Həyata
keçirilən sosial islahatlar
nəticəsində əhalinin həyat şəraiti getdikcə
yaxşılaşır
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial islahatların
reallaşdırılması nəticəsində əhalinin həyat
şəraiti getdikcə əhəmiyyətli dərəcədə
dəyişir. Bu, əmək haqqı və
təqaüdlərin, əhalinin pul gəlirlərinin,
əmanət və depozit qoyuluşlarının
artmasında özünü büruzə
verir. Elə bu
günlərdə dövlət başçısının
imzaladığı müvafiq sərancamlarla
cari ilin dekabr ayının 1-dən minimum
aylıq əməkhaqqının məbləği 93,5 manat müəyyən edilmiş,
dövlət büdcəsindən maliyyələşdirilən
təhsil və səhiyyə müəssisələrində
çalışan işçilərin Vahid
Tarif Cədvəli ilə aylıq vəzifə
maaşları isə 10 faiz
artırılmışdır. Bu, dövlət
başçımızın fəaliyyətində sosial şəraitin
yaxşılaşmasına xüsusi diqqət
yetirməsinin əyani sübutudur. Prezident İlham Əliyev
sözügedən məsələnin
reallaşdırılması üçün
iqtisadi imkanı, başqa
sözlə, büdcənin artımını mühüm
amil kimi dəyərləndirir:
"Sosial proqramların həlli, bütün dövrlərdə olduğu kimi, bu gün də diqqət mərkəzindədir.
Əlbəttə, sosial məsələlərin
həlli, ilk növbədə, ölkənin
iqtisadi imkanlarına bağlıdır. Bizim 5-10 il bundan
əvvəlki iqtisadi imkanlarımız geniş sosial
proqramların həlli üçün
yetərli deyildi. Bu gün isə iqtisadi
artım nəticəsində, ölkədə gedən əsaslı
iqtisadi və siyasi islahatlar nəticəsində, liberal
siyasət nəticəsində bizim sosial proqramlarımızın icrası üçün də yaxşı imkanlar var".
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş sosial proqramlar makroiqtisadi siyasətin nəticələrinə təsir etməklə bütün iqtisadi sferalar üçün dəyişikliklərə yol açmışdır. Qeyd edək ki, 2003-cü ildən sonra nəzərə çarpan dəyişikliklər həm də islahatların həlledici mərhələyə qədəm qoymasına və Azərbaycanın dünyada inkişaf tempinə görə birinci yerə çıxmasına səbəb olmuşdur. Son illər ərzində Azərbaycan iqtisadiyyatında artım tempinin dinamik xarakter alması, ÜDM-in artımının milli məhsulun adambaşına düşən həcminə görə region üçün örnək olması respublikamızın MDB və Avropa dövlətlərinin əksəriyyətinin mövcud sosial sistemindən irəli getməsini şərtləndirmişdir. Postsovet dövlətlərinin sosial sferasını nəzərdən keçirsək, onların heç birində Azərbaycanda olduğu kimi büdcə-fiskal sahədə artım qeydə alınmamışdır. Məsələn, respublikamızda əmək haqlarının, pensiyaların və pul gəlirlərinin artım tempi digər ölkələrdəki kimi 30-40 faizlə deyil, 300-400 faizlik artımla yadda qalır. Son beş ildə həmin bölmələrdə artım ən azı 4 dəfə müşahidə olunmuşdur. Prezident İlham Əliyev dövlətin maliyyə imkanlarının güclənməsi nəticəsində vəsaitlərin ilk növbədə əhalinin maddi rifah halının yaxşılaşmasına yönəldəcəyini bildirmişdir: "İldən-ilə maaşlar, pensiyalar artırılır... Adambaşına düşən büdcə xərclərinə görə Azərbaycan bütün MDB məkanında qabaqcıl yerlərdədir və bütövlükdə dünya miqyasında çox yüksək yer tutur. Biz öz valyuta ehtiyatlarımızı artırırıq... Büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların sosial müdafiəsi daha da gücləndirilməlidir və bunu etmək üçün konkret təkliflər, proqramlar var və ən əsası maddi imkanlarımız da buna şərait yaradır... Bu, bizə əlavə güc verir, əlavə əminlik verir. Bu, bizə imkan verir ki, ölkəmizin müstəqil siyasətini daha da inamla irəliyə aparaq və Azərbaycan xalqının milli maraqlarını müdafiə edək...".
