Heydər
Əliyevin inkişaf strategiyası bu gün bütün sahələrdə
real bəhrələrini verir
Ulu
öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin
birinci dövründə respublika həyatının
bütün sahələrində bir canlanma, dirçəliş,
intibah baş vermişdir. Həmin mərhələ Azərbaycanın
iqtisadi inkişafının ən yüksək zirvəsi kimi
tarixə düşmüşdür. Bunu belə
bir faktdan da aydın görmək olar ki, əgər
SSRİ-nin bütün əvvəlki 50 ilində (1920-1970-ci
illər) Azərbaycanın iqtisadiyyatına
bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280
milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci
illər) 36 milyard rubl (hər il orta hesabla
2,4 milyard rubl), yəni ildə 10 dəfəyə yaxın
çox vəsait yönəldilmişdir. O zaman
iqtisadiyyatın aparıcı sahələri olan sənaye və
kənd təsərrüfatının inkişafı dinamik
xarekter almışdır.
Keçən əsrin 70-80-ci illərində iqtisadiyyatın hərtərəfli inkişafının əsas səbəbi məhz Azərbaycanın regionlarının tərəqqisinə xüsusi diqqət göstərilməsi idi. Belə ki, vaxtilə son dərəcə geri qalmış regionlar artıq 1985-ci ildə respublikanın ümumi sənaye məhsulu istehsalının 2/5 hissəsini verirdi. Ölkə regionları bir sıra mühüm sənaye sahələri üzrə Azərbaycanın mühüm istehsal mərkəzlərinə çevrilmişdilər.
Ümumiyyətlə, sözügedən dövrdə Azərbaycan iqtisadi inkişafın güclənməsi sayəsində Sovet İttifaqında ikinci respublika olaraq müstəqil yaşamaq və inkişaf etmək üstünlüyü qazanmışdı.
Dahi şəxsiyyətin rəhbərliyi ilə sovet dönəmində əldə edilənlər 1988-ci ildən başlayaraq dağıdılmağa başladı. Hakimiyyətin səriştəsiz adamların əlinə düşməsi üzündən bütün sahələrə ağır zərbələr vuruldu, xarici havadarların güclü dəstəyilə ermənilər tərəfindən Azərbaycan ərazisinin böyük bir hissəsi işğal edildi, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yarandı.
Müstəqilliyin bərpasının ilk illərində ölkə iqtisadiyyatındakı ağır duruma qısaca nəzər salmaq istərdim. Belə ki, həmin vaxt ölkə iqtisadiyyatı hər il orta hesabla 16 faiz azalmış, inflyasiya səviyyəsi 1800 faizə çatmış, büdcə kəsirinin ümumi daxili məhsul istehsalına nisbəti 13 faizə qədər artmış, xarici ticarət dövriyyəsinin həcmi 42 faiz geriləmişdi. Əhalinin əməkhaqqı isə 5,7 dəfə aşağı düşmüşdü. Digər tərəfdən, daxili siyasi böhran, ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və nəticədə iqtisadiyyat idarəolunmaz vəziyyətlə üzləşmişdi. Belə böhranlı və ağır şəraitdə xalq çıxış yolunu ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görürdü. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə böyük zəmin yaratdı. Ali Sovetin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışında ulu öndər ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğuladı: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm".
Xatırladım ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Milli Məclisinə rəhbərlik etdiyi dövrdə parlamentdə ölkənin müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanması və qəbulu diqqət mərkəzində saxlanılmışdır. Ulu öndər Milli Məclisə rəbərliyi dövründə ilk növbədə Azərbaycanın tənəzzüldə olan iqtisadiyyatını dirçəltmək barədə düşünmüşdür. "Müəssisələr haqqında" , "Auditor xidməti haqqında" qanunların qəbulu bunun bariz ifadəsidir. Yeri gəlmişkən, o dövrdə Azərbaycan Respublikası ərazisində mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növlərindən asılı olmayaraq bütün subyektlər üçün bərabər hüquqlar yaradılmasını nəzərdə tutan "İnvestisiya fəaliyyəti haqqında" Qanun qəbul edilmişdi. Qanunda Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və hüquqi şərtləri də müəyyənləşdirilirdi. Adıçəkilən sənəd investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verirdi.
