Kütləvi informasiya vasitələrinin cəmiyyətin inkişafında rolu mövzusunda konfrans keçirilmişdir

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Yasamal rayonunun idarə və təşkilatlarının rəhbərləri və respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qonaqları salamlayaraq demişdir ki, belə bir konfransın keçirilməsi ictimaiyyətin son illərdə respublikada ictimai həyatın bütün sahələrində həyata keçirilən islahatlar, o cümlədən Yasamal rayonundakı genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri barədə obyektiv məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Natiq əmin olduğunu bildirmişdir ki, konfrans rayonun rəhbər şəxsləri ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafında yeni imkanlar açacaqdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin respublikada yüksək səviyyədə qeyd olunduğunu bildirmiş, eyni zamanda, milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan danışmışdır. Müstəqillik illərində milli mətbuatın keçdiyi tarixi inkişaf yoluna nəzər salan fondun icraçı direktoru ölkədə söz, fikir və məlumat azadlığının təminatı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açmışdır.

Müstəqilliyin ilk illərində ölkədə barmaqla sayılacaq qədər az qəzetin olduğunu diqqətə çəkən Vüqar Səfərli son illərdə mətbuat orqanlarının təsis edilməsi üçün son dərəcə liberal mühitin yaradıldığını bildirmiş, bunun nəticəsi kimi 5000-ə yaxın qəzet və jurnalın Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini diqqətə çatdırmışdır. Həmçinin bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkə mətbuatının inkişafına və maliyyə problemlərinin həllinə mühüm töhfə olmuşdur.

Vüqar Səfərli qeyd etmişdir ki, fondun maliyyə yardımları ölkə mətbuatının inkişafında və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Fondun icraçı direktoru çıxışının sonunda əmin olduğunu bildirmişdir ki, belə tədbirlər mətbuat nümayəndələri ilə dövlət məmurları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verəcəkdir.

Daha sonra məruzə ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatının yaranması və tarixi inkişaf yoluna nəzər salmış, müxtəlif mərhələlərdə milli jurnastikamızın cəmiyyətin tərəqqisinə verdiyi sanballı töhfələrdən söz açmışdır. Əflatun Amaşov həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində ötən əsrin 90-cı illərinin əvvəllərində təşəkkül tapmış qəzetlərin rolundan danışmış, ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə mətbuat üzərində senzuranın ləğvini kütləvi informasiya vasitələrinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirmişdir. Əflatun Amaşov ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən islahatların cəmiyyətə dolğunobyektiv şəkildə çatdırılmasında, habelə demokratik proseslərin inkişafında ölkə mətbuatının xidmətlərinə də xüsusi toxunmuşdur.

Daha sonra dialoqdiskussiya şəklində davam edən tədbirdə Yasamal rayonunun rəhbər şəxsləri, habelə rayon ictimaiyyətinin nümayəndələri onları maraqlandıran suallarla bağlı kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət etmişlər.

Reket jurnalistikaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı sualı cavablandıran Mətbuat Şurasının Reket jurnalistika ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə son illərdə ölkə mətbuatını nüfuzdan salan 80-dən çox qəzetin adının "qara siyahı"ya salındığını diqqətə çatdırmışdır. O, bütün cəmiyyəti reket jurnalistikaya qarşı mübarizədə, onların ifşasında yaxından iştirak etməyə çağırmışdır.

Tədbirdə çıxış edən digər məmurlar və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 9 dekabr.- S. 5.