Neftçala - Kür
qırağının gözəl şəhəri
Coğrafi mövqeyinə
görə ölkənin əsas magistral
yollarından kənarda qərar tutan
Neftçalanın sosial-iqtisadi
inkişafının diqqətdən kənarda qalmaması rayonun sakinlərini sevindirir.
Burada da
abadlıq-quruculuq işləri genişlənir, əhalinin
güzəranı ilbəil yaxşılaşır. Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından keçən
20 ildə, xüsusən də yeni əsrin
əvvəllərindən Neftçalaya
dövlət səviyyəsində qayğı xeyli artıb, rayon tərəqqi
edib, gözəlləşib.
Günəşli bir dekabr günündə Neftçalaya növbəti səfərimdə yağışdan sonra işıqlara ayna tutan sular, göyqurşağının rənglərini əks etdirən gözəlliklər, ana Kürün abadlaşan sahilləri gözümü-könlümü oxşadı. Unudulmaz şairimiz Həmid Abbasın misraları yadıma düşdü:
Ürəklər çağlayır bulaqlar kimi,
Neftçala şəhəri ətir qoxuyur.
Sərvlər, çinarlar uşaqlar kimi
Əl-ələ verərək nəğmə oxuyur.
Doğrudan da, qış ayı olmasına rəğmən, Kürün qırağında yaz ovqatı duyulurdu. Mən bunu rayonun yeni rəhbərliyinin əhval-ruhiyyəsindən də hiss etdim. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayona dövlət qayğısının davamlı xarakter daşıdığını, sosial-iqtisadi inkişafın dönməzliyini böyük həvəslə vurğuladı. O danışdıqca, necə deyərlər, əlin işdən, ürəyin arzudan soyumadığının bir daha şahidi oldum:
- Cari ildə Azərbaycanın valyuta ehtiyatları 11 milyard dollardan artıq çoxalıb və 40 milyard dolları ötüb. Ölkədə böyük infrastruktur layihələr həyata keçirilir. Düzgün neft-qaz siyasəti və ümumi strategiya sayəsində investisiya qoyuluşları gözlənilən gəlirlərlə daim uzlaşdırılır, sosial xərclər azalmır. Yeni iş yerləri açılır, əməkhaqları artırılır. Təsəvvür edin ki, bu möhtəşəm tərəqqiyə dünyanı maliyyə böhranının bürüdüyü bir vaxtda nail oluruq. İnkişaf ən ucqar bölgələrdən belə yan keçmir. Hər yerdə məktəblər, səhiyyə obyektləri tikilir, adamların sosial müdafiəsi gücləndirilir. Bütün bunları bizim Heftçalanın timsalında da aydın görmək mümkündür.
İcra hakimiyyəti başçısının dediklərini rayonun inkişafı haqqında hesabatlardakı konkret faktlar da təsdiqləyir. İlin əvvəlindən Neftçalada 115 milyon manatlığadək məhsul istehsal olunub, ümumi həcm 21,3 faiz artıb. Bunun 12,4 faizini sənaye, yarıya qədərini kənd təsərrüfatı məhsulları, üçdə-birini isə ticarət, iaşə və digər xidmətlər təşkil edir. Qeyri-dövlət bölməsinin payı həmin göstəricilərdə 93,2 faizə çatıb.
Bu il Neftçalada üç yeni müəssisə yaradılıb, onlarca fiziki şəxs fəaliyyətə başlayıb. Bununla da 495 daimi iş yeri açılıb, aqrar sahədə min nəfərədək adam mövsümi işlərə cəlb olunub, 300 nəfərədək iş axtaran vətəndaş daimi məşğulluqla təmin edilib. Hazırda rayonda 12 sənaye müəssisəsi işləyir və bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 15 milyon manatlığa kimi məhsul istehsal olunub, iş və xidmətlər yerinə yetirilib. Kənd təsərrüfatı, rabitə, nəqliyyat, tikinti, işıq və qaz təchizatı, digər sahələrdə müəyyən irəliləyişə nail olunub.