Prezident İlham Əliyevin sosial sahədə əhalinin imkansız təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərən qərarlarından başlıcası ünvanlı sosial yardımların tətbiqi ilə əlaqədardır. Bu mexanizmin reallaşması minlərlə ailənin vəziyyətinin yaxşılaşmasına, onlar üçün yeni maliyyə mənbələrinin təmin olunmasına səbəb olmuşdur. Region ölkələrinin və Avropanın bir çox dövlətlərinin sosial müdafiə sisteminə diqqət etsək görərik ki, onların pensiya sistemində vətəndaşlara yardım və yaxud sosial güzəşt mexanizmi yox dərəcəsindədir. Hökumət onlara qayğı göstərsə də, təmənnasız yardım etmir. Azərbaycanda isə tamamilə yeni layihə olan sosial yardım strategiyası Prezidentin öz xalqına, vətəndaşa ən dərin ehtiramının nəticəsidir. Bununla əlaqədar dövlət başçısı demişdir:"Ünvanlı sosial yardım layihəsi uğurla icra edilir, 400 minə qədər insan bu proqramla əhatə olunubdur. Deyə bilərəm ki, bu, ölkəmiz üçün nisbətən yenilikdir. Bu, onu göstərir ki, dövlətin, hökumətin ən başlıca vəzifəsi, ən ümdə prioriteti insanların yaşayış səviyyəsinin yüksəldilməsidir. Əgər belə olmasaydı, əlbəttə, sosial proqramlara böyük diqqət göstərilməzdi. Sosial proqramların icrası nəticəsində Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Ünvanlı sosial yardım proqramı davam etdiriləcək".
Sosial siyasətin ən böyük uğuru müharibənin acı nəticələrini yaşayan Azərbaycan hökumətinin qısa müddətdə qaçqın və məcburi köçkünlərin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olmasıdır. Dövlət başçısının bəyan etdiyi kimi məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması Azərbaycan dövlətinin əsas prioritet məsələsidir və bu məqsədlərə böyük vəsait ayrılır. Qəbul olunmuş proqramlar, imzalanmış fərman və sərəncamlar insanların həyat səviyyəsini yaxşılaşdırmış, çadır şəhərciklərinin ləğvinə gətirib çıxarmışdır. Bu məqsədlə qəbul olunmuş 2007-2011-ci illərə dair Dövlət Proqramına əsasən 500 milyon manat həcmində vəsait xərclənmişdir.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətindəki tədbirlər ciddi layihələrdəndir. İnsanların sosial vəziyyətinin yaxşı olması birbaşa onun əmək məşğulluq vəziyyəti ilə bağlıdır. Buna görə də Prezident İlham Əliyevin 2003-cü ildə 600 min iş yerinin açılması ilə bağlı proqramı o zaman məşğulluq sahəsində beynəlxalq ekspertlərin də təəccübünə səbəb olmuşdu. Onlar Azərbaycanda qısa müddət ərzində bu qədər iş yerinin açılmasına inanmırdılar. Amma həmin vaxtdan indiyədək 1milyona yaxın yeni iş yeri açılmışdır. Dünya böhranı şəraitində Azərbaycanın bu böhrandan müdafiə olunması və ən az itki ilə çıxması dünya ekspertlərinin marağı çərçivəsindədir. Böhran dövründə Azərbayan demək olar ki, itkilərlə üzləşmədi. Azərbaycanda əhalinin nə sosial vəziyyəti aşağı düşdü, nə maliyyə böhranı baş verdi, nə də çox ciddi iqtisadi sosial layihələrin icrası dayandırıldı. Bütün bunlar sosial-iqtisadi siyasətin çox düzgün və gələcəyə hesablanmış siyasət olduğunu göstərir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da ölkə rəhbərinin daim diqqətindədir. Bunun nəticəsidir ki, hər il bu təbəqələrdən olan insanlar üçün 700-dən artıq mənzil inşa edilir. Mənzillərin inşasında müsbət dinamikanın saxlanması və növbədəki əlil və şəhid ailələrinin yeni mənzillərlə təminatının yaxın bir neçə ildə tam başa çatdırılması ilə əlaqədar ölkə Prezidentinin şəxsi tapşırığının icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. 2011-ci ilin ötən dövründə də müxtəlif bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binaları istifadəyə verilmiş və indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Cari ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq. Yaxın günlərdə isə Şəki və Şəmkir rayonlarında əlil və şəhid ailələri üçün hər biri 36 mənzilli, gözdən əlillər üçün Bakının Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq.
