Heydər Əliyev Azərbaycanın
milli inkişaf modelinin banisidir
Azərbaycan Respublikasının
müstəqillik tarixinə, iqtisadi inkişaf dinamikasına,
ölkədə cərəyan edən sosial-iqtisadi və
siyasi proseslərin xronologiyasına nəzər saldıqda
hazırkı inkişaf modelini tərəddüdsüz olaraq
HEYDƏR ƏLİYEV MODELİ adlandırmaq olar. Ona görə
ki, ölkəmizdə əldə edilən bütün
uğurlar ümummilli liderimizin Heydər Əliyevin ölkəyə
rəhbərlik etdiyi dövrə təsadüf edir və
bütün qazanılan qələbələr məhz bu
unudulmaz insanın əvəzsiz zəhməti və təşəbbüsü
ilə reallaşdırılan beynəlxalq müqavilələrin,
sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə
həyata keçirilən islahatların nəticələridir.
Hazırda
böyük inamla həyata keçirilən Heydər
Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan
Respublikası müstəqilliyin möhkəmləndirilməsi,
ölkədə tarazlı inkişafın təmin edilməsi
istiqamətində atılan addımlar və analoqu olmayan
iqtisadi uğurlar ilə beynəlxalq aləmdə nüfuzlu
söz sahibinə çevrilmişdir. Artıq
Azərbaycan mötəbər kürsülərdən öz
sözünü deməyə, öz haqlı mövqeyini
bildirməyə və qorumağa qadir olan, zəngin iqtisadi
potensiala, bu potensialdan milli və dövlətçilik
maraqları naminə tam və şəriksiz istifadə
hüququna malik müstəqil bir dövlətdir.
Bu gün müstəqil Azərbaycan dövlətinin
memarı, bütün həyat və fəaliyyətini Azərbaycan
dövlətinin inkişafına, xalqımızın xoşbəxt
gələcəyinə həsr etmiş ümummilli lider Heydər
Əliyevin anım günüdür. Ulu öndər hələ
sağlığında yazırdı: "Mən bir yaz
günü balaca bir evdə, zəhmətkeş ailəsində
dünyaya göz açmışam. Anadan olanda
yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər
sevinib. İndi bəlkə də bir qədər
qeyri-təvazökar səslənsə də deməliyəm
ki, anam məni bütövlükdə Azərbaycanımız
üçün dünyaya gətirib. Doğma,
canım-varlığım qədər sevdiyim Azərbaycanım
mənim qibləgahımdır. Bütün
şüurlu ömrümü onun inkişafına, tərəqqisinə
həsr etmişəm. Bundan sonrakı
ömrümü də onun işıqlı sabahları
uğrunda qurban verməyə hazıram."
Bəli,
bu gün Azərbaycan xalqının ümummilli lideri,
böyük dövlət xadimi Heydər Əliyevin öz xatirələrində
qeyd etdiyi həmin yaz günündən 88 il
ötür. Unudulmaz Heydər Əliyev
ideyalarından isə hazırda milyonlar öyrənir, onun
keçdiyi şərəfli və çətin ömür
yolundan, apardığı mübarizədən, uzaqgörən
ideyalardan bütün dünya bəhrələnir.
Tarixi
proseslərdən və beynəlxalq təcrübədən məlumdur
ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi
baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş
konsepsiyasını müəyyən edə bilən şəxsiyyət,
bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan
müdafiə edə bilən, dövlətin strateji xəttini
xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi
ümumxalq işinə çevirməyi, xalqı öz
arxasınca aparmağı bacaran siyasi lider və nəhayət,
dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil
etməyi əməli sürətdə həyata keçirən
praktik siyasətçi-diplomat, sərkərdə və
komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin
iqtisadi inkişafını təmin etməyi üzərınə
götürə bilən qurucu, yaradıcı təsərrüfat
rəhbəri formalaşmayıbsa, həmin ölkənin
nikbin gələcəyindən danışmaq çətindir.
Xarizma, yüksək nüfuz, təşkilatçılıq
bacarığı, müdriklik, yüksək intellektuallıq,
milli-mənəvi dəyərlərin daim uca tutulması,
novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik,
prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər
həm də liderin xalqının inkişafında
oynadığı rolu müəyyən edən əsas cəhətlər
kimi çıxış edir. Amma dahi liderin
yenidən hakimiyyətə qayıdışı,
xalqının səsinə səs verməsi Azərbaycan
dövlətinin və xalqının xoşbəxt gələcəyinin
başlanğıcı idi. Uğurlu fəaliyyətləri
ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq
siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər
sırasında yer alır, daim böyük hörmət və
ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da
özünü xoşbəxt saya bilər ki, kifayət qədər
mürəkkəb və ziddiyyətlərlə dolu dövr
kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir
müddətdə, xüsusilə əsrin sonlarında Heydər
Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik
etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin
zəhməti sayəsində Azərbaycanda baş verən tənəzzül
tərəqqi ilə əvəzlənmiş, milli
iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin
olunmuşdur.
