Şəki: hesabat böyük uğurlardan xəbər verir
Azərbaycan
elmi, mədəniyyəti və incəsənəti ölkə
ərazisində elə bir şəkildə
"paylanıb" ki, istənilən bölgənin adı
çəkiləndə öncə kimsə, məşhur
simalardan biri yada düşür. Şirvani, Zərdabi,
Qutqaşınlı, Ağdamski,
Naxçıvanski, Qarabağlı və başqa
tarixi təxəllüslər bir yana, müasirimiz olan görkəmli
ziyalılar da doğulub
böyüdükləri bölgənin vizit
kartı kimi qəbul edilirlər. Qazax deyəndə
Səməd Vurğun, Göyçay
deyəndə Rəsul Rza, Ağdam
deyəndə Xudu Məmmədov,
Salyanın adı çəkiləndə Xəlil Rza yada düşən kimi Şəki barədə söz
açılanda da dərhal Bəxtiyar
Vahabzadəni xatırlayırıq. Bilmirəm, bəlkə
başqa variantlar da var, amma
şəxsən mən nə zaman Şəkidən
söz açmışamsa, öncə ulu şairimiz Bəxtiyar
müəllim yadıma düşüb.
Bir dəfə Bəxtiyar müəllimdən eşitdiyim və heç zaman unutmayacağım ifadələr Şəki haqqında qələmə alınan istənilən yazının əvvəlində qeyd olunmağa layiqdir. Şair "Şəki gözəldir", "yaxşı rayondur", "oranı çox sevirəm" ifadələrini heç zaman işlətmirdi. Çünki indi xatırladacağım cümlələr həmin ifadələrin hamısından qat-qat üstün idi: "Bakıda işləyib, çalışıb yorulanda, heç olmasa 10-15 gün istirahət etmək üçün Şəkiyə gedirəm və gedib... orada işləyirəm. Çünki gedib görürəm ki, yorulmamışam". Çox maraqlı yanaşma idi. İlboyu çalışan insanın yorulması tamamilə təbii bir prosesdir. Ancaq həmin insan Şəkiyə gedəndə... gedib görür ki, yorulmayıb. Əlbəttə bu yanaşmaya yüzlərlə, minlərlə münasibət ola bilər. Bəlkə də hamı öz arqumentini əsaslandıra bilər. Biz isə həmin məsələyə münasibət bildirmədən - yəni ora gedən insanın gedib özünü gümrah və iş qabiliyyətli hiss etdiyi barədə həqiqəti birbaşa təsdiqləyirik. Çünki özümüz dəfələrlə həmin hissləri yaşamışıq.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova ilə söhbətimizdə məlum oldu ki, Zərinə xanım Şəkinin başqa qonaqlarından da həmin ifadəni dəfələrlə eşidibmiş: - Bunun təbiətlə, insanlarımızla, tariximizlə, adət-ənənəmizlə bağlı olduğunu söyləyənlər tamamilə haqlıdırlar. Ancaq bir məsələ də var ki, insanı yaşadan, ruhlandıran, deməli həm də yorğunluğunu çıxarıb iş qabiliyyətini artıran əsas amil onun getdiyi yerdə məhəbbətlə qarşılanması, gülər üzlə qəbul edilməsidir. Elə Şəkinin bu gün bütün sahələrdə ürəkaçan uğurlara imza atmasının əsas səbəblərindən biri də məhz insanların bir-birinə olan məhəbbəti, inamı, etimadıdır. Bu hisslər son nəticədə yurda bağlılığı formalaşdırır və yurda bağlı olan insanların xarüqələr yaratması da tamamilə təbiidir. Bir də ki, insanlar öz tarixi ənənələrini yaşadanda daha qüdrətli olur, daha uzağa getmək imkanı əldə edirlər. Təsadüfi deyil ki, dövlət başçımız İlham Əliyev ölkənin qədim tarixə malik şəhərinin yüksək səviyyədə abadlaşdırılması məsələsini daim diqqət mərkəzində saxlayır. Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş 24 oktyabr tarixli iclasında cənab dövlət başçımız demişdir: - "Azərbaycanın tarixi şəhərlərinin yüksək səviyyədə abadlaşdırılması üçün mənim tərəfimdən bu yaxınlarda sərəncamlar verilmişdir. Şəki və Şamaxı şəhərlərinin abadlaşdırılması ilə bağlı həmin rayonların hər birinə 5 milyon manat vəsait ayrılmışdır. Bu, ilkin ödəmələrdir, bundan sonra da olacaqdır. Hər bir rayon, hər bir kənd mənim üçün əzizdir, doğmadır. Ancaq ölkəmizdə elə şəhərlər var ki, onların adları qədim xəritələrdə də göstərilir. Bu şəhərlərə və orada olan tarixi abidələrə, əlbəttə ki, xüsusi diqqət göstərilməlidir. Tarixi şəhərlərimizi biz elə bərpa etməliyik ki, qədimliyini də, simasını da saxlasın, eyni zamanda, müasirləşsin və gəncləşsin".