Səhiyyədə də müsbət irəliləyişlər əldə edilmişdir. Göstərilən yüksək diqqətin nəticəsi olaraq bu sahədə daha keyfiyyətli, çevik və sistemli xidmət infrastrukturunun təşkili məsələləri xüsusi diqqət mərkəzində saxlanılmış, "proqram maliyyələşməsi" prinsipinin tətbiqi bir sıra xəstəliklərin profilaktikasında, eləcə də dövlətin vətəndaşlara göstərdiyi tibbi yardımın keyfiyyətcə yaxşılaşmasına imkan vermişdir.
Son illər istifadəyə verilmiş müalicə müəssisələrinin əksəriyyətində unikal müayinə üsullarının, cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan ən müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı azalmışdır.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda tibb təhsili və səhiyyə sistemində həyata keçiriləcək tədbirlər sistemi də öz əksini tapmışdır.
Prezident İlham Əliyev bir müddət bundan əvvəl Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimində səhiyyə sistemində son illər həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir. Dövlət başçısı demişdir: "Xəritəyə baxsaq görərik ki, Bakıdan ta sərhədə qədər bütün rayonlarda ya mərkəzi rayon xəstəxanaları əsaslı təmir edilmişdir, ya da ki, yeni diaqnostika mərkəzləri tikilmişdir. Bütün başqa bölgələrdə də buna oxşar işlər gedir. Bütün bölgələrdə səhiyyə ocaqları tikilir, xəstəxanalar təmir edilir, avadanlıq quraşdırılır. Bir sözlə, son illər ərzində Azərbaycanda səhiyyə ilə bağlı problemlər uğurla həllini tapır. Bunu həm Azərbaycan vətəndaşları görür, həm də beynəlxalq təşkilatlar bu sahədə aparılan islahatlara yüksək qiymət verirlər.
Bu yaxınlarda Bakıda Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin konfransı keçirildi. Avropanı təmsil edən bütün ölkələrdən nümayəndələr gəlmişdilər. Konfransda Dünya Səhiyyə Təşkilatının rəhbərliyi tərəfindən Azərbaycanda səhiyyənin vəziyyəti ilə bağlı çox müsbət rəylər səslənmişdir ki, Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsi də inkişaf edir. Həqiqət ondan ibarətdir ki, son illərdə bu sahəyə qoyulan sərmayə bir neçə dəfə artmışdır. Dövlət büdcəmizdə səhiyyə məsələlərinə ayrılan xərclər bir neçə dəfə artmışdır. Bu vəsaitin hesabına bütün bölgələrdə xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilir. Beləliklə, əminəm ki, biz yaxın iki il ərzində səhiyyə sisteminin maddi-texniki bazasının yenilənməsi ilə bağlı əsas məsələlərə nail olacağıq. Yəni, o məsələlər öz həllini tapacaqdır".
Göründüyü kimi, Azərbaycanda sosial sferada pozitiv dəyişikliklər dinamik şəkildə baş verir. Respublikamızda yüz minlərlə insanı əhatə edən sosial tərəqqi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti dövlət başçısının vətəndaşlara olan yüksək diqqət və qayğısının nəticəsidir. Qeyd edək ki, ölkə Prezidentinin vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yürütdüyü davamlı siyasət ölkə daxilində sosial vəziyyətin yaxşılaşmasını təmin etməklə yanaşı, respublikamızın digər dövlətlərlə müqayisədə iqtisadi inkişafının üstünlüyünü şərtləndirir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 8 dekabr.- S. 6.