Müstəqilliyin
ilk illərində məlum səbəblərdən bərbad
hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə
nail olunmasına, çox kövrək və zəif dövlət
siyasətinin güclü və aparıcı mövqeyə
yüksəlməsinə, qədim tarixi və çoxəsrlik
zəngin mədəniyyəti olan millətimizin bütün
dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin
nəticələrinə görə xalqımızın qəlbində
öz layiqli yerini tutmuş möhtərəm Heydər
Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif
dövrlərdə müəyyən etdiyi və həyata
keçirdiyi strategiya bütün sahələrdə əldə
edilən uğurların əsasını təşkil edir. Dünya təcrübəsindən məlumdur ki,
dövlət başçısı ölkənin inkişaf tələblərini
və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə
qadir olan, ölkənin mədəni, iqtisadi və təbii
resurslarını, potensialını əhalinin rifahı və
dövlətçiliyin inkişafına yönəltməyi
bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan
xalqı xöşbəxtdir ki, tarix xalqımıza Heydər
Əliyev kimi dünya miqyaslı şəxsiyyət, eləcə
də xalqımızın və dövlətimizin
qarşısında duran çətinlikləri aradan
qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda
hüquqi, dünyəvi, demokratik inkişaf yoluna
çıxarmağa qadir olan dövlət
başçısı, ümummilli lider bəxş
etmişdir.
Hələ 1969-cu ildə Azərbaycan Kommunist
Partiyasının I katibi vəzifəsinə təyin
olunmuş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi
sayəsində Azərbaycan Respublikasını digər
SSRİ respublikaları arasında önə
çıxarmışdır. Hakimiyyətinin ilk illərindən
etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş,
istər I katib işləyərkən, istərsə də
ondan sonra İttifaq səviyyəli vəzifələrdə
çalışarkən, hər zaman Azərbaycan
xalqını, onun maraq və mənafeyini bütün
maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə
xalqımızın və dövlətimizin əleyhinə qərar
qəbul edilməsinə mane olmuş, mötəbər
tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri
ilə düşmənləri yerində oturtmuşdur.
Bir məsələni
də qeyd etmək yerinə düşərdi ki, rus ordusu Azərbaycanın
müstəqilliyi ilə barışmayıb, yerli rəhbərlərin
səriştəsizliyindən istifadə edərək Bakı
şəhərində 20 yanvar qırğınını
törətdiyi zaman da Moskvadakı Azərbaycan nümayəndəliyinə
ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda
heç nədən çəkinmədən hələ o
zaman SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli
şəxsləri açıq-aşkar tənqid etmiş,
Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin
məsuliyyət daşıdığını kəskinliklə
vurğulamışdır. Ümumiyyətlə,
ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz
üçün tarixi əhəmiyyət kəsb edən xidmətlərini
saymaqla qurtarmaq olmaz.
Onu da qeyd edək ki, Azərbaycanın xilaskar oğlu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana
rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən
iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət
dövrünə təsadüf edir. Hər iki sistemdə
ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər
Əliyev istər sosializm, istərsə də bazar
iqtisadiyyatı şəraitində Azərbaycan
Respublikasını böhrana düşmüş vəziyyətdə
qəbul etmişdir. Eyni zamanda, hər iki
sistemdə də tezliklə böhran aradan
qaldırılmış və sürətli tərəqqiyə
nail olunmuşdur. Bütün bunlar isə
düşünməyi bacaran hər bir kəsi belə bir sual
qarşısında qoyur: bu uğurları ölkəmizə
bəxş edən hansı amillər və səbəblərdir?
Təbii ki, bu suala müxtəlif cavablar verilə
bilər, amma ölkəyə uğur gətirən
başlıca amilin ümummilli lider Heydər Əliyevin
islahatçılıq məharəti və yüksək idarəçilik
keyfiyyətləri ilə bağlı olması danılmaz həqiqətdir.
Tək bircə faktı qeyd etmək kifayətdir ki, Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün
1970-1980-ci illəri əhatə edən on ili
ərzində ölkəmizin kənd təsərrüfatına
ondan əvvəlki yarım əsrdə, yəni 1920-1970-ci illərdə
cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur.
Bu isə hazırda da sürətlə
inkişaf edən kənd təsərrüfatında dinamik
inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı
digər müttəfiq respublikalardan önə
keçirmişdir.
Yuxarıda qeyd olunduğu kimi, müstəqillik illərində
də ümummilli liderin hakimiyyətə dönüşü
təlatümlü, xalqımız üçün
taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə
xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyevin
qarşısında yenə də müstəqil
respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən,
ölkədə hər an baş verə
biləcək vətəndaş müharibəsindən azad
etmək kimi məsuliyyətli və tarixi vəzifələr
dururdu. Xalqımız çox gözəl
bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin
siyasi-iqtisadi və idarəçilik təcrübəsinə
malik dahi Heydər Əliyev şəxsiyyəti çıxara
bilər. Çünki ümummilli liderin
uzun illər ərzində qazandığı siyasi təcrübə,
idarəçilik bacarığı və doğma vətəninə
olan məhəbbəti onun xalqı ilə birlikdə bu
missiyanın öhdəsindən şərəflə gələcəyinə
heç kimdə şübhə doğurmurdu. Heç
zaman seçimində yanılmayan xalqımız bu dəfə
də çox düzgün seçim etdi və ulu öndər
Heydər Əliyev bütün bacarığını səfərbər
edərək ölkədə baş alıb gedən tənəzzülü
dayandırdı və tezliklə tərəqqiyə nail oldu.
Mövcud problemlər tədricən həllini tapdı,
iqtisadi və siyasi stabillik təmin olundu və beləliklə
də iqtisadi inkişafın sürətləndirilməsi,
ölkəmizin beynəlxalq arenada nüfuzunun
artırılması, Azərbaycan həqiqətlərinin
bütün dünyaya çatdırılması və digər
istiqamətlərdə konkret proqram və layihələr
işlənib hazırlandı.
