Azərbaycanın
beynəlxalq aləmdəki uğurlarının müəllifi
Ulu öndər Heydər Əliyevin
adı milli tariximizə əbədi həkk
olunmuşdur
Kütləvi informasiya
vasitələrində və ümummilli liderimiz haqqında qələmə alınan kitablarda "Heydər Əliyev bəşəri
siyasətçidir", "Dünya
siyasətçiləri Heydər Əliyevə böyük qiymət verirlər", "Beynəlxalq
ictimaiyyətin Azərbaycan xalqının liderinə göstərdiyi
ehtiramın miqyası" və bu kimi çoxsaylı ifadələrə tez-tez rast gəlirik. Bütün ifadələrin müəllifləri
öz arqumentlərini dərin məntiqlə
əsaslandırırlar. Ancaq mənə elə gəlir ki, bizim müəllimlərdən birinin
bu ilin may
ayında, ümummilli liderin
doğum günü ərəfəsində
tələbələrə verdiyi
tapşırığın cavabı Heydər Əliyevin bəşəri
siyasətçi olduğunu, dünya liderlərinin ona
göstərdiyi ehtiramın miqyasını ifadə etmək
baxımından daha böyük
çəkiyə malik idi.
Tapşırıq belə idi: öyrənin görək, dünya siyasətçiləri Heydər Əliyev haqqında hansı fikirləri söyləyiblər. Tələbələrin cəmi iki həftə ərzində ərsəyə gətirdiyi nəticə nəinki məmnunedici, hətta, heyrətləndirici idi. Buradakı heyrətləndirici məqam əcnəbi siyasətçilərin bizim ulu öndərimiz haqqında söylədiyi yüksək qiymətləndirmələr deyildi. Onların çoxunu əvvəllər də bilirdik. Bizim üçün qeyri-adi olan həmin yüksək qiymətləndirmələrin coğrafiyası idi. Sırada az qala dünyanın bütün ölkələrinin adı var idi. Bütün beynəlxalq təşkilatların rəhbərlərinin və ya təmsilçilərinin ümummilli liderimiz haqqında ürək sözləri bütövlükdə xalqımız üçün fəxr, iftixar mənbəyidir. Rusiya Federasiyasının üç prezidentinin, çoxsaylı dövlət və hökumət xadimlərinin, Birləşmiş Ştatların üç prezidentinin, dövlət katiblərinin, konqresmenlərin, Türkiyə, İran, Fransa, Almaniya, İtaliya, Çin, Norveç, Belçika, Gürcüstan, Ukrayna, Pakistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Hindistan, Qazaxıstan, Polşa, Rumıniya, Özbəkistan prezidentlərinin ulu öndərimiz haqqındakı ürək sözləri elə bir səmimiyyətlə qələmə alınıb ki, az qala həmin ifadələrin hər biri haqqında kitab yazmaq olar.
Bir insan haqqında bu qədər geniş coğrafiyanı əhatə edən siyasətçilərin ayrı-ayrılıqda və müxtəlif vaxtlarda sayı bilinməyən qədər yüksək fikirlər səsləndirilməsi haradan qaynaqlanırdı? Əlbəttə, böyük dövlət xadiminin siyasi müdrikliyindən, həyatının mənasından, fəaliyyətinin bir ölkə və bir xalq üçün deyil, ümumiyyətlə, bəşər üçün verdiyi böyük səmərədən. Çünki bütün siyasətçilər etiraf edirlər ki, onlar Heydər Əliyevdən nəyisə öyrənir, hansısa bir məqamı əxz edir və ya onun məsləhətlərinin çox gözəl nəticələrini görürlər.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana gəlib qayıdandan sonra demişdi: "Mən Heydər Əliyevdən Qafqaz, Orta Asiya və ümumiyyətlə, bizim regionda gedən proseslər haqqında çox şey öyrəndim". Böyük bir dövlətin rəhbərinin səmimi etirafı idi.
Yaxud, Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl dövlət başçısının xalqa münasibəti məsələsindən söz açarkən özü qarışıq dünyanın bütün siyasətçilərinin adını Heydər Əliyevin adından sonra gördüyünü dilə gətirmişdi: "Mən Heydər Əliyev qədər öz xalqını sevən siyasətçi görmədim". Ulu öndəri özünün dostu və qardaşı adlandıran Süleyman Dəmirəl yazırdı ki, Heydər Əliyev öz canını xalqından əsirgəməyən lider idi. Onu heç bir təhlükə qorxutmadı. Çünki xalqının inamına, etimadına güvənirdi.
