"Şəxsiyyət
və zaman" mövzusunda
dəyirmi masa keçirilmişdir
Bu
günlər ölkəmizin və dünyanın müxtəlif
şəhərlərində Azərbaycanın müstəqillik
tarixində əbədi məskən salmış və onun
inkişafında titanik işlərə imza atmış ulu
öndərin anım günü böyük hüznlə
qeyd olunur. Azərbaycan Turizm İnstitutunda da ümummilli lider Heydər
Əliyevin xatirəsinə hörmət əlaməti olaraq "Şəxsiyyət və zaman" mövzusunda dəyirmi
masa keçirildi.
ATİ-nin turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika- riyaziyyat elmləri namizədi, dosent Nəsrulla Nəsirli 2003-cü ilin 12 dekabrının Azərbaycanın tarixi taleyində böyük itki, ağrılı bir dönəm olduğunu dəyirmi masa iştirakçılarına xatırlatdı. Dekan N.Nəsirli müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Heydər Əliyevin vəfatını təkcə bir dövlətin hüznü olmadığını bildirdi. Tarixdə fiziki yoxluğu ilə zamanı bu cür kədərləndirən çox az şəxsiyyətlərdən olan Heydər Əliyevin 1969-1987 və ondan sonrakı- 1993-2003-cü illərdəki fəaliyyətini qısa tezis şəklində səciyyələndirdi. O çıxışında bildirdi ki, Heydər Əliyev hakimiyyətə qayıdışının ikinci dövründə Azərbaycan xalqını bəlalardan qoruyan, məhvolma təhlükəsindən xilas edən böyük şəxsiyyətdir. Bu dahi insan canı qədər sevdiyi Vətənini sağlamlığı bahasına qorumuş, yenidən qurmuş və inkişaf etdirmişdir. Müstəqil Azərbaycanımızın dünya dövlətləri sırasında önəmli yer tutmasında fenomen insanın sonsuz xidmətləri danılmazdır. Onun böyük əməlləri millətimiz üçün örnək və nümunədir.
İnstitutun prorektoru Eldar Aslanov Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bir sıra görüşlərin iştirakçısı olduğunu bildirdi. "Cəmiyyət necə oxuyursa, elə də inkişaf edir" formuluna faktlar əsasında aydınlıq gətirdi. Azərbaycan Respublikasının timsalında Heydər Əliyevin təhsilə və elmə göstərdiyi böyük qayğıdan danışdı. 1969-82-ci illəri əhatə edən dövrdə turizmin inkişafı ilə bağlı sənəd və təkliflərin xronoloji ardıcıllıqla toplanması və xüsusi buraxılışda çapını ulu öndərin 90 illik yubileyinə ATİ kollektivinin töhfəsi olacağını qeyd etdi. Dəyirmi masada çıxış edən ictimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyev dedi: "Heydər Əliyev öz fəaliyyəti dövründə bir sıra uğurlu islahatlara imza atmış, o cümlədən iqtisadi inkişafın prioritetlərini dəyişməyə müvəffəq olmuşdur. Sözün həqiqi mənasında böyük insan nəyi etməyin vacibliyi ilə yanaşı, konkret şəraitdə məqsədə çatmağın yolunu da dəqiq bilirdi. Təsadüfi deyil ki, SSRİ rəhbərliyində onu böhran əleyhinə menecer sayırdılar. Hələ 1990-cı ildə Sov.İKP-nin böhranda olması fikri fakt olaraq məhz Heydər Əliyevə məxsusdur. O, həmin dövrdə Kommunist partiyası üzvlüyündən istefa verməklə Bakıda milli azadlıq hərəkatını boğanlara kəskin etirazını bildirmişdi. Onun bu addımı dünyada sensassiya doğurmuşdu".
Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalov isə ulu öndərin fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxundu. 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində, daha sonra isə Xankəndində, Mingəçevirdə, Naxçıvanda ekskursiya büroları və Qəbələdə "Qafqaz" və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazasının yaradıldığını toplaşanlara xatırlatdı. 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərarın qəbulunu Azərbaycanda turizm sahəsində ilk və ən uzunmüddətli plan olduğunu xüsusi vurğuladı.
Yeni Azərbaycan Partiyası ATİ təşkilatının sədri Anar Fərmayılov tarixi faktlara söykənərək bildirdi ki, hələ sovet dönəmində minlərlə azərbaycanlı gəncin SSRİ-nin 150-dən çox ali məktəbinə oxumağa göndərilməsi məhz bu böyük insanın adı ilə bağlıdır. Həmin tələbələrin əksəriyyəti bugün müstəqil Azərbaycanın böyük kadr potensialıdır.
Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə Heydər Əliyevin fəaliyyətini əks etdirən böyük sərgi nümayiş etdirildi. Tədbirdən sonra Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələri kollektiv surətdə əklil və tər çiçəklərlə Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət etdilər.
Z.
BƏŞİRQIZI
Xalq qəzeti.- 2011.- 13 dekabr.- S. 6.