Başqa sözlə desək, siyasi-iqtisadi stabilliyə
nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq
qarşıda duran ən mühüm vəzifələrdən
idi. Ona görə də əldə edilmiş nailiyyətlər
ölkə daxilində milli birliyin təmin olunması ilə
yanaşı, həm də dünya azərbaycanlıları
arasında həmrəyliyin güclənməsinə səbəb
oldu. Bu isə, öz növbəsində,
müxtəlif ölkələrdə yaşayan
soydaşlarımızı daha da ruhlandıraraq onların
ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri
üçün ciddi zəmin yaratdı. Təbii
ki, xaricdə yaşayan həmvətənlərımizin bir
ideya ətrafında birləşdirilməsi ölkənin
inkişafı baxımından xüsusi əhəmiyyət kəsb
edir. Bu gün onlar dünyanın
harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla
fəxr edir, onun uğurlarından qürur duyur və fərəh
hissi keçirirlər. Ona görə həm də bu
milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə
nail olduğumuza görə türk dünyasının dahi
oğlu Heydər Əliyevə borcluyuq.
Unudulmaz
şəxsiyyət olan Heydər Əliyev bütün fəaliyyəti
dövründə xaricdə yaşayan
soydaşlarımızın birliyi və təşkilatlanması
məsələsini daim diqqət mərkəzində saxlayaraq
dünya azərbaycanlılarının vahid məqsəd ətrafında
birləşdirilməsinə səy göstərmiş və
buna nail olmuşdur. Bu baxımdan ümummilli
lider Heydər Əliyevin müvafiq sərəncamı ilə
Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının
I Qurultayı mühüm əhəmiyyət kəsb etdi.
Qurultay xaricdə yaşayan
soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında birləşərək təşkilatlanması
istiqamətində yeni mərhələnin başlanğıcını
qoydu.
Qeyd etdiyimiz kimi, təşkilatlanma prosesi, dünya azərbaycanlılarını
bir araya dəvət etmək təklifi ulu öndərimiz Heydər
Əliyev tərəfindən irəli
sürülmüşdür. Heydər Əliyevin həyat
və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən,
Azərbaycanı inkişaf etdirməkdən ibarət
olmuşdur. Ümummilli liderin bu təşəbbüsü
də məhz Azərbaycanı dünyaya tanıtmaq, həmvətənlərimizin
gücünü bir mərkəzdə cəmləməklə
haqq səsimizi beynəlxalq aləmə çatdırmaq məqsədi
daşıyırdı.
Bu gün də Heydər Əliyev ideyalarına sadiq qalan
Azərbaycan Prezidenti cənab İlham Əliyev xarici ölkələrdə
yaşayan azərbaycanlıların problem və
qayğılarını daim diqqət mərkəzində
saxlayır. Soydaşlarımızla əlaqələri daha da
möhkəmləndirmək və qarşıda duran vəzifələri
müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının
II Qurultayının keçirilməsi bunun bariz nümunəsidir.
Qurultay Azərbaycanın sürətli
inkişafı və beynəlxalq arenada siyasi mövqeyinin daha
da gücləndirilməsi istiqamətində tarixi işlərin
görülməsinə şərait yaratmışdır.
Məhz dünya azərbaycanlılarının,
ümumilikdə türk diaspora təşkilatlarının bir
amal uğrunda birləşdirilməsinə xidmət edən qərarların
qəbul edilməsinin və bu istiqamətdə görülən
genişmiqyaslı tədbirlərin nəticəsidir ki,
artıq dünyada güclü, öz sözünü deyə
bilən, siyasi proseslərə təsir etmək iqtidarında
olan diaspor təşkilatları
formalaşdırılmışdır. Bir məsələni qeyd
etmək lazımdır ki, 2009-cu ildə Xocalı faciəsınin
qurbanları, demək olar ki, bütün dünya ölkələrində
anıldı, hadisələrin səbəbləri və
günahkarı olan mənfur ermənilərin və onların
havadarlarının insanlığa yaraşmayan simaları
bütün dünyaya nümayiş etdirildi. Bu
da bütün digər amillərlə yanaşı, həm də
güclü diaspor təşkilatlanması ilə
bağlıdır.
Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və
ölkə iqtisadiyyatını labüd fəlakətdən,
hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin
iqtisadi yüksəlişi üçün təcili tədbirlər
görməyə başladı. İttifaq səviyyəsində
mövcud olan iqtisadi əlaqələr dağıldıqdan
sonra milli iqtisadiyyatın dirçəldilməsi
üçün ölkənin malik olduğu təbii resurslardan
istifadə edilməsi və milli məhsulların xarici
bazarlara çıxışının təmin edilməsi
mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə
bir dövrdə Azərbaycanın zəngin neft
ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev
danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət
vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə,
cənab İlham Əliyev yeni neft strategiyasının
hazırlanmasının və uğurla həyata keçirilməsinin
ən fəal iştirakçılarından oldu. Onun
bütün fəaliyyətinin mərkəzində
özünün dəfələrlə vurğuladığı
bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil
etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən
ibarət deyildir. Bizim məqsədimiz neftdən
gələn bütün mənfəətləri həm
siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri
Azərbaycan xalqının gələcək mənafeyinə,
rifahına yönəltməkdən ibarətdir".