Başqa bir misal. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Madlen Olbrayt mətbuat nümayəndələri ilə görüşdə demişdi: "Mən bir neçə on il Ağ evdə çalışmışam və Birləşmiş Ştatların çoxsaylı rəsmi qonaqlarının qarşılaşmasının şahidi olmuşam. Ancaq Ağ evdə Heydər Əliyev qədər ehtiramla qarşılanan bir dövlət başçısının olduğunu xatırlamıram". Qardaş Türkiyənin, dost və qonşu Rusiyanın və okeanın o tayındakı strateji tərəfdaşımız olan Birləşmiş Ştatların rəsmilərindən seçdiyimiz bu üç sitat ətrafında bəzi mülahizələrimizi qələmə alaq.
"Mən Heydər Əliyevdən... çox şey öyrəndim" - deyən Vladimir Putinin sözündəki həqiqəti ulu öndərin siyasi fəaliyyətinin bütün dönəmlərində görə bilirik. O, SSRİ rəhbərlərindən biri kimi keçmiş Sovetlər İttifaqının ən mühüm və mürəkkəb problemlərinin həllini asanlaşdırırdı. Bu məkana isə Rusiya, Ukrayna, Belarus kimi ölkələrlə yanaşı Qafqaz, Orta Asiya və Pribaltika respublikaları da daxil idi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizə gələn postsovet respublikalarının istənilən nümayəndəsi Heydər Əliyevin 1969-87-ci illərdəki fəaliyyəti barədə söz açarkən mütləq onun qurub-yaratmaq eşqini ön plana çəkirdilər. Elə bir xatirə olmurdu ki, ulu öndərin başladığı hansısa nəhəng layihə yada düşməsin. Hətta, bir neçə il əvvəl Prezident İlham Əliyev Rusiyaya səfər edərkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1985-ci ildə inşasına başlanılmış nəhəng bir körpünün açılış mərasimində iştirak etdi. Sən demə, Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra həmin tikinti yarımçıq qalıbmış. Yəni, bütün azərbaycanlıların ümummilli lideri olan Heydər Əliyev SSRİ məkanındakı ictimai-siyasi proseslərə və idarəetmə mexanizmlərinə ən dərindən bələd olan siyasi xadim idi. Ona görə də Vladimir Putin "mən ondan çox şey öyrəndim" - deyərkən tamamilə haqlı idi.
Türkiyənin görkəmli siyasi xadimlərindən olan Süleyman Dəmirəlin "Mən Heydər Əliyev qədər öz xalqını sevən siyasətçi görmədim" - ifadəsinin siyasi yükünə diqqət yönəldək. Ulu öndər 1969-82-ci illərdə Azərbaycana rəhbərlik edərkən SSRİ büdcəsi hesabına respublikamızda elə bir tikinti-quruculuq prosesinə başlamışdı ki, digər müttəfiq respublikaların heç birində elə vüsət yox idi. O, sanki gələcəkdə bərpa olunacaq dövlət müstəqilliyimizi görürdü və həmin müstəqilliyə hazırlaşırdı. Elə Moskvada işlədiyi beş ildə də daim Azərbaycanın tərəqqisinə çalışmışdı. SSRİ rəhbərliyindəki bütün vəzifələrdən kənarlaşdırıldıqdan sonra isə o dövrdəki digər həmkarları kimi özü üçün sakit bir həyat yaşaya bilərdi. Ancaq Heydər Əliyev həmin yolu məqbul saymadı. Azərbaycan xalqının başladığı milli azadlıq hərəkatını dəstəkləyərək möhtəşəm bir milli təəssübkeşlik nümayiş etdirdi. Mixail Qorbaçovun fitvası ilə Bakıda törədilmiş qanlı 20 Yanvar faciəsindən dərhal sonra ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib Kremlin milli ayrı-seçkilik siyasətini lənətləyən Heydər Əliyev sübut etdi ki, o, qəlbən, ruhən və fiziki cəhətdən Azərbaycan xalqının yanındadır.