Ulu öndər o dövrdə torpaq üzərində mülkiyyət münasibətlərinin yenidən müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə də mühüm diqqət yetirdi. Milli Məclis tərəfindən qəbul edilmiş "Aqrar islahatların əsasları haqqında" və "Kolxoz və sovxozların islahatı haqqında" 18 fevral 1995-ci il tarixli qanunlar bunun bariz ifadəsi idi. Xatırladım ki, həmin qanunlar kənddə torpaq və əmlak üzərində yeni mülkiyyət münasibətlərinin formalaşmasını, müxtəlifnövlü təsərrüfatların yaradılmasının hüquqi bazasını müəyyən edirdi. Torpaq islahatının əsas istiqamətini müəyyənləşdirən qanun torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müvafiq normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tuturdu.
Ulu öndərimizin təşəbbüsü və səyilə o zaman dünyanın aparıcı transmilli neft şirkətləri ilə tarixə "Əsrin müqaviləsi" kimi daxil olan möhtəşəm müqavilə imzalandı, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin təməli qoyuldu və bununla da Azərbaycan dünyada enerji təhlükəsizliyi sisteminin fəal iştirakçısına çevrildi.
Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı. Həmin vaxtdan 2003-cü ilə kimi ÜDM 90,1 faiz, büdcə gəlirləri 3 dəfə, strateji valyuta ehtiyatları 85 dəfə artdı, inflyasiyanın səviyyəsi 2-3 faizə endi. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçdi.
Ulu öndərimiz fəaliyyətində bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan sahibkarlığın inkişafına da mühüm önəm verirdi. Bu, təsadüfi deyildi. Çünki dahi rəhbər yaxşı bilirdi ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Buna görə də sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi.
Ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan biri 1994-cü ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda keçirilən beynəlxalq konfrans oldu. Konfransın açılış mərasimində dərin məzmunlu nitq söyləyən ulu öndər ölkədə sahibkarlığın inkişafı üçün müvafiq şərait yaradıldığını və bunun artıq konkret əməli nəticələr verdiyini bildirərək Azərbaycanda bu sahənin tərəqqisində xarici investorları fəal iştiraka dəvət etdi.
Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə kifayət qədər böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atdı: sahibkarlığın inkişafı ilə bağlı 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramı qəbul edildi. Həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritetlərindən birinə çevrilməsində müstəsna rol oynadı.
Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi oldu. Həmin vaxta qədər isə iqtisadiyyata nəzarət işlərini həyata keçirən dövlət orqanlarının çoxluğu bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır və çox vaxt sahibkarlığın inkişafına süni əngəllər törədirdi. Buna görə də ölkə Prezidenti tərəfindən 1996-cı il iyunun 17-də "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzalandı. Həmin fərmanda əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görüldü. İqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldı, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alındı.
Sahibkarlığın inkişafında "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının da (1997-2000-ci illər üçün)" mühüm əhəmiyyəti qeyd edilməlidir. 1997-ci ilin iyunun 24-də imzalanan həmin Proqramın hazırlanması mühüm bir zərurətdən irəli gəlirdi. Çünki ölkədə sahibkarlığın inkişafını nəzərdə tutan və 1993-1995-ci illəri əhatə edən dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin yalnız bir qismi həyata keçirilmişdi. Düzdür, yeni proqramın qəbuluna qədər sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə nail olunmuş, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit edilmişdi. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olunmuşdu. Eyni zamanda, sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədlər hazırlanmış, sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və informasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edilmişdi. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradılmışdı. Amma yeni proqramın qəbuluna kimi əhalinin sahibkarlıq potensialının gerçəkləşməsi məhdud, sahibkarların ölkə iqtisadiyyatının inkişafına təsiri zəif xarakter daşıyırdı. Belə bir şəraitdə sahibkarlığın inkişafını nəzərdə tutan yeni dövlət proqramının hazırlanaraq icraya yönəldilməsi böyük zərurət kəsb edən məsələyə çevrilmişdi.
