Heydər Əliyev daim bizimlədir

 

Azərbaycanın hər yerində olduğu kimi, paytaxtın Xətai rayonunda da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbirdə iştirak edən Xətai rayon ictimaiyyəti və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək onun abidəsi önünə tər-çiçək dəstələri qoydular və müqəddəs xatirəsi qarşısında baş əydilər.

 

Respublikanın tanınmış elm adamları və ictimai-siyasi xadimlərinin iştirakı ilə keçirilən anım mərasimi YAP Xətai rayon təşkilatının konfrans salonunda davam etdirildi.

Mərasimi Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev zaman fərqi olmadan xalqımızın yaddaşında əbədi yaşamaq haqqı qazanmış dahi şəxsiyyətdir. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu kimi adını bəşər tarixinə yazdırmış bu dahinin əməlləri və qoyduğu milli-mənəvi, ictimai-siyasi irs əsrlər boyu müstəqil dövlətçiliyimizin inkişafına və tərəqqisinə xidmət edəcək, bizdən sonra gələn nəsillərin xoşbəxt və firavan yaşamasına öz misilsiz töhvələrini verəcəkdir.

R.Məmmədov ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından söz açaraq qeyd etdi ki, tarixin o məşəqqətli, xalqımız və dövlətçiliyimiz üçün "ölüm, ya olum" məqamları ağır da olsa unudulmaz və acı bir gerçəklikdir. Biz məhz o tarixi prizmadan nəzər salanda, Heydər Əliyev kimi böyükfenomen bir siyasət ustasını, misilsiz sərkərdəni xalqımıza xilaskar göndərdiyi üçün Tanrıya dua edirik.

Daha sonra mərasim iştirakçıları xalqımızın əbədi liderinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Mərasimdə çıxış edən akademik Bəkir Nəbiyev daha çox ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən söz açdı. Natiq qeyd etdi ki, 35 il ərzində iti məntiq, dərin təfəkkür, böyük Vətən sevgisinə sahib olan Heydər Əliyevin qatıldığı ən müxtəlif tədbirlərdə iştirak etmişəm. Bu gün bir daha məmnun-məmnun etiraf edirəm ki, istər siyasətdə, istər ictimai-siyasi həyatda, istər ölkəsinin istiqlalı uğrunda mübarizədə, istərsə də xalqına xidmətdə Heydər Əliyevə bərabər ikinci bir şəxs tanımıram.

"Bu mənim büllurlaşmış qənaətimdir", - deyən akademik B.Nəbiyev daha sonra Heydər Əliyevin hələ sovet dönəmindən Azərbaycan ədəbiyyatına, ədəbi dilimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına son dərəcə böyük diqqət və qayğı ilə yanaşdığını konkret tarixi faktlarla yada saldı. Natiq çıxışını tamamlayarkən bildirdi ki, son dərəcə böyük maraq dairəsi olan, tükənməz azərbaycançılıq istedadı ilə seçilən ulu öndər Heydər Əliyev XX əsrdə dünyanın siyasi, ictimai və dövlət xadimləri sırasında çox az rast gəlinən dahi bir şəxsiyyət idi.

Daha sonra millət vəkilləri akademik Ziyad Səmədzadə, Səməd Seyidov, Ağacan Əbiyev, Hüseynbala Mirələmov, Gülər Əhmədova və YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin xalqı, Vətəni qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi naminə göstərdiyi mücadilədən, ölkəmizin beynəlxalq müstəvidə tanınıb öz yerinə sahib çıxması üçün göstərdiyi fədakarlıqlardan müfəssəl məlumat verdilər və bu dahi ilə bağlı xatirələrini dilə gətirdilər.

Sonda qeyd olundu ki, ulu öndər Heydər Əliyevin çox mükəmməl düşünülmüş iqtisadi inkişaf strategiyası və onun uğurlarına yönələn islahatları sistemli şəkildə həyata keçirildiyi üçün bu gün də xalqımızın firavan yaşamasına xidmət edir.

Çıxışlardan sonra mərasim iştirakçıları Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış "Heydər Əliyev daim bizimlədir" sənədli filminə baxdılar.

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 10.