Kremlin həmin siyasətinə etiraz edən Heydər Əliyev Moskvadan Naxçıvana qayıtmaqla, Muxtar Respublika əhalisinin ona etimad göstərərək əvvəlcə deputat, ardınca Ali Məclis sədri seçəndən sonra göstərdiyi prinsipiallıqla bir daha sübut etdi ki, bu insan öz xalqına xidmət naminə heç nədən çəkinmir, istənilən təhlükəni dəf etməyi bacarır. Ulu öndərin Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərini çıxartması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qaldırması, Azərbaycan rəhbərliyinin SSRİ-nin saxlanılması üçün keçirdiyi referendumda Muxtar Respublikanın iştirak etməməsi və bir çox məqamlar onun xalqına nə qədər bağlı olduğunu göstərən faktlar idi. 1993-cü ilin iyun ayında o zamankı iqtidarın xahişləri və xalqın israrlı tələbləri nəticəsində Bakıya gələn ulu öndər cəmi 2-3 gündə öz xalqına və dövlətinə bağlılığın çox möhtəşəm bir nümunəsini yaratmağa nail oldu. Onun Gəncəyə - qardaş qırğınının qarşısını almağa getməsi dünya görmüş siyasətçinin cəsarətindən və mərdanəliyindən xəbər verirdi.
Bütün bunlarla yanaşı, Heydər Əliyevin öz xalqını sevməsinin ən böyük təsdiqi onun gənc müstəqil Azərbaycan dövlətinə əbədilik verməsi, xalqı məhrumiyyətlərdən, milli dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas etməsi idi. Bu gün Azərbaycan istənilən sosial-iqtisadi və ictimai-siyasi məsələlərdə regionun lider ölkəsinə çevrilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və ulu öndərin işləyib hazırladığı siyasi kursun mükəmməlliyinin nəticəsidir. Bu kurs ona görə xalqa böyük uğurlar qazandırdı ki, onu işləyib hazırlayan lider xalqın böyük oğlu idi. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi möhtəşəm bir beynəlxalq qurumun üzvüdür. Bu, Heydər Əliyev xarici siyasətinin nəticəsidir. Məhz bu amilləri nəzərə alaraq bir daha söyləyirik ki, cənab Süleyman Dəmirəlin yuxarıda sitat kimi qeyd etdiyimiz ifadəsi möhtəşəm bir həqiqətin dilə gətirilməsi idi.
Biz yuxarıda ABŞ-ın keçmiş dövlət katibi xanım Madlen Olbraytdan da sitat gətirdik və yada saldıq ki, o, Ağ evdə Heydər Əliyev qədər ehtiramla qarşılanan bir siyasi xadim tanımadığını qeyd edir. Niyə də olmasın? Uzun illər SSRİ ilə soyuq müharibə şəraitində yaşamış Birləşmiş Ştatların müvafiq dövlət orqanları Sovetlər İttifaqının siyasət xadimlərinin kimliyini ən incə məqamlara qədər öyrənmişdilər. Onlar Heydər Əliyevin siyasi müdrikliyinə, diplomatiyadakı məharətinə, idarəetmədəki təcrübəsinə çox yaxşı bələd ldilər. Üstəlik, Vaşinqton Azərbaycanın Qafqazlarda və Xəzəryanı ölkələr arasındakı geosiyasi əhəmiyyətini yüksək qiymətləndirirdi. Ona görə də ABŞ üçün xüsusi önəm kəsb edən gənc müstəqil Azərbaycan dövlətinə hansısa küçədən gəlmiş siyasətçinin deyil, dahi dövlət xadiminin rəhbərlik etməsi Birləşmiş Ştatlar üçün çox önəmli idi. Yəni, Heydər Əliyevin Ağ evdə heç zaman görünməyən bir ehtiram və hörmətlə qarşılanması tamamilə təbii idi və xanım Olbraytın həmin müşahidəsi onun özünün əhatəli dünyagörüşünə malik olmasından xəbər verirdi.
Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri saymaqla qurtaran deyil. O, gənc müstəqil dövlətimizə nicat, xalqımıza qurtuluş gətirdi. Regionun ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasını yaratdı. Qafqazın ən güclü ordusunu formalaşdırdı. Postsovet məkanında ən demokratik cəmiyyətin ərsəyə gəlməsinə nail oldu. Bütün sahələrdə əsaslı islahatlara start verdi. Ölkənin möhtəşəm inkişafına səbəb olan yeni neft strategiyasını işləyib hazırladı və həyata keçirdi. Azərbaycanın beynəlxalq aləmə yüksək səviyyəli inteqrasiyasını təmin etdi və ən başlıcası, bizə İlham Əliyev kimi siyasi lider bəxş etdi.
Tovuz EMİNLİ, Azərbaycan Müəllimlər
İnstitutu Zaqatala
filialının direktoru
Xalq qəzeti.- 2011.- 11 dekabr.- S. 6.