Bu, bir daha onu göstərir ki, cənab Prezidentimiz bütün tarixi şəhərlərə, o cümlədən bizim şəhərimizə böyük qayğı və diqqət göstərir. Şəhərimizin tarixi simasını saxlamaq şərti ilə müasirləşdirilməsi bu gün bizim hər birimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Hesab edirəm ki, Şəkinin hər bir vətəndaşı öz doğma şəhərinin bu istiqamətdə qurulmasında yaxından iştirak etməlidir.
Zərinə xanım Şəkinin bugünkü inkişafını göstərən faktları da yada salır:
- İndiyədək istehsalın əsas sahələrində, ilkin hesablamalara görə, faktiki qiymətlərlə 256 milyon 656 min manatlıq məhsul buraxılıb ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45,9 faiz çoxdur, - deyir. - Adambaşına faktiki qiymətlərlə 1464 manatlıq məhsul istehsal olunub. İlin əvvəlindən bəri pərakəndə əmtəə dövriyyəsi 177 milyon 603 min manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 82,2 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 12,4 faiz artıb. Rayonda təkcə bu il 950-dən çox yeni iş yeri açılıb. Əsas kapitala yönəldilmiş investisiyanın 96 faizdən çoxu tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da Şəkidə həmin sahənin necə geniş miqyas aldığının əsas göstəricilərindən biridir. Bu zaman bir məqamı xüsusilə qeyd etmək zərurəti var. Belə ki, 2011-ci ildə tikinti-quraşdırma işlərinə sərf edilən vəsait ötən illə müqayisədə 80 faizdən çox artıb. İndi özünüz təsəvvür edin, bu gün Şəki necə inkişaf edir.
Doğrudan da, biz 2010-cu ildə Şəkidən hazırladığımız qəzet materiallarında bu rayonun necə iti sürətlə inkişaf etdiyini konkret faktlara istinadən qeyd etmişdik. Həmin inkişaf ilində tikinti-quraşdırma işlərinə sərf olunan vəsaitdən builki vəsait 80 faiz çoxdursa, deməli, biz ilin sonunda möhtəşəm bir hesabatın şahidi olacağıq. Onu da xatırladaq ki, bu inkişaf prosesində özəl sektor təmsilçilərinin rolu böyükdür. Məhz həmin amili əsas götürən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" adlı növbəti tədbiri də Şəkidə keçirib. Tədbirdə Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250 sahibkar iştirak edib. Bir çox sahibkarlara güzəştli kreditlər verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla söhbətimizdə də istədim ki, Şəkinin 2011-ci ildə qazandığı uğurlardan söhbət açaq. Ancaq Elxan müəllim öz söhbətinə Şəkinin deyil, bütövlükdə Azərbaycanın 2011-ci ildəki ən böyük uğurları ilə başladı: - Respublikamızın ölkə daxilindəki istənilən uğuru dəyərlidir və bizim üçün üz ağlığıdır. Belə ki, beynəlxalq aləmdəki uğurlarımız 50 milyonluq xalqımızın hər biri üçün iftixar və qürur mənbəyi kimi qəbul edilir. 