Azərbaycanda sosial məsələlərin həlli prioritet vəzifə kimi
diqqət mərkəzində saxlanılır
Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə
gedən dövlətlər sırasındadır. Ölkəmizdə
həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını
gücləndirərək vətəndaşların
rifahının daha da
yaxşılaşdırılması üçün
əsaslı baza
formalaşdırmış, respublikamızın beynəlxalq
münasibətlər sistemindəki mövqeyi
möhkəmlənmişdir. Görülən işlərin məntiqi
yekunu olaraq, Azərbaycan
beynəlxalq qurumların hesabatlarında da
islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas
verir ki, əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulan və
bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla
reallaşdırılan siyasi kurs Azərbaycanı böyük
uğurlara aparan ən
doğru yoldur.
Dövlət başçısının rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bir tərəfdən iqtisadiyyatın daha da güclənməsinə əlverişli imkanlar yaratmış, digər tərəfdən əhalinin maddi-rifah halının yüksəlməsinə müsbət təsir göstərmişdir. Bu, son illər əməkhaqlarının artmasında da özünü büruzə vermişdir.Elə bu günlərdə dövlət başçısının imzaladığı müvafiq sərancamlarla cari ilin dekabr ayının 1-dən minimum aylıq əməkhaqqının məbləği 93,5 manat müəyyən edilmiş, dövlət büdcəsindən maliyyələşdirilən təhsil, səhiyyə sahələrində çalışan işçilərinin, mədəniyyət, gənclər və idman müəssisələrinin, elm və elm-tədqiqat müəssisə, idarə və təşkilatlarının əməkdaşlarının Vahid Tarif Cədvəli ilə aylıq vəzifə maaşları isə 10 faiz artırılmışdır. Bu, dövlət başçımızın fəaliyyətində sosial şəraitin yaxşılaşmasına xüsusi diqqət yetirməsinin əyani sübutudur.
Ümumiyyətlə, ölkəmizdə sosial sahədə reallaşdırılan davamlı tədbirlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və hazırda bu tendensiya daha çox minimum əməkhaqqının artım dinamikasında hiss olunur. Belə ki, 2004-2010-cu illər ərzində orta aylıq əməkhaqqı 3,5 dəfə artmış, minimum əməkhaqqının artım tempi isə 6,5 dəfədən çox olmuşdur. Göründüyü kimi, sosial siyasətin uğurla həyata keçirilməsi insanların əməkhaqlarının artmasına öz mühüm təsirini göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşların illik gəlirlərində hər il 15 faizə yaxın artım qeydə alınır.
Sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaqdır. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah halının yaxşılaşdırılması və insanların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernləşdirmə konsepsiyasının əsas təməllərindən olacaqdır.
Mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı illərdə respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. Ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaqdır. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına imkan verəcəkdir. Qarşıdakı illər ərzində Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər geniş miqyas alacaq. Minimum əməkhaqqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaqdır. Bu tədbirlər isə ümumilikdə insanların aylıq gəlirlərinin və orta aylıq əməkhaqqının məbləğinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcəkdir.
Prezident İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın, 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın və 2007-ci il 15 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər)" icrası ilə əlqədar əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş və bu, hazırda da uğurla davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" 2006-2010-cu illəri əhatə edən birinci mərhələsinin icrası nəticəsində işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.Bununla yanaşı, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir.
Xatırladaq ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, ikinci mərhələnin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur. Dövlət Proqramının əsas məqsədi əhalinin səmərəli məşğulluğun inkişafına yönəldilən siyasi, iqtisadi, sosial və institusional mühitin yaradılması əsasında 2011-2015-ci illərdə nəzərdə tutulmuş prioritet istiqamətlərin həyata keçirilməsinin təmin edilməsidir.
Proqram ilə qarşıya bir sıra vəzifələr də qoyulmuşdur.Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.
Bu gün ölkəmizin sosial infrastrukturunun yaxşılaşdırılması sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Sosial infrastruktur layihələri paytaxtı və iri şəhərləri əhatə etməklə yanaşı, respublikamızın bütün bölgələrində həyata keçirilməkdədir. Prezident İlham Əliyev bildirmişdir ki, son illər ölkəmizin maliyyə imkanlarının yaxşılaşması infrastruktur layihələrinin geniş vüsət almasına öz mühüm təsirini göstərir: "Hazırda ölkəmizdə bir neçə vacib, böyük infrastruktur layihələri həyata keçirilir. O layihələrin icrası ilə bağlı mütəmadi qaydada mənə məruzələr edilir... İlin birinci yarısında büdcəyə düzəlişlər edilmişdir. Bunun nəticəsində ilk dəfə olaraq, Azərbaycan büdcəsi - büdcə xərclərimiz 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. Əlbəttə, bu, bizə imkan verir ki, ilin axırına qədər vacib olan infrastruktur və sosial məsələlərin həlli üçün əlavə maddi imkanları ortaya qoyaq".
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 1.