Elm və təhsilə həsr olunmuş ömür

 

"Elm və təhsil" nəşriyyatı bu yaxınlarda professor Nurqələm Mikayılovun anadan olmasının 80 illiyi ilə əlaqədar "Elm və təhsilə həsr olunmuş ömür" adlı sanballı bir kitab buraxmışdır. 352 səhifədən ibarət olan və nəfis tərtibata malik bu kitabın redaktoru filologiya elmləri doktoru Əzizə Mikayılovadır. Kitaba "Ön söz"ü fəlsəfə doktoru, əməkdar müəllim Bəhram Avılov yazmışdır.

 

"Elm və təhsilə həsr olunmuş ömür" kitabı "Nurqələm Mikayılovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş konfrans", "Ünvanlar və dostların ürək sözləri" , "Yaşadığım mühit, ailəm və həyatımın mərhələləri" adlı üç bölümdən ibarətdir. Birinci bölümdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə xanım Məmmədovanın konfransın açılışı zamanı söylədiyi yığcam nitq, habelə konfrans iştirakçısı olan görkəmli insanların: alimlərin, millət vəkillərinin, ali məktəb rəhbərlərinin və digər tanınmış ziyalıların çıxışları verilmişdir. İkinci bölümdə yubilyara ünvanlanmış təbriklərin mətnləri, eləcə də Nurqələm müəllimi yaxından tanıyan, uzun illər ərzində onunla ünsiyyətdə olan və dostluq münasibətləri saxlayan insanların ürək sözləri öz əksini tapmışdır. Üçüncü bölümdə professor N.Mikayılov keçdiyi həyat yoluna nəzər salmış, bu həyatın ən maraqlı və ibrətamiz səhifələrini oxucuların gözləri qarşısında canlandırmışdır.

Doğrusunu deyim ki, otuz ildən artıq müddətdə eyni kafedrada birgə işlədiyim Nurqələm müəllimi yaxşı tanıdığımı güman edirdim. Ancaq bu kitabı diqqətlə oxuduqdan sonra sanki onu yenidən kəşf etdim. Onun bir alim, ali məktəb müəllimi, ziyalı, nəhayət bir insan kimi ölkəmizdə nə qədər böyük hörmət qazandığını, sevildiyini, adının uca tutulduğunu görüb iftixar hissi keçirdim, fəxr etdim ki, onunla eyni bir kollektivdə çalışıram.

Həm konfransdakı çıxışlarda, həm yubilyara ünvanlanmış təbriklərdə, həm də dostların qələmə aldığı yazılarda Nurqələm Mikayılov görkəmli alim, səriştəli ali məktəb müəllimi, gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi səciyyələndirilir. Önəmli cəhət burasıdır ki, onun haqqında söylənən fikirlər, irəli sürülən mülahizələr sadəcə söz xatirinə deyilmir, dərindən əsaslandırılır, tutarlı faktlara söykənir. Məsələn, Nurqələm müəllimin alimliyindən, yüksək elmi səviyyəsindən danışanlar onun çoxsaylı kitablarına, məqalələrinə, elmi məclislərdəki çıxışlarına, Ali Attestasiya Komissiyasındakı fəaliyyətinə istinad edirlər. Professor N.Mikayılovdan hazırlıqlı, səriştəli bir ali məktəb müəllimi kimi əsasən onun keçmiş tələbələri, hazırda isə cəmiyyətdə yüksək mövqe tutan insanlar: millət vəkilləri, rektorlar, alimlər, müxtəlif dövlət qurumlarında çalışan vəzifə sahibləri söhbət açırlar.

Kitabdakı materiallarda Nurqələm müəllimin mənəvi keyfiyyətlərinə, nəcib insani xüsusiyyətlərinə daha geniş yer verilmişdir. Bu keyfiyyətlər içərisində aşağıdakılar diqqəti xüsusilə cəlb edir: sadəlik, səmimilik, təvazökarlıq, xeyirxahlıq, qayğıkeşlik, tələbkarlıq, məqsədyönlülük, prinsipiallıq və.s və. i.a. Daha çox onun xeyirxahlığından söhbət açılır. Bu xeyirhaxlıqdan cəmiyyətin müxtəlif qrup və təbəqələrinə məxsus insanlar bəhrələnsə də, onların arasında elm adamları və ali məktəb işçiləri xüsusi yer tutur. Nurqələm müəllim kafedra müdiri işlədiyi 35 ildən çox bir müddət ərzində, xüsusən də Ali Attestasiya Komissiyasında çalışdığı dövrdə neçə-neçə layiqli elm adamının qarşısında yaşıl işıq yandırmış, onların dissertasiya işinin müdafiəsinə, elmi ad almasına kömək etmişdir.