Hamımıza
məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində
Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən
"Azəri", "Çıraq" və "Günəşli"
yataqlarının birgə istismarı ilə bağlı neft
hasilatı üzrə ixtisaslaşmış, yüksək
nüfuza malik dünya dövlətlərini təmsil edən
12 iri neft şirkəti arasında beynəlxalq müqavilə
- "Əsrin müqaviləsi" imzalanmışdır ki,
bununla da ölkəmizdə yeni neft strategiyası uğurla həyata
keçirilməyə başlandı. Bağlanmış
müqavilə şərtləri Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol
oynayan "Əsrin müqaviləsi" üzrə ilkin neft
12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton
neft və 200 milyard kubmetrə yaxın təbii qaz
ehtiyatına malik olan yataqlarda görüləcək işlərə
12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə
tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə
etmiş Azərbaycan Respublikası üçün çox
vacib məsələ idi. "Əsrin
müqaviləsi" üzrə hasil edilən Azərbaycan
neftinin dünya bazarlarına ixracı üçün ilkin
dövrlərdə buraxıcılıq qabiliyyətləri
ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft
boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın
illərdə müqaviləyə daxil olan yataqlar üzrə
illik hasilatın 50 milyon tona
çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə daha böyük nəqletmə imkanına malik ixrac
marşrutları araşdırıldı və optimal variant
kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
seçildi. Məhz buna görə də layihənin həyata
keçirilməsində fenomen siyasətçi Heydər
Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları
2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər
Əliyevin adının verilməsi barədə qərar qəbul
etdilər. Beləliklə də
"Üç dənizin əfsanəsi" adlanan BTC layihəsi
reallığa çevrilərək xalqımızın
maddi-rifah halının yaxşılaşdırılması və
doğma Azərbaycanın qüdrətli dövlət
olmasına öz töfhəsini verməkdədir.
Ümumilikdə neft strategiyası ilə sürət
götürən inkişaf dinamikası sonrakı illərdə
də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən
müvafiq normativ hüquqi bazanın yaradılması ilə
yadda qalsa da, bu dövrdə həm də dövlət
mülkiyyətinin özəlləşdirilməsi, kiçik
və orta sahibkarlığın dəstəklənməsi və
s. istiqamətlərdə dövlət proqramları da qəbul
edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi
inkişafın əsas amilinin özəl mülkiyyət və
sahibkarlığın müxtəlif formalarının təşəkkül
tapması olduğunu çox düzgün qiymətləndirən
dahi şəxsiyyət Heydər Əliyev ölkədə
stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf
etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu
sahədə görülən işlərin əsl mahiyyətini
qiymətləndirmək üçün ümummilli lider Heydər
Əliyevin hələ 1996-cı ildə söylədiyi bir
fikri yada salmaq məqsədəuyğun olardı: "Bir
Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini
artıq müəyyən etmişəm. Bu,
islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın
artırılması, inkişaf etdirilməsi, mülkiyyətin
özəlləşdirilməsi, özəl bölmənin
inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı,
insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa
şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləri
olur".
Məhz bu diqqət və qayğının nəticəsidir
ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil
genişlənir, möhkəmlənir və dövlət
büdcəsinin əsas gəlir mənbələrindən
birinə çevrilir. Artıq başlıca məqsəd bu
mühüm sahənin inkişafını genişləndirməklə
ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini
artırmaqdan ibarətdir. Bu məqsədə
nail olmaq üçün dövlət başçısı
möhtərəm Heydər Əliyev təkcə 2002-ci ilin
avqust-sentyabr aylarında altı mühüm fərman
imzalamışdır. Bu tarixi fərmanların
qəbul edilməsi mahiyyət etibarı ilə ilk növbədə
ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni
inkişaf mərhələsinə qalxmasında böyük
potensiala malik milli sahibkarlığın qarşısında
konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da
gücləndirdi. Məhz həmin dövrdə
məqsədyönlü formada həyata keçirilən
ardıcıl tədbirlərin nəticəsidir ki, artıq
sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən
birinə çevrilərək istər məşğulluğun
təmin olunması, istərsə də büdcə gəlirlərinin
artırılması istiqamətində öz bəhrəsini
verməkdədir.
Aydındır ki, istənilən sahədə
görülən işlərin nəticəsi icraçı
kadrların təcrübə və dünya
görüşündən çox asılıdır. "Hər
şeyi kadrlar həll edir" prinsipinə əsaslanaraq
ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi,
eləcə də bir komanda halında səfərbər edilməsi
xüsusi idarəçilik qabiliyyəti tələb edir.
Hal-hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi,
inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə
çevrilməsi istiqamətində ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında fəaliyyət göstərən, hökumətin
müxtəlif strukturlarına rəhbərlik edən
insanların əksəriyyəti 1960-70-ci illərdə, məhz
Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət
Heydər Əliyevin qayğısı sayəsində
dünyanın aparıcı universitetlərində dərin
biliyə, geniş dünya görüşünə və zəngin
idarəçilik qabiliyyətinə yiyələnmiş
insanlardır. Hörmətli akademikimiz Ramiz Mehdiyevin dərin məzmunu
ilə elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb
olmuş "Zaman haqqında düşünərkən və
elitanı transformasiya edərkən: varislik və
innovasiyalılıq" adlı məqaləsində qeyd
olunduğu kimi: "Müasir Azərbaycanın milli
elitasının formalaşması ümumən bir neçə
mərhələdən ibarət olmuş və ötən əsrin
70-ci illərində, Heydər Əliyevin göstərişinə
əsasən minlərlə gənc azərbaycanlı təhsil
almaq üçün Sovet İttifaqının müxtəlif
şəhərlərinə göndəriləndə, o
dövrdə hələ sovet Azərbaycanı adlanan ölkəmizin
təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi,
siyasi elitasının formalaşmasına böyük diqqət
yetirilməyə başlanıldığı dövrdə
xüsusilə nəzərəçarpan xarakter
almışdı. Həmin qərarların qəbul
edilməsi ilə əlaqədar siyasi çətinliklərə
baxmayaraq, məhz onlar kadrların regenerasiyası,
rotasiyası, əvəzlənməsi və dövlət
qulluğunda işə yeni, intellektual və zirək gənclərin
cəlb olunması prosesinin başlanmasına kömək
etmişdir".
