Azərbaycan inkişaf strategiyasının yeni mərhələsinə qədəm qoymuşdur

 

Bakıda keçirilən "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" adlı beynəlxalq konfransda bu məqam xüsusi vurğulanmışdır

 

Zəngin dövlətçilik təcrübəsinə, xüsusən, müsəlman Şərqində ilk demokratik respublika yaratmaq kimi mütərəqqi tarix səhifələrinə malik olan Azərbaycan xalqının öz dövlət müstəqilliyini növbəti dəfə əldə etməsi tarixin bizə bəxş etdiyi ən böyük şanslardan biri idi. Biz 1991-ci ilin oktyabrında yeni müstəqil dövlət qurmamışdıq, sadəcə öz dövlət müstəqilliyimizi bərpa etmişdik. Ona görə də gənc müstəqil Azərbaycan dövlətinin qısa müddətdə müəyyən ictimai-siyasiiqtisadi nailiyyətlər əldə etməsi tamamilə təbii idi. Ancaq təbii olan başqa bir məqam da var idi.

 

Bu, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini istəməyən qüvvələrin bizim üçün yaradacağı çətinliklər, regionun ən mütərəqqi xalqlarından olan azərbaycanlıların qurduğu dövlətin qarşısında maneə olacaq addımlar idi. Gözlənilənlərin hamısı baş verdi. Azərbaycanın qısa müddətdə qüdrətli dövlətə çevrilməsi də, inkişafımızın qarşısına çıxan çətinliklər də. Ona görə də dövlət müstəqilliyimizin 20 illiyinə həsr olunmuş istənilən tədbirdə bu amillərin hər ikisinin qabardılması bir neçə cəhətdən vacibdir. Ən mühüm cəhət isə odur ki, biz son 20 ildə üzləşdiyimiz çətinlikləri yada salmaqla tarixi prosesləri obyektiv şəkildə qiymətləndirmiş oluruq.

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin BMT İnkişaf Proqramı ilə birgə təşkil etdiyi beynəlxalq konfrans da bu baxımdan xüsusi əhəmiyyətə malik idi. Dekabrın 7-də dövlət və hökumət rəsmilərinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm və təhsil müəssisələrinin təmsilçilərinin, vətəndaş cəmiyyətinin üzdə olan simalarının, yerli və beynəlxalq ekspertlərin, eləcə də çoxsaylı mətbuat işçilərinin iştirakı ilə keçirilən konfrans bir növ müstəqilliyimizin 20 illiyinə həsr olunmuş tədbirlər silsiləsinin yekunu kimi qiymətləndirdi. Əsas məqsəd dövlət müstəqilliyimizin bərpasından sonra əldə olunmuş nailiyyətlərə, ulu öndər Heydər Əliyev tərəfindən start verilmiş sosial-siyasi, iqtisadi və mədəni islahatların nəticələrinə nəzər salmaqeyni zamanda gələcək inkişaf prioritetlərini müəyyənləşdirmək idi.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin konfransdakı giriş nitqi əslində, bu beynəlxalq tədbirin mahiyyətini və məqsədini tam şəkildə ifadə edirdi: "Bu gün biz Azərbaycanın yeni inkişaf strategiyasını hazırlayıb, beynəlxalq rəqabətədavamlılığı təmin etmək üçün innovativ yollara qədəm qoyuruq. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası məhz bu çağırışları aradan qaldırmaq məqsədi daşıyır. Artıq demək olar ki, biz inkişaf strategiyasının mahiyyətcə yeni mərhələsinin əvvəlindəyik".