Professor Nurqələm Mikayılovun sadəliyini və təvazökarlığını təsdiqləyən misallar da ibrətamizdir. Yalnız bircə fakta diqqət yetirək . Nə qədər təşəbbüslər olsa da Nurqələm müəllim 50,60 və 70 illik yubileylərinin geniş miqyasda keçirilməsinə razılıq verməmişdir. 80 illik yubileyinin baş tutması isə AzMİU-nun rektoru, Milli Məclisin deputatı Gülçöhrə xanım Məmmədovanın bilavasitə təşəbbüsü və təkidi sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, yubiley iştirakçıları Nurqələm müəllimi təbrik etməklə yanaşı, həm də tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə hörmətli Gülçöhrə xanima öz minnətdarlıqlarını bildirirdilər. Biz də həmin insanlarla həmrəyik.

Yubileyə həsr olunmuş konfransın iştirakçıları Nurqələm müəllimin təşkilatçılıq qabiliyyətini ön sıraya çəkirdilər. Bu cəhət kitabdakı materiallarda da öz əksini tapmışdır. Xüsusi qeyd edilir ki, məhz belə bir qabiliyyət sayəsində professor N.Mikayılovun rəhbərlik etdiyi kafedranın müsbət iş təcrübəsi 1986-cı ildə Kremlin Qurultaylar Sarayında keçırılən müsavirədə yüksək qiymətləndirilmiş, nümunə göstərilmişdi.

Nurqələm müəllim poeziya vurğunudur. Müxtəlif şairlərin şeirlərini əzbər bilir və məclislərdə onları ifadəli şəkildə söyləməkdən böyük zövq alır. O, həm də klassik musiqinin biliciləridir, muğamlarımızı tarda məharətlə ifa edir. Təbrik, çıxış və məqalələrdə Nurqələm müəllimin incəsənətlə bağlı bir insan olması faktı dönə-dönə vurğulanır.

Kitabın "Yaşadığım mühit, ailəm və həyatımın mərhələləri" bölümü sayəsində oxucu professor N. Mikayılovun bir alim, müəllim, ziyalı, şəxsiyyət kimi formalaşmasına təsir göstərən amillərlə tanış olur. Bu amillər içərisində əməksevrlik, zəhmətə bağlılıq, işdən qorxmamaq diqqəti xüsusilə cəlb edir. İmkanlı bir ailənin övladı olmasına baxmayaraq, hələ uşaq yaşlarından kolxozda əmək fəaliyyəti ilə məşğul olmuş, ev işlərinin müəyyən qismini öz üzərinə götürmüşdür. Əməkdə bişib bərkiməsi, eləcə də məqsədyönlülüyü, mübarizliyi, inadkarlığı elmi fəaliyyətində də onun köməyinə gəlmişdir. Bu keyfiyyətlər olmasaydı o, elmi-tədqiqat mövzusu ilə bağlı arxivlərdə yerinə yetirdiyi üzücü işin çətinliyinə dözə bilməzdi, doktorluq dissertasiyasının müdafiəsini əngəlləyən süni manelərin öhdəsindən gəlməyə qadir olmazdı.

Nurqələm müəllimin xarakterinin, dünyağörüşünün formalaşmasında, mənəvi aləminin zənginləşməsində daha bir amilin rolu da kitabda öz əksini tapmışdır. Bu da hələ uşaqlıq yaşlarından onun görkəmli elm, ədəbiyyat, mədəniyyət xadimləri ilə ünsiyyətdə olmasıdır. Abdulla Şaiq, Mirzəağa Əliyev, Mikayıl Hüseynov, Məmmədarif Dadaşzadə, Məmmədcəfər Cəfərov, Hacı Məmmədov və digər elm və mədəniyyət korifeyləri müxtəlif vaxtlarda onlarin Şamaxının Göylər kəndindəki evlərində dəfələrlə qonaq olmuş, dövrünün tanınmış ziyalısı olan ev sahibi Mikayıl Mikayılovun qonaqpərvərliyindən bəhrələnmişlər. O zamanlar uşaq olan N.Mikayılov onların qullugunda dayanmışdır. Bu ünsiyyət sonralar da davam etmişdir. Nurqələm müəllim etiraf edir ki, onlardan, eləcə də bir sıra digər görkəmli şəxsiyyətlərdən gördüyü yaxşılıq, xeyirxahlıq onun özünün də xeyirxah bir insan kimi yetişməsində mühüm rol oynamışdır.

"Elm və təhsilə həsr olunmuş ömur" kitabından alınan təəssürat olduqca zəngindir. İnanırıq ki, Nurqələm müəllimi şəxsən tanımayan insanlar belə bu kitabı oxuduqdan sonra onu sevəcək, onunla tanışlığa can atacaqlar. Bununla da sözügedən kitab öz missiyasını yerinə yetirmiş olacaqdır.

 

Əlisa ƏHMƏDOV, fəlsəfə elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2011.- 11 dekabr.- S. 8.