Heydər Əliyev milli təhsil
sisteminin qurucusudur
Azərbaycanın təhsil sahəsində keçdiyi
yolu təhlil edərkən onun nə qədər çətin,
lakin şərəfli olduğu bir daha özünü
büruzə verir. Milli təhsilimizin inkişafı, Avropa
standartlarına inteqrasiyası məhz ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Vətən qarşısında
misilsiz xidmətlərindən biri də milli təhsil
sisteminin qurucusu olmasıdır. İstər
ötən əsrin 70-80-ci illərində, istərsə də
müstəqillik dövründə ümummilli lider
xalqımızın təkcə bugününü deyil, həm
də gələcəyini düşünərək bu sahənin
inkişafına xüsusi diqqət və qayğı göstərib.
Xüsusən də Azərbaycanın dövlət
müstəqilliyini bərpa etdikdən sonrakı illərdə
milli təhsilimizi Qərb standartları səviyyəsinə
yüksəltmək, milli-mənəvi dəyərlərə
həssas münasibət böyük tarixi şəxsiyyətin
yürütdüyü siyasətin prioritet istiqamətini təşkil
edib. Ulu öndər hələ sovet hakimiyyəti
dövründə də milli mənəvi dəyərlərimizin
qorunub saxlanılmasında və inkişafında çox cəsarətli,
qətiyyətli tədbirlər həyata keçirib.
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayan Heydər Əliyev milli mənafelərə xidmət
göstərmək məqsədilə totalitar rejimin
qanunları altında Azərbaycanda milli mənəvi dəyərləri
qorumaqla tərəqqiyə, elm və təhsilin yüksəldilməsinə
nail olmaq üçün düşünülmüş elmi
siyasət yeritmişdir. Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci
illərdə ulu öndərin diqqət mərkəzində
saxladığı ən zəruri vəzifələrdən
biri elmin və təhsilin inkişafına qayğını
artırması olmuşdur. Kommunist
Partiyasının hakimiyyətdə olduğu bir dövrdə
Heydər Əliyev təhsilin inkişafına milli
varlığın və dövlətçiliyin təməl
məsələsi kimi yanaşmış, bu sahədə
uğurlar qazanmaq üçün ciddi səylər göstərmişdir.
Müdrik rəhbər Heydər Əliyev öyrədirdi
ki, savadlı və dərin elmli xalqların qurduğu dövlət
uzunömürlü, ədalətli və cəlbedici olur. Ona görə
də ulu öndər Azərbaycan xalqının maariflənməsinə,
savadlanmasına xüsusi diqqət yetirirdi. Təhsilin inkişafı ilə əlaqədar
bir-birinin ardınca qərarlar qəbul edilirdi. Təhsil sahəsində həyata keçirilən tədbirlər
Heydər Əliyevin böyük maarifçi olmasından xəbər
verirdi. Müdrik şəxsiyyət ilk
növbədə təhsil sahəsində kadrların milliləşdirilməsinə
başladı. Azərbaycanlı təhsil
işçilərinin işə qəbulu gücləndirildi
və bu sahədə çalışan qeyri azərbaycanlılar
tutduqları vəzifədən kənarlaşdırıldı.
Bir faktı diqqətə çatdırmaq istərdim.
Azərbaycan KP MK-nın 1970-ci il 13 mart
tarixli büro iclasında maarif nazirinin müavini
R.A.Balayanın düzgün olmayan hərəkətləri
müzakirə olunmuş və o, tutduğu vəzifəsindən
azad edilmişdi.
Heydər
Əliyevin Azərbaycan maarifini, milli təhsilimizi inkişaf
etdirmək sahəsində fəaliyyətinin başlıca
istiqamətlərindən biri yeni məktəb
binalarının tikintisi, məktəb yaşlı
uşaqların təhsilə cəlb edilməsi,təhsilin
kütləviləşdirilməsi idi. 1969-cu ildən
1982-ci ilədək olan dövrə nəzər salsaq, görərik
ki, respublikada yeni məktəb binalarının tikilməsi və
uşaqların məktəbə cəlb edilməsində
böyük irəliləyiş olub. Məktəb
yaşlı uşaqların təhsilə cəlb olunması
üçün ciddi tədbirlər həyata keçirilir.
Məktəb şəbəkəsi sürətlə
genişləndirildi.
Azərbaycanlı qızların məktəbə cəlb
edilməsi məsələsinə xüsusi diqqət verilməsi
nəticəsində təhsilli qadınların sayı
sürətlə artırdı. Artıq 1978-ci ildə Azərbaycanda
770 min nəfər ali və orta təhsilli
qadın var idi. Bu isə qısa müddətdə
Azərbaycan cəmiyyətində qadının rolunun
artırılması sahəsində böyük uğur
qazanılmasından xəbər verirdi. Azərbaycan
tədricən savadlılar diyarına çevrilirdi.