Ölkədə sahibkarlığın inkişafını daha da gücləndirmək məqsədilə Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanıldı. Sözügedən layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edildi. Vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və s. barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. 1 yanvar 2001-ci il tarixdə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi"nin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq, vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış başlıca addım oldu.
Ulu öndərin sahibkarlara birbaşa qayğısı sayəsində vergi dərəcələrinin mütəmadi olaraq endirilməsi də özəl sektorun ümumi iqtisadiyyatda çəkisinin artmasında özünəməxsus rol oynadı. Xüsusən də müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sistemə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35 faizdən 24 faizə endirilməsi, ƏDV-nin dərəcəsinin 28 faizdən 18 faizədək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, sosial sığorta ayırmalarının 40 faizdən 22 faizədək aşağı salınması, eləcə də vergilərin ümumi sayının 15-dən 9-dək azaldılması, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların 2014-cü ilədək torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi sahibkarların maddi gəlirlərinin artmasını təmin etməklə yanaşı, onların fəaliyyətinin stimullaşmasında da əsas təkanverici amillərdən biri oldu.
Ümummilli lider sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlər keçirilməsinə və iş adamlarını hansı məsələlərin narahat etməsini birbaşa öz dillərindən eşitməyə də xüsusi diqqət yetirirdi. Buna bariz nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, 14 mayda isə xarici sahibkarlarla görüşünü, onların hər birinə şifahi və ya yazılı surətdə öz problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni iqtisadiyyatın inkişaf etdirilməsinin, yeni dövlət idarəçilik metodlarından istifadə olunmasının ən gözəl və səmərəli forması idi.
Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoydu. 2002-ci il avqustun 17-də isə ölkə Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" təsdiq olundu. Bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əvvəlki proqramın bir növ məntiqi davamı sayılırdı. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramının (1997-2000-ci illər)" uğurlu icrası nəticəsində sahibkarlığın hüquqi bazası inkişaf etdirilmiş, bu institutun tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdu. Kiçik və orta sahibkarlığa (KOS) təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənərək onların fəaliyyəti xeyli güclənmişdi. Eyni zamanda, KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdı. Bununla yanaşı, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədyönlü tədbirlər görülmüşdü. Həmçinin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədi ilə "Nəzarət kitabçası"nın tətbiqinə başlanılmışdı.
Bütün yuxarıda sadalanan tədbirlərin reallaşdırılması nəticəsində özəl sektor ölkə iqtisadiyyatında payına görə üstün mövqe tutdu. Xatırladım ki, artıq 2001-ci ilin yekunlarına görə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz təşkil edirdi.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.
Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri isə onun çoxcəhətli xaratkerə malik olması, özəl sektorun tərəqqisinə xüsusi diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki, bu gün ölkədə sahibkarlığın mükəmməl hüquqi bazası yaradılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsi, özəl sektorun inkişafına dair qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara müasir dövlət dəstəyi sistemi formalaşdırılmışdır. Sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatı, respublikanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi təmin edilmişdir. Həmçinin sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların maksimal həddi 15 faiz müəyyənləşdirilmişdir. Eyni zamanda, sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endirilmiş, sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunmuşdur.
Ölkədə yaradılmış əlverişli
biznes və investisiya mühiti nəticəsində ölkə
iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya yönəldilmişdir.
Təqdirəlayiq haldır ki, əsas kapitala
yönəldilən investisiyaların ümumi həcmində
son illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli
dərəcədə artmışdır. 2000-ci ildə 47,5
faiz paya malik olan daxili investisiyalar 10 il ərzində 16,3 dəfə
artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların
ümumi həcmində 75,7 faiz təşkil etmişdir. Eyni zamanda, xarici investisiyalar
da son 10 il ərzində 4,7 dəfə
artmışdır. Bu gün özəl sektorun
dinamik inkişafı nəticəsində ÜDM-in
istehsalının 80 faizdən çoxu özəl sektor tərəfindən
təmin edilir.