2011-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin plenar iclasında keçirilmiş gizli səsvermənin nəticələrinə görə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Yəni rəsmi Bakı 2012-13-cü illərdə BMT Təhlükəsizlik Şurasında Şərqi Avropa ölkələrini təmsil edəcək. Dövlət başçımız həmin məsələyə münasibət bildirərkən haqlı olaraq demişdir: "Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir" . Təbii ki, 155 ölkənin bizi bu şəkildə dəstəkləməsinin əsas səbəbi ölkəmizin hərtərəfli inkişafı, xüsusən, beynəlxalq təşkilatların daimi diqqət mərkəzində olan məsələlərin həllinə verdiyimiz önəmdir. Beynəlxalq təşkilatları nə maraqlandırır? İnsanların hüquqları qorunsun, işsizlik aradan qaldırılsın, yoxsulluq azaldılsın, hamıya təhsil almaq imkanı verilsin və sairə. Azərbaycanda bu məsələlərin hamısı köklü şəkildə öz həllini tapır. Biz şəkililər böyük fəxrlə və məmnuniyyətlə qeyd edə bilərik ki, adı çəkilən məsələlərin hər birinin həllində dövlətin qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetiririk. Ölkənin istənilən uğurlarında bizim də payımız var.
Elxan Usubov daha sonra söylədi ki, bu gün dünyada gah iqtisadi böhran tüğyan edir, gah da ərzaq çatışmazlığı məsələsi gündəliyə gəlir. Azərbaycanda isə həmin təhlükələrin heç biri aktual deyil.
- Ötən illərdə olduğu kimi, bu il də rayonumuzda taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkidə istehsal olunan taxıl ölkəmizin ümumi taxıl istehsalının 10-15 faizini təşkil edir. 2010-cu ilin payızında 2011-ci ilin məhsulu üçün 70446 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib. Taxıl zəmilərində yetişən məhsulun vaxtında və itkisiz yığılması üçün öncədən hazırlıq işləri aparılıb. Taxıl biçininin sürətləndirilməsi, biçinin vaxtında və itkisiz başa çatdırılması istiqamətində qarşıda duran vəzifələr şəhər icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında müzakirə edilib və konkret tapşırıqlar verilib. Bu il Şəkidə 238 min 585 ton taxıl istehsal olunub ki, bu da rayonun tarixində ən yüksək göstəricidir. Taxıl istehsalının həcminə görə Şəki respublikamızın rayonları arasında birinci yerdə durur. Hazırda rayonun bütün ərazilərində 2012-ci ilin məhsulu üçün payızlıq taxıl səpini həyata keçirilir. Cari ildə rayonda 70 min hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Əkin sahələrini və yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədilə Küngüt, Daşağıl, Zəyzit, Şin və Kiş çaylarında 370 min kubmetr həcmində təmizləmə işləri aparılıb. Kənd təsərrüfatının aparıcı sahələrindən birini də heyvandarlıq təşkil edir. Bu sahənin inkişafı diqqətdə saxlanılır, profilaktiki tədbirlər vaxtında və keyfiyyətlə aparılır. Heyvandarlığın inkişafı istiqamətində görüləsi işlər isə hələ çoxdur. Bu gün Şəkidə müasir tələblərə cavab verən fermaların, quşçuluq fabriklərinin, camışçılıq təsərrüfatlarının yaradılmasına ciddi ehtiyac vardır. Qeyd olunan sahələrin inkişafı həm də yeni iş yerlərinin yaradılmasında mühüm yol oynaya bilər.