Müstəqil
Azərbaycan Respublikasının uzunmüddətli inkişaf
strategiyasını müəyyənləşdirmiş ümummilli
lider Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri
sayəsində nəinki müasir dövrün
çağırışlarına adekvat olan yeni Azərbaycan
dövlətçiliyi ideyasını ifadə etmiş, həm
də Azərbaycan xalqının ən geniş, bu ideyanı
həyata keçirən siyasi və intellektual qüvvələrini
- səriştəli idarəçiləri və Azərbaycanı
mütərəqqi inkişaf orbitinə çıxarmağa
qabil olan savadlı, geniş dünya görüşünə
malik insanları öz ətrafında birləşdirməyə
və onları bu ideyanın həyata keçirilməsində
səfərbər etməyə nail olmuşdur. Ulu öndər
bu məsələləri hələ ötən əsrin
70-80-ci illərindən görürdü və bir çox azərbaycanlı
gəncləri o zamankı SSRİ-nin aparıcı ali təhsil müəssisələrində təhsil
almağa göndərirdi. Məhz bunun nəticəsidir
ki, hələ dahi Heydər Əliyevin hakimiyyəti illərində
ümumi milli mənafeyi üstün tutmağı bacaran
komanda formalaşmışdır. Bu
gün isə ulu öndərin layiqli siyasi varisi Prezident
İlham Əliyev bünövrəsi Heydər Əliyev tərəfindən
qoyulmuş milli dövlətçilik təməlinə əsaslanaraq
Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə
doğru aparır. Ölkədə
iqtisadiyyatın liberallaşdırılması, Azərbaycanın
beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin
artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi,
vətəndaş-dövlət birliyınə nail olunması
və digər amillər müstəqil Azərbaycanın
yüksələn xətlə dirçəlişinə səbəb
olmuşdur.
Hazırda isə dövlətimizin sosial-iqtisadi və
başqa istiqamətlərdə əldə etdiyi uğurlar Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi
şəxsiyyətdən idarəetmə sahəsində zəngin
təcrübə toplamış cənab İlham Əliyevin
yüksək idarəçilik keyfiyyətləri ilə
bağlıdır. Artıq İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Respublikasında təbii-iqtisadi imkanlardan
istifadə etməklə çox güclü və
dayanıqlı bir iqtisadiyyat formalaşmışdır.
İstər ümumi iqtisadi göstəricilər, istərsə
də sənaye, kənd təsərrüfatı, sosial sahələrə
dair göstəricilərin dinamik formada dəyişməsi, bu
göstəricilərin ilbəil artması ölkəmizin
iqtisadi qüdrətini və inkişaf tempini xarakterızə
edir. Eyni
zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində
ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin
pisləşdiyini, ÜDM həcminin azaldığını,
investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi
imkanlarının məhdudlaşdığını, bir
çox ölkələrin milli pul vahidlərinin devalvasiya
edildiyini, işsizlik səviyyəsinin artdığını
və bütün bunların Azərbaycanda ciddi formada hiss
edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi
qüdrətini daha aydın təsəvvür etmək olar. Uzağa getmədən, MDB ölkələrinin
timsalında iqtisadi böhranın ümumi mənzərəsi
ilə tanışlıqdan aydın olur ki, bir çox
qonşu respublikalarda iqtisadi vəziyyət kəskin pisləşmiş
və bu ölkələrin iqtisadi durumunu xarakterizə edən
makroiqtisadi göstəricilər aşağı
düşmüşdür. Konkret olaraq bu ölkələrdə,
2009-2010-cu illərdə ÜDM 9 faiz, sənaye istehsalı 14
faiz, o cümlədən, ölkələr üzrə:
Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz,
Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s.
azalmışdır.
Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf
yolu olan, qlobal maliyyə böhranının təsirini miniımum
həddə endirməyi bacaran Azərbaycanın
uğurları bütün dünyada diqqətlə izlənilir
və ölkəmizin inkişaf tempini təmin edən şərtlər
geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar
dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın
iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq
reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən
də əyani görmək mümkündür.
İnternet saytlarında aparılan araşdırmalardan
aydın olur ki, Böyük Britaniyada nəşr edilən
"Fınancial Times" qəzeti də Azərbaycanın
investisiya imkanlarını şərh edərək yazır
ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına
təsir göstərməyib. Ölkə
iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd
edən qəzet bu inkişafda özəl sektorun böyük
rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi
Asiya regionunun digər ölkələri böhrandan
çıxmaq üçün səylər göstərdiyi
halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım
müşahidə olunur. Ölkəmizdə
əlverişli investisiya mühitinin olduğuna qeyd edən
"Financial Times" beynəlxalq ekspertlərin fikirlərinə
əsaslanaraq yazır ki, qarşıdakı illərdə Azərbaycana
daha çox investisiya cəlb edıləcəkdir.