Son 10 ildə
qeyri-neft sektoru 2,8 dəfə
artmışdır. Qeyri-neft sahələrinin inkişafına
və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə
də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının yüksəldilməsinə
yönəlmiş tədbirlər nəticəsində son 5
ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən
44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə
53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Regionlarda
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, iqtisadiyyatın diversifikasiyasına,
tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa,
istehsal müəssisələrinin fəaliyyətinin daha da
genişləndirilməsinə, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılmasına, əhalinin
həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına, məşğulluğun
səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə
məşğulluğunun artırılmasına nail olmaq məqsədilə
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"
uğurla icra edilmişdir. "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrası isə davam etdirilir. Həmin
proqramların icrası nəticəsində 2004-cü ildən
etibarən 40 mindən çox yeni müəssisə
yaradılmışdır.
İstehsal
proseslərində yeni texnologiyaların tətbiqində,
keyfiyyətli və rəqabətqabiliyyətli yerli
istehsalın formalaşmasında və ölkə
iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət
kəsb etməsi, həmçinin qeyri-neft sektorunun daha da
inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin
daha da yaxşılaşdırılması və əhalinin
rifah səviyyəsinin daha da yüksəldilməsində rolu
baxımından xarici ticarət ölkəmizdə həyata
keçirilən iqtisadi siyasətin prioritetlərindən hesab
olunur. Müstəqillik illərində ölkəmiz
xarici ticarət sahəsində böyük nailiyyətlər əldə
etmiş, idxal edilən texnoloji avadanlıqlarla yeni istehsal
müəssisələri qurulmuş, texnoloji infrastruktur yenilənmiş
və gücləndirilmiş, son nəticədə beynəlxalq
bazarlara rəqabətqabiliyyətli yerli məhsul ixracı
artmışdır. 1991-ci illə müqayisədə
2010-cu ildə ölkəmizin xarici ticarət dövriyyəsi
7, o cümlədən idxal 3,5, ixrac isə
10,1 dəfə artmışdır.
Əldə
olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması ilə bağlı zəruri
tədbirlərin gerçəkləşdirilməsinə,
xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımların atılmasına daha əlverişli
şərait yaratmış, bütün sahələrdə
olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin
etibarlı sosial müdafiə sisteminin inkişafını təmin
etmişdir. Müstəqillik illərində dövlət
büdcəsindən əhalinin sosial müdafiəsi və
sosial təminatına çəkilən xərclər 30,8,
iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər
isə 93 dəfə artmış, əməkhaqqı, pensiya
və müavinətlərin ödənilməsinə 52 dəfə
çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin
real gəlirləri 2,4, ölkə üzrə
iqtisadiyyatda məşğul olan işçilərin orta
aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə
artmışdır. Əhalinin hər nəfərinə
düşən gəlirlər də 16,2 dəfə
artaraq 2010-cu ildə 2866 manata çatmışdır. Ən əsası,
məqsədyönlü tədbirlərin həyata
keçirilməsi nəticəsində ölkədə
yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən
2010-cu ildə 9,1 faizə qədər
azalmışdır.
Regionların
inkişafı, yoxsulluğun və işsizliyin
azaldılmasını nəzərdə tutan dövlət
proqramlarının həyata keçirilməsi, ölkə
iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi,
qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə
iri həcmli investisiyaların yönəldilməsi, regionlarda
müasir infrastruktur layihələrinin
reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin
fəaliyyətə başlaması üçün zəmin
yaratmış və bütün bunların nəticəsi
olaraq 2004-2010-cu illər ərzində ölkədə 1
milyona yaxın yeni iş yeri yaradılmışdır.
Azərbaycanının sosial-iqtisadi nailiyyətləri nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya Bankının hazırladığı "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. "Doing Business - 2009" hesabatının nəticələrinə əsasən Azərbaycan "top islahatçı" ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. "Doing Business" hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.
Bütün bunlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası hazırda bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır.
Respublikamız yürütdüyü sosial-iqtisadi islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün bütün dünyada "İnkişafın Azərbaycan modeli" inkaredilməz fakt kimi qəbul edilir, araşdırılır və öyrənilir.
Elşad ABBASOV, "Embawood"
şirkətinin prezidenti
Xalq qəzeti.- 2011.- 11 dekabr.- S. 5.