"Heydər Əliyev ideyaları ilə zirvələrə doğru"

 

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən konfrans belə adlandırılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda dahi öndərin abidəsi önünə tər güllər qoymuşlar.

 

Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra mərkəzin elektron mühazirə zalında "Millət atası" filminə baxmışlar.

Konfransda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin ömür yolunun əsas məqamları ilə bağlı çıxış etmişdir. Natiq bildirmişdir ki, dünya səkkiz ildir Heydər Əliyevsiz yaşayır. Amma ötən müddət ərzində dünyanın müxtəlif yerlərində ulu öndərimizin əzəmətli abidələri ucaldılır, adına meydanlar yaradılır, parklar salınır. Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində bu dahi şəxsiyyətin anım günü ilə bağlı silsilə tədbirlər keçirilir.

Rayon rəhbəri qeyd etmişdir ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində onun göstərdiyi səmərəli fəaliyyət o qədər zəngindir ki, bu, hazırda təkcə Heydərsevərləri deyil, həm də dövlət adamlarını, tədqiqatçıları daim düşündürür. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitablar yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələr varbunlar öz tədqiqatçılarını gözləyir.

İ.Abbasov xüsusi vurğulamışdır ki, Heydər Əliyev Vətənimizin ən ağır və faciəli günlərində ona rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmişdir. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 40 ildən artıq bir dövrünü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Prezident İlham Əliyevin şəxsində bu ideologiyanı, ölkənin siyasi, sosial-iqtisadi tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi. Bu gün həyatın bütün sahələrində sürətli tərəqqi yolu ilə inamla irəliləyən ölkəmiz Prezident İlham Əliyevin genişmiqyaslı və yorulmaz fəaliyyəti nəticəsində qısa zaman kəsiyində böyük inkişaf mərhələsi keçmiş, əldə etdiyi sosial-iqtisadi uğurlarla bölgənin lideri mövqeyinə yüksəlmişdir.

Konfransda universitetin rektoru Yusif Məmmədov qeyd etmişdir ki, Azərbaycan xalqı Heydər Əliyevi yetişdirdiyi kimi, Heydər Əliyev də müasir Azərbaycan dövlətçiliyini yaratmış, demokratik Azərbaycan Respublikası səviyyəsinə gətirmişdir. Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır.

Konfransda professor Oqtay Sultanov "Heydər Əliyev: Dövlət xalq üçündür", dosent Səmayə Mustafayeva "Dahi öndərin neft strategiyasınin uğurları və perspektivləri", 279 saylı tam orta məktəbin müəllimi İlqar Niftəliyev "Heydər Əliyev və Azərbaycan təhsili", 87 saylı tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" mövzularında məruzələr etmişlər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayondan Milli Məclisə seçilmiş deputatlar Ağacan Abıyev, Sevinc Fətəliyeva iştirak etmişlər.

Sonda universitetin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2011.- 11 dekabr.- S. 6.