Belə
ki, qeyd edildiyi kimi, son illər bütün dünyada
böhranla müşahidə edildiyi halda, Azərbaycanda
aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində
həm 2009- 2010-cu illərdə, həm 2011-ci ildə ölkə
iqtisadiyyatının inkişafı təmin edilmiş və
ümumi daxili məhsul, uyğun olaraq, 9,3 faiz və 5 faiz
artmış, bütün sosial proqramlar öz həllini
tapmışdır. Əksər dünya ölkələrində
və bütün region dövlətlərində ciddi
inflyasiya baş verdiyi, milli pul vahidinin ucuzlaşması,
alıcılıq qabiliyyətinin zəifləməsi
müşahidə edildiyi halda, manatın məzənnəsi
sabit saxlanılmış, həyata keçirilən silsilə
tədbirlər nəticəsində 2010-cu ildə makroiqtisadi
sabitlik qorunmuş, ölkə iqtisadiyyatına, əsas hissəsi
daxili mənbələr hesabına və 9,3 milyard dolları
qeyri-neft sektoruna olmaqla, 15,5 milyard dollar investisiya cəlb
edilmiş, əhalinin pul gəlirləri 12,3 faiz
artmışdır. Ötən illərdə həyata
keçirilən uğurlu siyasət nəticəsində
yoxsulluğun səviyyəsi azalmış və 9,1 faizə düşmüşdür. Bu isə
son yeddi il - 2003-2010-cu illər ərzində
yoxsulluğun 4-5 dəfə aşağı düşməsi
deməkdir.
Heydər
Əliyev strategiyasını uğurla davam etdirən ölkə
başçısı İlham Əliyevin iqtisadi siyasətinin
prioritet istiqamətləri olan qeyri-neft sektorunda irəliləyişin
sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması,
sahibkarlığa hərtərəfli dəstək verilməsi,
əhalinin maddi rifahının daha da yüksəldilməsi nəticəsində
ölkənin sosial-iqtisadi tərəqqisi artıq keyfiyyətcə
yeni mərhələyə qədəm qoymuş, əvvəlki
illərdə təmin edilmiş dinamika 2011-ci ilin ötən
on ayında da davam etdirilmişdir. Ölkədə
makroiqtisadi sabitlik, strateji valyuta ehtiyatlarının
artımı və səmərəli istifadəsi, milli
valyutanın sabitliyi təmin edilmiş, sahibkarlığa
dövlət dəstəyi gücləndirilmiş, qeyri-neft
sektorunun inkişaf sürəti neft sektorunu üstələmişdir.
Bütün bunları statisk məlumatlar da təsdiq
edir. Belə
ki, 2011-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə
40,7 milyard manatlıq ümumi daxili məhsul
istehsal olunmuş və keçən ilin müvafiq
dövrü ilə müqayisədə 0,3 faiz, yaxud müqayisəli
qiymətlərlə 95,8 milyon manat artmışdır.
ÜDM-in 27,8 milyard manatı və ya 68,4
faizi məhsul istehsalı sahələrində, 10,5 milyard
manatı, yaxud 25,7 faizi xidmət sahələrində
yaradılmış, 2,4 milyard manatı (5,9 faizi) isə məhsula
və idxala xalis vergilərin payına
düşmüşdür. Adambaşına 4499,7
manatlıq (5693,7 ABŞ dolları) əlavə dəyər
istehsal olunmuşdur. Qeyri-neft sektorunda əlavə dəyər
istehsalı 8,6 faiz artmış, neft
sektorunda isə 7,8 faiz azalmışdır.
Əlavə
dəyərin 54,9 faizi yaradılmış
sənaye sahəsində ev təsərrüfatlarının və
sənaye sahəsində fəaliyyət göstərən
fiziki şəxslərin istehsal etdikləri məhsul da nəzərə
alınmaqla 28 milyard manatlıq məhsul istehsal olunmuşdur. Sənaye
məhsulunun 77,7 faizi mədənçıxarma bölməsində,
17,3 faizi emal bölməsində, 4,4 faizi elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı
bölməsində və 6 faizi su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində istehsal olunmuşdur. Bu müddət ərzində
mədənçıxarma bölməsində 39 milyon ton
neft, 21,6 milyard kubmetr qaz hasil edilmişdir.
Emal bölməsində qida məhsulları istehsalı 6,9
faiz, içki istehsalı 18,2 faiz, geyim istehsalı 57,4 faiz,
ağac emalı və ağacdan məmulatlar istehsalı 17,8
faiz, poliqrafiya məhsulları istehsalı 2 faiz, neft məhsulları
istehsalı 2,5 faiz, kimya sənayesi məhsulları
istehsalı 36 faiz, rezin və plastik kütlə məmulatları
istehsalı 24,5 faiz, tikinti materialları istehsalı 2 faiz,
metallurgiya sənayesi məhsulları istehsalı 86,2 faiz,
kompyuter və digər elektron avadanlıqları istehsalı
30,7 faiz, maşın və avadanlıqlar istehsalı 18,2 faiz,
avtomobil və qoşquların istehsalı 12,3 faiz, mebel
istehsalı 10,2 faiz, maşın və avadanlıqların
quraşdırılması və təmiri 60,8 faiz
artmışdır.
Elektrik
enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsində ötən ildə olduğundan 5,4 faiz çox və ya 15,3 milyard kilovattsaat
elektrik enerjisi istehsal edilmişdir. Sənaye müəssisələrinin
anbarlarında 241 milyon manatlıq hazır məhsul olmuş və
ötən ayla müqayisədə 39,1
milyon manat azalmışdır. Sənaye məhsulu istehsalı
qeyri-neft sektorunda 9,8 faiz artmış, neft
sektorunda isə 7 faiz azalmışdır.
