Aqil Əlirza oğlu Əliyev - 85.

 

 Böyük ürək sahibi

 

Həyat ucu-bucağı görünməyən, sirli-sehrli, şəfalı-cəfalı, acılı-şirinli, möhtəşəm və əbədi bir məkandır. Ömür isə bu məkanda alışıb, yana-yana, əriyə-əriyə sönüb qürub edən bir Tanrı qismətidir. O insanlar xoşbəxtdir ki, qismətinə düşmüş ömrün mənasını xeyirxah əməllərə, gözəl işlərə həsr etməkdə görür, özündən sonra ölməz, xatirələrə dönən iz qoyur. Belə nurlu insanlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev olmuşdur. Aqil müəllim sözün əsl mənasında ziyalı idi, əlçatmaz, ünyetməz bir zirvə idi. Onun ziyalılığı xalqımızın əsrlərdən bəri yol yoldaşı olan əxlaqımızı, mənəviyyatımızı, ədəb-ərkanımızı qoruyub saxlamaqda, onu intellektin işığında həmişə uca tutmaqdadır. Bu intellekt, bu ziya bir çoxlarının yoluna nur saçmış, həyatlarını bu işığın şöləsi ilə qızındırmışdır.

 

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra 1946-1951-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil almışdır. 1953-cü ilə qədər Azərbaycan EA-nın Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. İqtisad elminə böyük marağı olduğundan 1953-cü ilin may ayında Azərbaycan Tibb İnstitutunun siyasi iqtisad kafedrasında işə başlamış və ömrünün sonuna qədər burada çalışmışdır. O, 1970-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almış, 1973-cü ildə dosent, 1979-cu ildə isə professor vəzifələrinə irəli çəkilmişdir. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.

Aqil müəllimin elmi-pedaqoji fəaliyyət sahəsindəki xidmətləri ayrı-ayrı dövrlərdə dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, əməkdar elm xadimi fəxri adına, "Şöhrət", "Qırmızı Əmək Bayrağı" ordenlərinə və s. medal, fəxri fərman və təltifərə layiq görülmüşdür.

Professor Aqil Əliyev 190-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifi olmuşdur. O, Azərbaycanda ilk dəfə olaraq "Şəxsi istehlakın iqtisadiyyatı və problemləri", "Aqrar iqtisadiyyatının aktual problemləri", "Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri", "Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili", "ASK-nın aqrar bölməsində elmi-texniki tərəqqini sürətləndirmə problemləri" və sair sanballı monoqrafiyaların müəllifidir.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində Aqil müəllimin 80 elmi əsəri çap olunmuşdur. Onlardan "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "İpək Yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri", "Səhiyyənin iqtisadiyyatı", "Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri", ikicildlik "Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər", "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti", "Bələdiyyələr. Metodik kömək", "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri", "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri" və başqalarını göstərmək olar.

Aqil müəllim barəsində bu gün keçmiş zamanda danışmağa adamın dili gəlmir, ona görə ki, onun bütün əməlləri və fəaliyyəti xeyirxah niyyətli idi. Müdrikxeyirxah insanlar əməllərdə yaşadıqları üçün sonradan onlar millətin sərvəti hesab edilərək xalq tərəfindən unudulmayıb, əbədiyaşarlıq statusu qazanıblar. Elədikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin qəlblərində yaşayıblar, yaşayırlar, yaşayacaqlar. Aqil müəllim son dərəcə alicənab, təvazökar, müdrik insan idi, heç kəsdən köməyini əsirgəməzdi. Uşağı da, böyüyü də, tanıdığını da, tanımadığını da həmişə xoş üzlə qarşılayar, bacardığı və imkanı çatdığı qədər kömək göstərməyə çalışardı.

Aqil müəllimin bir alim kimi qoyub getdiyi irsi - kitabları və elmi-pedaqoji fəaliyyətini bir qəzet məqaləsində əhatə etmək çətindir. Lakin elmi ideyalarını bilavasitə praktikaya tətbiq edən alim xalqının tarixində özünə məxsus bir yer tutur. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, "hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar". Mən bu qeydlərimdə onun həyatının müəyyən anlarına - başqaları üçün örnək olası əməllərinin bəzi məqamlarına diqqət yönəltməyə çalışacağam.

Aqil müəllim bütün zamanlarda öz ləyaqətini, izzəti-nəfsini qoruyub saxlayan insan idi. O, tez-tez xasiyyətlərini, həyat tərzlərini hakimiyyətdəkilərə uyğun kökləyən və sonda sınıq bir alət kimi künclərdə toz basmağa məhkum olan "insanlara" həmişə acımışdır. Deyirdi ki, kişinin bir sifəti olmalıdır. Dost da olsa, düşmən də olsa birsifətli adamlar ən böyük hörmətə layiqdirlər.

Aqil müəllim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqiliyi, natiqliyi, əməldə fəzilətçilik və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. Bu zirvə yalnız müdriklik səlahiyyəti verilən insanlara nəsib ola bilər.