İcra hakimiyyətinin başçısı qeyd etdi ki, kənd təsərrüfatı əkinləri ilə yanaşı ekoloji mühitin daha da inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Olimpiya İdman Kompleksindən yeni tikilən şəhər xəstəxanasının binasınadək olan ərazidə 4100 ədəd ağac əkilib. Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsi tərəfindən 30 hektar ərazidə meşə əkinləri aparılıb. Lakin əldə olunan nailiyyətlər bizi arxayın etməməlidir. İstər dövlət, istər bələdiyyə, istərsə də şəxsi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə olunmalıdır.
Ölkə Prezidentinin tapşırığı əsasında hazırda taxılçılığın inkişafı ilə bağlı təkliflər paketi hazırlanır. Bu baxımdan rayonumuzda "Karat Holdinq" şirkəti tərəfindən Çələbi xan qəsəbəsi ərazisində, Dəmiryol stansiyasının yaxınlığında ümumi tutumu 16 min ton olan taxıl anbarı kompleksinin tikintisini əhəmiyyətli hesab etmək olar. Kompleks hər biri 4 min ton tutumu olan 4 anbardan, inzibati bina və yardımçı tikililərdən ibarətdir.
Bu gün Şəki orta əsr Şərq şəhərlərinə olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Lakin bir zamanlar Şərqin nadir sənət incisi kimi tanınan bu şəhər biganəlik və özbaşınalıqdan xeyli ziyan çəkmişdir. Bu gün şəhərin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifə kimi qarşıya qoyulur. Bu baxımdan sentyabr ayının 12-də Prezident İlham Əliyevin Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı Sərəncamın mühüm tarixi əhəmiyyəti vardır. Sərəncama əsasən Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Arxitektura və Şəhərsalma Komitəsi birgə təkliflər hazırlamışdır. Bu məqsədlə aidiyyatı nazirliklərin nümayəndələri Şəkidə olmuş, həyata keçiriləcək mühüm işləri birlikdə müzakirə etmişlər.
Rayon əhalisinin normal və fasiləsiz təbii qazla təchizatı istiqamətində də müvafiq işlər görülüb. Aşağı Küngüt, Oxud kəndlərinə təbii qazın verilməsi təmin edilib, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilib.
Rayonun təhsil sistemi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanıb, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər görülüb. Sentyabrın 15-də Baş Kəldək kəndində inşa olunan 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Hazırda Şəki şəhər 5 saylı tam orta məktəbi üçün 320 yerlik yeni tədris korpusunun, Şorsu və Aşağı Layısqı kəndlərinin hər birində 360 şagird yerlik, Çələbi Xan qəsəbəsində 180 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. 22 saylı uşaq bağçasında da dövlət vəsaiti hesabına əsaslı təmir işləri aparılır. Şəki təhsilinin 2011-ci ildə qazandığı nailiyyətlər barədə ötən yazılarımızda söhbət açdığımızdan bu məsələnin üstündə çox dayanmırıq.
Bir sözlə, Şəki bu gün ölkənin ümumi inkişafına layiq bir səviyyədə tərəqqi edir. Rayon sakinlərinin fikrincə bu irəliləyişin əsas səbəbi dövlətin və dövlət başçısının Şəkiyə və şəkililərə göstərdiyi qayğıdır. Prezident İlham Əliyevin bu rayona səfərləri artıq ənənəyə çevrilib. Dövlət başçımızın Şəkiyə bu ilin noyabr ayındakı son səfəri hamı tərəfindən böyük məmnuniyyətlə qarşılanıb. Cənab İlham Əliyev Şəkidə görülən işlərə yüksək qiymət verdi, bir neçə obyektin açılışında iştirak etdi. Səmimi arzularını bildirdi. Şəkinin ağsaqqal sakinlərindən birinin, haqqında öz yazılarımızda tez-tez söhbət açdığımız Süleyman dayının fikrincə isə: "Prezidentin kənd rayonlarına bu səfərləri Heydər Əliyev siyasətinin davamıdır. Heydər Əliyev heç zaman kabinet idarəçiliyini yaxına buraxmamışdı. Bax, bu da nəticəsi. Azərbaycan indi hər gün yox, hər saat dəyişir".
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2011.- 9 dekabr.- S. 7.