Əlbəttə, biz gənc müstəqil respublikamızın geridə qalan dövrdəki inkişaf göstəricilərini yada salanda ilk növbədə böyük dövlət xadimi, dünya azərbaycanlılarının şəriksiz lideri olan ulu öndər Heydər Əliyevin işləyib hazırladığı inkişaf strategiyasının nəticələrini qeyd etməliyik. Çünki Heydər Əliyev çox yaxşı bilirdi ki, ölkədəki istənilən inkişaf və tərəqqi bilavasitə daxili sabitliklə bağlıdır. Daxili ictimai-siyasi sabitliyi olmayan ölkədə heç bir siyasiya iqtisadi inkişafdan danışmaq mümkün deyil. Ona görə də ulu öndər ilk növbədə xalqın böyük dəstəyi ilə ölkədə daxili sabitliyin bərqərar edilməsinə nail olmuşdu. Bundan sonra isə xarici sərmayələrin ölkəyə gətirilməsi zərurəti yetərincə qiymətləndirildi. Çünki SSRİ dövründən qalan iqtisadi imkanların böyük bir hissəsi qarət olunmuş, itib-batmış, Dağlıq Qarabağ münaqişəsini bəhanə edən ermənilər və ermənipərəstlər tərəfindən talan edilib aparılmış, fabrik və zavodların fəaliyyəti dayanmış, istehsal obyektləri başdan-başa müflisləşmişdi. Əhali faktiki olaraq aclıq və səfalət içərisində idi. Bu problemlərin həlli üçün dövlətin heç bir imkanı yox idi. Ona görə də Heydər Əliyev ölkə iqtisadiyyatını dirçəltmək üçün ən münasib variantı - xarici sərmayənin cəlb edilməsini məqbul saydı. Əcnəbilər müharibə şəraitində olan ölkəyə sərmayə yatırmır, eyni zamanda gətirdikləri investisiyanın toxunulmazlığına zəmanət istəyirlər. SSRİ dövründən qalan Azərbaycan qanunvericiliyi isə heç bir sərmayədara həmin zəmanəti verə bilmirdi. Ona görə Heydər Əliyev qısa müddətdə həm cəbhədə atəşkəsin əldə edilməsinə nail oldu, həm də köklü hüquq islahatlarına start verdi. Bu iki amil respublikaya xarici investisiyanın gətirilməsi üçün zəmin yaratdı və Heydər Əliyev özünün işləyib hazırladığı yeni neft strategiyasının həyata keçirilməsinə başladı.

Cəmi bir neçə cümlə ilə yada saldığımız həmin üç-dörd illik ictimai-siyasi proseslər bugünkü qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması baxımından bəlkə də 15-20 illik bir tarixdə görülmüş işlərə bərabər idi. Sonralar bir çox Avropa ölkələrinin rəsmiləri bəyan etmişdilər ki, Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi altında elə iti sürətlə inkişaf etdi ki, əksər Avropa ölkələri həmin prosesləri 20-30 ilə keçmişdi. Məhz həmin tarixi proseslərin olduğu kimi qiymətləndirilməsi baxımından dekabrın 7-də keçirilmiş beynəlxalq konfrans bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.

Akademik Ramiz Mehdiyev öz nitqində müstəqil Azərbaycanın keçdiyi tarixi yolu qiymətləndirdikdən sonra respublikamızın bu gününü yada salır: "Dövlətimizin iqtisadi qüdrəti son iyirmi ildə dəfələrlə artmış və Azərbaycan regional iqtisadi inkişafın əsas aparıcı vektoruna çevrilərək, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir". Bu, bizim son 20 ildə nail olduğumuz iqtisadi göstəricilərin ümumi ifadəsidir. İndi isə akademikin respublikamızın beynəlxalq aləmdə qazandığı siyasi uğurların ümumi ifadəsinə çevrilmiş bir tarixi faktı yada salmasına diqqət yetirək: "Apardığımız siyasət bizə beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında, qlobal təhlükəsizlik məsələlərinin həllində yeni məsuliyyət və öhdəliklər verir. Azərbaycanın oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məhz dövlət başçısının ağıllı və uzaqgörən siyasi fəaliyyətinin nəticəsidir".

Bütün bunlar Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən keçən 20 ildə qazandığı nailiyyətlərin və dəf etdiyi maneələrin aradan qaldırdığı problemlərin məhz beynəlxalq təşkilatlarla birlikdə yada salınması baxımından xüsusi əhəmiyyətə malik oldu. Elə dekabrın 7-də keçirilən beynəlxalq konfransın əsas məqsədi də məhz bundan ibarət idi.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 1.