Qışa hazırlığın vəziyyəti ötən ay icra hakimiyyətində müzakirə edilib. Qeyd olunub ki, noyabrın əvvəllərində təbiətin şıltaqlığı elektrik təsərrüfatının hazırlığının zəifliyini aşkara çıxarmışdır. Buna görə də rayon rəhbərliyi paylayıcı elektrik şəbəkəsinə konkret vaxt ərzində vəziyyəti düzəltmək barədə göstəriş verib və nəzərdə tutulan əlavə tədbirlər yubadılmadan həyata keçirilib. İndi Neftçalanın bəzi yaşayış məntəqələrində 1-2 saatlıq məcburi açılmalar nəzərə alınmazsa, demək olar ki, rayon işıqla fasiləsiz təchiz edilir.
Xatırladaq ki, hələ 2007-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla Neftçala rayonunun qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrasına başlanılıb. Artıq bu işlər şəhərdə yekunlaşmaq üzrədir. Qarşıdakı bir ildə isə rayonun bütünlüklə qazlaşdırılması həyata keçiriləcək. Bundan başqa, su və kanalizasiya sisteminin yenidən qurulması üzrə də tədbirlər görülür. Bu işin konkret olaraq 2012-ci ilin dövlət investisiya proqramına daxil edilməsi fərəh doğuracaq faktlardandır.
Bu il Neftçalanın əkin-biçin adamları torpaqdan daha çox yarıyıblar. Ümimi məhsul artaraq 54971 min manatlıq və ya 123,6 faiz olub. Diri çəkidə 4367,1 ton ət, 14397,4 ton süd, 2801 min ədəd yumurta, 192,7 ton yun istehsal olunub. Cari ilin məhsulu üçün 40071 hektar sahəyə taxıl əkilib və 102 min ton məhsul toplanıb. Bitkiçilik sahəsində yüksək məhsul götürmək məqsədilə müəyyən meliorativ tədbirlər həyata keçirilib. Hesabat dövründə 281,2 kilometr suvarma kanalları, 74 kilometr kollektor-dren sistemi lildən təmizlənib. Suvarma kanallarında 51, kollektor-drenlərdə isə 54 ədəd hidrotexniki qurğu və nasos aqreqatı əsaslı, eləcə də cari təmir edilib.
Fermer və sahibkarların daha yüksək nailiyyət qazanmaları üçün "Aqrolizinq" ASC-nin Neftçala "Aqroservis" filialının fəaliyyəti genişləndirilib, burada müxtəlif növ texnikanın sayı 104-ə çatdırılıb, mineral gübrə təminatı qaydaya salınıb. Sahibkarlığın inkişafına dəstək olaraq, bank filialları və kredit təşkilatları vətəndaşlara ümumilikdə 3228,1 min manat kredit veriblər ki, bu da ötən ildəkindən 22 faiz çoxdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 4 sahibkara investisiya layihələrinin maliyyələşdirilməsi ilə bağlı 50 min manat məbləğində güzəştli kreditlər ayrılıb.
Rayonda fəaliyyət göstərən üç balıqartırma zavodu tərəfindən 3 milyon ədəd nərə cinsli körpə balıq yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılıb ki, bu da əvvəlki ildəkindən iki dəfə çoxdur.
Heyvandarlıqda da vəziyyət yaxşıdır. İribuynuzlu mal-qaranın sayı 39816 başa, qoyun və keçilərin sayı isə 117525 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə çoxalmışdır.