O, bir çoxlarının dərdinə dərman, ürəyinə təpər, işinə yarayan insan idi. İnsanın düşüncəsinin aydınlığını, şəffaflığını, saflığını sevərdi. Belə adamlarla ünsiyyətdə onun münasibətini üzünün zəif, təlatümsüz təbəssümündən sezmək olurdu. O, heç kəsə ağır söz deməz, yaraya köz basmazdı. Yaxşı bilirdi ki, tikanlı söz qəlbi qırır, sındırır, insanın ruhi aləmini zədələyir.

Aqil müəllim sözünün qədir-qiymətini bilən idi. O, sözü zərgər dəqiqliyi ilə seçir, onu hədəfə vururdu, həm də sözünün ağası idi. Onun sözü ilə əməli həmişə üst-üstə düşürdü. İllər keçir, zaman dəyişir, hamı zamana uyğun hərəkət etməyə çalışır. O isə dəyişməz idi. Ona görə də o, daim qərarlı, sakit, iradəli, səriştəli və seçmək qabiliyyətinə malik, seçdiyini sevən, ona vurulan, ona tapınan bir insan idi. Aqil müəllim hadisələri saf - çürük etməyi, onun səbəblərini aşkara çıxarmağı, çevik hərəkətlə ona cavab verməyi bacaran ziyalı idi. Bu çeviklik ona cəsarət, güc və şərəf verirdi.

Professor Aqil Əliyev sadə, təbii bir insan idi. Onun şəxsiyyəti haqqında o qədər faktlar var ki, insan bilmir hansını desin, hansını yazsın. O, xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir insan idi.

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti idi. Onun yaxşılıq etdiyi insanların sayı-hesabı yoxdur. O, insanlara qayğı göstərərdi, onların işinə yarayardı. Bu onun həyatını mənalandırırdı, dəyərini, qiymətini yüksəldirdi. Aqil müəllim, sözün həqiqi mənasında, bir çox insanlar üçün ümidinam yeri idi.

Dahi Nəsirəddin Tusinin belə bir fikri var: "Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan". Bu nəsihət həmişə mənim qəlbimdə yaşayır. Ona görə də Aqil müəllimin etdiyi yaxşılıqlar, qayğıkeş əməlləri, xeyirxah və inamlı işləri onu insanların qəlbində daim ucaldır, zirvələrə qaldırır. Onun insanlara həmişə səmimi, xeyirxah və qayğıkeş olması bizim üçün əbədi bir örnəkdir.

Aqil müəllim həddən artıq tələbkar idi. O, biganəliyi xoşlamırdı. Elinin-obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf əqidəsi və məsləki olan ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi. Öz müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş alim - ziyalı idi. Antik dövr filosofu Epikürün şagirdlərindən onları müəllimə bağlayan nədir sualına, şagirdləri belə cavab vermişlər: "Bizi Epikürə bağlayan onun həmişə özünün-özünə bərabər olmasıdır". Bu epitet tamamilə Aqil müəllimə aiddir: O da təkrarsız idi - həmişə Aqil müəllim idi!

Professor Aqil Əliyev insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir şəxsiyyət idi. O, adamlar arasında özünün ülvi keyfiyyətləri ilə sayılıb-seçilən nüfuz sahibi idi. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.

Sokratdan soruşurlar: "İnsanda ən çox nəyi qiymətləndirirsən?" Filosof tərəddüd etmədən "İnsaniyyəti, insana layiq keyfiyyətləri" deyə cavab verir. Hər bir insan üçün insaniyyətə tam sahib olmaq ən böyük şərəfdir. Məhz Aqil müəllimlə təmasda olarkən həmişə onun söz-söhbətlərindən, davranışından, özünə münasibətdə belə bir ilahi fikir nur kimi ətrafa yayılırdı: "İnsanlar, insan olun, bu sizin birinci vəzifənizdir!". Müdrik el ağsaqqalının nəsillərə anlatmaq istədiyi saf əqidə və məslək bu idi.

Aqil müəllim xalqımızın ehtiyacı olan el ağsaqqalı idi. O, sözdə, əməldə, davranışda, düşüncədə, fikirlərdə də ağsaqqal idi. O, ağsaqqallıq zirvəsində də uca, əzəmətli, qədd-qamətli idi. Və bu qamət, bu vüqar, bu əzəmət ona həmişə yaraşırdı.

Bütün həyatı boyu saflıq və paklıq, əməksevərlilik və insansevərlilik, haqqa-ədalətə vurğunluq, namus və qeyrət yükünü mərdanəliklə öz çiynində daşımış bizim Aqil müəllimin əziz xatirəsi onu istəyənlərin qəlbində daima yaşayacaqdır.

Aqil müəllim cəmiyyətimiz tərəfindən birmənalı şəkildə qəbul edilən, hamı tərəfindən sevilən bir ağsaqqallıq zirvəsində dünyasını dəyişdi - Haqqın dərgahına qovuşdu. Sevdiyi Vətən torpağını və millətinin ruhunu zənginləşdirdi. Yaşamış olsaydı, indi onun 85 yaşını qeyd edərdik... Bu ad günü ərəfəsində Ulu Tanrıdan ona rəhmət diləyirik.

 

Qoşqar ƏLİYEV, ATU-nun fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor

 

 

Xalq qəzeti.- 2011.- 9 dekabr.- S. 6.