaşmasının qeyri-mümkünlüyü və
burada müxtəlif layların olması tədqiqatda qətiyyətlə
bildirilir: "Hər bir azərbaycanlı müasir Azərbaycanın
ərazisində yaradılmış qədim dövlətlərin
varisidir". Həmçinin göstərildiyi
kimi, etnosların Azərbaycan milləti şəklində birləşməsində
türk elementi aparıcı rol oynamışdır.
Müsahibədə Azərbaycan xalqının vahid
etnogenez sisteminin təhlilində materialla zəngin olan Azərbaycan
tarixinin öyrənilməsi tövsiyə olunur, etnogenezin
öyrənilmə metodikasının əsas prinsipi -
etnogenezin tərkib hissələri olan antropogenez, qlottogenez,
kulturogenez komponentlərinin vahid halda
araşdırılması alternativi olmayan prinsip kimi irəli
sürülür.
Eyni
zamanda, akademik Ramiz Mehdiyev tərəfindən "millət"
anlayışına tam aydınlıq gətirilir, onun dinamik
xarakterə malik olması, daim inkişaf etməsi, yeni məzmun
və çalarlar qazanması bütün spesifik cəhətləri
ilə birgə araşdırılır. "Millət"
anlayışının XIX əsrdə dini kontekstlə
bağlı olması, sonralar etnik məzmun
daşıması, XX əsrin əvvəllərində milli
azadlıq hərəkatının proqramına daxil edilməsi,
Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə
siyasi məzmun qazanması, XX əsrin axırlarında -
müstəqil Azərbaycan dövlətçiliyinin
formalaşması zamanında millət-dövlət vəhdətinin
önə çıxması kimi əsaslandırılmış
fəlsəfi tezislər həm "millət"
anlayışının, həm də millətin
özünün yüksələn xətlə
inkişafına realist elmi baxışın təzahürüdür.
Azərbaycanlıların milli ideyasının
formalaşmasında ayrı-ayrı etnosların
iştirakı daxili imkanların nəticəsidirsə, həmin
ideyanın tam şəkildə bərqərar olmasının
digər şərtlərindən biri milli ideyanın xarici təsirlərdən
qorunmasıdır. Çox təəssüf ki, uzun illər
boyu Azərbaycan milli ideyasının formalaşmasında erməni
amili maneə amil kimi tarixə düşmüşdür.
Ermənilərin tarixi əyləncə
mövzusuna çevirmələri, onların süni dövlətçilik
tarixinə malik olması və arxeoloji tədqiqatlara söykənməyən
fərziyyələri heç bir elmi əhəmiyyət
daşımır və müsahibədə də söyləndiyi
kimi "Milli dövlətçiliyin dərk edilməsində
onlar hələ də XX əsrin əvvəllərindəki
şəraitdə ilişib qalmışlar".
Azərbaycan milli ideyası XXI əsrdə, şübhəsiz, demokratikləşmədən keçir. Müsahibədə deyilir: "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir".
Bu, bir həqiqətdir ki, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş və sivil ölkələrində demokratiya və demokratikləşmə dönməz prosesdir. Müstəqil Azərbaycan cəmiyyəti də ən yeni uğurlarına məhz demokratiyanın dərinləşməsi ilə nail olacaqdır. Müsahibədən aydınlaşır ki, ölkəmizdə demokratikləşmə milli potensialın əsası olacaq, milli potensial isə öz növbəsində yeni sivilizasiyanı bərqərar edəcəkdir. Deməli, demokratikləşmə, milli potensial və yeni sivilizasiya bir-birinin davamı olan və bir-birini tamamlayan anlayışlardır. Ona görə də akademik Ramiz Mehdiyevin Azərbaycan milli ideyası ilə bağlı elmi-nəzəri araşdırmasının aktuallığını və müasir əhəmiyyətini təyin edən cəhətlərdən biri də həmin araşdırmanın keçmişə deyil, məhz gələcəyə doğru istiqamətlənməsidir.
Kamran ƏLİYEV, filologiya elmləri
doktoru, professor
Xalq qəzeti.- 2011.- 8 dekabr.- S. 5.