Aqrar sahənin daha da inkişaf etdirilməsi diqqətdə saxlanır. Artıq "Aqrolizinq" xəttilə Neftçalada gübrə anbarı tikilərək istifadəyə verilib. 2006-cı ildə təsdiqlənmiş bir iri layihəyə əsasən isə Neftçala magistral kanal layihəsi reallaşdırılır. Bu layihə rayonun Xol zonasında 15 min əhalinin yaşadığı 11 kəndin 20 min hektara qədər ərazisinin əkin sahələrini əhatə edəcək, eyni zamanda, içməli su təchizatını yaxşılaşdıracaq. Əvvəllər Salyan ərazisindəki Akkuşa çayından gələn, suötürmə qabiliyyəti zəif olan şirin su kanalından istifadə olunurdu. Amma Xol ərazisinədək məsafə 45 kilometr olduğundan su, demək olar ki, bu yerlərə gəlib çatmırdı. İndi isə dövlət proqramı üzrə gücü 60 milyon manat olan yeni layihə icra olunur. Artıq bu işin 9 milyon 300 min manatlığa qədəri yerinə yetirilib. Yaxın gələcəkdə işlər tam başa çatdırıldıqdan sonra bu layihə ərazidə kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılması işinə töhfələr verəcək.
İlin əvvəlindən Neftçalanın abadlaşdırılması istiqamətində işlər davam etdirilib. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli bina tikilərək istifadəyə verilib. Hazırda 50 mənzilli yaşayış binasında əsaslı təmir aparılır, 70 mənzilli başqa bir binanın dam örtüyü təzələnir. "20 yanvar" küçəsindəki ikimərtəbəli binaların da dam örtüklərinin dəyişdirilməsi nəzərdə tutulur. Rayon mərkəzində bəzi idarələrin inzibati binaları və onların fasadları yenidən qurulub. Bu kimi işlər H.Əliyev prospekti, M.Əsədov küçəsi və digər yerlərdə də həyata keçirilir. Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ağ-qara qranitlə yenidən qurulub. Kür çayının sahilində müasir bulvar kompleksi inşa olunmaqdadır. Artıq burada çayın beton istinad divarları tikilib, qalan işlər layihə üzrə davam etdirilir. Rayon yol istismar idarəsi ilin əvvəlindən milyon manatlığadək təmir işlərini həyata keçirib. Şəhərin Heydər Əliyev prospektində, Bankə, Həsənabad və Xıllı qəsəbələrində yollara 40 min kvadratmetr asfalt döşənib. Şəhərin baş prospektində yağış sularının axıdılması üçün 350 metr uzunluğunda suötürücü qurğu quraşdırılıb.
Cari ildə Neftçala rayonunun Astanlı kənd məktəbinin 200 yerlik yeni binası tikilib və sentyabr ayında istifadəyə verilib. Yenikənddə isə 25 yerlik uşaq bağçası inşa olunaraq qapılarını fidan balaların üzünə açıb. Hazırda Xıllı qəsəbəsində 200 yerlik məktəbin inşası davam edir, artıq ilk mərtəbədə işlər sona çatmaqdadır. Bundan başqa, Təhsil Nazirliyinin xəttilə hər biri 220 yerlik Kürkənd, Xəzərkənd və İkinci Qaralı kənd orta məktəbləri üçün yeni binaların inşası tikinti proqramına daxil edilib.
Yeni Dövlət Proqramında Neftçala rayonu üzrə 18 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Artıq "arzu" layihələrinin, əməl planlarının çox hissəsi yerinə yetirilir. Hər şey əhalinin rahatlığı, rifahı üçündür. Sosialyönümlü iqtisadi siyasətin təməl prinsipi də elə bundan ibarətdir.
Neftçalada neft və qazın olması bu rayonun iqtisadi önəmini müəyyənləşdirir. Qazılan quyular, aparılan geoloji tədbirlər torpağın laylarında "qara qızıl"ın, təbii yanacağın çoxluğundan soraq verir. Bu sərvətlər yurdun nurunu, hərarətini, bərəkətini artırır, adamların həyatını gözəlləşdirir. Sanki, işıqdan yoğrulub oddan çıxan Neftçalanın taleyi onun hər tərəfinə işıq saçır.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.-10 dekabr.- S. 10.