Hesabat dövründə əhalinin normal
yaşayışı və ərzaq təminatında
xüsusi rol oynayan kənd təsərrüfatı sahəsində
də mühüm uğurlar qazanılmışdır. Belə ki, noyabrın 1-nə
kimi tarlalardan qarğıdalı ilə birlikdə 2455,9 min ton
taxıl, 937,5 min ton kartof, 1184,6 min ton tərəvəz, 615,9
min ton meyvə və giləmeyvə, 477,6 min ton bostan məhsulları,
115 min ton üzüm, 3,5 min ton tütün, 190,6 min ton şəkər
çuğunduru, 513,6 ton yaşıl çay yarpağı
toplanmışdır. Operativ məlumatlara əsasən
noyabrın 1-nə kimi 41,9 min ton pambıq
toplanıb emal müəssisələrinə təhvil
verilmişdir. İlin əvvəlindən keçən vaxt ərzində
diri çəkidə 373,7 min ton ət, 1361,4 min ton süd,
834,3 milyon ədəd yumurta və 15,9 min ton yun istehsal
olunmuşdur. 2010-cu ilin müvafiq dövrünə nisbətən
ət istehsalı 4,2 faiz, süd
istehsalı 6,3 faiz, yun istehsalı 3,9 faiz artmışdır.
Beləliklə, bitkiçilik məhsulları istehsalı 9,9 faiz, heyvandarlıq məhsulları
istehsalı 3,5 faiz, kənd təsərrüfatının
ümumi məhsulu isə 7,1 faiz artmışdır. Kənd əməkçiləri
gələn ilin məhsulu üçün 769,5
min hektar sahədə şum qaldırmış, 386,4 min hektar
sahədə dən üçün taxıl, o cümlədən
243,2 min hektar sahədə buğda, 143,2 min hektar sahədə
arpa səpmişlər.
2011-ci ilin on ayı ərzində tikinti sektorunda da
müvafiq irəliləyişlər müşahidə
edilmişdir.
İnşaat kompleksində bütün maliyyə mənbələrindən
iqtisadi və sosial sahələrin inkişafına 8,6 milyard manat həcmində, yaxud 21,7 faiz
çox vəsait əsas kapitala yönəldilmişdir. Vəsaitin
5,2 milyard manatı (60,3 faizi) dövlət
bölməsinə məxsus təşkilatlar və fiziki
şəxslər, 3,4 milyard manatı isə qeyri-dövlət
bölməsinə məxsus idarə və təşkilatlar tərəfindən
qoyulmuşdur. Bilavasitə tikinti-quraşdırma işlərinə
sərf olunmuş vəsait 5,2 milyard manat
olmuş və ümumi investisiyanın 60,7 faizini təşkil
etmişdir. İstifadə edilmiş investisiyanın 46,9 faizi və ya 4,1 milyard manatı məhsul
istehsalı obyektlərinin inşasına sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş investisiyanın 6,6 milyard manatını və ya 76,7 faizini daxili
investisiya, 2 milyard manatını xarici investisiya təşkil
etmişdir.
2011-ci ildə
inşası davam etdiriləcək və yeni tikiləcək
obyektlər üçün dövlət büdcəsində
nəzərdə tutulmuş vəsaitin 3116,9 milyon
manatından istifadə olunmuş və ilin əvvəlindən
ötən vaxt ərzində ümumi sahəsi 1506,9 min
kvadratmetr yaşayış evləri, 7704 şagird yerlik
ümumtəhsil məktəbləri, 99 çarpayılıq
xəstəxana, 260 yerlik məktəbəqədər uşaq
müəssisəsi, Bakı şəhərində "Dərnəgül"
metro stansiyası, müalicə-diaqnostika mərkəzi,
"Kempinski Badamdar" otel kompleksi, Gəncədə fiziki
qüsurlu insanlar üçün regional informasiya mərkəzi,
Tovuz rayonunda süd emalı zavodu və Olimpiya idman kompleksi,
Abşeron rayonunda mebel fabriki və AZDMF zavodu, Astara rayonunda
qaz-kompressor stansiyası, Naftalan şəhərində
"Çinar hotel" kompleksi və "Qaşaltı"
sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu,
süd məhsulları kombinatı və şahmat məktəbi,
İmişli rayonunda yem və bitki yağları fabrikləri,
Olimpiya idman kompleksi, Xızı rayonunda müalicə-diaqnostika
mərkəzi, Qobustan rayonunda Eksperimental poliqon və tədris
mərkəzi, Quba rayonunda şahmat məktəbi, Xaçmaz
rayonunda kondensator zavodu və şahmat məktəbi, Ağsu
rayonunda çörək, şirə və şərab
emalı zavodları, stadion, Ağdaş rayonunda Ağdaş-Ləki
avtomobil yolu, Ucar rayonunda şahmat məktəbi, digər
istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə
verilmişdir.
Nəqliyyat
müəssisələri və avtomobil nəqliyyatı sahəsində
fəaliyyət göstərən fiziki şəxslər tərəfindən
on ay ərzində 168,3 milyon ton və ya
2010-cu ilin müvafiq dövrü ilə müqayisədə
3,7 faiz çox yük daşınmışdır. Sərnişin
daşınması 7,3 faiz artaraq 1,2 milyard
nəfər təşkil etmişdır. Beynəlxalq Avrasiya nəqliyyat
dəhlizi ilə yanvar-sentyabr aylarında 40 milyon ton və ya
bütün yüklərin 26,2 faizi qədər
yük daşınmışdır. Dəhlizlə yük və
sərnişin daşınmasından 324,1
milyon manat gəlir əldə edilmişdir. O cümlədən,
informasiya və rabitə müəssisələri tərəfindən
ilin əvvəlindən əhaliyə, müəssisə və
təşkilatlara 997,2 milyon manatlıq,
yaxud keçən ilin müvafiq dövründəkindən
11,7 faiz çox xidmət göstərilmişdir. Mobil telefon
rabitəsinin xidmət növündən əldə
olunmuş gəlirlərin həcmi 4,2 faiz
artaraq 621,4 milyon manata çatmış və ümumi gəlirlərin
62,3 faizini təşkil etmişdir.