1979-cu ildə Heydər Əliyevin respublikaya rəhbərliyindən
10 il sonra əhalinin siyahıyaalınmasına görə
şəhər əhalisinin savadlılığı 100 faiz,
kənd əhalisinin savadlılığı isə 99 faiz təşkil
edirdi. 1980-ci ilin statistik məlumatlarına
görə respublikada fəaliyyət göstərən
ümumtəhsil məktəblərində 1 milyon 400 min
şagird təhsil alırdı. Bu, Azərbaycanın
bütün tarixi ərzində görünməmiş bir
uğur idi.
Ölkədə müəllim hazırlığına,
kənd məktəblərinin ixtisaslı müəllim
kadrları ilə təmin edilməsinə xüsusi yer
verilirdi. Kənd yerlərində işləməyə gedən
gənc mütəxəssislərə və əvvəlki illərdən
fərqli olaraq, orada çalışan müəllimlərə
xüsusi qayğı göstərməklə Azərbaycan maarifinin
coğrafiyasını genişləndirir, təhsilin keyfiyyətinin
yüksəldilməsinə nail olurdu.
Ulu öndər Heydər Əliyevin maarifə göstərdiyi
qayğının daha bir nümunəsi "Xalq maarifi
haqqında" qanun layihəsinin ümumxalq müzakirəsinə
verilməsi və qəbul edilməsi oldu. Bu qanunun qəbulu
və həyata keçirilməsi Azərbaycan məktəbinin
inkişafında əsaslı rol oynadı. Bu və digər tədbirlərin həyata
keçirilməsi müəllimlərin nüfuzunu daha da
yüksəldirdi. Ümumiyyətlə, ulu
öndər hakimiyyətdə olduğu illərdə müəllimlik
peşəsini həmişə yüksək qiymətləndirib.
Müdrik şəxsiyyət deyirdi: "Müəllim sənəti
şərəfli və gözəl sənətdir. Qədimdən xalqımızın içərisində
ən mötəbər və ləyaqətli adamları
"müəllim" deyə
çağırmışlar".
Heydər Əliyevin Azərbaycana rəhbərliyi
dövründə gərgin və yorulmaz fəaliyyəti nəticəsində
respublika savadlılar diyarına çevrildi. Ulu öndər bu barədə
deyirdi: "Azərbaycanda ən böyük nailiyyət ondan
ibarətdir ki, bizdə savadsız adam
yoxdur. Ölkəmizdə hansı bir kəndə, hətta
hansı bir dağ kəndinə getsəniz, orada savadsız adam tapa bilməzsiniz. Azərbaycanda
xalqın ümumi təhsil səviyyəsinin, mədəni səviyyəsinin
yüksəlməsi XX əsrdə özünü çox
bariz şəkildə göstərmişdir".
Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə
yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan təhsili,
yetişdirilmiş ixtisaslı milli kadrlar və inkişaf
etmiş elm gələcək müstəqillik
üçün bir təməl rolu oynayırdı. Məhz
ümummilli lider Heydər Əliyevin qətiyyəti,
qayğısı nəticəsində müxtəlif sahələr
üzrə neçə-neçə gənc yüksək səviyyəli
mütəxəssis kimi hazırlanmış, Azərbaycanda
sosial-iqtisadi və siyasi idarəetmə sahələrində
milli kadr potensialı formalaşmışdır. Bu potensial Azərbaycan müstəqillik əldə
etdikdən sonra ölkə üçün son dərəcə
böyük əhəmiyyət kəsb etmişdir. Çünki hər bir ölkənin inkişafı
üçün onun hazırlıqlı kadr
potensialının olması vacib şərtlərdən
biridir. Heydər Əliyev hələ o zaman gələcəkdə
Azərbaycanın müstəqil bir dövlət
olacağını düşünürdü və sonralar
bunu açıq şəkildə ifadə etmişdi: "Bəli,
mən bu işləri görərkən həm də gələcək
müstəqil Azərbaycan üçün fəaliyyət
göstərirdim və gələcək müstəqil Azərbaycan
dövlətinin əsaslarını yaradırdım". 1969-1982-ci illərdə yaradılan əsaslar
müstəqil Azərbaycanın dövlət quruculuğu
prosesində öz rolunu oynamışdı.
1993-cü ildə xalqın təkidli xahişi ilə
yenidən ölkəyə rəhbərlik edən ümummilli
lider Heydər Əliyev təhsilin inkişafını,
müasir təfəkkürlü, düşüncəli, hərtərəfli
biliyə malik savadlı, bilikli gənclərin yetişdirilməsini
prioritet vəzifə kimi qarşıya qoydu. Müstəqil Azərbaycana
rəhbərliyinin ilk vaxtlarında 1994-cü ildə
"Ümumtəhsil məktəblərinin nümunəvi
Əsasnaməsi"nin yaradılması məsələsi
qaldırıldı. Respublikanın iqtisadi vəziyyətinin
hələ ağır olduğu bir vaxtda heç olmasa, ibtidai
siniflər üçün dərsliklərin pulsuz verilməsi
barədə qərar qəbul edildi. Ulu öndər 1998-ci
ilin martında "Təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyasının yaradılması
haqqında" sərəncam imzalamaqla təhsil sistemində əsaslı
dönüş yaradılmasına nail oldu.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından
sonra təhsil sahəsində ən ciddi problemlərdən
biri də məktəb tikintisi, ümumtəhsil məktəblərin
təmiri və lazımi avadanlıqlarla təchizatı idi. Heydər Əliyev 2000-ci il iyunun 13-də "Azərbaycan
Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" fərman imzalamaqla bu problemi aradan
qaldırdı. Bu fərman təhsil sisteminin əsaslı
şəkildə təkmilləşdirilməsinə, idarəetmənin
müasir prinsiplər üzrə təşkilinə, təhsil
sisteminin beynəlxalq standartlara
uyğunlaşdırılmasına və dünya təhsil
sisteminə inteqrasiyasına zəmin yaratdı. Bunun ardınca imzalanan "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" sərəncam məktəblərdə tədris-təlim
şəraitinin yaxşılaşdırılmasında yeni mərhələnin
əsasını qoydu.
