"Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfransın iştirakçıları Suraxanı rayonunda olmuşlar

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı beynəlxalq konfransın iştirakçıları Suraxanı rayonunda olmuşlar. Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Polşa, Litva, Estoniya, Ukraynanın dövlət idarəçilik akademiyalarının, institutlarının və elmi mərkəzlərinin rəhbərlərini salamlayan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon icra hakimiyyətinin konfrans zalında qonaqlara rayon haqqında ətraflı məlumat vermişdir.

 

Konfrans iştirakçılarına rayon icra hakimiyyətinin işində, xüsusilə kargüzarlıq sahəsində "Elektron icraçı" Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramının tətbiqi haqqında geniş məlumat verilmiş, proqramın üstünlükləri və səmərəsi əyani şəkildə nümayiş etdirilmişdir.

Qeyd olunmuşdur ki, 2011-ci ilin ötən dövrü ərzində rayon icra hakimiyyəti başçısı tərəfindən 990 nəfər vətəndaş qəbul edilmiş, 2310 nəfər sakinin iştirak etdiyi 36 səyyar görüş keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə olunaraq aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Bildirilmişdir ki, bu ilin əvvəlindən indiyədək rayon icra hakimiyyətinə 4692 ərizə, şikayət və xidməti sənəd daxil olmuşdur. Ərizə və məktublara baxılması prosesində qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara ciddi diqqət yetirilmiş və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir.

Görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün kütləvi informasiya vasitələrindən, televiziya kanallarından, ərazidə quraşdırılmış məlumat lövhələrindən və müasir informasiya köşklərindən geniş istifadə edilir. Bu günə kimi 276 min nəfər internet istifadəçisinin tanış olduğu rayon icra hakimiyyətinin internet saytında xəbər və məlumatlar yerləşdirilir.

Qonaqlara rayonda aparılan abadlıq-quruculuq işlərindən bəhs edən film nümayiş etdirilmişdir.

Konfrans iştirakçıları daha sonra Suraxanı rayonundakı Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar. Onlara məlumat verilmişdir ki, mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.

Mərkəzin birinci mərtəbəsində ulu öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərliyi dövrlərində Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Mərkəzdəki multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilmişdir. İkinci mərtəbədəki geniş sərgi salonunda baş divarda yerləşdirilən "Ulu öndər" əsəri ilə yanaşı, ümummilli liderin həyatının müxtəlif anlarını göstərən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemli oturacaqlar plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır. Üçüncü mərtəbədə isə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş elektron-lektoriya zalı fəaliyyət göstərir.

Bildirilmişdir ki, Heydər Əliyev mərkəzi rayonun ideoloji qərargahına çevrilmişdir. Ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə indiyədək mərkəzi 38500-dən çox insan ziyarət etmişdir. Qonaqlar elektron-lektoriya zalında mərkəzin sifarişi əsasında hazırlanmış "Millət atası" filminə baxmışlar.

Qonaqlar eyni zamanda "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda olmuşlar. Onlara məlumat verilmişdir ki, Prezident İlham Əliyev "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə sərəncam imzalamış və hazırda bu istiqamətdə müvafiq işlər görülür.

"Atəşgah məbədi"ndə quraşdırılmış ekranda Atəşgahın ətrafında aparılan abadlıq işlərindən sonrakı görüntüsü slaydlar şəklində nümayiş etdirilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 8 dekabr.- S. 5.