Əmtəə dövriyyəsi və pullu xidmət sahəsində
də göstəricilər müsbətdir. Belə ki, 2011-ci ilin
yanvar-oktyabr ayları ərzində əhaliyə 17,3 milyard manatlıq istehlak malları
satılmış və pullu xidmət göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 10,4 faiz artaraq 13,1 milyard manata, pullu xidmətlərin
həcmi isə 7,4 faiz artaraq 4,2 milyard manata
çatmışdır. Əhalinin istehlak bazarından
aldığı malların 8 milyard manatını və ya 61,2 faizini ərzaq məhsulları, 5,1 milyard
manatını qeyri-ərzaq malları təşkil etmiş və
müvafiq olaraq 2,7 və 28,8 faiz artmışdır.
Xarici ticarət sahəsində də müsbət irəliləyişlər
nəzərə çarpmışdır. İlin doqquz ayı ərzində
xarici ölkələrlə 26,6 milyard
dollar məbləğində ticarət əməliyyatları
aparılmışdır. Əmtəə dövriyyəsinin
74,2 faizini və ya 19,7 milyard
dollarını ölkədən ixrac olunmuş mallar, 25,8
faizini (6,9 milyard dollarını) isə idxal məhsulları təşkil
etmiş, əmtəə mübadiləsinin 83,8 faizi uzaq xarici
ölkələrlə, 16,2 faizi MDB üzvü dövlətləri
ilə aparılmışdır. İlin əvvəlindən
ötən vaxt ərzində idxal olunmuş əmtəənin
72,9 faizi, yaxud 5 milyard dolları uzaq xarici
dövlətlərdən, 27,1 faizi (1,9 milyard dolları) MDB
üzvü ölkələrindən daxil olmuşdur. Ölkədən
ixrac olunmuş malların 87,6 faizi, yaxud
17,3 milyard dolları uzaq xarici dövlətlərə, 12,4
faizi (2,4 milyard dolları) isə MDB üzvü ölkələrinə
göndərilmişdir. Ticarət əməliyyatları nəticəsində
12,8 milyard dollar məbləğində
müsbət ticarət saldosu yaranmışdır. Doqquz ay ərzində
ölkəmizə 20,4 milyon ABŞ
dolları məbləğində humanitar və texniki
yardım daxil olmuşdur.
2011-ci ildə də sosial tədbirlər hökumətin
diqqətində olmuş, əhalinin yaşayış şəraitinin
daha da yaxşılaşdırılması, maddi-rifah
halının yüksəldilməsi istiqamətində
müvafiq addımlar atılmışdır. Nəticədə
ötən aylar ərzində əhalinin gəlirləri də
artmışdır. Rəqəmlərə müraciət
etsək, 2011-ci ilin ilk on ayı ərzində ölkə əhalisinin
gəlirləri 19 faiz artaraq 24,5 milyard manat
təşkil etmişdir. Bu vaxt ərzində adambaşına
düşən gəlirlər 17,4 faiz
yüksələrək 2713,6 manata və ya orta hesabla ayda 271,4
manata çatmışdır.Muzdla işləyənlərin
orta aylıq əmək haqqı yanvar-sentyabr aylarında
2010-cu ilin müvafiq dövrünə nisbətən 9 faiz
artaraq 355,1 manat olmuşdur.
Maliyyə
Nazirliyinin məlumatına əsasən, yanvar-sentyabr
aylarında dövlət büdcəsinə 9 milyard manat məbləğində
vəsait daxil olmuş, büdcədən 8,7
milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin
43,7 faizi və ya 3,8 milyard manatı
iqtisadiyyatın inkişafına, 9,8 faizi, yaxud 854,4 milyon
manatı təhsilə, 12,7 faizi və ya 1112,3 milyon manatı
sosial müdafiə və sosial təminata yönəldilmişdir.
Bütün bunlar isə bünövrəsi ulu
öndər tərəfindən qoyulan və Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən
sosial-iqtisadi inkişaf strategiyasının bariz nəticələridir.
Bu gün artıq tam əminliklə qeyd etmək olar ki, minbir
zəhmətlə başa gələn və əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
"Əsrin müqavilə"si ilə qoyulmuş neft
strategıyası Azərbaycanın ümumi iqtisadi strategiyasının
formalaşmasına və bu strategiyanın uğurla həyata
keçirilməsinə zəmin yaratmışdır. Eyni
zamanda, ölkəmizin valyuta ehtiyatları, maliyyə
imkanları ilbəil artır ki, bu da gələcəkdə
bütün sahələrdə mövcud potensialdan daha səmərəli
istifadəyə, ehtiyatların tam və səmərəli
şəkildə dövriyyəyə cəlb edilməsinə,
sosial tədbirlərin, investisiya qoyuluşlarının,
kreditləşdirmə əməliyyatlarının və s.
maliyyələşdirməyə imkan verəcəkdir ki, bu da
əldə edilmiş dinamizmi davam etdirməyə şərait
yaradacaqdır.
Bütün bunlar isə ölkə başçısının da qeyd etdiyi kimi, növbəti illərdə, uzunmüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının daha da yüksək sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
İSA ALIYEV, AMEA
İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor
AQİL ƏSƏDOV, İqtisadiyyat İnstitutunun şöbə
müdiri, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 3-4.