Böyük tarixi şəxsiyyət Heydər
Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda
demokratiyanın yaranması, formalaşması və
çiçəklənməsi dövrünün
inkişafında ən mühüm hadisəyə
çevrildi.
Elm və təhsilə böyük önəm
verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin,
təhsil islahatlarının həyata keçirilməsi
ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında
böyük dönüş yaratdı. Heydər
Əliyev cəmiyyətin inkişafında təhsilin rolunu
çox yüksək qiymətləndirərək demişdi:
"Bu təhsil sisteminin nə qədər dəyərli
olduğunu onda görmək olar ki, Azərbaycanda yüksək
savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və
onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycan
iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi.
Bunlar olmasaydı, biz indi Azərbaycanı
müstəqil dövlət kimi idarə edə bilməzdik.
Onları qiymətləndirmək lazımdır
və o illərdə əldə etdiyimiz nailiyyəti heç
vaxt unutmamalıyıq".
Heydər Əliyev müstəqil Azərbaycan milli təhsilinin
quruculuğu sahəsindəki islahatların həqiqi meyarı
idi. Bu
böyük şəxsiyyətin yenidən hakimiyyətə
xilaskar missiyalı qayıdışı Azərbaycanın
sosial-iqtisadi, siyasi və mədəni həyatının
bütün sahələrində olduğu kimi, təhsil sahəsində
də tənəzzülün qarşısını
almağa imkan verdi. Milli təhsilimiz
sürətli inkişaf yoluna qədəm qoydu. Müstəqillik illərində milli təhsilimizi Qərb
standartları səviyyəsinə yüksəltmək, milli-mənəvi
dəyərlərə həssas münasibət ümummilli
liderimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətini
təşkil edib.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev digər sahələrlə
yanaşı milli təhsilimizin inkişafı, beynəlxalq aləmə
inteqrasiyasını daha da sürətləndirmək istiqamətində
həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini
verir.
Azərbaycanın təhsil sisteminin normativ-hüquqi
bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi
və təkmilləşdirilməsi, təhsilin idarə
olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində
beynəlxalq əlaqələrin genişləndirilməsi
istiqamətində çox böyük işlər
görülüb. Məhz bunun nəticəsidir ki, bu gün
biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin
səviyyəsinə yüksəldilməsi ilə
bağlı qürur hissi keçiririk. Bütün
bunlar Prezident İlham Əliyevin təhsilə, təhsil
işçilərinə göstərdiyi yüksək diqqət
və qayğısı, səmərəli fəaliyyət
üçün yaratdığı əlverişli şərait
və imkanlar sayəsində mümkün olub. "Təhsil haqqında" Qanunun qəbul edilməsi,
təhsil sistemində əsaslı islahatların daha sürətlə
davam etdirilməsi, ən mütərəqqi texnologiyaların
tətbiqi, müəllimlərin əmək haqlarının
mütəmadi olaraq artırılması, onların pedaqoji
biliyinin, təcrübəsinin yüksəldilməsi və bu
sahənin dünya səviyyəsinə yüksəldilməsinə
imkan verib.
Ulu
öndər Heydər Əliyev tərəfindən milli təhsilimizə
olan qayğının davamı olaraq Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın xidmətləri danılmazdır. Bu gün respublikamızın müxtəlif
rayonlarında 200-dən artıq məktəbin inşa edilməsi
və ən müasir avadanlıqlarla təchiz olunması məhz
onun təşəbbüsü ilə həyata
keçirilmişdir. Çoxlu sayda məktəblərin
əsaslı təmir olunması, hər il
birinci sinifə yeni qədəm qoymuş bütün
şagirdlərə məktəbli ləvazimatlarının
pulsuz verilməsi də Mehriban xanımın təşəbbüsüdür.
Azərbaycanın həm Avropaya, həm də dünya
birliyinə sürətli inteqrasiyası bir daha təsdiqləyir
ki, bu gün Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
bu siyasi xətt Azərbaycanın adını daha yüksək
zirvələrə qaldıracaq.
Şamil
NURƏLİYEV, Saatlı Rayon Təhsil Şöbəsinin
müdiri
Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 6.